Ana səhifə
19 Sentyabr 2018

Sahibkarlıq sektorunda e-xidmətlərin spektri genişlənib

Elektron xidmətlərin tətbiqi biznes sektorunda səmərəliliyin yüksəlməsinə, şəffaflığın artırılmasına müsbət təsir göstərir

 

 

 

Sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilib. Dövlət maliyyə-iqtisadi və bank orqanları tərəfindən qeyri-neft sektorunun inkişafına əlavə təkan vermək, sahibkarların investisiya fəaliyyətinin dəstəklənməsi məqsədilə əlavə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ümumiyyətlə, ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırıb. Həyata keçirilən sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, tranzit potensialının reallaşdırılması və digər tədbirlər qeyri-neft sektorunun sürətli inkişafına təkan verib, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı yüksəlməsini təmin edib. Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi və bu çərçivədə təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin, o cümlədən sahibkarlığın inkişafına yeni impuls verib. Belə ki, yeni sənaye müəssisəsi açılıb, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilib. Son illərdə sənayenin inkişafı nəticəsində bir sıra məhsullar, o cümlədən sement, gips, hörgü blokları, metal konstruksiya, boya və sair məhsullar üzrə istehsal gücləri daxili tələbatı ödəməyə imkan verib. Bu məhsullar əsasən sahibkarlıq subyektlərində istehsal olunub. Sənaye məhəllələrinin təşkili üçün bir sıra ölkələrin təcrübəsi öyrənilib, qanunvericilik bazası formalaşdırılıb. Hazırda İnvestisiya Şirkəti tərəfindən ölkənin müxtəlif bölgələrində sənaye məhəllələrinin yaradılması istiqamətində işlər görülür. Ötən ilin sonlarında cənab Prezident tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" sözsüz ki, qarşıdakı illərdə sahibkarlığın və sənayenin inkişafına təkan verəcək: "Azərbaycanın ilk telekommunikasiya peykinin xidmətlərinin genişləndirilməsi, aşağı orbitli müşahidə peykinin orbitə çıxarılması, elektron xidmətlərin və internet trafikinin genişləndirilməsi, yüksək texnologiyalar parkının fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görülməsi bu sahədə yeni imkanlar yaradıb. Aqrar sektorda dövlət dəstəyi tədbirləri davam etdirilib, istehsalçılara əlavə güzəştlər tətbiq edilib. Hazırda kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatı yaradılıb.

Fiziki şəxslərin  «bir pəncərə» prinsipi üzrə elektron qeydiyyatının prosedur və müddətinin azaldılması sahibkarlığın inkişafına təkan verib. Prezident İlham Əliyev ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə imzaladığı «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanda tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi sahibkarlığın inkişafında önəmli rol oynayıb. Tədbirlər çərçivəsində korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması ilə əlaqədar mühüm mexanizmlər tətbiq edilib. İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Zaur Qasımovun bildirdiyinə görə, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sədələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi prioritet məsələlərdir: «Son illər sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılması sahəsində bir sıra işlər görülüb, sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması üçün addımlar atılıb: lisenziya verən dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara qarşı neqativ hallar aradan qaldırılıb, bürokratik əngələrə son qoyulub. Sahibkarlığın inkişafına dövlət qayğısının artırılması məqsədilə xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayı kəskin surətdə azaldılıb, lisenziya müddəti uzadılıb, lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən sui-istifadə hallarına yol verməyən və bu sahədə şəffaflığı təmin edən qaydalar tətbiq edilib».

Bir ildən artıqdır ki, sahibkarlıq subyektlərininə verilən bütün icazələr barədə məlumatları əks etdirən vahid reyestr internet portalı yaradılıb, icazələr sisteminin təkmilləşdirilməsi və elektron ödənişlər istiqamətində mühüm addımlar atılıb. Fiziki və hüquqi şəxslər üçün lisenziyaların verilməsi, qrant müqavilələrinin alınmasının elektron qaydada aparılması üçün infrastruktur yaradılıb: «2012-ci ildən sahibkarlar üçün verilən lisenziyalar, mənşə və keyfiyyət sertifikatları elektron qaydada həyata keçirilir. Sahibkarlar tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş bütün dövlət rüsumlarının və xidmət haqlarının ödənişini də onlayn  rejimdə həyata keçirirlər. Bu məqsədlə İSN-in internet saytında yaradılmış elektron xidmətlər bölməsi vasitəsilə müxtəlif fəaliyyət növlərinə verilən lisenziya və sertifikatlar, xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilib. Elektron xidmətlər bölməsində 7 istiqamət üzrə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Nazirliyin daxili informasiya sistemi Mərkəzi Bank tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) də inteqrasiya olunub. Bu isə sahibkarların həm lisenziyaların alınması, həm də cərimə və maliyyə sanksiyalarının onlayn rejimdə elektron formada ödənilməsinin tam təmin olunması deməkdir».

Mütəxəssis bildirib ki, «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərman sahibkarlıq sektorunda yeniliklərin tətbiq olunmasına, dövlət-biznes münasibətlərinin minimuma enməsinə və nəticədə şəffaflığa geniş zəmin yaradır, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına kömək edir. Bu sahədə tədbirlərin həyata keçirilməsi sahibkarlıq sektorunda e-xidmətlərin spektrinin genişlənməsi, rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.  Elektron xidmətlərin tətbiqi biznes sektorunda səmərəliliyin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin təmin olunmasına, şəffaflığın artırılmasına müsbət təsir göstərir. Hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin  «bir pəncərə» prinsipi əsasında elektron qeydiyyatı zamanı prosedur və müddətlər azaldılıb. Z.Qasımov hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin  elektron qeydiyyatının daha da sadələşdirilməsi biznes mühitinin yaxşılaşmasına, sahibkarların sayının artmasına müsbət təsir göstərir. Prosedur və qaydaların təkmilləşdirilməsi, müddətin azaldılması Azərbaycanın beynəlxalq təşkilatların hesabatlarında mövqeyinin daha da yaxşılaşmasına şərait yaradacaq. Qeyd edək ki, Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan «Doing Business 2014» hesabatında biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi (biznesə başlama) göstəricisi üzrə ilk dəfə dünya ölkələrinin top-onluğuna daxil edilib. Hazırda bu istiqamətdə tədbirlərin davam etdirilməsi, e-qeydiyyatla bağlı müasir texnologiyaların tətbiqi ölkəmizin beynəlxalq səviyyədə rəqabətqabiliyyətliliyinin artmasına  və biznesin vəziyyəti üzrə mövqeyinin daha da yaxşılaşmasına səbəb olacaq. Bu isə rəqabət qabiliyyətli məhsul istehsalını genişləndirməklə yanaşı ixrac potensialımızın artmasına xidmət edir.

 

 

Tarix
21 İyul 2015 [18:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin