Ana səhifə
23 Sentyabr 2018

Sahibkarlara verilən güzəştli kreditlərin 67,3 faizi aqrar sektora verilib

Onun 32,7 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib

 

 

 

Bazar iqtisadiyyatının formalaşmasının ən başlıca struktur komponentlərindən biri sahibkarlıq fəaliyyətidir. Zəngin məzmuna, müxtəlif növlərə və formalara malik olan sahibkarlıq fəaliyyəti iqtisadi və sosial tərəqqinin əsas şərtidir, sahibkarlar isə cəmiyyətin ən təşəbbüskar, çevik, elmi-texniki yenilikləri daha tez mənimsəyən və istehsalata tətbiq edən sosial təbəqəsidir. Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan sahibkarlıq həmişə çalışır ki, mövcud iqtisadi resurslardan qənaətlə, səmərəli istifadə edərək dünya standartlarına uyğun rəqabət qabiliyyətli məhsul istehsalını artırsın, rəqabət bazarında öz təklifi ilə çıxış edə bilsin və nəticədə yüksək mənfəət götürsün. Deməli, milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək üçün saglam sahibkarlıq mühitinin yaradılması, insanların sahibkarlıq ruhunda tərbiyə olunması və sahibkarlıq fəaliyyətinin öncül inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi zəruridir. Müasir dövrdə sahibkarlığın inkişafında əsas məsələlərdən biri onun maliyyələşdirilməsidir. Maliyyə bazasının təşkil edilməsinin ən sadə və etibarlı variantı sahibkarlıq mülikyyətçisinin öz vəsaitlərini və cəlb edilmiş vəsaitləri bu və ya digər formada yeni müəssisələrə yönəltməsidir. Azərbaycan iqtisadiyyatında bu məsələ ilə bağlı problem ondadır ki, yeni fəaliyyətə başlayan sahibkarlar kifayət qədər maliyyə vəsaitlərinə malik olmurlar. Dünya praktikasında bu problem müxtəlif yollarla həll olunur. İqtisadi nəticə isə eynidir. Kifayət dərəcədə maliyyə resurslarına malik olan dövlət, bank, investisiya fondları və s. böyük risk hesabına olsa da, yeni fəaliyyətə başlayan sahibkarlara yardımçı olmalıdırlar. Bu məsələlərin həllində ayrı-ayrı sərmayəçilər üçün maraqlı amil yüksək dərəcədə mənfəət əldə etmək, dövlət strukturları üçün isə məşğulluq probleminin həll olunması və belə layihələrin sosial səmərəsidir. Ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafının maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu yaradılıb. Əsas məqsəd isə sahibkarlığın inkişafına kömək məqsədi ilə maliyyə ehtiyatlarının cəlb olunması və səmərəli istifadəsi əsasında dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə kömək etmək; sahibkarlığın inkişafına yönəldilmiş proqramları maliyyələşdirmək; iqtisadiyyatın öncül inkişaf istiqamətləri ilə bağlı investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə köməyi göstərmək; sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirməkdən ibarətdir. Hazırda  Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir, ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verir. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, Fond sahibkarlığın inkişafına güzəştli kreditlərlə maliyyə təminatı yaradaraq sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə qurulmasında və iş adamlarının güzəştli kredit almaq imkanlarının genişləndirilməsində yaxından iştirak edir. Dövlətin güzəştli kreditləri ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac potensialının və regionların investisiya cəlbediciliyinin artırılması, əsas qida məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə aqrar-sənaye kompleksi və digər sənaye sahələrində, eləcə də kiçik sahibkarlığın inkişafı istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına indiyədək 24000-dək sahibkara 1,5 milyard manat güzəştli kredit verilib, bu kreditlər hesabına 126 mindən çox yeni iş yerinin yaradılması mümkün olub. Güzəştli kreditlərin 67,3 faizi aqrar sektorun, 32,7 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib.

Fond tərəfindən son illər yeni texnologiyaların tətbiqinə əsaslanan ümumi dəyəri 1,9 milyard manat olan 332 investisiya layihəsinin maliyyələşdirilməsinə 894,6 milyon manat güzəştli kredit verilib. Bu layihələrdən 253-nün icrası ötən il başa çatdırılıb., digər 79 müəssisəyə aid tikinti-quraşdırma işləri davam etdirilir. Müasir texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatı və qida sənayesi sahəsində müasir istehsal və infrastruktur kompleksləri yaradılmış, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artıb, özünütəminetmə səviyyəsi yüksəlmiş, ixracın həcmi artıb və bəzi məhsulların məşhur brendlərin adı ilə istehsalına başlanılıb.

Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, son illər fond tərəfindən 119 sənaye müəssisəsinin maliyyələşdirilməsinə 382,6 milyon manat güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 88-i istifadəyə verilmiş, digər 31 müəssisə üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Sahibkarların maarifləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə fond tərəfindən regionlarda və Bakı şəhərinin qəsəbələrində mütəmadi olaraq işgüzar forumlar keçirilir. Forumlar çərçivəsində respublikanın bütün şəhər və rayonları əhatə olunmaqla iqtisadi potensial təhlil olunur, prioritet istiqamətlər müəyyənləşdirilir, beynəlxalq təcrübə öyrənilir, prioritet sahələr üzrə nümunəvi investisiya layihələri hazırlanaraq sahibkarlara təqdim olunur. O, sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə də məloumat verib. Onun sözlərinə görə,  «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları»na əsasən, güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. «Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkarlara müraciətin qeydiyyata alınmasını təsdiq edən sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları onlar üçün müəyyən edilmiş limit çərçivəsində 10 bank günündən gec olmayaraq öz biznes maraqları və fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir. Müsbət qiymətləndirilən layihələrə dair məlumatlar və sənədlər fonda təqdim olunur. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir. Fond 10 bank günü müddətində güzəştli qaydada maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekpertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin ilkin monitorinqini keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq, fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə fonda sifariş göndərilir. Fond 3 bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait həmin təşkilatın müxbir hesabına daxil olduqdan sonra 2 bank günü ərzində sahibkarlıq subyektinin hesabına köçürülür və bu barədə fonda və sahibkarlıq subyektinə məlumat verilir.

Qanunvericiliyə uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondu yalnız müvəkkil kredit təşkilatlarının müsbət qiymətləndirdiyi layihələri ekspertizadan keçirə və maliyyələşdirə bilər.

Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatları arasında investisiya layihələrinin maliyyələşdirilməsi, sahibkarların müraciətlərinin qeydə alınması və idarə edilməsi prosesinin avtomatlaşdırılmasına dair «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» yaradılmışdır. Sahibkarlar tələb olunan məlumatları daxil etdikdən və sənədləri sistemə yüklədikdən sonra elektron müraciət seçilmiş müvəkkil kredit təşkilatına göndərilir və sistem sahibkara bu barədə bildiriş təqdim edir. Müvəkkil kredit təşkilatında investisiya layihəsinin qiymətləndirilməsi ilə əlaqədar bütün proseslər elektron sistem vasitəsi ilə yerinə yetirilir və müsbət qiymətləndirilmiş layihələrin maliyyələşdirməsi məqsədi ilə elektron formada Sahibkarlığa Kömək Milli Fonduna göndərilir. İnvestisiya layihələri Sahibkarlığa Kömək Milli Fondunda elektron sistemdə qeydiyyata alınır, layihə ekspertiza edildikdən sonra maliyyələşdirilməsinə qərar verildiyi halda tələb olunan kredit vəsaiti müvəkkil kredit təşkilatının elektron sifarişi əsasında onun bank hesabına köçürülür. Müvəkkil kredit təşkilatı tərəfindən isə həmin vəsaitin sahibkarın hesabına köçürülməsi təmin olunur,- fond rəhbəri deyib.

 

Tarix
10 İyul 2015 [18:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin