Ana səhifə
20 May 2018

«Elə tamaşalarımız var ki, başqa ölkələrdə oynasaq, yumurta, pomidor atarlar» - Müsahibə

 

Ramiz Novruz: “İstedadsız aktyor yoxdur, onlardan düzgün istifadə etməyən rejissorlar var”

 

 

«Aktyorların qeyri-etik hərəkəti insanlarda teatra, səhnəyə nifrət yarada bilər»

 

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti, general və başqa obrazların peşəkar ifaçısı, sevilən və tanınan aktyor və səmimi insan Ramiz Novruz "Şənbə qonağı"mızdır. Onunla müsahibəni təqdim edirik.

 

 

- Ramiz Novruzun həyatında teatrın və filmlərin yeri nə dərəcədədir?

- Teatr və filmlər həyatımın tərkib hissəsidir. Onlarsız özümü təsəvvür edə bilmirəm. Teatr bütün sənədlərin, kinonun və televiziya tamaşalarının başlanğıcı və anasıdır. İlk yaranan teatr olub. Sonra zaman-zaman kibrit qollar ayrılmağa başlayıb - drama, komediya, faciə, tragikomediya və s.  Zaman-zaman deyiblər ki, operetta, kino, televiziya, internet çıxanda teatrın fəaliyyəti arxa plana keçdi. Amma teatrın canlı sənət olması heç vaxt sönməyə imkan vermədi. Tamaşaçı üçün aktyorun canlı oynaması, gözlərinin qabağında gözündən yaş axması vacibdir. O efektti televiziya vermədiyində görə teatr daimiləşir. Mənim həyatımda isə hər iki sənət kamil olmağa çalışmaq hədəfidir.

 

 

- Bu gün filmlər, seriallar Türkiyədə sanki teatrı arxa plana salıb. Bəs Azərbaycanda bu vəziyyət necədir?

- Hazırda bizim teatra gələn tamaşaçı 10-15 il əvvəlkindən daha çoxdur. Teatrda tamaşaçı problemi yaşanmır. Təbii ki, bütün tamaşalarımız şedevr deyil. Tamaşaçılarımız hamısından razı getmir. Amma ən əsası, tamaşaçı teatra öyrəşib. Müəyyən dövr nəsillər var ki, məsələn Həsən Turabov, Hamlet Xanızadə, Səməndər Rzayevə öyrəşirlər, onlardan sonra gələn nəsli qəbul etmək istəmirdilər. Onların da dövründə deyirdilər ki, Ələsgər Ələkbərov vardı. Həmişə bu kimi hallar baş verib. İndi mən çox sevinirəm ki, bizim konkret öz tamaşaçılarımız var. Gənc nəsil yetişir. Teatr heç vaxt arxa plana keçmir. Sadəcə olaraq televiziyaya, kinoya milyonlarla insan baxır. Teatrın binasında bir gündə 200-500 insan ola bilər. Ona görə də televiziyaya daha çox baxırlar. Amma teatrda elitarlıq var. Hər teatrın özünün tamaşaçısı olmalıdır. Teatr inkişaf edib öz səviyyəsini qorumalı və heç vaxt tamaşaçının arxasınca getməməlidir. Tamaşaçı gəlib çatacaq. Azərbaycan tamaşaçıları qədər də kübar, alicənab və diqqətli tamaşaçı yoxdur. Hərdən deyirəm ki, bizim elə tamaşalarımız var ki, Rusiyada və başqa ölkələrdə oynasaq, yumurta, pomidor atarlar. Amma bizim tamaşaçılarımız hansısa tamaşada zəif çıxış edən zaman da bağışlayırlar ki, filan tamaşada güclü oynamışdı.

 

 

- Bu gün teatrın nəyə ehtiyacı var?

- Yüksək, peşəkar öz yolu, stili olan rejissuraya ehtiyacı var. Ayrı-ayrılıqda çox yaxşı, istedadlı rejissorlar var. Ayrı-ayrı uğurlu tamaşalar olur. Amma bütövlükdə rejissura dəyişilmir. Bəzi rejissura nümunələri də köhnəlib. Uzun müddət bizim teatr ayrı-ayrı stildə işləyən rejissorların əlində olduğuna görə öz yolunu tapa bilməyib. Hər bir rejissorun öz dəsti-xətti var. Məsələn, Lenkom Moskva Teatrı Maks Zaxarovun dəst-xətti ilə gedir. Onların içindən bir lider seçmək lazımdır və teatr bilsin ki, kimin dalınca gedir. Yolu tapanda, hədəf biləndə uğurlu olur. Yoxsa bilmirsən ki, hansı hədəfə baxasan.

 

 

- "Qoy bütün şərq bilsin" tamaşasında general Şıxlinskini canlandıran zaman Hökümə Qurbanova sizin rolunuzu bəyəndiyini bildirib. Qeyd etmisiniz ki, bundan sonra sizdə sənətdə irəliləmək üçün stimul yaranıb. Siz də tələbələrə, gənclərə kömək edirsinizmi?

- O tamaşanı Akademik Milli Dram Teatrında oynamışdıq. Bəli, mən həvəsləndim ki, Hökümə xanım kimi sənətkar bəyənibsə, artıq onun teatrında kiçik rollar oynaya bilərəm. Mən deyim ki, həmişə içimdə bir uşaqlıq, “studiya” həvəsi var. Hər rola yeni başlayan bir tələbə kimi həvəslə yanaşıram. Uzun müddət televiziyada “Mən azərbaycanlıyam” verilişində gənclərlə işləmişəm. Gənclərlə çox işləmişəm. Bizdə yeni studiya açılıb, orada istedadlı gənclər var. Bizim teatrda da istedadlı gənclər çoxdur. "Silindr" tamaşasını hazırladım. Orada studiyanın və teatrın gəncləri də oynayır. Vəziyyət o qədər də ümidsiz deyilmiş. Uzun müddət deyirdik ki, İncəsənət Universitetindən həvəsli uşaqlar gəlmir. Bizim teatrda açılan studiyada Mədəniyyət və İncəsənət Universitetini bitirən gənclərdir. Əksəriyyətinin diplomu var. Teatrda işləyə bilrələr, amma özlərini daha da inkişaf etdirmək üçün studiyaya gəliblər. Bu, alqışa layiqdir. Azərbaycanda istedadlı aktyorlar çoxdur. Sadəcə olaraq onlardan düzgün istifadə etmək lazımdır. İstedadsız aktyor yoxdur, onlardan düzgün istifadə etməyən rejissorlar var. "Pərvanələrin rəqsi" serialında iştirak edən aktyorların çoxunu tanımırdınız. Amma görürdük ki, necə gözəl oynayırlar. Deməli, istedadlı aktyorlar var. Sadəcə, onlardan düzgün istifadə olunmurmuş. Elə bir obraz yox idi ki, onu bəyənməsinlər və danışmasınlar.

 

 

- Seriallardan təklif gələrkən nəyə üstünlük verirsiniz?

- İlk əvvəl hansı rejissor tərəfindən çəkiləcəyinə fikir verirəm. Dəfələrlə demişəm ki, yalnız Rövşən İsaxın rejissorluq etdiyi filmlərə çəkiləcəm. Çünki onun işini görmüşəm və inanmışam. Ola bilər ki, son dərəcə parlaq iş olarsa qəbul edə bilərəm. Mənə təklif olunan rolu avtobioqrafiyama yazılsın deyə oynamıram. Rolla tamaşaçıma deyə biləcək sözüm varsa o zaman oynayıram. Sabah rolumun heç kəsə lazım olmamasını istəmirəm. Əgər seriallarda material, mövzu məni inandırırsa o zaman oynayıram  Təbii ki, qeyd etdiyim kimi, ilk növbədə rejissor və aktyor heyəti önəmlidir.

 

 

- Hazırda seriallarda çəkilmək üçün təklif alırsınızmı?

- Bəli, almışam. Bir neçəsinə «yox», bir neçəsinə də «fikirləşərəm» demişəm. Bu, özünü dartmaqlıq və digərlərini bəyənməmək deyil. Üç aydır "Silindr" tamaşası ilə məşğul olduğuma görə vaxtım yox idi. Seriala çəkilmək də çox vaxt aparır. O zaman inanın ki, 90 faiz zəngləri də götürə bilmirdim. Məşğul olduğuma görə bir neçə serialdan imtina eləmişəm. İnşallah, yenə tutarlı, dəyərli iş gözləyirəm. "Pərvanələrin rəqsi" serialı yaxşı oldu. İndi ondan aşağı deyil, yuxarı planda çəkilmək lazımdır.

 

 

- Sizin uğurlarınızın sirri nədədir?

- Peşəmin sirlərinə peşəkarcasına yiyələnməyə çalışmışam. Müəllimlərim güclü olub. Adil İskəndərov kimi müəllimim vardı. Tamaşalarda bir çox rejissorlardan da öyrənmişəm. Hər kəsdən bir şey öyrənmişəm və onları özümə müəllim saymışam. Kamilləşməyə çalışmışam. Hamı mənə deyir ki, sənin daxilində tələbə uşaq oturub. Sənin xoşbəxtliyin ondadır ki, o tələbə içində ölmür. Yəqin ki, uğurum ondadır. Hər zaman ekran qarşısında da, səhnədə də səmimi olmağa çalışıram. Mənim öz qaydam var. Obrazıma əvvəl özümü, sonra tamaşaçını inandırmalıyam.   Tamaşaçılar saxta ilə gerçəyi o dəqiqə seçirlər. Onlar hər şeyi çox gözəl bilirlər.

 

 

- Həyatda çətinlikləriniz olubmu?

- 52-53 yaşıma qədər çətinliklərim olub. Amma sənət aləmində olmayıb. Daim yaxşı insanlara rast gəlmişəm, dəstək görmüşəm. 4 uşaqla 20 kv metrlik evdə yaşamışıq. Hətta, nəvəm də orada olub. 52-53 yaşımda borcla yaşamaqdan qurtarmışam. Prezidentimiz mükafat və ev verəndən sonra o kimi çətinliklərdən qurtardım. Sağ olsun, Prezidentimiz aktyorlara Prezident mükafatı ayırdı. Bununla aktyorlarda rahatlıq yarandı ki, ayın sonuna çıxa biləcək. Amma ən böyük çətinlik insanların saxtakarlığı, tez-tez mövqe və sima dəyişmələridir. Onlar daha qorxuludur. Çətinliyə dözmək olur.

 

 

- Ramiz müəllimin xasiyyəti necədir?

- Yalanı, ikiüzlülüyü xoşlamayan, kifayət qədər zəhmətkeş və münasibətlərində dürüst olan bir insan kimi tanıyıram. İnsanlarda yalanı və saxtakarlığı sevmirəm. Yalan danışmaq olar, amma məxsusi saxtakar olmaq, saxta insan olmaq, daxili saxtakarlığı xoşlamıram.

 

 

- İşiniz çox olur. Bu işlərdən vaxt tapan kimi boş vaxtınızı necə keçirirsiniz?

- Açığını deyim ki, mən o xarakterli insanlardanam ki,saatlarla avtobusda tək yol getsəm, darıxmaram. Beynimdə nəsə fikirləşirəm. Boş vaxtım olanda yazılar yazıram. Düzdür, yazı yazmaqda bir az tənbələm.

 

 

- Əsər yazırsınız?

 - Bəli. Yazmağa kiçik hekayə ilə başlamışam. Pyeslər yazıram. İlk hekayəm "Şəkil " adlanır. Orada kənddən gələn cavan uşaq teatrın vurğunudur. Hekayədə bu sahəyə mesajdır ki, aktyorların qeyri-etik hərəkəti insanlarda teatra, səhnəyə nifrət yarada bilər. Ona görə də tamaşaçı ilə diqqətli və nəzakətli olmalıyıq. Sonra 20 Yanvar faciəsinə aid pyes yazmışam. Gəncə Teatrında tamaşaya qoyub. "Hələ sevirəm deməmişlər" uzun müddət bizim teatrın repertuarında olub. Başqa yazılarım da var. Hələlik sandıq ədəbiyyatına aiddir. Adətən pyes yazıram. Bu sahəni daha yaxşı bildiyim üçün bu işlə məşğul oluram.

 

 

- Öz həyatınıza kitab həsr edəcəksiniz?

- Hə. Amma bu yaxınlarda deyil. Nə vaxtsa boş vaxtım olanda yazacam. Çünki yaddaşım yaxşıdır. Hər şeyi xatırlayıram. Çox maraqlı mülahizələrim, fikirlərim var. İnşallah, nə vaxtsa işləyəcəm.

 

 

- Bir az da övladlarınız haqqında danışaq.....

- Üç övladım, 5 nəvəm var. Nəriman İctimai televiziyada işləyir. Cavidan aktyorluğu bitirib, müğənniliklə məşğuldur. Qızım Şəfəq "Şafa" gözəllik salonunun yaradıcısıdır. Şəfəq çox istedadlı idi. Gözəl musiqi duyumu və səsi vardı. İngilis dilini yaxşı bilirdi. Tərcüməçi ola bilərdi. Amma gördüm ki, uşaqlıqdan saçlarla oynayır. Axırda yalvardı ki, o sahəyə getmək istəyir. Mən heç vaxt uşaqlarıma «mütləq filan sahəyə gedəcəksən, həkim və hüquqşünas olacaqsan» deməmişəm. Hər kəs sevdiyi və bacardığı işlə məşğul olmalıdır. Övladlarım sevdikləri işlə məşğuldurlar.

 

 

Rəqsanə

Tarix
24 Oktyabr 2014 [19:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin