Ana səhifə
11 Dekabr 2018

"Ailəli xanımlar mənimlə olmaq üçün ərlərini atmağa hazırdırlar"- Əməkdar artist:

Ucnoqta.az "Üns" Yaradıcılıq Mərkəzinin, Estrada və Simfonik Orkestrin solisti, əməkdar artist Xəyyam Mustafazadənin aile.lent.az-a müsahibəsini təqdim edir.

 

 

- "Akademiya" layihəsi zamanı böyük bir pərəstişkar ordusu toplamışdınız. Sonra bir müddət efirlərdən uzaq oldunuz. Bu ordunu itirməyinizin fərqindəsiniz, yəqin.

 

- Düzünə qalsa, pərəstişkarlarımı itirdim. Düşünürəm ki, həm düz etmişəm, həm səhv. Konsertlərdə soyadım elan edilməmiş adımı çəkən kimi artıq zalı alqışlar bürüyürdü. Populyarlığımı hiss edirdim və etiraf edim ki, bu, məni arxayın saldı. Efirlərə çağırdılar, getmədim. Çünki xoşuma gələn veriliş də yox idi. İndi də çox az hallarda verilişlərə gedirəm. Mövzu ilə, digər qonaqlarla maraqlanıram. Səviyyəsiz müğənnilərlə verilişlərə çıxmaq istəmirəm. O vaxt telekanallar məni çağırırdı. Deyirdilər, efirdə de ki, filan müğənni heç kimdir, mənim yanımda oxuya bilməz. Bu efirə gedən kimi onlar sənə cavab verəcək, sən də onlara. Qalmaqal yaranacaq və bütün Azərbaycan səndən danışacaq. Mən də, əlbəttə ki, çəkilmədim, çıxıb getdim və məni "qara siyahı"ya saldılar. İndi Azərbaycanın ən gənc əməkdar artistiyəm. 26 yaşda heç kim əməkdar artist adını almayıb. Bu, mənim üçün böyük şərəfdir. Bəlkə də, qalmaqalda, palçıqda olsaydım, bu adı almazdım.

 

- Yəqin ki, xüsusən də qız pərəstişkarlarınız çox olub...

 

- İndiyədək də çoxdur. Sənətimi sevirlər, bəyənirlər. Mənim səsim bas-baritondur. Bu səs tembri xüsusən də qadınların çox xoşuna gəlir. Çünki kişidən kişi səsi çıxar.

 

- Sənətçi kimi yox, Xəyyam kimi sizə məhəbbətini etiraf edən çox olub?

 

- Çox. Bu, normaldır. Çox yaxşı qarşılamışam. Düzdür, bu o demək deyil ki, mən hamısı ilə münasibət qurmalıyam, hamısına eşq elan etməliyəm. Onlar özlərinə xəyal qururlar. Aralarında xəstələri də var. Deyirlər ki, "Xəyyam mənim olmalıdır, vəssalam". Bütün günü mənə yazırlar. Hətta ailəli xanımlar var ki, mənimlə olmaq üçün ərlərini, uşaqlarını atmağa hazırdırlar. Mən onlara xəstə insanlar kimi baxıram. Şoka düşürəm. Bu, düzgün deyil axı. Əgər sənətçinin yarı varsa, o, da bunları normal qarşılamalıdır. Sənətçi ictimai insandır. Sənətçi kişi, qadınların xoşuna gələ bilər.

 

- Xanım pərəstişkarlarınız arasında qəlbinizi titrədən olub?

 

- Olub. Adı yadımda deyil. Gəncədə solo-konsertim idi. Konsertdən sonra mənə bir qız yaxınlaşdı, balaca ayı balası oyuncağı bağışladı. İçərisində də öz adını yazmışdı. Adında "Nur" sözü vardı. Çox gözəl qız idi, qəlbimə yatdı. Bütün konsert boyu gözümü ondan çəkə bilmirdim.

 

- Bunu ona bəlli etdiniz?

 

- Bir etiraf edim ki, mən qadınlara yaxınlaşa bilmirəm. Çünki hansısa qadın mənə "yox" desə, elə bilirəm, sınıq-sınıq olaram. "Yox" cavabını heç vaxt qəbul etməmişəm və mənə heç vaxt o söz deyilməyib. Hətta orta məktəb vaxtında da. Həmişə qızlar özləri mənə birinci yaxınlaşıb sevgi etiraf ediblər. Özüm, demək olar ki, heç vaxt hansısa xanıma yaxınlaşıb tanış olmamışam.

 

- Onda belə çıxır ki, heç vaxt kiməsə məhəbbət etiraf etməmisiniz?

 

- Etmişəm. Sevmişəm. Hətta dəlicəsinə sevmişəm. Ayrılmışam. Depressiyaya düşmüşəm. Çoxları belə hallarda deyir ki, heyf, vaxtım hədər getdi. Mən belə düşünmürəm. Mən Allaha minnətdaram ki, onu gördüm. Bu gün mahnıları ifa edəndə o, mənə çox böyük kömək olur. Qəlbimdəki yara izləri mənə ruh verir, səsimə gözəllik qatır. Sanki qəlbim ağlayır. Bu da dinləyən hər kəsə çatır. Əslində bu, böyük ustalıq tələb edir. Bir çoxları sevgi haqqında lirik mahnı dinləyirlər. Sözlərini insan başa düşməyərək kədərlənir. Məsələn, "Good bay my life". Mənim nənəm ingilis dilini bilmir, amma bu mahnını eşidəndə deyir ki, qəlbimə toxundu. Demək, o, bu mahnını hiss edir. Mahnını ifa edənin hissiyyatını duyub. Eyni mahnını iki pianoçu çala bilər, amma biri daha çox təsirli olar. Qəlbən hiss edib çalan pianoçunun ifası dinləyiciyə çatır.

 

- Adama elə gəlir ki, depressiya yalnız qadınlara məxsusdur...

 

- Xeyr. Kişilər də depressiyaya düşürlər. Hər kəsin qəlbi, ruhu var. Kişinin də barmağı kəsiləndə ağrıdır, qadının da. Sadəcə kişi bunu büruzə vermir, lakin ağrını hiss edir. Statistikaya görə, qadınlar kişilərdən daha çox yaşayırlar. Çünki qadınlar ağlayır, emosiyalarını üzə çıxarırlar və əsəbləri sakitləşir. Amma kişilər ürəklərinə saldıqlarına görə, ya infarkt olurlar, ya əsəbləri pozulur.

 

- Bəzi qadınlar da məhəbbət etiraf etməkdən çəkinir, hisslərini büruzə verməkdən qorxurlar...

 

- Qadın da məhəbbətini etiraf etməlidir, kişi də. İkisi də canlıdır, kişi qadını, qadın da kişini sevməlidir. Bütün qızlara deyirəm ki, əgər sevirsinizsə, etiraf edin. Qadınlar düşünməsinlər ki, əgər sevgilərini birinci etiraf edirlərsə, kişinin gözündə ucuzlaşacaqlar. Xeyr! Belə deyil. Bir şeyi də yadda saxlayın: öz məhəbbətini etiraf etmək hər qadının işi deyil. Bu, çox çətin bir şeydir. Ümumiyyətlə, insan sevgisini davranışları ilə bildirməlidir. Əsas bunu demək yox, hiss etdirmək, göstərə bilməkdir.

 

- Xəyyamın sevgi qanunu nədir?

 

- Görüşdüyüm, sevgi hiss etdiyim qadınlar və münasibətlərim haqqında heç kim bilməməlidir. Mən bu hisslərə qızıl sandıq kimi baxıram. Bu, mənim qəlbimin ən uca və gizlin yerində durur. Piar üçün çoxları bundan istifadə edirlər. Bunlar ucuz və axmaq reklamdır.

 

- Bir xanım diqqətinizi necə cəlb edə bilər?

 

- Bu, çox çətindir. Çünki çox ağır xarakterim var. İlk növbədə surətpərəstəm. Çoxları deyir ki, əsas daxili gözəllikdir. Bu, mənim üçün ikinci dərəcəlidir. Əsas xarici gözəllikdir. Qadın gözəl olmalıdır,  özünə baxmalıdır. İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. İlk növbədə insanın xarici görünüşü diqqət cəlb edir, sonra isə onun xarakteri ilə maraqlanırsan. Təbii ki, hər kəsin öz xarakteri var. Məsələn, hər dəqiqə mənə zəng edəndə əsəbləşirəm. "Necəsən?", "Haradasan?", "Nə edirsən?", "Niyə zəng vurmursan?"... suallarından bezirəm. Münasibətlər qurulandan sonra gərək mən axtarım. Məni axtarmaq lazım deyil.

 

- Bu sənə qarşı diqqətli olmaq demək deyil?

 

- Xeyr! Gündə bir, ya iki dəfə zəng etmək olar. Mən dörd gün də zəng vurmaya bilərəm. Dərdindən ölürəm, amma zəng etmirəm. Çünki ondan başqa mənim öz aləmim var. Yaradıcı insanlar adi insanlardan fərqlənir. Bizim şəxsi həyatımız, səhnə həyatımız və öz dünyamız var. Ona görə də bəzən çatdıra bilmirəm. Bəlkə, ona görə də bir çox sənətçilərin sevgi münasibəti, ailə həyatı qısa olur. Bəzən olur ki, heç nə istəmirəm, mənə dəyməsinlər, toxunmasınlar, heç nə soruşmasınlar. Elə olub ki, iki gün ac qalmışam, yemək yadımdan çıxıb.

 

- Bu, sizin tələb etdiklərinizdir. Bəs siz qarşılığında nə verirsiniz?

 

- Sevgimi, məhəbbətimi. Amma diqqətimi verə bilməyəcəm. Dolça bürcündənəm. Bu bürcdən olanlar ailəsini sevsə də, ailəsi düşünür ki, o, dostlarına daha çox diqqət yetirir. Biz - sənətçilər əsasən gecə insanlarıyıq. Mən gecələr yaşayıram. İndi günortadır, amma elə bil yuxudayam. Hava qaralan kimi mənə enerji gəlir. Gecə dayanmadan işləyə, mahnı oxuya, yaza, məşq edə bilərəm. Şəhər sakitləşəndə mən özümü tapıram. Gecə saat 4-də şeir, mahnı yazıram.

 

- Sizin kimi - öz aləmində olan qadınla yaşaya bilərsiniz?

 

- Bəli. Ömrümün sonunadək onu sevərəm. Çünki o, başa düşər ki, mən yaradıcı insanam. Elə insan məni daha yaxşı anlayar. Adi insanların iş vaxtı saat 18:00-19:00-da  bitir. Amma mən bu vaxtlar hələ yuxudan oyanıram. Münasibətlərim olub ki, məni anlamayıblar. Deyiblər - "sən gecə yatmalısan, gecə yatmaq üçündür, gündüz işləmək". Belə sözlər mənə yaddır. Mən gecələr fəaliyyətdə oluram, yaradıcılıqla məşğul oluram. Günortalar əsəbi oluram. Maşınların, insanların səsi, enerjisi, əsəbi, tıxaclar hamısı mənə təsir edir. Ona görə də gündüzlərdən uzağam.

 

- 28 yaşınız var. Demirlər, evlənmək vaxtıdır?

 

- Ailə qurmağın vaxtı olmur. Mən heç vaxt mentalitet söhbəti etmirəm. Bəli, bəzi şeylər tərbiyədən irəli gəlir. Amma "qız evdə qaldı, heç kim almayacaq" kimi axmaq söhbətləri qəbul etmirəm. Lap alan olmasın. Nə olacaq ki? Qız həyatını qurmalı, oxumalıdır. Əksər ailələrdə qız orta məktəbi bitirir, universitetdə oxuyur, sonra verirlər ərə və oturur evdə. Onda onun təhsil almasının nə mənası var?! Elə birdəfəlik ərə verərdilər də. Onun diplomu mətbəxdə lazım olacaq? Azərbaycanda oğlan 25 yaşına çatan kimi valideynləri evləndirir. Ya da özü bir qıza vurulur və deyir "onu alacam". Ailə qurur. Başlayır məişət problemləri. Qadın əsəbləşir ki, filan şey yox, o yox, bu yox. Bir uşaq olur. Adam bilmir, məişət problemləri ilə məşğul olsun, uşaqla, qadının deyinməyi ilə. Həyat olur köhnə tranzistor. Evdə əsəb, "dığ-dığ" başlayır. Kişi evdə qadına neqativ insan kimi baxır. Artıq qıraqda sevgi axtarır. Qadın da kişiyə əvvəlki kimi baxmır. Problemlər ülvi hissləri məhv edir. Tez-tələsik evlənməyin sonu budur. Nəticə boşanmaya gəlir. Xaricdə isə qadın da, kişi də oxuyur, karyera qurur, hər ikisi öz ayaqları üzərində durur. Hələ heç birinin sevdiyi insan yoxdur, artıq bankda gələcək övladlarına hesab açdırırlar. Müəyyən yaşa çatanda qadının da, kişinin də evi və maşını olur. Belə insanlar tanış olur, ailə qururlar.

 

- Xarici ölkələrdə bir müddət vətəndaş nikahında da yaşayırlar...

 

- Yaşayırlar. Burada nə var ki? Əsas sevgidir, anlayışdır. İnsanlar bir-birini tanımalıdır ki, ömür boyu yaşayacaqlarına əmin olsunlar və övlad dünyaya gətirsinlər. Həyatı belə insanlar yaşayır. İki ağıllı, öz həyatını qurmuş insanın övladı da problemsiz yaşayır. Ağzı südlü-qatıqlı evlənib bütün günü problem içərisində yaşamaq həyat deyil. Qadın da karyera qurmalıdır, ev, maşın almalıdır, kişi də.

 

- Kişilər var ki, hər cür imkanı, şəraiti var, lakin həyat yoldaşının işləməsini istəmir.

 

- Elə kişilər evlənir ki, qadın mətbəxdə yalnız yemək bişirsin, paltar yusun? Xadimə tutmaq evlənməkdən ucuz başa gəlir. Sən qul almırsan, yarını tapıb həyat qurursan. Mən "yarım" sözünü çox sevirəm. Bu, əbəs yerə deyilməyib. Kişilər öz yarlarını tapıb evlənməlidir. Qadın da insandır. Oxumalıdır, işləməlidir. Tailandda pulla satılan qadınlar var. Al gətir, evinin işini də görsün, arvadlıq da etsin, uşaq da dünyaya gətirsin. Bu, olur sənin qulun. Amma həyat yoldaşın, yarın yox.

 

- İşgüzar qadınların başı işinə qarışıb iki gün yemək bişirməyə, ərinin paltarlarını yumaya bilər. Hər kişi bunu qəbul etmir axı...

 

- Mən hazırda tək yaşayıram, paltarlarımı yuya, ütüləyə, yemək bişirə, qabları da yuya bilirəm. Subay da olsam, evli də olsam, yenə də bunları edərəm. Burada heç bir qəbahət yoxdur. Əsas sevginin olmasıdır. Əsl sevgi olmayanda ər-arvad bir-birinin qeydinə qalmır, bir-birini başa düşmür. Əgər mən onu seçmişəmsə, özü hər şey edəcək. Etməsə də, mən bunu heç vaxt demərəm. Onu yemək bişirmək, paltar yumaq üçün sevib almamışam. Paltarları yudurtmağa vermək olar, yeməyi gedib restoranda da yemək olar. Qadının başı ağrıya, yorğun ola bilər, ya da sadəcə ev işləri görməyə həvəsi olmaz. Buna görə onu danlamaq lazımdır?

 

- Amma bizdə oğlanların çoxu oxumuş, işgüzar, ağıllı  qadınları qəbul etmirlər.

 

- Yəqin istəmirlər ki, qadın onlardan üstün olsun. Bizdə deyirlər "kişi sözü", "kişi kişi olmalıdır", "kişi qadına baxmalıdır". Bizdə adətdir ki, hesabı kişilər verməlidir. Bu yaxınlarda Kanadanın Karate Federasiyasından qonaqlar gəlmişdi. Baş məşqçi qadındır. Hesabı verəndə qadının xətrinə dəydi. Avropada qadın öz hesabını verir, kişi öz. Yəni bununla qadın deyir ki, mən özümü təmin edə bilirəm. Monteneqronu çox sevirəm, ora tez-tez gedirəm. Orada qadınlarla oturanda hərə öz hesabını verir. Çox zaman hesabı mən verirdim, mənə dəli kimi baxırdılar. Bizdə qadınların əksəriyyəti deyir ki, kişi mənə baxmalıdır. Bizdə tək-tük hallarda hesabı qadın verir.

 

- İndiyədək evlənmək fikriniz olmayıb?

 

- 19 yaşımda evlənmək istəyirdim. Sevdiyim qız vardı. Yaxşı ki, evlənmədim. Atamla məsləhət etdim. Dünyada ən yaxın dostum rəhmətlik atam idi. Dedi "bala, evin, işin var?" Dedim yox. "Karyera qurmusan?" Dedim yox. Dedi "ay bala, evlənmək böyük məsuliyyətdir. Qadına, ailəyə baxmaq hər kişinin işi deyil. Ağıllı ol, karyera qur, öz ayaqların üzərində durmağı bacar, sonra ailə qur. Həyatında çox qızlar olacaq. Tələsmə, tezdir". Düzgün də etdim. Bəlkə də, evlənsəydim, indi Xəyyam Mustafazadə olmazdım. İndi məni heç kim heç nəyə məcbur edə bilməz. Bu gündən sonra istər yaradıcılıq, istər şəxsi həyatımla bağlı yanlış qərarlar verməyəcəyimə əminəm.

 

- Mahnı yazmaq, oxumaq, aktyorluq, rejissorluq etmək. Çətin deyil?

 

- Bunların hamısını çatdırıram deyə başqa şeyə vaxt ayıra bilmirəm (gülür). Mən çərçivələri sevmirəm. İstədiyim və sevdiyim işlə məşğul olanda yorulmuram. Demirəm ki, yaradıcılığım şəxsi həyatıma vaxt ayırmağa imkan vermir. Şəxsi həyatım özüm üçündür. Ona istədiyim kimi, istədiyim zaman vaxt ayırıram. Bu baxımdan Avropada insan daha rahat olur. "Belə olmalıdır", "Filankəs nə deyər? "O nə deyər, bu nə deyər?" sözü yoxdur. İlk növbədə bunlar dəyişməlidir. Bizdə hətta insanların geyiminə də qarışırlar. Evlənən qızla oğlan arasında yaş fərqini də müzakirə edirlər. Hər kəsin fiziki və mənəvi yaşı var. Mən özümü 43 yaşında hiss edirəm. Amma 28 yaşım var. Əgər mən 34-35 yaşında qadınla görüşürəmsə, mən ondan böyüyəm hələ. 40 yaşında qadın var ki, uşaq kimidir. Həyata baxışı uşaq kimidir, safdır. Elələri var ki, 18 yaşı var, elə bil bütün dünyanı görüb. İnsanlar individualdır.

 

- Deyilənə görə, "Akademiya" layihəsində protejesi olduğunuz İradə İbrahimovanı sevmisiniz. Bu nə dərəcədə doğrudur?

 

- İradə İbrahimovanı heç vaxt sevməmişəm, sevmirəm də. Sadəcə onunla duet oxumuşdum deyə belə söz-söhbətlər gəzdi. Nə ona, nə mənə bu, lazım deyil. İndi də münasibətlərimiz yaxşıdır. Sadəcə sənət yoldaşı kimi. Bizdə hamı hamını müzakirə etməyi sevir. Dünyagörüşü olmayan insanın danışacaq mövzusu olmadığı üçün onun üçün həyatda ən maraqlı şey qeybət, dedi-qodu etməkdir.

 

- Hansı qadının xəyalını qurursunuz?

 

- Xəyal qurmağa ixtiyarım yoxdur. Çünki görüləcək işlərim çoxdur. İstəyirəm ki, gələcəkdə övladım olanda atası mən olduğuma görə fəxr etsin. Mən sıradan insan olmaq istəmirəm. Zövqüm hər zaman dəyişir. Bəzən sarışınları, bəzən qumralları, bəzən qarayanızları sevirəm. Bəzən hündürboyları, ortaboyları, bəzən arıq, ya da dolu qızları sevirəm. Bəzən qara, yaşıl, bəzən qəhvəyi gözləri sevirəm. Bəzən göy gözləri olan qızlar da diqqətimi cəlb edir və o gözlərdə batmaq istəyirəm. Hər bir qadın hansısa məqamda xoşuma gəlir. Hər bir qadında hansısa gözəllik var. Ona görə də idealım və etalonum yoxdur. Seçəndə eləsini seçməlisən ki, bir dəfə evlənəsən. Kişi çox qadınla görüşə bilər, amma bir dəfə evlənər. O qadın sənin qarşına çıxanda bunu biləcəksən. Mütləq bir işarə olacaq.

Tarix
9 İyul 2015 [12:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin