Ana səhifə
22 May 2018

«Azərbaycan muğamı dünyəvi bir musiqidir» - Müsahibə

Mənsum İbrahimov: «Avropa oyunları Azərbaycanın qüdrətinin təntənəsi idi»

 

 

«Xalqımız arasında milli ruhu qaldırmaq üçün Avropa Oyunları çox önəmli oldu»

 

 

Xalq artisti Mənsum İbrahimov İlk Avropa Oyunlarının bağlanış mərasimindən, idmançılarımızın qələbəsindən, dostluq etdiyi idmançılardan və muğam sənətindən danışıb. Mənsum İbrahimov “Üç nöqtə”yə bildirdi ki, İlk Avropa Oyunları ilə millətimizin ruhu qalxdı.

- İlk Avropa Oyunlarının bağlanış mərasimi çox möhtəşəm idi. Əlbəttə ki, açlış mərasimi də əla oldu. Sanki, bağlanış açılış mərasimini tamamladı. Hər şey milli ruhda, üslübda qurulmuşdu. Bağlanış mərasimində milli alətlərimizin, tarın, balabanın, kamançanın, nağaranın səslənməsi, muğamımız, “Sarı gəlin” mahnısının bir daha səslənməsi çox gözəl idi. Avropa Oyunlarına çox yüksək səviyyədə hazırlanmışdıq. Deyərdim ki, Avropa Oyunları Azərbaycanın qüdrətinin təntənəsi idi. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dünyaya sübut etdi ki, 24 il ərzində nə qədər irəliləyişə, inkişafa nail olub. Ölkəmizə gələn turistlər, idmançılar ağızdolusu qonaqpərvərliyimizdən, yüksək səviyyədə təşkilatçılıqdan, Bakının gözəliyindən, mətbəximizdən, mədəniyyətimizdən danışırlar. Azərbaycanın dünyada tanınmasında bu möhtəşəm layihənin xüsusi yeri oldu.  Azərbaycan bu mötəbər yarışın öhdəsindən layiqincə gəldi və idmançılarımız əldə etdikləri nəticə ilə bizi sevindirdilər, 56 medal qazandılar. Əlbətt ki, buna görə bir vətəndaş və sənətkar kimi çox qürurlanıram. Dövlətimizin başçısı İlham Əliyevə və birinci xanımımız Mehriban Əliyevaya təşəkkürümü bildirirəm ki, çox möhtəşəm layihəni həyata keçirdilər.

 

- Mənsum müəllim, idmançılarımızın ikinci yerə layiq görülməsini və bu qədər medal əldə etmələrini gözləyirdinizmi?

- Təbii ki, gözləyirdim. Amma onu da deyim ki, belə yüksək nəticə əldə etmələri bir az sürpriz oldu. Ona görə ki, idmanda yeniyik və İlk Avropa Oyunlarında çox böyük dövlətlər iştirak edirdi. Avropa Oyunlarında idmançılarımıza xalqımız da dəstək oldu. Görünür, torpağımız da güclü torpaqdır.  İdmançılarımız əzmkar olduqlarını, bir daha nəyə qadir olduqlarını göstərdilər və sözün əsl mənasında qəhrəmanlıq etdilər.

 

- Avropa Oyunları keçirilən zaman dəstək üçün hansı idman növünə getdiniz?

- Açığını deyim, yarışları canlı deyil,televiziya vasitəsilə izlədim. Həmin  ərəfədə iki tədbir keçirdik. İyunun 18-də “Gəncləşən muğam” adlı konsert proqramı ilə çıxış etdik. İyunun 20-də isə “Leyli və Məcnun” tamaşasını təqdim etdik. Avropa Oyunlarında ən çox xoşuma gələn yaxşı təşkilatçılıq, könüllülərin fəaliyyəti, həkimlər, nəqliyyyat işçiləri, polislərimiz və başqa bütün xidmət növləri öz peşəkarlıqlarını göstərmələri oldular. Bəzən deyirlər ki, biz bir ola bilmirik, amma  Avropa Oyunları göstərdi ki, Azərbaycan xalqı birdir. Təsəvvür edin ki, Avropa Oyunların açlışında stadionda olan 70 min insanın hamısı himnimizi oxudu. Bu, xalqın birliyi deməkdir. Hesab edirəm ki, Avropa Oyunları idmanımızın uşaqlar arasında inkişafına böyük təkan verəcək. Eləcə də, Avropa Oyunları xalqımız arasında milli ruhu qaldırmaq üçün çox önəmli oldu. Çünki  20 faiz torpağımız işğal altındadır. Bununla yanaşı, hesab edirəm ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox əhəmiyyətli, tarixi bir hadisədir. Azərbaycan sübut etdi ki, bu cür mötəbər yarışların öhdəsindən yüksək səviyyədə gələ bilir.  İnanıram ki, bundan sonra dünyada növbəti oyunlarda, yarışlarda Azərbaycanın təcrübəsindən istifadə olunacaq. Avropa Oyunlarının öhdəsindən yüksək səviyyədə gəldiyimizə görə xalqımızı ürəkdən təbrik edirəm.

 

- Azarkeşlik etdiyiniz idman növü hansıdır?

- Demək olar ki, bütün idman növlərinə azarkeşlik edirəm. Amma daha çox güləş idman növünə və voleybola azarkeşlik edirəm. Ümumiyyətlə, Avropa Oyunlarında Azərbaycanın iştirak etdiyi bütün idman növlərinə azarkeşlik edirdim. İnanın, hər gün idmançılarımızın nailiyyəti haqqında maraqlanırdım ki, görək nə qədər medal əldə etmişik.

 

- Dostluq etdiyiniz idmançılar varmı?

- Bütün idmançılarımızı çox sevirəm. Amma şəxsən Ceyhun Məmmədov, Elçin Cəfərov və Firdovsi Umudovu tanıyıram. Bəzən elə olur ki, xarici ölkələrə biryerdə gedib-gəlirik. Onlar qızıl medallarla qayıdırlar, biz də tədbirlərdən gəlirik. Bu kimi hadisələr çox olub. Qürurverici hadisədir ki, mədəniyyət və idman sahəsi ölkəni ən çox tanıdan sahədir. Biz də hər birimiz öz sahəmizdə bu ölkənin əsgərləriyik və dövlətimizi yüksək səviyyədə təbliğ etməyə çalışırıq.

 

- Qələbə qazanan idmançılarımıza nə demək istərdiniz?

- İdmançılarımızın hamısını bağrıma basıram. Ona görə ki, onlar bizim xalqımızın ruhunu bu cür qaldırdılar. 10-cu yerdə də ola bilərik, bu, idmandır. Amma idmançılarımız Avropa Oyunlarında əzmkarlıqla, inadla, ürəklə iştirak etdilər və ikinci yerə sahib olduq. Bu, məni çox qürurlandırdı. İdmançılarımız 21 dəfə ölkəmizin himnini səsləndirdilər, 56 dəfə bayrağımız qalxdı. Bu, elə-belə məsələ deyil. Eyni zamanda qeyd etdiyim kimi, millətimizin, uşaqlı-böyüklü hamımızın ruhu yüksəldi. Millətin ruhunu qaldırmaq çox önəmli məsələdir. Bir daha idmançılarımızı ürəkdən təbrik edirəm, uğarları bol olsun. Onlara həmişə qələbə qazanmağı arzu edirəm.

 

- Avropa Oyunları ərəfəsində konsertiniz oldu. Ölkəmizə gələn xarici qonaqlar  iştirak etdilərmi?

- Əlbəttə ki, xaricilər iştirak etdilər, bizimlə şəkil çəkdirdilər, ürək sözlərini bildirdilər. Xaricilər Azərbaycan mədəniyyətini çox sevirlər. Azərbaycan muğamı dünyəvi bir musiqidir. Onu da deyim ki, İlk Avropa Oyunlarının açılışında Azərbaycan komandası mənim ifa etdyim “Qarabağ” şikəstəsi ilə keçdilər. Bağlanış mərasimində də iki dəfə səsləndirildi. Mənim xəbərim yox idi və bu hadisə sözün yaxşı mənasında xoş sürpriz oldu.

 

- Muğam ifa etdikdə xaricilərin ilk təəssüratı nə olur? Muğamımız haqqında nə düşünürlər?

- Xarici ölkələrdə tez-tez konsert proqramı ilə çıxış edirik və buna görə də xaricilərlə təmasda çox oluruq. Onların daha çox qənaəti muğamın səma, göy musuqisi olmasıdır. Bildirirlər ki, muğam yer musiqisi deyil. İnsanı sanki səmaya aparır, ucalara qaldırır.

 

- Muğam sənəti yüksək səviyyədə inkişf edir. Bu sahədə daha hansı işlərin görülməsinə ehtiyac var?

- 2005-ci ildən Heydər Əliyev Fondunun təşkilatçılığ ilə muğam müsabiqələri keçirilir. Bu gün muğamın dünyada tanınmasında Mehriban Əliyevanının misilsiz xidməti var. Artıq muğamımızı dünyada tanıyırlar, qəbul edirlər və sevirlər. Muğam müsabiqəsində münsif kimi iştirak edirəm və müsabiqə Azərbaycan muğamının inkişafına çox böyük təkan verdi. Azərbaycan muğamını yad səslərdən qorudu. Eyni zamanda, xalqımız muğamımız haqqında maarifləndi. Muğamımızı gənclərimizin öyrənməsi, təbliğ etməsi bir daha göstərir ki, Azərbaycan muğamı çox inkişaf edir və bunu davam etdirmək lazımdır. Buna görə, muğamsevərlər adından Mehriban Əliyevaya xüsusi təşəkkürümü bildirirəm.

 

 

Rəqsanə

Tarix
8 İyul 2015 [14:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin