Ana səhifə
20 Avqust 2018

“Test üsulu ilə ilk qəbul olunanlardan biri də mən idim” - Müsahibə

Samir Əliyev: İnstitutun adındakı Moskva sözü məni özünə cəlb etdi”

 

 

Samir Əliyev. İlk rəsmi fəaliyyəti jurnalistika ilə bağlıdır. Elə mükəmməl iqtisadi araşdırma yazıları ilə məşhurluq qazanıb. Sonradan QHT sektoruna keçib. İndi jurnalistlər onu daha çox iqtisadçı ekspert kimi tanıyır. Baxmayaraq ki, ixtisasca əmtəəşünasdır. Özü bu ixtisası seçsə də, , bu sahə üzrə çalışmayıb. “Tanınmışların ən yadda qalan tələbəlik illəri” rubrikasının bu dəfəki qonağı olan Samir müəllimin özünü dinləyək:

 

- 1992-ci ildə Azərbaycan Kooperasiya Universitetinin (o vaxt Moskva Kooperativ İnstitutunun Bakı filialı adlanırdı) Əmtəəşünaslıq-kommersiya fakültəsi Qeyri-ərzaq mallarının əmtəəşünaslığı ixtisasına qəbul olmuşam. Bu ixtisas qeyri-ərzaq mallarının keyfiyyətini öyrənir. Məlumat üçün bildirim ki, yarandığı tarixdən Azərittifaqın nəzdində fəaliyyət göstərən universitet bu günlərdə 50 illiyini qeyd edəcək. Onu da qeyd edim ki, bu universitet sovet dövründə ən çox həsəd aparılan ixtisasları özündə birləşdirirdi. Söz yox ki, o zaman məzunlar daha çox “medinstitut”a, “yurfakt”a qəbul olmaq istəyirdilər. Mənim oxuduğum ixtisasa da maraq çox idi. Çünki bu ixtisası bitirənlər yüksək gəlirli işdə çalışa bilirdilər. Həmin dövrdə mağazanın “zavmaq”ı (dükan müdiri – red.) işləmək hər adam nəsib olmurdu.  

 

Onu da qeyd edim ki, bizim nəsildə məndən öncə bibim 70-ci illərdə, əmim qızı 80-ci illərdə bu ali məktəbdə təhsil alıb. Amma bunu mən qəbul olunduqdan sonra bilmişəm. Yəni ixtisas seçimimdə onların heç bir rolu olmayıb. Sadəcə, məni bu sahəyə cəlb edən, ali məktəbin adında Moskva sözünün olmasıydı. Çünki uşaqlıqda həmişə arzulamışam ki, xaricdə təhsil alım. Bütün sovet vətəndaşları kimi Moskvaya getmək arzum olub. Fikirləşmişəm ki, ən azı gedib Moskvada təhsil alacam. 90-cı illərin əvvəli Qərb ölkələri ilə münasibətlərimiz hələ qurulmamışdı. Ona görə də xaricə getmək deyəndə Rusiyanın müxtəlif şəhərləri, o cümlədən Moskva başa düşülürdü.

 

Məlum olduğu kimi həmin ildə Azərbaycanda ilk dəfə olaraq test sistemi tətbiq edildi. Yeni qəbul üsulu ilə ilk qəbul olunanlardan biri də mən oldum. Yaxşı xatırlayıram, sənəd qəbulu zamanı 5 ixtisas seçmək hüququ verilmişdi. Mən də bu ixtisası birinci yerdə yazmışdım. Valideynlərim isə çalışırdı ki, sənədləri Mingəçevirdə yenicə açılmış Politeknik İnstitutuna verim. Həmin dövr iqtisadi durum çox ağır idi və bunu nəzərə alıb istəyirdilr ki, “evin içində” oxuyum. Mən isə Bakıya gəlmək arzumu iqtisadi çətinliyə qurban vermək istəmədim. Çünki doğulduğun şəhərdə tələbəlik həyatının orta məktəb həyatından fərqlənmədiyinin fərqində idim. Elə alındı ki, qəbul oldum və Bakıya gələsi oldum. Test sistemi yeni olduğundan imtahan vaxtından gec keçirildi. İmtahanını noyabr ayında verdik. Dərclərimiz isə 1993-cü ilin yanvar ayında başladı. Beləliklə, yanvarda başlayıb iyun ayında başa çatan birinci kurs cəmi 6 ay davam etdi. Bir məsələni də qeyd edim ki, biz müstəqil Azərbaycanın ilk abituriyenti və test üsulunun ilk istifadəçisi olmuşuq. Bizim təhsil tam ali hesab olunur. Bizdən sonra qəbul olunanlar əvvəlcə bakalavr, sonra magistr dərəcəsi almalı oldular.

 

İnstitutu bitirdikdən sonra xtisasım üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasına qəbul oldum. Aspiranturanı bitirsəm də elmi işimi müdafiə etmədim. Təhsil aldığım ixtisasın perspektivinin olmaması əlimi işdən xeyli soyutdu. Fikirləşdim ki, iqtisadiyyat üzrə nə vaxtsa elmi iş yazaram.

 

İmtahan verəndən sonra bilmişəm ki, 4 səhv bir düz cavabı aparır

 

Orta məktəbdə əlaçı olmuşam. Hətta qızıl medal almaq şansım var idi. Bilirdim ki, sovet dövründə qızıl medalla orta məktəbi bitirənlər yalnız bir imtahanla ali məktəbə qəbul oluna bilir. Əgər mən də birinci imtahandan 5 alardımsa növbəti imtahanlardan azad olunacaqdım. Ancaq reallıq var idi, “hörmət” olmadan qızıl medal almaq mümkün deyildi. Ona görə də qızıl medaldan imtina etdik. Elə oldu ki, test imtahanının tətbiqi ilə qızıl medalın rolu heçə endirildi. Təbii ki, ilk dəfə keçirilən test üsulu bizim üçün çox çətin idi. Hətta deyərdim ki, insanların bu haqda heç düz-əməlli anlayışı yoxdur. İmtahan verəndən sonra bilmişəm ki, 4 səhv bir düz cavabı aparır. 8 fəndən test suallarına cavab vermişəm.Suallar Azərbaycan dili-ədəbiyatdan tutmuş kimya, biologiya qədər bir çox fənləri əhatə edib. Sonrakı dövrlərdə fənlərin sayı azaldı.

 

İnstitutun tarixində 801-ci qrup kimi güclü qrup olmayib

 

Başqa bir maraqlı məqamı da deyim. Mən 801-ci qrupda oxuyurdum. Qrupumuz çox beynəlmiləl idi. Onun yarısı rus, yarısı isə Azərbaycan sektorunu bitirmişdi. Əslində Tibb Universitetinə sənəd verib zəruri bal toplaya bilməyən rus sektorunun abituriyentlərini bizim qrupa yerləşdirmişdilər. Kifayət qədər bilikli uşaqlar idi. Dərslər də həm rus, həm Azərbycan dilində keçrilirdi. İnstitut Moskvanın filialı olduğundan müəllimlərin əksəriyyəti rusdilli idi. Eyni zamanda ədəbiyyatlar, dərs vəsaitləri rus dilində idi. Dərs keçən müəllimlər etiraf edirdi ki, institutun tarixində 801-ci qrup kimi güclü qrup olmayıb.

Biz oxuduğumuz dövrdə ölkədə müharibə getdiyi üçün universitet yataxanaları məcburi köçkünlərlə dolu idi. Ona görə də tələbə yataxanasında qalmaq imkanımız olmadı. Nərimanov rayonunda yerləşən Səttarxan adına Maşınqayırma Zavodunun (köhnə Leytenant Şimit adına Zavodda) yataxanasında qalırdım. 2002-ci ilə qədər orada yaşadım. Məlumat üçün bildirim ki, həmin yataqxana Azərbaycan siyasətinə xeyli tanınmış simalar bəxs edib.

Tələbəliyimizin ilk illərində bir neçə ay təqaüd ala bilmədik. Üstəgəl İnstitutumuzun qeydiyyatı yox idi. SSRİ dağıldığından Moskvanın filialı olan İnstitutmuz “yiyəsiz” qalmışdı. Hətta hərbi komissar İnstituta tez-tez gəlirdi ki, qeydiyyt problemi həll olunmasa oğlanları hərbi xidmətə aparacaqlar. Qeydiyyat problemi  tezliklə həllini tapdı, ancaq təqaüd məsələsi müşkülə çevrildi. “Azərittifaq”ın vəziyyətinin ağır olmasını əsas gətirib bizə təqaüd vermirdilər. O vaxt tələbələr təqaüdlə bağlı hətta mitinq də keçirdilər. Sonra institut rəhbərliyi dəyişdi. Yeni rektor təyin olunandan sonra təqaüdlərimizi birdən verdilər. Onda artıq 2-ci kursda oxuyurduq.   

Yaxşı xatırlayıram, təqaüdün bir hissəsini manatla, bir hissəsini istiqrazla vermişdilər. Elə istiqraza da Sabir bağı ilə üzbəüzdə yerləşən “Akademkitab”dan “Bonk” adlandırdığımız ingilis dili kitabı aldım. Həmin dövrdə inflyasiya həddi yüksək olduğundan aldığımız pul artıq dəyərini itirmişdi.

Təqaüd xərclərimizi tam ödəmədiyindən evdən kömək edirdilər. Anam orta məktəb müəlliməsi, atam isə zavodda işləyirdi. Onların hesabına dolanırdım. Çalışırdım evə çox əziyyət verməyim. Ona görə də alternativ mənbələr axtarırmalı oldum və 1995-ci ildən mətbuata gəldim. İlk iş yerim həftəlik “Ekonomiks” qəzeti oldu. Mətbuata gəlişim sırf təsadüf nəticəsində olub və heç ağlıma gəlməzdi ki, nə vaxtsa bu sektorda işləyəcəm.

Tələbəlik illərində qrup uşaqları ilə istehlakçıların hüquqlarını müdafiə edən cəmiyyətin yaradılması barədə düşünürdük və bu barədə müzakirələr aparırdıq. İdeya isə ixtisas müəllimimiz Fətulla Hüseynovdan gəlmişdi. Təəssüf ki, o dövrdə arzularımızı reallaşdırmağa təcrübəmiz çatmadı. Sonradan eşitdik ki, belə bir təşkilat artıq qeyduyyatdan keçib. 

 

 

İlk imtahanda 23 tələbənin 5 qiymət almasına rektor əsəbləşmişdi

 

Hamı kimi bizim də tələbəlik illərimizlə bağlı xatirələrimiz çox olub. Bizim qrupp yaxşı oxuyurdu. İlk semestrin birinci imtahanı fizika fənnindən idi. O vaxtı müəllimimiz rəhmətlik Eldar Zülfüqarov (2000-2011-ci illərdə həmin İnstitutun rektoru olub) idi. Bizi ilk gündən elə qorxutmuşdu ki, bütün günü onun dərsini oxuyurduq. Bu qorxunun nəticəsində imtahanda qrupdakı 24 tələbədən 23-ü 5 aldı. Heç bir pul, tapşırıq da olmadı. Hətta rektor əsəbləşmişdi ki, bu qədər tələbəyə 5 qiymət yazmaq təqaüdlərin artması deməkdir. Çünki onlar potensial olaraq əlaçı təqaüdü alacaqlar. İkinci imtahan tarix fənnindən oldu. Rektorun təzyiqindən sonra həmin imtahandan 5 alanların sayı 5-ə düşdü. Bəxtim gətirdi ki, onlardan biri də mən idim. Ali məktəbi fərqlənmə diplomu ilə başa vurdum.

Tələbəlik illərində mənə qəribə gələn ifadə “rayona getmək” ifadəsi idi. Çünki bayram olanda hamı deyirdi ki, rayona gedəcək və bayramı orda keçirəcək. Mən Mingəçevirdə doğulub boya-başa çatmışdım. Mingəçevirlilər üçün rayon deyəndə Yevlax və Ağdaş nəzərdə tutulurdu. İndi belə çıxırdı ki, Bakı ilə müqayisədə Mingəçevir rayon idi. Sən demə Bakıdan kənar hər yer, o cümlədən Gəncə kimi şəhər də rayon adlanırdı. Əvvəl inadkarlıq göstərib qəbul etmirdim, amma sonrada buna alışdım.

İxtisasımız texniki xarakterli olduğu üçün təcrübəyə zavodlara gedirdik. Bakıda yerləşən Gön-dəri zavodunda, Ayaqqabı fabrikində və tikiş müəssisələrində keçirdiyimiz təcrübələrdə bir-birindən maraqlı hadisələr az olmayıb.

 

Birinci kursda boş vaxtımız yox idi. Maddi imkanlarımız zəif olduğundan əyləncə yerlərindən kənar gəzirdik.. Amma vaxt tapanda teatra gedirdik. Əsas işimiz isə oxumaq idi. Sonra həyatın nəbzini tutduq, əyləncəyə də vaxt ayırırdıq. Tez-tez idmanla da məşğul olurduq.

 

İnstitutu bitirəndə “Məzun günü”nü yalnız qonaqlıq şəklində qeyd etdik və orada qərara gəldik ki, hər il dekabrın 31-də görüşək. Təcrübəsizlikdən, yaxud təsadüfdən çox uğursuz bir gün seçilmişdi. O tarix bayram günü idi. Belə bir gündə hamının bir yerə toplaşması, istəsək belə praktik mümkün deyildi. Ona görə də, ali məktəbi bitirdiyimiz vaxtdan 17 ildən çox vaxt keçsə də, bir dəfə də olsa, bir araya gələ bilməmişik. O zaman tələbə dostlarımızın bir hissəsi hərbi xidmətə, bəziləri Rusiyaya işləməyə getdilər. Uzun müddət bir-birimizlə əlaqə saxlaya bilmədik. Yalnız son zamanlar sosial şəbəkələr vasitəsi ilə əlaqələr yarada bilirik.

O vaxtkı tələbəliklə indiki tələbəlik arasında fərq vardı. Hazırda hər şey sanki adiləşib və asanlaşıb. Bizim dövrümüzdə belə deyildi. Müəllimlərə müqəddəs insan kimi baxırdıq. Ədəbiyyat tapılmırdı. Müəllimlər bilmirdilər bizə nə öyrətsinlər. Çünki özləri yeniliyi tam mənimsəyə bilməmişdilər. SSRİ təzəcə dağılmışdı. Köşklərdən qəzet alıb, iqtisadi məlumatları oxuyurduq. Rusiyadan gələn qəzetləri izləyirdik, kitabxanaya mütamadi gedirdik. Axundov adına kitabxanada az qala gecələyək. Bizim dövrümüzdə xaricdə oxumaq imkanları məhdud idi. Amma indi tələbələrimiz bu çətinliklərdən qurtulub, onlar tələb olunan informasiyanı o dəqiqə tapa bilirlər. Bunun fonunda təhsilə maraq azalıb. Məhdud sayda tələbələr var ki, qarşılarına məqsəd qoyub uğur qazanırlar.

 

 

Əfsun

Tarix
24 Oktyabr 2014 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin