Ana səhifə
25 Sentyabr 2018

Postmodernizmin ən böyük yazarlari: Con Bart

Kulis filologiya üzrə fəlsəfə doktoru Afaq Əsədovanın "Postmodernizmin ən böyük yazarlari: Con Bart" məqaləsini təqdim edir.

 

 

Amerika postmodernizminin daha bir görkəmli nümayəndəsi Con Bart  özünün fəal bədii və tənqidi fəaliyyəti, ictimaiyyət qarşısında çıxışları, elmi-pedaqoji fəaliyyəti Tomas Pinçonun tamamilə guşənişin və passiv həyat tərzindən nə qədər fərqli olsa da, nəticə etibarilə, hər iki sənətkar mühüm dünyagörüşü  və poetoloji prinsiplərə görə bənzər xüsusiyyətlərə malikdirlər.

 

Con Bart məhsuldar bədii yaradıcılığı ilə bərabər, təmsil etdiyi ədəbi istiqamətin nəzəri aspektlərinin tədqiqi ilə də məşğul olmuşdur. 60-cı illərdə yazdığı məqalələrdən  birində qeyd edir ki, «sənət, nəhayət etibarilə, onun yaradıcısının nəyi nəzərdə tutmağından  asılı olmayaraq sənətin özü xatirinə yaradılır”. O, yazıçını öz kainatını yaradan, lakin özü tamamilə başqa ölçülərdə yaşayan Tanrıya bənzədir. Belə bir kainatın, belə bir dünyanın yaradılması üsullarından biri oyundur. Bart oyunu müxtəlif səviyyələrdə və müxtəlif növlərdə görür - söz və anlayış səviyyəsində oyun, ədəbi üslublarla oyun, öncə yaradılmış ədəbiyyatın ideyaları ilə oyun və s. «Tükənmişlik ədəbiyyatı» məqaləsində C. Bart göstərir ki, sənət tükəniş dövrünə daxil olub, onun formaları işlənib qurtarıb, yıpranıb və onun mövcudluğunu yalnız yeni postmodernist texnikanın köməyi ilə uzatmaq mümkündür: «Mənim anlayışıma görə postmodernizmin ideal yazarı surət çıxarmır, lakin XX əsrdəki atalarını və XIX əsərdəki babalarını da inkar etmir… O ümid etməlidir ki,  Mannın ilk xristianlar  adlandırdığı, yəni yüksək incəsənətin peşəkar xadimləri dairəsindən daha geniş olan müəyyən kütlə təbəqəsinə təsir edə və onu cəlb edə bilir… Postmodernizmin ideal romanı hansısa bir şəkildə realizmin irrealizmlə, formalizmin «məzmunluluq»la, xalis sənətin absurd sənətlə, elitar prozanın kütləvi proza ilə döyüşündən yüksəkdə durmalıdır”. «Yeni tamamlama ədəbiyyatı» adlı  məqaləsində Bart müasir ədəbiyyatın vəzifələrinə dair görüşlərini inkişaf etdirərək modernizmin özünün «bədii inqilab» carçısı rolunu itirməsindən, postmodernizmin təməli olan yeni bədii üsulların və fəlsəfi ideyaların istifadə edilməsi zərurətindən bəhs edir. Bunun üçün isə, Bart iddia edir ki, məzmun zənginliyi olan realizmin qapılarını açmaq lazımdır, yəni «danışılanın  və nəqledilənin ballitristik mahiyyətini bərpa etmək» lazımdır. Barta görə, gülüş həyatın absurdluğuna, mənasızlığına qarşı əsl müalicə vasitəsidir: hər şeyə gülmək - «ciddi» ideyalara və «ciddi»ədəbiyyata, «ciddi» hisslərə və «ciddi» əqidələrə, dünyanı dəyişdirmək, yaxşılaşdırmaq  kimi hər cür cəhdə gülmək həyatın mənasızlığının amansız diktəsinə qarşı yararlı vasitədir.

 

Bartın bədii yaradıcılığı onun nəzəri düşüncələrini gerçəkləşdirir. Yazıçı postmodernist texnikanın elementlərini «Pançatantra», «Min bir gecə», «Bibliya», antik mifologiya və s. klassik fabula arxeotipləri ilə əlaqələndirərək özünəməxsus poetikasını yaradır. Özünün bədii qurğularını «tərbiyə romanları» modifikası kimi təqdim edən Bart, bu əsərləri qeyri-kamillik, uğursuzluq və ya tərbiyə prosesindəki qüsurlar haqqında «alçaldılma, gülünc yerinə qoyulma» romanları adlandırır.

 

C.Bartın ilk romanları «Üzən opera» və «Yolun sonu» adlanır.Yazıçı bu əsərlərin özünəməxsus dialogiya yaratdığını bildirir. Ona görə «Üzən opera» - «nihilist komediya», «Yolun sonu» isə «az qala nihilist faciə, bəlkə də hər cür nihilist fəlakət»dir.

 

1956-cı ildə yazılmış«Üzən opera» romanının əsas qəhrəmanı Todd Endryus uğur qazanmış bir əyalət vəkilidir. Əsrin həmyaşıdı olan Todd Birinci Dünya Müharibəsində iştirak etmiş, cəbhədə ölümün adiliyini, insan həyatının son dərəcə kövrəkliyini, insanlıq sifətinin necə adi şəkildə itirmək mümkünlüyünü təcrübi şəkildə yaşamış, nəticədə bir həkim tərəfindən təsadüfən aşkar edilmiş ürək qüsuru güclənmişdir. Həyatın absurdluğu fikri hakim kəsilən qəhrəman özünü öldürmək istəmiş, lakin öldürməmişdir. Sonrakı illərdə də o, yaşaya-yaşaya hər an ölümcül xəstəliyin onun həyatına son qoyacağını bilə-bilə nə üçün yaşadığı sualına cavab axtarır.Otuz yeddi yaşında da o, vaxtilə özünə qəsd etmiş atasına məktub yaza-yaza intihar haqqında düşünür, lakin yenə də bu fikrini həyata keçirmir. Əlli dörd yaşına çatdıqda isə Endryus bəzi xəstəliklərə, o cümlədən də, böyrək iltihabına məruz qalır, artıq cinsi durumuna görə gücsüzləşən bir nihilistə çevrilir.

C.Bartın 1958-ci ildə qələmə aldığı “Yolun sonu” romanını ekzistensializmin tədqiq mövzularından olan insan şəxsiyyəti mahiyyətini müəyyənləşdirən azad seçim probleminə yeni  postmodernist baxış nümunəsi kimi qiymətləndirmək olar. Bu problemin kinayəli üslubda dərkinə çalışılan əsərdə mövcudluğun tam absurdluğu, hər cür əxlaqi və ictimai anlayışlarla gücləndirilir. Romanın qəhrəmanı 50-ci illərdə bir pedaqoji kollecdə çalışan yarımçıq təhsil almış aspirant Cekob Xorner “kosmopsis” adlanan həyatın kosmik absurdu kimi müəmmalı bir hissin doğurduğu xəstəliyə yaxalanır. Bu xəstəlik ozünü müəyyən fəle əlamətləri ilə göstərir. Hətta bəzən elə olur ki, Xorner harasa bir yerə getmək üçün heç bir səbəb tapmadığına görə tamamilə hərəkət etmək  qabiliyyətini itirir.

 

Bu durum modernizmin son görkəmli nümayəndələrindən olan Samuel Bekketin  “Merfi” əsərinin qəhrəmanının hərəkət etməyin tamamilə absurd olduğu qərarına gəlib özünü üzü aşağı şəkildə yellənən kresloya sıx şəkildə bağlamasına bənzəyir. Həyatın tam absurdluğu düşüncəsi tam hərəkətsizlik durumuna gətirib çıxarır. Bu mənzərə modernist və postmodernist yazarların əsərlərində sıx-sıx görünür. Nəticə etibarilə həyatın davam etməsi üçün qəhrəmanlar ya düşünüb yeni qurama həyat modelləri tapır, ya da bu və ya digər şəkildə intihar edirlər. Əlbəttə, məsələnin həlli problemi müəlliflərin hansı fəlsəfi-ideya istiqamətini əsas götürmələrindən asılı olmuşdur. Bu romanda müəllif qəhrəmanın təsadüfən görüşdüyü zənci həkim vasitəsilə Cekobu “mifoterapiya”nın koməyilə sağaltmağa çalışır. Həkim, absurd həyatın doğurduğu xaosa qarşı insanın öz təcrübi həyatında hökmən izləməli olduğu özüüçün düşünülmüş, mücərrəd bir doktrina, hansısa bir mif qoyur. Hər şeyi son nəticədə mənasızlığa məhkum olsa da, əsərin qəhrəmanının düçar olduğu “kosmopsis” xəstəliyinə daha təhlükəsiz şəkildə illüziya ilə qarşı durmaq mümkündür. Həkimin məsləhətinə qulaq asan Cekoб özünümüalicə məqsədilə həyatının yeni missiyası kimi ingilis dili qrammatikasından dərs deməyə başlayır. Lakin xəstəlik davam edir. Cekob xaosa qarşı dura bilmir. “Kosmopsis” xəstəliyi onun təhlükəsiz olduğu illüziyasından daha məhvedici olur. Yaratdığı miflə xəstəliyinə qalib gələ bilməyən qəhrəman təsadüfi bir şəraitdə öz yeni dostunun arvadı ilə bir gecə keçirir. Ondan hamilə qalan qadın qeyri-qanuni uşaq saldırma nəticəsində həlak olur. Cekob daxili aləmini harmoniyaya salmaq, ümumiyyətlə, şəxsiyyət olmaq fikrindən tamamilə əl çəkir. Con Bart insanlığın yüz illərlə həyatın mənası kimi başa düşüb yaşadığı ənənəvi istiqamətlərin də, məsələn, dini həyat tərzinin də, ümumiyyətlə, insanın bütün hərəkət və davranışları kimi xaosa və absurda qalib gələ bilmədiyini iddia edir. Romanın digər qəhrəmanı Cozeqa Morqanın bir monarx qadın kimi yaşadığı yüksək intizamlı və “yüksək əxlaqlı” həyat tərzi Cekobun fəaliyyətsizliyindən daha amansız və cəfəng nəticələrə gətirib çıxarır.

 

C.Bart bir postmodernist olaraq “Üzən opera” romanında intihar, “Yolun sonu” romanında isə seçim problemini ön plana çıxarır. Modernizmin, xüsusilə də ekzistensializmin nümayəndələri həyatın absurdluğunu  sanki aldırmamağa və fədakarlıqla onun fövqündə olmağa çağırırdılarsa, C.Bart bütün dəyərlərin tam nisbiliyini anlamaq və absurdu qəbul etməkdir. O da absurdun fövqündə durmağa çağırır, lakin bunu modernistlər kimi qəhrəmancasına deyil, bütün baş verənlərin kinayəli şərhinin köməyi ilə etməyə çağırır. Bir postmodernist kimi onun yaradıcı düşüncəsinə həyat problemlərinin mənimsənilməsində ciddiliyin olmaması, həyatsevər nihilizm, şəxsiyyətin absurd qarşısında dayana bilmək cəhdinə qarşı müəyyən anlam və rəğbət hissinin büruzə verilməməsi, bununla da həyat hadisələrinin bir faciə kimi deyil, bir fars kimi təsvir edilməsi cəhdi xasdır. Postmodernist yazıçı dünyanın absurdluğundan və insanı məhvə sürükləyən konflikt və ziddiyyətlərdən gülüş vasitəsilə nicat axtarmağa cəhd edir. Bu cəhd onun sonrakı əsərlərində, eləcə də, “Durman satıcısı” romanında da özünü bariz şəkildə göstərir. Bu romanın adı XVIII əsrin əvvəllərində Amerikaya mühacirət etmiş çox da məşhur olmayan ingilis şairi Ebenezer Kukun eyni adlı poemasından götürülmüşdür. Əsər əvvəlki ədəbi formalara - tərbiyə romanlarına, tarixi epopeyalara, eləcə də, “Böyük amerikan roman”larına parodiya şəklində yazılmışdır. Yazıçı bu əsərində “XX əsrin bir sıra melodiyalarını XVIII əsr üslubunda çalmaq” istəmiş, bu da ona postmodernist tərzdə ədəbi oyun fəndlərindən son dərəcə geniş istifadəyə imkan vermişdir. Romanın süjetini şair E.Kukun taleyi timsalında Amerikada müstəmləkəçiliyin əsaslarının qurulması prosesi təşkil edir. Yüksək xəyal və arzularla yeni dünyaya səyahət edən şair tanınmağa və şöhrət əldə etməyə nail olsa da, bir çox nəticələr əsasında qərara gəlir ki, Amerika heç də poetik tərənnümə layiq obyekt deyil. Şair Kukun məsumiyyətini və yüksək canatımlarını gülüş hədəfinə çevirən satirik, çox zaman sarkastik üslub hadisələrin oyun çoxmənalılığını, eləcə də  tragikomik atmosfer yaradır. Bart öz postmodernist oyununa klassik romanın təməl nümunəsi hesab edilən Servantesin “Don Kixot”unu, eləcə də Rablenin “Qarqantue və Pantaqruel”ini, Miltonun “İtirilmiş cənnət”ini və digər zaman baxımından uzaq ədəbi nümunələri cəlb edir. Postmodernist ədəbi texnikalardan biri kimi “qeyri-kommunikativlik” effektini daha da gücləndirmək üçün Sokrat dialoqu prinsiplərindən istifadə edir. Hadisələrin cərəyan etdiyi Amerikanın müstəmləkələşməsi dövrünün yeni bədii inikası üçun U.Uitmeninin “Ot yarpaqları”əsərinin motiv və ideyalarını, məsələn, ABD-nin yeni cənnət olmasını, amerikan Adəminin zühurunu və s.-ni manipulə edir. Bartın bədii zarafatlı oyun dünyasında sanki ilk baxışda ciddi əzəli-əbədi insan xüsusiyyətləri, duyğu və iztirabları, problem və qayğıları yüngül şəkildə qələmə alınır, boş bir şeymiş kimi göstərilir, kiçik və mənasız problemlərə isə bəzən çox ciddi fəlsəfi məsələlər kimi yanaşılır.

 

Yazıçının adları çəkilən romanlarda həm də bir təcrübə olaraq əldə etdiyi yeni postmodernist texnika atmışıncı illərin “əsas” kitablarından sayılan “Gənc keçi-adam Cayls” romanında ustalıqla tətbiq olunur. Corc adlı gənc oğlan müəmmalı şəkildə bir təcrübi heyvan fermasına atılaraq keçi görkəmini alır və bu görkəmdə də ömrünün bir ilini keçirir. Ferma nəhəng bir amerikan Universitetinə məxsusdur. Universitet anlamı C.Bartın bu romanında Universumun - Kainatın rəmzidir. Belə bir rəmzi yanaşmanı biz digər postmodernistlərin yaradıcılığı üçün səciyyəvi olduğunu bilirik. Borxesin məşhur nəhəng kitabxanasının Universumun, Kainatın rəmzi olması, Ekonun Labirint monastrı, Derridanın mətni dünya kimi qəbul etməsi və s. nümunələr əslində postmodernist bədii düşüncənin, əsər yaradıcılığının başlıca elementlərindən biri kimi ədəbi-fəlsəfi fikir tarixində özünə yer etmişdir. C.Bartın Universiteti Qərb və Şərq fakültələrinə bölünür. Bu fakültələr arasında vaxtaşırı müəyyən qarışıqlıqlar yaşansa da, onlar arasında heç bir fərq yoxdur, hər ikisi nəhəng kompüterlərin nəzarəti altında izlənir. Əsərin qəhrəmanı Corc universitet tələbələrini kompüterlərin nəzarət hakimiyyətindən xilas etməyə cəhd edərək onların elektron beyinlərinə daxil olur. Kompüterlərin labirintlərini və universitetin dəhlizlərini dolaşan gənc keçi-adam həm insan görkəminə qayıdır, həm də eyni zamanda həqiqəti dərk etməyə çalışır və zamanla anlayır ki, onun həqiqət kimi dərk etdiklərini başqa insanlara olduğu kimi çatdırmaq olmur, çünki bu həqiqət başqalarına çatdırılanda təhrif edilir. O, həyatda həqiqət və yalanın, xeyir vəşərin olmadığını, daha doğrusu, onların eyni və qarşılıqlı əlaqədə olduğunu başa düşür.

 

C.Bartın bu romanını dünya tarixinin mümkün şərhlərinə parodiya kimi də qəbul etmək olar. Bu parodiya XX əsrin II yarısını texniki tərəqqinin indiyə qədər görünməmiş vüsətli inkişaf dövrünü qrotesk planda təqdim edərək kosmik, universal səviyyəyə çatır. Varlığın absurdluğunun kinayəli dərki qədim yunan faciələrindən modernist romanlara qədər klassik və müasir mətnlərin köməyi ilə verilir. İnsanlıq tarixinin antropomərkəzçi variantı” kompüter  sivilizasiyası”nın nöqteyi-nəzərindən bir anlaşılmazlıq kimi qəbul edilən  bu əsərin mətni guya kompüterə diktə edilərək üç dəfə redaktə edilmiş və bundan sonra hansısa şəkildə insanın başa düşəcəyi şəklə gətirilən özündə insan, heyvan və maşın sifətlərini birləşdirən bir mətndir. Bu sifətlərə - heyvan, insan və kompüter  sifətlərinə müvafiq olaraq seksual, sosial və dini keyfiyyətlər heyrətamiz şəkildə bir-biri ilə uzlaşır. Baş qəhrəmanın yolu şüurlu şəkildə əfsanəvi-mifoloji sxemə görə modelləşdirilmiş, eyni zamanda qeyri-mifolojiləşdirmə ilə yeni mifolojiləşdirmə əsərdə bölünməz bir ümumilik səciyyəsi yaratmışdır.

 

1968-cı ildə qələmə alınan, zəngin ədəbi oyunları sərgiləyən “Gülüş otağında azaraq” adlı eksperimental hekayə və povestlər toplusunda müəllif dil üzərindəki eksperimentlərini davam etdirir. Burada hər bir mətn bir zahiri məsələyə həsr edilmişdir. Məsələn, birində hekayənin Mebius lenti formasında yazmaq, digərində bir ifadənin neçə səhifə uzatmaq mümkün olduğuna baxmaq; bir başqasında nəyinsə haqqında yazan bir yazıçının və s. modelini tədqiq etmək; yaxud bu topluya aid olan yenə bir başqa povestdə “gecə üzgüçülüyü”ndə həyatın mənasını axtaran spermatozoidin özünəməxsus fəlsəfəsini qurmaq və s. Müəllif dil üzərindəki eksperimentləri mətndə sözün tələffüz prosesində əldə etdiyi əlavə məna çalarları və emosional rəngləri bilavasitə istifadə etmək məqsədilə edir. Bu topludakı əsərlərdə kimin danışdığını bildirən nəql edən səsin və nə danışıldığını bildirən bədii nümunənin özündə nisbilik ideyası göstərilir. Məsələn, “Menelayada” povestində hekayə hekayənin içində, çoxsaylı hekayələrin uzun bir zəncirində birləşir. Əsərin qəhrəmanı bir tarixçəni danışarkən o tarixçənin içindən başqa bir tarixçə çıxır, o da danışıldıqda içindən digər bir tarixçə çıxır və s. Bu zaman ümumi mətnin müəyyən kəsimlərində kimin səsinin gəldiyini aydınlaşdırmaq mümkün olmur. Bu sonralar postmodernizm nəzəriyyəçilərinin əsas prinsiplərindən biri kimi tədqiq etdiyi hər bir mətnin digər mətn içində olduğu intermətnlilik prinsipinin bariz tətbiq üsullarından biridir.

 

C.Bart məqalələrinin birində öz yaradıcılıq tərz və üslubunu və beləliklə, demək olar ki, həm də postmodernist yazarın xüsusiyyətlərini belə ifadə edir: “Mən qarışıqlığı sadə şəkildə təqdim etməyi bacaran yazıçılarla fəxr edirəm, lakin mənim öz xüsusi istedadım sadəni qarışıqlığa çevirməkdən ibarətdir”. Yazıçının indiyə qədər nəzər saldığımız əsərləri postmodernizm texnika və prinsiplərinin eksperiment şəklində geniş tətbiqi ilə səciyyələnir. O, bu təcrübə və yenilikləri 1972-ci ildə qələmə aldığı “Ximera” adlı kitabında davam etdirərək yaradıcılığındakı postmodernist istiqaməti daha da möhkəmləndirmişdir. Bu əsərində də yazıçının poetikası təhkiyə fəndlərinin, klassik fabula “arxeotiplər” ilə yunan mifologiyası və ərəb folklorunun məşhur nümunəsi “Min bir gecə”nin süjetləri ilə əlaqədə açılışı əsasları üzərində qurulur. Bu əsər üç povestdən ibarətdir: “Dunyazadiada”, “Perseida”, “Bellerofoniada”. “Dunyazadiada” povestində yazıçı “Min bir gecə”nin əsas süjet xəttini təşkil edən vəzirin qızı Şəhrizadın padşahın ona xəyanət edən arvadından qisas almaq naminə hər gecə bir qızı öldürməyin qarşısını almaq üçün dediyi maraqlı nağılları padşahı maraqda saxlamaq üçün yarımçıq kəsməsini və ardını sabahkı gecəyə saxlaması tarixçəsini bir yazıçının və universitetdə ədəbiyyat müəlliminin vəziyyətinə metafora kimi işlədir. “Perseida” povestində yunan mifologiyası qəhrəmanlarından olan Persey özünün əfsanəvi qəhrəmanlıqlarını nimfa Kaliksa üçün təkrar edərək keçdiyi igidlik yolunu yenidən keçir. Bu dəfə gələcəkdə səhv etməmək üçün o, şüurlu şəkildə keçmişdə  itmək riskinə gedir. Bu zaman o, öz həyatını tam hərfi mənada mətnə müvafiqləşdirir, hansı addımlar atdığını, yolda nəyi itirdiyini, tam olaraq harada döndüyünü, nələrlə qarşılaşdığını və s.-ni hərfi-hərfinə konspektiv şəkildə təkrar edir. Onun tarixçəsinin sonsuz şəkildə təkrar edilməsi də buradan irəli gəlir. Bunu Persey belə ifadə edir: “Mənim keçmişimin vərəqlərini səhifələyə bilmək anlayışı ilə verilmiş istiqaməti rəhbər tutaraq sakit şəkildə gələcəyin cümləsinə keçmək üçün mən hazırkı zamanda yerləşdiyim sətir başlığından çıxmağa ümid edirdim”. Persey axtardığı açarı tapır, öz missiyasını yerinə yetirərək göy üzündə bir ulduza (ulduzlar topluluğuna) çevrilərək tüuldan qüruba öz tarixini sonsuz şəkildə oynamağa başlayır.

“Ximera”nın son povesti “Bellerofon”un eyniadlı qəhrəmanı bir əfsanəvi qəhrəman  olmaq istəyir. O, ancaq bu istiqamətdə çalışıb öyrənir və düşünür ki, əfsanəvi-mifoloji qəhrəmanlıq sxemlərini dəqiq şəkildə izləməklə əsl əfsanə qəhrəmanı ola biləcək. Həyatını buna sərf edən Bellerofon sonda başa düşür ki, sxemlərin  təqlidi onu qəhrəman etmir. Yalnız qəhrəman təqlidçisi edir.

 

Bellerofonun da yolu Şəhrizadın tarixçəsi kimi  yazıçı yoluna işarə edən bir metaforadır. Bu yazıçı özündən əvvəlki görkəmli sələflərinə həddindən artıq bağlanmış və onların təsirindən öz orijinallığını, öz yolunu, istiqamətini tapa bilməmişdir. Onun bütün istedadına, peşəsinə, ideallarına həddən artıq sadiq olmasına, hətta həqiqətən də Ximeranı öldürməsinə baxmayaraq, təqlidçilik bütün hallarda cəzalandırılır. Bellerofon Persey kimi öz qəhrəmanlarının tarixinə çevrilərək goy üzündəki ulduzlar arasında parlamır, yalnız “Bellerofoniada” adlanan bir tarixin mətninə  dönür. Bellerofonun mindiyi qanadlı ilham atı Peqas da öz tarixini, taleyini yaşadığına görə göy üzünə alınır, amma süvarinin özü– Bellerofon  göy üzünün qapısının kandarında atılır. Uzun zaman yerə düşə-düşə, özünün həyat tarixçəsini danışa-danışa son anda “Ximera” kitabının səhifələrinə, cümlələrinə, hərflərinə çevrilir. Öz səsinin yazıçısına və peşəkar mühazirəçisinə çevrilməsi bu povestdə də yazıçının özünü kinayə üsulu ilə bu şəkildə gerçəkləşdirir.

 

Bu povestlər toplusunun quruluşu da C.Bartın yaradıcılıq tərzinə müvafiq olaraq mürəkkəb və qarışıq səciyyə daşıyır. Mətnin son sözlərinin ardınca bilavasitə ilk sozün gəlişi nəzərdə tutularaq bir çevrə yaradılır, bununla da əsərin sonsuz şəkildə təkrarı təmin edilir. Müxtəlif hekayələri danışan ayrı-ayrı povestlərin qəhrəmanları bir-birlərinin sözünü kəsərək davam edir, bir povest digər povestin tərkib hissəsinə çevrilir, onu nəql edən o biri povestin qəhrəmanıdır və s. romanda müəllifin əvvəlki əsərlərinin qəhrəmanları əvvəlki romanlarından mətn hissələri daxil edilir, hətta müəyyən hadisələr belə təkrar edilir, məsələn Bellerofonla Anteeyanın arasındakı məhəbbət səhnəsi yazıçının “Üzən opera”sındakı bir səhnənin təkrarı yenidən yaradılır və s. bu əsərində postmodernist texnika elementlərinin tətbiqinin daha da mükəmməlləşdiyinin şahidi oluruq: nəql eləyən səsin qeyri-müəyyənliyi və ya çoxluğu, gerçək həyat hadisələrinin əfsanəvi-mifoloji sxemlərə yerləşdirilməsi, metaədəbiyyat fraqmentləri, bütün mətni bağlayan leytmotivlər sistemi dil parlaqlığı, kalamburlar, rebuslar, tapmacalar, alliterasiyalar, illüziyalar, zarafatlar atəşfəşanlığı, mətnin bütün səviyyələrində “bədənlilik” və seksuallıq prinsipinin gerçəkləşdirilməsi, özünün yazdığı və ya yazacağı əsərlərə daxil edilən şərhlər və s. artıq yazıçının bu əsəri ilə postmodernizmə məxsusluğuna heç bir şübhə yeri qoymur.

 

C.Bartın 1979-cu ildə qələmə aldığı “Məktublar” romanı  bir çox tədqiqatçıların da qəbul etdiyi kimi bir postmodernist klassika nümunəsidir. “Hər  biri özünü real şəxs hesab edən uydurma çudak və xəyalpərəstlər ailəsi tərəfindən yazılmış köhnə dəbli epistolyar roman” formasında yazılmış  bu əsərdə  süjet  bütövlükdə parçalanmış, yayılmış şəkildədir. Hər bir oxucu onu bir-birilə əlaqəli olmayan epizodlar çoxluğundan müstəqil şəkildə bərpa edir. Zamanın axarı oxucunu müasir dövrdən, yəni əsərin yazıldığı XX əsrin sonlarından həmin əsrin 30-cu illərinə və iki əsr keçmişə aparır. Yaxın və uzaq tarixin bir çox tamamilə bir-birindən fərqli hindu qəbiləsinin rəhbərindən tutmuş gənc Balzaka, Hippi hərəkatının carçılarına qədər məşhur adamları zamanın səhifələrində boy göstərir. Personajlar hansısa bilinməyən ünvanlara, hətta onlardan biri özünə, məktublar yazırlar və heç bir cavab almırlar.  Romanda oxucu ilə birgə yaradıcılıq prinsipi mətnin resepsiya prosesində  ardıcıllıqla gözlənilir. Əsərdə  postmodernizmə xas olan “müəllif ölümü” konsepsiyası da gerçəkləşdirilir. Yazıcı özünü surətlərdən biri edir, əsərin qəhrəmanına məktub yazaraq hərdən ona yazığı gəldiyini, hərdən də kinayəsini ifadə edir. “Boşluğa” göndərilən cavabsız məktublar hər bir insan mövcudluğunun tam təcrid olunduğunu, bu dünyada düşüncələrinin suallarının cavabsızlığını, taleyinin məchulluğunu və s. bildirən dərin rəmzi obrazlardır. Bu insanların hər biri öz qayğı və dərdləri ilə əzab çəkir, insanlar arasında tam bir özgələşmə, yadlaşma hissi hakimdir, bir-birləri ilə yalnız sanki bir oteldə yaşayan sakinlərin təsadüfən bir-birinin otağına girən  adamlar kimi maraqlanırlar. Hətta romanda  hadisələrin baş verdiyi ərəfədə əyalət universitetlərinin birində baş verən tələbə  iğtişaşlarında bir yerdə mübarizə aparan insanların tale xətləri belə mexaniki şəkildə birləşib  ayrılır. İnsanlar arasında özgələşmə doğuran həyat təcrübələrinin xaotikliyi təəssüratının yaradılması yazıçıya postmodernizm poetikasının əsas anlayışlarından  biri olan oyundan məharətlə istifadə etməyə şərait yaradır. Oyun həm estetik, həm də fəlsəfi mənada yazıçının əsas yaradıcılıq vasitələrindən biri, əsərin ruhunu təşkil edən dünyagörüşü elementlərindən biri, insan münasibətlərinin təsadüfə və mexanikləşməyə əsaslanan qeyri-sabit, qırılan, heç bir vəchlə ardıcıl olmayan əlaqələrinin yaranması və pozulması şərti kimi əsər boyu qarşıya çıxır. Bütün şərtiliklərə, rəmzlərə, metaforik boyutlara, tətbiq olunan postmodernist texnikanın mürəkkəblik və qarışıqlığına baxmayaraq yazıçı bu romanda müasir gerçəkliyin mənzərəsini çox inandırıcı şəkildə yarada bilmişdir. Təsvir olunan dövrün yaranmış, real cizgiləri - amerikalıların aya uçuşa hazırlığı ərəfəsində yaranan reklam hay-küyü, müharibə qarşılığı nümayişlərin dağıdılması Vyetnam savaşından  vətəninə qayıdıb tamam başqa şəraitə düşən, uğrunda mübarizə apardığı dəyərlərin tamamilə yozlaşdığını və artıq bu cəmiyyətdə ona yer olmadığını görən əsgərin qəzəb və öfkəsi, məşhur şou ulduzu Şaron Teytin amansızlıqla öldürülməsi, müxtəlif ekstremist qruplaşmaların “ikinci Amerika inqilabı” adı altında tələbə iğtişaşlarını  körükləməsi və s. bu günə qədər  görünməmiş şəkildə vüsət tapan istehlak cəmiyyətinin dağıdılması  ideyaları ilə  dolu bu dövrün tam portretini bərpa etmək üçün oxucuya zəngin material verir. Eyni zamanda, postmodernist səciyyəyə uyğun olaraq bu gerçək  kimi görünən realist mənzərə bu və ya digər surətin baş verən hadisələri müxtəif şəkildə qavraması ilə yox edilir. Yazıçı  tarixi realist, rasional dərki olan səbəb-nəticə əlaqəli, hansısa ağıllı şərhə məruz qala biləcək düzxətli proses kimi deyil, subyektiv assosiasiyaların axını kimi təqdim edir. Onun qəhrəmanına görə, “həyat hadisələrin konkret mənasından daha çox assosiasiyalarla zəngindir”. Bütün postmodernistlər kimi C.Bart da dünyanın bütövlükdə və məntiqdən məhrum olduğunu, dünyada hər şeyin fraqmentar və nisbi olduğunu, buna görə dəəslində həyatın obyektiv gerçəklik deyil, son dərəcə müxtəlif hadisələr yığınında hər hansı bir ideyanın, mərkəzin axtarılma cəhdinə müqavimət göstərən sərbəst, gercək olmayan həyat haqqında təsəvvürlərdir. Barta görə, şərtsiz, mütləq həqiqətlərin olmadığı, yalnız tamamilə qrotesk qavramı ilə qəbul edilə bilən bu gerçəklikdə insan münasibətlərini düçar olduğu son dərəcə mənfi keyfiyyətlərdən yalnız total kinayə xilas edə bilər.

 

C.Bart qeyd edildiyi kimi, postmodernizmin bədii istiqamətinin görkəmli yaradıcılarından biri olduğu kimi, həm də fəlsəfi, onun orijinal, fikirləri daim marağa, müzakirə və mübahisəyə səbəb olan nəzəriyyəçilərindən biri  olmuşdur. O ozünün bir çox məqalə və esselərində dəfələrlə modernizm və postmodernizmin ümumi mədəni-humanist əsasa malik olduğunu qeyd etmişdir. Həmçinin, o, modernizmə münasibətdə göstərilən mədəni-estetik reaksiyaların postmodernizmdə, onun inkişafında nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini göstərmiş, özünün bədii yaradıcılığında da müdafiə etdiyi bu fikirləri cəsarətlə tətbiq etmişdir. 1982-ci ildə yazdığı “Məzuniyyət: bir romantik tarixçə” romanında oxucunu E.A.Ponun mətnlərinə,  1987-ci  ildə qələmə aldığı “Qabarma nağılları”  romanında isə modernizmin banilərindən biri olan C.Coysun modernizmin  “Bibliya”sı hesab edilən məşhur “Uliss” adlı romanına yönəldərək postmodernizmlə modernizmin genetik əlaqələrini nümayiş etdirir. E.Ponun “Artur Qordon Pimin macəraları haqqında povest”inə illüziya şəklində qələmə alınan “Ezamiyyət” romanında hadisələr 1980-ci ildə Çesapik körfəzində baş verir. E.A.Ponun əsərinin təsiri altında Bartın yaratdığı, dünyanı və özlərini dərk etmək üçün səyahətə çıxan qəhrəmanlar dünyaya yeni övlad gətirməyə hazırlaşan ər-arvad belə bir sual qarşısında qalırlar: bizim yaşadığımız bu dünyaya - mərkəz və koordinatı olmayan bu barıt çəlləyinə uşaqları gətirmək olarmı? E.A.Ponun özünün obrazlı quruluşu ilə postmodernizmin müəyyən xüsusiyyətlərini - ambivalentliyi, çoxvariantlılığı, axıcılığı, həqiqətin nisbiliyini və s.-ni bu və ya digər şəkildə özündə əks etdirən bu əsərini seçməklə C.Bart ifadə etmək istəmişdir ki, postmodernizm məhz özündən əvvəlki üslub və istiqamətlərin, xüsusilə də modernizmin bətnində yetişmişdir.

 

“Qabarma nağılları” romanında isə Bartın modernist estetikanı dərkində köklü dəyişikliklərin baş verdiyinin şahidi oluruq. Məşhur yunan şairi Homerin “Odissey”əsərindən C.Coys özünün modernist dünyagörüşünün ifadəsi üçün istifadə edərək “mifologiyanın onun insan davranışlarını gerçək insan həyatına əbədi modusları ilə layihələndirirsə, Bart “Odissey”ə və“Uliss”ə növbəti mərhələnin mədəniyyət güzgüsündə yenə də bu “güzgü”nün sərhədlərində qalaraq həmişə başqa cür oxunan mədəniyyət faktı kimi yanaşırdı”.

 

C.Bartın 1991-ci ildə yazdığı “Dənizçi İmyarekin sonuncu üzgüsü” romanı onun bütün yaradıcılığının bir sintez-yekunu kimi qəbul edilir.

 

Əsərin qəhrəmanı, yeddi yaşına çatdıqda artıq dənizlər, okeanlar, qabarma və çəkilmələr haqqında bilən Sayman Beler on dörd yaşında özündən yaş etibarilə böyük olan təcrübəli rəfiqəsi Deyzinin köməyi ilə qarşılıqlı münasibətlər, məhəbbət haqqında bir çox şeylər öyrənir. Deyzinin atası Sem-Mur  isə nə vaxtsa onun həyatda özünü tapmasına kömək edəcəyinə inandığına görə ona Şəhrizadın nağıllar aləmini açır. Qırx yaşına qədər Saymonun həyatı məyusluqlar içində kecir. O özünü xoşbəxt hiss etmir. Az qala öz arvadının əliləölməli olur. Qızı Cülyettaya cinsi meyli olduğunu hiss edəndə bu ruhi böhrandan çıxmaq üçün uzaq dəniz səyahətinə çıxmağa, Mərakeşə getməyə qərar verir. Bir çox macəralarla rastlaşan qəhrəman on ildən sonra taleyin hökmü ilə yenidən Mur ailəsi ilə qarşılaşır. Uilyam Beylor - Saymonun digər adı - Deyzinin kiçik bacısı fotojurnalist Culiya ilə birgə həyat yaşayır. Onlar qərara gəlirlər ki, Sindbadın  səyahətləri marşrutu üzrə ekspedisiyaya yollansınlar. Seylon yaxınlığında onların  gəmisi qəzaya uğrayır, Culiya ölür, Beylor isə xilas ola bilir. Onun həyatında yeni dövr başlayır. O dəniz qulduru olur. Şərqin qanlı döyüşlərinin, vəhşi ehtiraslarının şahidi və iştirakçısı olur. Onu dənizçi İmyarek adlandırırlar. Sonra o, Bağdada gəlir, bir qoca tacirin evində sığınacaq tapır. Onunla bərabər keçmişi xatırlayaraq olmuş əhvalatları nəql edirlər. Beylor bu hekayələri danışarkən o qədər aludə olur ki, çox zaman özü də bilmir ki, onların hansı olmuşəhvalatdır, hansı da uşaqlıq vaxtlarında öyrəndiyi “Min bir gecə” nağıllarındakı Şəhrizadın Sindbad haqqında  danışdığı nağıllar. Beylor xatirələr aləmi ilə mif aləmi, nağıl aləmi, Sindbadla İmyarekin həyat tarixçələri bir-birinə qarışır.

 

Bu romanda Bart hər bir postmodernist sənət əsəri üçün son dərəcə mühüm və zəruri olan oxucunun estetik həzz naminə oyunda iştirakı təəssüratını daha da gücləndirmişdir. Belə ki, bu əsərdə ədəbi oyun onun əvvəlki əsərlərində daha mürəkkəb və mükəmməldir. Yazıçı özünün sevimli ilham və təqlid mənbəyi olan “Min bir gecə” nağıllarının qapılarını bugunkü gerçəkliyə açır. Əsərin qəhrəmanı hadisələrin cərəyan etdiyi iki müxtəlif zaman-məkan ölçüsü - orta əsrlər Şərqi və keçən əsrin ortalarındakı ABD arasında özünün həyatdakı yerini axtarmaqla məşguldur. Qəhrəmanın bu əzablı axtarışına son qoymaq, hər iki dünyanı birləşdirmək illüziyasını yaratmaq üçün yazıçı təhkiyəni çoxsaylı ədəbi və mifoloji illüziyalarla doldurur. Lakin bu qeyri-sinxron şəkildə mövcud olan dünyalar birləşmir. Əsərdəki bütün süjet xətləri bağlanaraq oxucunu postmodernist bədii şüurun yaratdığı daha böyük oyuna cəlb edir.

Tarix
9 İyul 2015 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin