Ana səhifə
19 Noyabr 2018

«Dərman bazarına nəzarət gücləndirilməlidir»

Pərviz Əzizbəyov: «Yararlılıq haqqında analiz protokolu olmayan 1380 qutu dərman preparati müsadirə edilib»

 

 

Adil Qeybulla: «Respublika ərazisinə daxil olan bütün dərmanlar qeydiyyata alınmalı və bu işə ciddi nəzarət həyata keçirilməlidir»

 

 

Hazırda dərmanlardan istifadə etməyən çox az adam tapılar. Həmin dərmanlar isə çox vaxt bizə sağlamlıq deyil, əlavə xəstəlik bəxş edir. Demək, şəfa tapmaq istərkən, özümüzə əlavə dərd alırıq. Bu gün respublikamızdakı apteklərin əksəriyyətində dünyanın bir çox ölkələrindən gətirilən dərmanlar satılır. Görülən tədbirlərə baxmayaraq, bu gün də xaricdən gətirilən bir çox dərmanların içlik vəqələri Azərbaycan dilinə tərcümə edilməyib. Bu istifadəçilərin Azərbaycan dilində məlumat almaq imkanlarını məhdudlaşdırır. Həmçinin, eyni dərmanlar ayrı-ayrı apteklərdə fərqli qiymətlərdə satılır. Bəzən apteklər arasında 10-15 metr məsafə olsa da, dərmanın qiymətləri arasında 1-3 manat fərq olur. Dövlət qeydiyyatından keçməyən dərmanların bazara yol tapması da daha bir problemdir. Bu kimi hallar Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı da üzə çıxır. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov mətbuata açıqlamasında bildirib ki, hazırda respublikamızda 1857 aptek fəaliyyət göstərir: «Bu ilin 9 ayında respublikamızda 90 aptekdə yoxlamalar keçirilib. Bu yoxlamaların 75-i planlı, 15-i isə plandankənar olub. Yoxlamalar zamanı ölkə üzrə 13 aptekin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb və onların fəaliyyəti dayandırılıb. Bundan başqa, yararlılıq haqqında analiz protokolu olmayan1380 qutu dərman preparatı müsadirə edilib. Müsadirə edilən dərmanlardan 903 qutusu dövlət qeydiyyatından keçməyən və içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarıdır. Bu dərman preparatları həmçinin ümumiyyətlə dövlət qeydiyyatına alınmayıb və Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə gətirilib. Ola bilsin ki, onların tərkibi keyfiyyətlidir. Amma qanunvericiliyə görə, ölkəyə idxal olunan dərman vasitələri dövlət qeydiyyatına alınmalıdır.

 

Ölkədə saxta dərmanlara qarşı isə Milli Təhlükəsizliyi Nazirliyi və Səhiyyə Nazirliyi birgə mübarizə aparır. Bu ilin əvvəlində ölkənin bir neçə regionunda bununla bağlı reyd keçirilib və saxta dərmanlar aşkarlanaraq götürülüb. Bir daha bildirim ki, hazırda Azərbaycanda qeydiyyatda olan dərmanların sayı 4534 ədəddir. Onların təxminən 1 faizini yerli istehsal təşkil edir. Qalanları da digər ölkələrdən idxal olunur. İdxal olunan dərman preparatlarının 55 faizindən çoxu Avropa ölkələrdən gətirilir».  

 

 

                                Adil Qeybulla

 

Məsələyə münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla isə deyir ki, respublika ərazisinə daxil olan bütün dərmanlar qeydiyyata alınmalı və bu isə ciddi nəzarət həyata keçirilməlidir: «İstifadə edilən bütün dərman məhsulları təsbit edilməlidir. Bunun üçün dərmanların qeydiyyatı aparılan dövlət reystri olmalıdır. Hər bir istehlakçı  həmin reystrdə oradakı dərmanlar haqqında məlumat almaq imkanına malik olmalıdır. Dövlət qeydiyyatına alınmayan dərmanların satışına qarşı isə ciddi tədbirlər görülməlidir. Ancaq təssüflər olsun ki, bu gün Azərbaycan dərman bazarı çox bərbad vəziyyətdədir. Həmçinin, dərman bazarı tənzimlənərək dərman təhlükəsizliyi konsepsiyası işlənib hazırlanmalıdır. Dərmanlardan uşaq, hamilə qadın, yaşlılar istifadə edir. Buna görə də bu genefondla bağlı məsələdir. Həmçinin, deyilən konsepsiya milli təhlükəsizlik konsepsiyalarının tərkib hissəsidir».

 

 

                        Nazim Məmmədov

 

İqtisadçı Nazim Məmmədov da o qənaətdədir ki, dərman vasitələriinin reystri aparılsa da, eyni dərmanların müxtəlif adda satışına rast gəlirik: «Azərbaycan bahalı dərmanlar istehsal etmir və belə dərmanların hamısı ölkəyə xaricdən gətirilir. Bu dərmanların çoxu da iqtsadiyyatı zəif olan Hindistan və Pakistan kimi ölkələrdə istehsal olunur. Düşünürəm ki, əhalinin sağlamlığından söhbət gedərkən bazar iqtisadiyyatının tələblərindən də bir qədər kənara çıxmaq olar. Ölkəyə gətirilən dərmanlara nəzarət gücləndirilməlidir. Əhalinin vəziyyəti nəzərə alınaraq dərmanların qiymətləri, onu gətirən şirkətlərlə müzakirə apardıqdan sonra maksimum qiymət müəyyənqləşdirilə bilər. Amma bir məsələni də nəzərə almalıyıq ki, qiymətlər adətən bu sahədə cəmi bir neçə şirkətin məşğul olduğu hallarda fərqli ola bilər. Çünki dərman vasitələrini bir neçə dərman firması ölkəyə gətirirsə və onlar gətirilən dərman vasitələrinin qeyri-rəsmi bölgüsünü aparırsa, onlar istədikləri qiyməti də bazara diktə edə bilərlər. Bu da yol verilməz haldır. Düşünürəm ki, bu sahənin daha çox liberallaşması mümkün olsa və daha çox şirkətlərin bu sahədə işləməsinə imkan verilsə, qiymətləri bazar özü tənzimləyəcək. Amma inhisarçılıq olan yerdə bazar bunu tənzimləyə bilməz».

 

 

                                        Əli Əhmədov

 

 

Qeyd edək ki, baş nazirin müavini Əli Əhmədov da mətbuata açıqlamasında Azərbaycanda dərmanlara vahid qiymətinin tətbiqi məsələsi üzərində iş getdiyini vurğulayıb: «Dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə çalışmaq lazımdır. Dünyanın əksər ölkələrində belədir və güman edirəm ki, Azərbaycan da bu yolla getməlidir. Bu istiqamətdə müəyyən addımlar atılıb və işlər görülüb. Biz çalışmalıyıq ki, insanların ala bilməsi üçün dərman preparatlarının qiymətləri optimal olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycanda dərman preparatları istehsal olunmur və dərmanlar əsasən ölkəyə idxal olunur. Elə etmək lazımdır ki, sahibkarlar da o dərmanları ölkəmizə gətirməyə maraqlı olsunlar. Burada iki tərəfin marağı nəzərə alınmalıdır. Birincisi sahibkarın, çünki bu maraq nəzərə alınmasa, sahibkar dərmanları Azərbaycana gətirmək istəməyəcək. İkincisi isə vətəndaşın marağı nəzərə alınmalıdır. Bu iki marağın uzlaşdırılması o qədər də asan deyil. Amma bu istiqamətdə işlər gedir və yaxın zamanda bunun şahidi olacağıq».

 

Xalid

Tarix
23 Oktyabr 2014 [19:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin