Ana səhifə
24 Sentyabr 2018

“Təbriklər, “Qarabağ” !”

«Qarabağ» işğal altında qalan torpaqlarımızın hayqırtı səsidir.

O beynəlxalq arenada Qarabağın Azərbaycana məxsus olmasını təsdiq edən sübutlu pasportdur

 

Ucnoqta.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib. Turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxıb. Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olub. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırırdı. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 4-ə çatdıran “Qarabağ” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Kiyevdəki zəfərlə Azərbaycan futbolunda yeni tarix yazıb. Daha əvvəl - 2012/13 mövsümündə digər komandamız “Neftçi” Avroliqanın qrup mərhələsinə yüksəlsə də, qrupda qələbə qazana bilməmişdi. “Qarabağ” isə Avroliqanın qrupunda qələbə qazanan ilk Azərbaycan klubu oldu. Komandamız Avroliqada gözəl oyun nümayiş etdirməklə, insanlarımıza, futbol azarkeşlərimizə qələbə sevinci yaşatdı. Bu qələbədə ilk növbədə, “Qarabağ”ın futbolçularını, onlardakı əzmi, iradəni, ruhu qeyd etməliyik. Əlbəttə, komandanın yönəticilərini, yaxşı və rahat mühit yaradan insanların zəhmətini yada salmalıyıq. Qələbədə həm komandanın prezidenti Abdulbari Gözəlin, həm vitse-prezident Tahir Gözəlin, həm daim “Qarabağ”ın hər addımına reaksiya verən klubun direktoru Əmrah Çəlikəlin, baş məşqçi Qurban Qurbanovun, həm də çoxlu sayda adını bilmədiyimiz fədakar insanların xitdməti var. Xatırladaq ki, Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə "Qarabağ"ın tarixi adı özünə qaytarılıb və komanda yenidən bu adla adlandırılmağa başlanıb. Aydındır ki, komandanın «Qarabağ» adlandırılması çox düşünülmüş bir addım idi. Bu Tahir bəyin uzaqgörənliyindən xəbər verirdi. Çünki bu gün yaşadığımız dünyada futbol geosiyasi faktora çevrilib. İşğal altında qalan bir bölgənin adını daşıyan futbol klubunun Avropa miqyaslı yarışlarda oynamasının böyük siyasi-ideoloji əhəmiyyəti vardı. Belə olan halda Azərbaycanın kənarda qalması qeyri-mümkündür. Bu gün «Qarabağ» işğal altında qalan torpaqlarımızın hayqırtı səsidir və beynəlxalq arenada Qarabağın Azərbaycana məxsus olmasını bir daha təsdiq edən sübutlu pasportdur. «Qarabağ» klubunun Avropa miqyaslı yarışlarda oynaması Ermənistanın və erməni dasporasının apardığı antiazərbaycan və «Qarabağ ermənilərə məxsusdur» fikirini alt-üst edir. Ona görə də, «Qarabağ» hər zaman Avropa klubları ilə oynayan zaman erməni diasporu bundan bərk narahat olur. «Qarabağ» klubu sübut edir ki, Qarabağ Azərbaycan torpağıdır. Üstəlik, dünya mediyasında Qarabağ sözü ictimaiyələşməyə başlayır və insanların altşüur qatında Qarabağ sözü öz yerini tutur. Bu onu göstərir ki, hər bir azərbaycanlı «Qarabağ» klubunun yanında olmalı, onu dəstəkləməliddir. Qələbə xarici ölkələrdə də Azərbaycana marağın artmasına da xidmət edir. Futbol azarkeşləri ölkəmizlə, onun tarixi ilə maraqlanmağa başlayır. Daha çox məlumat toplamağa çalışır. Nəzərə alsaq ki, Avropa Liqasını milyonlarla insan izləyir, üstəlik onun dünya mediasının diqqət mərkəzində olduğunu da nəzərə alsaq, futbolun beynəlxalq gücü ortaya çıxar. Bu təbliğat baxımından çox önəmlidir.
Yuxarıda qeyd etdiyimiz kimi bu qələbə ölkəmizdə ruh yüksəkliyinə, sevincə səbəb olub. Oyun barədə verilən şərhlər də bunu göstərir. "Bizim üçün sevindirici nəticə oldu. Güclü rəqibə qarşı oynadıq. Çətin oyun oldu". Bu sözləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl deyib. Komandasının oyununu stadiondan izləyən T.Gözəl bildirib ki, bu, vacib qələbədir: “Bu qələbə münasibətilə cənab prezidentimizi, məşqçi və futbolçu heyətimizi, xalqımızı təbrik edirəm. "Qarabağ" hazırda ikinci pillədədir. "Dnepr"lə Bakıdakı oyuna da yaxşı hazırlaşıb qələbə qazansaq, qrupdan çıxmaq işini böyük ölçüdə həll etmiş olacağıq".
Qələbə sevincini yazanlardan biri də millət vəkili Qənirə Paşayevadı. O, sosial şəbəkədə yazdığı postda komanda və komanda çalışdırıcısına arzu və təbrikini çatdırıb: “Təbriklər, “Qarabağ”! İnşallah, yaxın zamanlarda bu cür oyunları Dağlıq Qarabağda da keçirəcəyik! Ukraynadkı qalibiyyətlə hamımızı sevindirdin. Hər zaman yanındayıq, əziz “Qarabağ”!”
Sonda millət vəkili Q.Paşayeva oyunçulara və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova xüsusi təbrik və təşəkkürünü bildirib.
"Ukraynada "Dnepr"i məğlub etmək çox sevindirici nəticədir. Hətta, qrupa düşəndə belə, dünənki qələbədən sonrakı kimi sevinməmişdik".-"Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib. O, rəqibin güclü heyətə sahib olduğunu, ancaq "Qarabağ"ın əzmkarlıq nəticəsində qələbə qazandığını bildirib: "Dnepr"in məşhur futbolçuları çoxdur. Məsələn, mənimlə eyni cinahda oynayan Konoplyankanın hansı səviyyədə futbolçu olduğunu, onunla hansı nəhəng klubların maraqlandığı məlumdur. Sübut etdik ki, kollektiv oyunla nəticə qazanmaq olar. Bəzi məqamlarda topu özümüzdə saxlaya bilmədiyimizə görə çox qaçmağa məcbur olurduq Matçdan bir gün əvvəl Ukraynaya getdiyimiz üçün yorğunluq da var idi. Əsas odur ki, komanda qol buraxmadı, əksinə, tarixi qolu vurdu»
«Qarabağ» qələbədə daha istəkli idi. Bunu rəqib komandanın baş məşqçisi də etiraf etməli olub. Öz meydanında "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O deyib ki, ölkə çempionatında futbolçular oyunlara daha çox motivasiya olurlar, Avropa Liqasında isə... «Bu, komandanın hazırda öz stadionunda oynamaması ilə bağlı ola bilər. Belə böyük, ancaq boş stadionda oynayırıq. Əlbəttə, istərdim ki, komandamız oyuna elə çıxsın ki, bir nömrəli olsun. Ancaq "Qarabağ" qələbəni daha çox istədi. Bakıdakı oyuna qədər kubok və Kiyev "Dinamo"su ilə görüşlərimiz var. Bunlar bizim üçün çox vacib oyunlardır. Bakıya gedəndə görəcəyik. "Qarabağ" yaxşı təşkilatlanmıış komandadır. Bu gün ən pis oyunumuzu keçirdiyimizi söyləyə bilərəm. Rəqib müdafiədə çox ağıllı oynadı və bizə nəsə etməyə imkan vermədilər. Lakin öz qol imkanlarından maksimum yararlandılar. Bu komandadan xoşum gəldi».
Ukraynanın "Dnepr" klubunun müdafiəçisi Artyom Fedetski də "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb. O, 0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib: "Əlbəttə, faciəvi oynadıq. Əks-hücumda qol buraxdıq. "Qarabağ"ın müdafiədən oynayacağını bilirdik. Elə də oldu və bizi əks-hücumlarda yaxalamağa çalışdılar. İkinci hissədə biz məğlubiyyətdən qaçmağa çalışsaq da, qatar artıq getmişdi, gec idi. Hücumlar qursaq da, təhlükəli vəziyyətlər yarada bilmirdik. Bu gün hətta Messi ilə Ronaldo da bizə kömək edə bilməzdi. Amma Zozulya olsaydı, 3 qol vurardı. 3:0 hesabıyla qalib gəlməyimiz normal olardı.
Avroliqada niyə qol vura bilmədiyimizi anlamıram. Baxmayaraq ki, çempionatda çoxlu qol vururuq. Avroliqada isə ardıcıl üçüncü oyunumuzu qolsuz keçirdik. "Qarabağ"ı yaxşı öyrənmişdik, onların "İnter" və "Sent-Etyen"ə qarşı necə oynadığından xəbərimiz vardı. Bizim məşqçilər bu komandanı yaxşı analiz etsə də, əks-hücumda qol buraxdıqdan sonra vəziyyəti düzəldə bilmədik…Bu gün stadionda 3 min azarkeş vardı, onların da 2800-ü "Qarabağ" fanatları idi. Gülməlidi. Fikrimcə, Obolonda və ya Dinamoda oynasaydıq, daha yaxşı olardı, "Olimpiya" stadionunda oynayanda sanki özümüzü toplanışda hiss edirik. Elə bil ki, yoxlama oyunundaydıq».
Əlbəttə «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun matçla bağlı fikirləri çox önəmlidir. "Ağır oyun oldu. Düşünürəm ki, matçın sonları daha gərgin keçdi. Yaxşı komandaya qarşı oynadıq",- o deyib.
Təcrübəli mütəxəssis "Dnepr"lə Bakıdakı oyunun daha ağır keçəcəyini bildirib: "Rəqib topla yaxşı davranır. Azarkeşləri təbrik edirəm. Yerli komandanın azarkeşləri çox olsaydı, oyun daha maraqlı keçə bilərdi. İndidən ikinci pilləni tutacağımızı söyləmək tezdir. Gəlin, ikinci pillə haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Bu görüşə daha ciddi hazırlaşacağıq. Mətbuatda qrup mərhələsini ikinci pillədə başa vura biləcək şansımızın olması barədə yazılar getsə, bu, futbolçulara da psixoloji olaraq pis təsir edə bilər".

Avropa Liqasının qrup mərhələsi, III tur
"Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Muarem Muarem, 21 (0:1)
Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır)
Kiyev. "Olimpiyski" stadionu.

Tarix
24 Oktyabr 2014 [17:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin