Ədliyyə Nazirliyinin Probasiya xidməti BDU ilə əməkdaşlıq edəcək

09:36 - 23 Dekabr 2024 - Xəbər

Dekabrın 20-də Ədliyyə Nazirliyinin Probasiya xidməti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Nazirliyin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sənədi Probasiya xidmətinin rəisi Vüqar Ağayev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıb. 

Memorandumun imzalanmasında məqsəd əməkdaşlıq, qarşılıqlı fəaliyyət və birgə layihələr vasitəsilə probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji xidmət sahəsində dəstəklənməsi və reabilitasiyasının həyata keçirilməsidir.  

Memoranduma əsasən probasiya qeydiyyatında olan şəxslərə sosial-psixoloji xidmət göstərilməsi prosesinə könüllülərin fəal şəkildə cəlb olunması, maarifləndirici tədbirlərin və seminarların təşkili, müvafiq sahələrdə qabaqcıl elmi-tədris, praktiki metodların tətbiqi üzrə dərs vəsaitlərinin hazırlanması, araşdırmaların və qarşılıqlı maraq doğuran digər işlərin aparılması ilə bağlı universitet və xidmət arasında əməkdaşlıq nəzərdə tutulur. 

Tədbirdə, həmçinin BDU-nun rəhbərliyinə və professor-müəllim heyətinə Probasiya xidmətində könüllülük fəaliyyətinin dəstəklənməsi, habelə probasiya sahəsində aparılan işlər barədə ətraflı məlumat verilib. 


Xəbər xətti