Ana səhifə
15 Noyabr 2018

Sahibkarlıq sektoruna maliyyə dəstəyi artır

Sahibkarlığa maliyyə dəstəyinin genişləndirilməsi istiqamətində yeni layihələr hazırlanır

 

 

 

Azərbaycanda  sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub. Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlər də sadələşdirilib. Fərmana uyğun olaraq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulub. İki qanun tamamilə yenidir, bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq. Bank sahəsi üzrə mütəxəssis Oqtay Məmmədovun sözlərinə görə, kredit büroları kredit üçün müraciət edən və həmin vəsaiti alan müştərilərin mərkəzləşdirilmiş informasiya mənbəyi rolunu oynayacaq. Büro borc verən bankların məlumatlarını toplayıb ümumiləşdirəcək, müştərilərin kreditləri üzrə, bir növ, informasiya təhlükəsizliyi rolunu oynayacaq. Kredit bürosunun yaradılması ilk növbədə  bankların işinin asanlaşmasına səbəb olacaq. Büronun potensial xidmətlərinə müştərinin kredit tarixçəsi barədə məlumatın verilməsi, fırıldaqçılığın qarşısının alınması xidmətləri, kredit üçün müraciət zamanı mümkün yanlış məlumatlar barədə xəbərdarlıq, borc götürənin kredit davranışının izlənilməsi xidməti, əməkdaşlıq strukturunun izlənilməsi, müştəri portfelinin nəzərdən keçirilməsi, müştəri portfelinə dair statistik məlumatların alınması, müştərinin ehtiyacları nəzərə alınmaqla büronun qiymətləndirməsi, zəmanətlər barədə məlumatın verilməsi daxildir.

Yeni qurum kreditlərin qaytarılma vəziyyətinə nəzarət edəcək, bu istiqamətdə nizam-intizam yaradacaq. Büroya üzv olan banklar kreditlərlə bağlı yarana biləcək problemləri həll etməkdə bu qurumdan kömək istəyəcək. Yəni büro daim apardığı təhlillər və proqnozlara uyğun olaraq, riskli ödəyiciləri müəyyənləşdirəcək, onları risklər üzrə qruplara ayıracaq və borc verən banka həmin müştəri haqqında xəbərdarlıq edəcək. Bundan sonra bank intizamsız müştərini «qara sıyahıya» salacaq, daim izləyəcək, etimadı doğrultmadığı halda, haqqında tədbir görəcək. Beləliklə, banklar bir növ müştəriləri izləmək, onlar haqqında məlumatlar toplayıb lazımı ölçü götürmək üçün əlavə vaxt və xərc sərf etməyəcəklər.

Özəl Kredit Bürosunun yaradılmasında Azərbaycan hökumətinə texniki dəstək göstərən və tərəfdaş seçilən Beynəlxalq Maliyyə Korporasiyası (BMK) yeni strukturun fəaliyyətə başlaması ilə kredit və bank bazarında əsaslı dəyişikliklərin baş verəcəyini proqnozlaşdırır. Korporasiyasının layihə rəhbəri Aliyə Əzimovanın sözlərinə görə, nəzərdə tutulan tədbirlərin reallaşması nəticəsində bankların xərcləri 25%, riskləri isə 50% azalacaq. Həmçinin büronun fəaliyyəti sayəsində ölkədə problemli kreditlərin həcminin azalması mümkün ola bilər. Müştərinin maliyyə vəziyyəti düzgün qiymətləndirilmədən, möhkəm girov təminatı olmadan verilən kreditlər sonradan borcalanlar tərəfindən geri qaytarılmır, aylıq kredit ödənişləri gecikdirilir, kredit borcları yığılır və bu, son nəticədə ölkədə problemli kreditlərin həcminin artmasına səbəb olur. 2014-ci ilin ötən 10 ayının nəticələrinə əsasən, ölkə üzrə problemli kreditlərin həcmi 15%-dən çox artaraq təxminən 1 milyard manata çatıb. Bu sahədə MB tərəfindən inzibati addımların atılması və istehlak kreditlərinin verilməsi qaydalarının sərtləşdirilməsi ilə yanaşı, büro tərəfindən borc götürəni kreditləri vaxtında qaytarmağa sövq edəcək təsirli addımların atılması da gözlənilir.

 

Kredit bazarında yeni qurumun yaradılmasında əsas məqsədlərdən biri də sahibkarlıq sektoruna maliyyə dəstəyinin artırılmasıdır. İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) əməkdaşı  Hüseyn Paşayev bildirib ki, özəl bölmənin inkişafı və dəstəklənməsi ilə bağlı həyata keçirilən davamlı tədbirlərə uyğun olaraq, sahibkarlığa maliyyə dəstəyinin genişləndirilməsi istiqamətində yeni layihələr hazırlanır. Dövlət başçısının cari ilin mart ayında imzaladığı «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmana əsasən, özəl bölmənin kredit institutlarına çıxışının asanlaşdırılması nəzərdə tutulub və bu işlərin yekunu kimi «Özəl kredit büroları haqqında» və «Təminatlı əqdlər haqqında» qanun layihələri qəbul ediləcək. Hər iki qanunun qəbulunda məqsəd sahibkarların kreditlə bağlı problemlərinin həlli və kredit götürərkən tələb edilən sənədlərin sayının azaldılması, prosedurların sadələşdirilməsi, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsidir.

Hazırda bankların daha çox fərdi şəxslərə məişət, elektrotexnika malları, mebel, avtomobil kreditləri verməsi hökuməti narahat edir və istehlak kreditlərinin ümumi çəkisində sahibkarlıq məqsədilə alınan vəsaitlər ümumi kredit portfelində 20-30%-dən də azdır. Kreditlərin verilməsi istiqamətinin dəyişdirilməsi, fərdi istehlak məqsədlərindən biznesin və istehsalın artırılmasına yönəldilməsi formatının tətbiq olunması nəzərdə tutulur. Bu məqsədlə büro kredit bazarına nəzarət sahəsində dəstək xarakterli addımlar atmaq və banklara müvafiq köməklik göstərməklə bərabər, maliyyə sektorunun genişləndirilməsinə, özəl bölmənin daha çox kreditlərlə təmin olunmasına yardım edəcək. Kreditlərin xüsusi çəkisində özəl bölmədə çalışan sahibkarların payının artırılması, şəxsi istehlaka aid kreditlərin məhdudlaşdırılması məqsədilə büro bank və müştəri arasında vasitəçi rolunu oynayacaq, hər iki tərəfə dəstək verəcək, kreditlərin verilməsi ehtiyaclarını qiymətləndirərkən real vəziyyətə uyğun hərəkət edəcək.

 

 

Tarix
9 İyul 2015 [19:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin