Ana səhifə
25 Sentyabr 2018

Azərbaycan şeiri və muğamı Milanda - FOTO

Cüzeppe Verdi adına Milan Konservatoriyasında İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) və adıçəkilən konservatoriya tərəfindən "Poeziya dünyası və Azərbaycanın muğam mədəniyyəti" mövzusunda konsert proqramı təşkil olunub.

 

 

 

Ucnoqta.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin (AMTN), Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəstəyi ilə təşkil olunmuş tədbirdə xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, şair-publisist Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçılar Günel Anarqızı, Pərvin, xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu, eləcə də İtaliyanın ədəbi dairələrinin nümayəndələri, incəsənət xadimləri, mədəniyyətşünas alimlər, ölkəmizin ədəbiyyatına maraq göstərən kitabsevərlər iştirak ediblər.

 

Tədbiri açan Azərbaycanın dostu, italiyalı şair, bəstəkar, Milan Konservatoriyasının professoru, o cümlədən AYB-nin üzvü Davide Qualtieri İtaliyada Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına marağın getdikcə artdığını bildirib. Vurğulayıb ki, xüsusilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın milli musiqi janrlarından biri olan muğam çox böyük mədəniyyətdir. O deyib: "Biz tarixi köklərimizə aid özəlliklərin çoxunu unutmuşuq, lakin Azərbaycan bu dəyərləri qoruyub saxlayıb. Bu, böyük nailiyyətdir". D.Qualtieri ölkələrimiz arasında tarixən sıx mədəni bağların mövcud olmasından və bir sıra xüsusiyyətlərinə görə musiqilərimizin bir-birinə bənzəməsindən də bəhs edib.

 

Sonra Azərbaycanın incəsənət ustaları Elşən Mansurovun, Fikrət Verdiyevin, Sevinc Sarıyevanın ifalarında muğamımız səsləndirilib. Tədbir boyu həm İtaliya, həm də Azərbaycan musiqisinin sintez şəkildə müşayiəti ilə səslənən italyanca şeirlər tamaşaçılarda böyük maraq oyadıb. Həmçinin Azərbaycan milli geyimində olan italyan rəqs ustaları və musiqiçilər də improvizə olunmuş rəqs və balet kompozisiyaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar. Azərbaycan və italyan musiqiləri səslənərkən səhnədə italiyalı rəssam xanım Alessandra Vahid tablolar işləyib.

 

Daha sonra Rəşad Məcidin italyan dilində çapdan çıxmış "O" adlı şeirlər kitabının təqdimatı olub. D.Qualtieri öz bəstələrinin fonunda Rəşad Məcidin şeirlərini italyanca oxuyub.

 

Tədbirdə bu kitabın ölkələrimiz və xalqlarımız arasında mədəni əməkdaşlığın inkişafına töhfə verəcəyi və maraqla qarşılanacağı xüsusi vurğulanıb. Bildirilib ki, nəşr vasitəsilə italiyalı oxucular Azərbaycan ədəbiyyatı ilə daha yaxından tanışlıq imkanı əldə edəcəklər.

 

AMA-nın sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında D.Qualtieri tərəfindən çevrilmiş kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. Nəşr D.Qualtierinin Rəşad Məcidə həsr etdiyi "Körpü salırıq" şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və D.Qualtierinin şeirlər haqda essesi verilib.

 

Sonda AYB tərəfindən təşəkkürnamə, Azərbaycan Mədəniyyət Nazirliyi və AMEA adından isə D.Qualtieriyə xatirə hədiyyələri təqdim olunub.

Tarix
12 İyul 2015 [13:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin