Ana səhifə
10 Dekabr 2018

“Azərbaycanda kitabla gəlir qazanan yoxdur” – Müsahibə

“Ciddi bir yazıçı öz yazısı ilə heç vaxt dolana bilməz”

 

 

Mahir Mehdi: Elə yaşdayam ki, daha çox cavanları oxuyuram və yaşı 40-ı keçənlərin yazdıqları mənim üçün maraqlı deyil”

 

 

Şeir yazmağı və şeiri duyub anlamağı hər kəs bacarmır. Bu gün şeir yazmağa cəhd edənlər çox olsa da, az bir qisim şeirlər bizə təsirli gəlir. Çünki şeir ruh məsələsidir. Ruhumuza təsir edən şeirləri yazanlar isə bizim sevimli şairimizə çevrilir. Şeirləri ilə öz oxucu auditoriyasını formalaşdıranlardan biri də şair Mahir Mehdidir. Özünün də dediyi kimi, daha şeir yazmır, şeiri yaşayır. Müsahibim olan şairlə bir çox mövzular ətrafında söhbət apardıq. Şairin Şuşadakı illərindən, hazırkı fəaliyyətinə qədər bir çox mövzularda fikirlər söylədiyi müsahibəsini sizlərə təqdim edirik.

 

 

- Şuşada doğulmusunuz, uşaqlığınız, məktəb illəriniz orada keçib. O illər necə keçib?

- 21 yaşıma qədər Şuşada yaşamışam. Bəli, uşaqlığım, məktəb illərim Şuşada keçib. Şuşa ilə bağlı elə bir ciddi xatirələrim yoxdur. Məktəbi bitirdikən sonra da, əsgərliyə getdim. Mənim cavanlığım Şuşada keçmədi. Şuşada yadımda qalan bir şey var. Deməli bazarın yanında su köşkü var idi. Su köşkü açılanda hiss edirdk ki, yay gəlib. Bağlananda elə bilirdik ki, payızdır. Daha sonra müəyyən hadisələr baş verdikdən sonra Yevlaxa köçdük.

 

 

- İlk şeirlər nə vaxtdan yaranmağa başladı?

- Yaradıcılığa elə Şuşada olarkən başlamışdım. Amma, Şuşadakı yazılarımdan heç nə qalmayıb. İlk qələm təcrübələrimin içərisində hekayə, qəzəl, şerilər var idi. O vaxt yazdıqlarımın böyük əsərlər olduğunu demirəm. Amma ilk qələm təcrübəm idi. Məndə belə xasiyyət var ki, hər yazdığımı çap elətdirmirəm. Yazdıqlarımın çox az hissəsini çapa verirəm.

 

 

- Bu qədər vaxtdır yazıb-yaratmağınıza baxmayaraq, kitabınız da yoxdur...

- Özünətənqid məndə çox güclüdür. Bəzən kənardakıları da tənqid edirəm. Deyirlər ki, nə oldu sən yaxşı şey axtarmırsan? Deyirəm ki, ay qardaş mən özümə qarşı da bu cürəm. Hər yazdığımı gözümü yumub dərc elətdirmək məndə yoxdur. Elə ilk vaxtlardan şeirin daha çox sərbət janrından istifadə edirdim.

 

 

- Bəs hansı mövzularda yazırdız?

- O vaxt elə bir yaş idi ki, daha çox məhəbbətdən olurdu. Amma başqa mövzular da olurdu. Hekayələrim də var idi. Hekayələrimdən biri 1991-ci ildə “Qarabağ” qəzetində çap olunmuşdu. Mən ilk yazılarımı ciddi yazılar hesab etmirəm. Onlar ilk məşqlər idi və heç biri çap olunmadı. Bəlkə də o yazılar əlimdə olsaydı, bir uşaq marağı kimi içərisindən seçib uşaqlıq dövrünə aid olan şeirlər kimi çap etdirərdim. Ancaq heç peşman da deyiləm. Mən yazılarımın çoxunu yazıram, amma çapa vermirəm.

 

 

- Şuşadan sonra Yevlaxda daha çox yaşamısınız...

- Yevlax qəzetlərində fəaliyyətim olub. Yevlax mənim Azərbaycanın sevmədiyim rayonlarındandır. Bəlkə də ona görə gəlib burda yaşamağa məhkumam. Yevlaxı sürgün yerim adlandırıram.

 

 

- Niyə sevmirsiz ki oranı?

- Mən dağda böyümüş adamam və bəlkə də bu isti iqlimə öyrəşə bilmirəm. Amma burada qəzetlərdə çalışmışam. Yevlaxda “Kür” qəzetində 21 yaşımda çalışmağa başladım. 22 yaşımda mən qəzetdə şöbə müdiri idim. Bir müddət sonra Yevlaxda “Nicat” qəzetində də çalışdım. Sonra gördüm ki, bura sığışa bilmirəm, burada çalışa bilmirəm. Beləliklə Bakıya üz tutdum. 1996-cı ildə Bakıda “Azadlıq” qəzetində mədəniyyət bölməsində çalışmağa başladım. Müxbir olaraq çalışdım, sonra şöbə müdirini əvəz etdim, sonra ədəbi redaktor oldum. Sonra çıxdım.

 

 

- Söz yığınından ibarət şeirlərin ayaq tutub yeridiyi bir zamanda şair olmaq çətin deyil?

- Bir vaxtlar var idi ki, heç kitab çap olunmurdu. İndi maraqlıdır ki, kitab çap olunur. Şeir yazmaqda maraqsız heç nə yoxdur. Bütün dünyada belədir ki, şeirin oxu dairəsi çox azdır. Hələ sağ olsunlar ki, ən çox bizdə oxunur. Gənc şairlər var ki, yazdıqlarını oxuyuram və bəyənirəm. Bir vaxtlar Azərbaycanda romana maraq itmişdi. Amma indi romanlar çap olunur və kifayət qədər roman yazan istedadlı gənclər var. Sadəcə olaraq bir dövr var idi ki, ədəbiyyat müəyyən bir ideologiyanın təsiri ilə yaranırdı. Ciddi ədəbiyyatı hamı oxumalı deyil ki. 3-5 oxucu olsa bəs edər.

 

 

- 8 il ədəbi mühitdən uzaq düşdüyünüz vaxt oldu. 8 il uzun müddət deyil?

- Mənim üçün çox tez gəlib keçdi. Necə keçdiyindən heç xəbərim də olmadı. Ağır bir dövr idi. Hər şeydən uzaqlaşmaq fikri yaranmışdı. Yazıdan deyil, yazı-pozu adamlarından uzaqlaşmışdım. Yazılarım çap olunurdu. Bəlkə də yaxşı eləyib o mühitdən uzaqlaşdım. Çünki çox qarışıq mühit idi. Yazıçılar Birliyində hardasa bir il işlədim. Orada tanımadığım adamları tanıdım. Televiziyada bülbül kimi cəhcəh vuran adamları həyatda tanıyanda tanımağına peşman olursan. O barədə mənə xeyri oldu. 8 ildən sonra yenə Bakıya gəlib bir ildən çox işlədim. Amma yenə Yevlaxdayam və işsizəm.

 

 

- Yoxsa yenə yorulub fasilə vermək qərarına gəlmisiz?

- Nə işlədim ki, yorulum da. Amma nə isə alınmadı deyə, işdən çıxmalı oldum. İndi mənim o yaşım deyil ki, müxbir olaraq çalışım.

 

 

- Başqa işlə məşğul olmaq yaradıcılığınıza təsir etmir ki?

- Yox. Yazan adam həmişə yazır. Nəsr elədir ki, gərək oturub yazasan. Amma şeir elədir ki, küçədə gedərkən də yarana bilir. Mən şeir dalınca düşmürəm, o gəlib məni tapır. Normal bir yerdə rahat oturub şeir yazdığım yadıma gəlmir. Gəzə-gəzə beynimə gələnləri sonra vərəqə köçürürəm. Yaddaşım da o qədər güclü deyil ki, həmişə yadımda qalsın.

 

 

- Elə şeirləriniz varmı ki, bəyənsəniz də onları üzə çıxarmaq istəməyəsiz?

- Xoşuma gələn bütün yazıları çapa vermişəm. Xoşuma gəlməyənləri özüm bilirəm ki, yaxşı deyil çap eləmirəm. Yazdığım şeir öz ürəyimə yatırsa, ürəyimdən tikan çıxartdısa, çapa verirəm. Mənim üçün yazı prosesi, düşündüyün an maraqlıdır. Yazıb qurtarandan sonra artıq o mənim deyil. Məndə belə bir xüsusiyyət var ki, yolda olmağı xoşlayıram, mənzilə çatmağı yox. Çünki yolu həvəslə maraqla gedirəm, artıq mənzilə çatanda bütün maraq itir. Şeirlərimlə bağlı elə bir qorxum yoxdur ki, kimsə oxuyar, xoşuna gəlməz. Bu təbii haldır. Elə xalq şairi var ki, mən onların bir misrasını da oxumuram. Çünki onlar mənim şairim deyillər. Elə yaşdayam ki, daha çox cavanları oxuyuram və yaşı 40-ı keçənlərin yazdıqları mənim üçün maraqlı deyil. Onlar yazdılar, qurtardılar. Yeri gələndə heç özümü də oxumuram. Təzə yazılar mənə daha maraqlıdı. Gənclər də çox yaxşı yazırlar.

 

 

- Amma gəncləri qınaq hədəfinə çevirənlər də olur...

- Gəncləri qınaq hədəfinə çevirənlər özlərinə gülürlər. Çox iddialı cavanlarımız var. Cavan, istedadlı oğlan məni tənqid etsə və yazdıqlarımı bəyənmədiyini desə, mən onu çox normal qəbul edərəm. Amma bəzən belə tənqidlərdən inciyənlər olur. Məndə belə incimək olmur. İstedadlı cavanlarımız çoxdur. Bizdə hər sahədə istdadlı gənclər var, amma onlar üçün meydan yoxdur ki, özlərini göstərsinlər. Yazanların çoxu məcburdur ki, qəzetdə, saytda işləməklə çörək pulu qazansınlar. Mən redaktor olaraq bir ildən çox çalışdım. Xəbər adamı qurudur, imkan vermir ki, yazı yazasan.

 

 

- “Tənhalıq, sadəcə, bir təsəllidi şairlərə yazmısız”. Bu tənhalıq nə zaman karınıza gəlir və insan nə zaman tənha olur?

- Bunun dəqiq izahı yoxdur. Ola bilsin ki, rəngsaz, yol çəkən Mahir Mehdidən daha çox tənhadır. Sadəcə olaraq o yaza bilmir. Bizdə belə fikir var ki, filankəs “Tənha şair”dir. Yox. Bizim elə şairlərimiz var ki, onların tənhalıq heç veclərinə də deyil. Vaxtilə yaxşı yazıblar, yaxşı imkanları var. Keflərinə verəndə tənhalıqdan yazırlar. Eləsi var məndən betər tənhadı, amma hisslərini yaza bilmir. Amma mən yazıram. Tənhalıq bir andır. Tənhalıq insanın içindən gələn ruha aid bir şeydir. O da mümkün deyil ki, insan ömür boyu tənhalıqdan zövq alsın. Tənhalıq gözəl andır o zaman ki, insana yazı prosesində köməklik edir. O daha çox ruha bağlı bir şeydir.

 

 

- Şeiri analiz etməzlər, şeir haqda danışmazlar demisiniz...

- Mən bu sözü tənqidçilər haqqında demişəm. Filan şeirdə şair filan fikri çatdırmaq istəyib. Boş söhbətlərdr. Bəlkə heç mən o fikri demək istəməmişəm. Məsələn, Füzulini indiki oxucu üçün şərh etmək lazımdır. Çünki o çox fəlsəfi və çətin bir dillə yazıb. Amma müasir yazarın tənqidçiyə o qədər də ehtiyacı yoxdur. Duyan oxucu anlayır. Şeiri anlayan adama nə təhlil verəcəm?

 

 

- İndiki halınızı ifadə edəcək şeir var?

- Şeir elədir ki, gərək ovqat olsun ki, deyim. Fikrimə gəlmir ki, hansı şeiri deyə bilərəm. Həm də yaddaşdan zəifəm deyə yazdıqlarım yadımda qalmır.

 

 

- Digər şairlərdən necə şeirlərini əzbər bildikləriniz yoxdur?

- Şeiri oxuyuram və ola bilsin ki, o mənə şüuraltı təsir etsin, xoşuma gəlsin. Amma əzbərləmirəm. Orta məktəbdə şeirləri heç sevmirdim. Kitabda yazılan şeirlər xoşuma gəlmirdi və oturub uşaq ağlı ilə özüm üçün şeirlər yazırdım. Ədəbiyyat kitablarını qətiyyən oxumamışam, əzbər də yadımda deyil. Onları əzbərləmək çətin idi, həm də müəyyən dövr keçəndən sonra gördüm ki, onların xeylisi oxunmalı deyilmiş. Yaxşı ki yadımda qalmayıb. Klassik ədəbiyyatı daha çox oxuyurdum. M.Rahim, S.Vurğun, S.Rüstəm və s-ləri oxuya bilmirdim. Demirəm ki, onlar şair deyil. Sadəcə olaraq kim qəbul edir, o oxusun.

 

 

- Elə ölkələr var ki, onlarda kitab satışı ilə böyük gəlir əldə edirlər. Azərbaycanda şairin sırf öz işi ilə məşğul olaraq böyük gəlir əldə etməsi mümkün ola bilər?

- Azərbaycanda bu mümkün deyil. Çünki, Azərbaycanda kitab bazarı deyilən bir şey yoxdur. Çap olunan kitabların tirajına fikir verəndə görürük ki, çox az sayda buraxılır. Azərbaycanda kitabla gəlir qazanan yoxdur. Çünki azərbaycanlılar kitab oxumağa meylli deyillər. Maraq daha çox efirlərdə şou verilişlərinədir. Ciddi bir yazıçı öz yazısı ilə heç vaxt dolana bilməz. Kitab çap etdirirəm, 5 manat da qiymət qoyuram. Nə satılır, satılır. Satılmayanları da hədiyyə edirəm gedir. Bunun sevinci odur ki, kitab çap etdirirəm, təqdimat keçirilir, 5-10 adam yığışıb söz deyir, ədəbiyyat bayramı olur. Mən o əsl yazan adamlardan danışıram. Bu gün təqdimat mərasimləri çoxdur. Mən onlardan danışmıram. Onlara heç fikir vermək də lazım deyil.

 

 

- Təqdimatlara sizi çox dəvət edirlər?

- Əvvəllər çox çağırırdılar. Amma təqdimatlara getməyə marağım yoxdu. Boğazdan yuxarı danışmaq mənlik deyil. Elə adamın təqdimatı ola bilər ki, onunla salamımız var, amma mən o adamın işini qəbul etməyə də bilərəm. Mən gedib o təqdimatda nə danışacam? Artistlik etmək əlimdən gəlmir. Bəlkə də artistlik etmək əlimdən gəlsəydi, şairliyi oynaya bilsəydim, işsiz olmazdım. Şair ömrü boyu şair olmur ki? Şeir yazanda, sözün yanında olanda şair olur. Ondan sonra sıravi adamdır. Mənim ailədə şair imicim yoxdur. Mən özüm üçün yazıram. 5-10 oxucum olsa bəsdir.

 

 

- Hazırda yenə Yevlaxdasız. Orada qalmaq ürəyinizcə deyilsə, niyə Bakıda qalmadız?

- Bakıda qalmağım üçün normal maaşlı iş olmadı. Elə bir iş olsaydı məmnuniyyətlə qalardım. Az pulla ev kirayəsi vermək, ailə dolandırmaq olmaz. Bir sirri də açım ki, ikinci dəfə ailə qurmaq istəyirdim. Ona görə məni az məbləğ heç cür qane etməzdi. İşim düzələn kimi toyu Bakıda edəcəm. Ənənəvi toy olmayacaq. Yaşım o yaş deyil. 50 nəfərlik rus üsulu bir toy edəcəm. Aqil Abbasa, Kamal Abdullaya demişəm ki, mənə iş tapmaqda köməklik göstərsinlər. Onlar da vəzifə adamlarıdır, işləri çox olur. Vaxtları olanda yəqin ki, mənə də iş tapmaqda yardımçı olarlar.

 

 

Aygün Asimqızı

Tarix
24 Oktyabr 2014 [13:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin