Ana səhifə
21 Sentyabr 2018

«Gənclərin azad evlənmək hüququ qanunvericilikdə tanınmalıdır»

Asif Bayramov: "Düşünmürəm ki, evlənmək üçün qanunda sağlamlıqla bağlı arayışın tələb olunması inzibati səviyyəyə qaldırılsın"

 

 

Milli Məclisin payız sessiyasında gündəmə gələn məsələlərdən biri də nikaha daxil olacaq şəxslərdən sağlamlıqla bağlı arayışın tələb olunmasıdır. Neçə ildir gündəmdə olan və daha çox məsləhət xarakteri daşıyan sağlamlıq arayışı artıq məcburi ola bilər. Belə olan halda Azərbaycanda tibbi müayinədən keçilməsini təsdiqləyən arayışı təqdim etməkdən imtina edən şəxslərin nikah bağlamasına yol verilməyəcək. Bu qanun birbaşa nikaha daxil olan cütlüklər üçün normal qəbul edilə bilər. Sosioloq Asif Bayramov da “Üç nöqtə”yə açıqlamasında belə bir arayışın olmasını əhəmiyyətli sayır: «Azərbaycan cəmiyyətində uzun müddətdir bu mövzu ətrafında müzakirələr gedir. Dövlət dairələrində də mütəxəssislər arasında kifayət qədər ciddi fikir ayrılıqları və müxtəlif rəylər var. Ancaq düşünürəm ki, XXI əsrin cəmiyyəti bötüvlükdə ötən əsrdən köklü şəkildə fərqlənir. Bir sıra elm sahələrinin formalaşması və dünyada gedən sosial, psixoloji və mənəvi proseslər, o cümlədən texnogen proseslər artıq insanların sağlamlıq durumunun qeydinə qalması zərurətini doğurur. Bu baxımdan, Azərbaycanın bu istiqamətdə addım atması əslində, dünyada gedən ciddi problemlərin önünə keçmək istəyidir. Təbii ki, Milli Məclisin və Azərbaycan hökumətinin bu cür məsələlərdə dünya ilə ayaqlaşmaq istəyi təqdirəlayiqdir. Bunu alqışlamaq olar. Ancaq təəssüflər olsun ki, bizdə bir çox məsələlər yarımçıq saxlanılır və sona qədər yerinə yetirilmir. Məni narahat edən bütün hallarda Milli Məclisdə qəbul olunan qərarların sonradan istifadə mexanizminin ümumiyyətlə, cəmiyyətdə olmamasıdır”.

Lakin nəzərə almaq lazımdır ki, elə cütlüklər var ki, illərlə vətəndaş nikahı ilə bir yerdə yaşadıqdan, hətta övladları dünyaya gəldikdən sonra nikahı rəsmiləşdirməyə qərar verirlər. Son 10 ildə isə vətəndaş nikahı ilə bir yerdə yaşayan ailələrdə dünyaya gələn uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən artıqdır. Belə olan halda isə arayışın təqdim edilməsi nə dərəcədə vacibdir? Sosioloq bildirdi ki, bütün hallarda iki gəncin ailə qurmaq istəyini inzibati qaydalarla idarə eləmək insanların azadlığına müdaxilə etmək deməkdir: «Çünki ən azından bizim həyatımız hüquqi mexanizmlərlə yox, həm də mənəvi normalarla tənzimlənir. Mənəvi normalar cəmiyyətdə hər hansı qanunun və qanunsuzluğun zorakılığına məruz qalmamalıdır. O cümlədən, evlənmək adət-ənənəsi öz-özlüyündə cəmiyyətdə hər hansı qanunun diktəsi ilə formalaşmayıb. Bu, insanların sırf mənəviyyatına, mənəvi hisslərinə, mənəvi dünyasına, ruhuna söykənən bir hadisədir. Bunları inzibatiləşdirmək və qanunun diktəsi altına salmaq insanların azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Bu aspektdən yanaşanda hesab edirəm ki, qanunda bu amillər ciddi nəzərə alınmalıdır. Bir yerdə yaşayan gənclərin sonradan evlənmək istəmələri də əslində, ciddi məsələdir. Gənclərin azad evlənmək hüququ qanunvericilikdə tanınmalıdır. Düşünmürəm ki, evlənmək üçün qanunda sağlamlıqla bağlı arayışın tələb olunması inzibati səviyyəyə qaldırılsın. Bu insanların min illərdir formalaşmış evlənmək azadlığına ciddi məhdudiyyət və ciddi xələl gətirə bilər. Ona görə də bu cür hallarda əminəm ki, Azərbaycan xalqının yüz illik müntaliteti nəzərə alınacaq. Evlənmək məsələsində insanların mənəvi azadlığını qanunla məhdudlaşdırmaq olmaz».

Asif Bayramov onu da bildirdi ki, bu qanuna tam əməl edilməsi gələcəkdə sağlam uşaqların dünyaya gəlməsi baxımından əhəmiyyətli ola bilər.

 

Aygün Asimqızı

Tarix
23 Oktyabr 2014 [18:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin