Ana səhifə
19 Fevral 2018

Aqrar sahəyə peşəkar kadrlar xaricdən dəvət olunur- Müsahibə

Vahid Məhərrəmov: “Belə düşünürlər ki, Aqrar Universiteti bitirmiş məzunlarımız onların işinə yaramır”

 

 

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında deyilir ki, Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənib. Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur. Əhalinin az qala yarısının məşğul olduğu kənd təsərrüfatında kadr çatışmazlığı olduqca narahat doğuran məsələdir. Bu problemin konkret səbəblərini və həlli yollarını öyrənmək üçün alim-aqronom Vahid Məhərrəmova bir neçə sualla müraciət etdik.

 

 

-Azərbaycanin iqtisadi inkişafı üçün priroritet elan olunan 3 sahədən biri olan kənd təsərrüfatında kadr çatışmır. Buna səbəb nədir?

- Keyfiyyətli kadrlar hazırlanmalıdır. Belə olan halda həmin kadrlara tələb artar. Bundan başqa, kənd təsərrüfatı üçün kadrlar hazırlayan ali təhsil ocaqlarında tələbələrin sayı artırılmalıdır.  Təəssüf ki, bu gün Azərbaycanda tələb olunan kadrlar digər ölkələrdən gətrilir. Xüsusən, Türkiyədən aqronom, zotexnik, baytar həkimi dəvət olunur. Ona görə ki, onlar daha hazırlıqdırlar, müəyyən mənada bilgi üstünlüyünə malikdirlər, təhsil aldıqları ali təhsil müəsisələrində müasir texnologiyanı onlara yaxşı aşılayıblar, nisbətən təcrübələri də var.  Elə buna görə də Türkiyə bölgədə kənd təsərrüfat sahəsində kifyət qədər inkişaf etmiş ölkələrdən biridir.

 

 

- Ancaq etiraf edək ki, sovet dövründə Azərbaycan bu sahənin ixtisaslı kadrları ilə həmişə seçilib, başqalarına nümunə göstərilib...

- Əlbəttə, Azərbaycanda sovxoz-kolxozlar mövcud olanda kadrlar tələb olunurdu. Onlara yüksək əmək haqqı verilirdi, bir sıra sosial problemləri həll olunurdu. Ancaq sovet sistemi dağılandan sonra əkin sahələri paylandı. Yaradılmış fermer təsərrüfatlarının rəhbərləri də düşünürdülər ki, bütün problemləri özləri həll edə biləcəklər, daha aqronoma, baytara, zootexnikə ehtiyacları olmayacaq. Bu düşüncə ilə onlar bu sahəni nəinki inkişaf etdirə bilmədi, primitiv texnologiyadan istifadə edərək, məhsuldarlığın getdicə aşağı düşməsinə səbəb oldular.  Bitkiçilikdə bir çox subsektorlar əvvəllər gəlirli olduğu halda, sonradan onlar da sıradan çıxarıldı. Bütün bunlar ona görə baş verdi ki, bu sahədə dediyim kimi keyfiyyətli kadr hazırlanmadı və onlara tələb də olmadı. İndi biz kadr problemi ilə üz-üzə qalmışıq, hətta mövcud olan böyük fermer təsərrüfatlarında çalışacaq kadrlar xaricdən gətrilir.

 

 

- Əsas problemlərdən biri kimi, Aqrar Universitetin müasir tələblərə cavab verməməsi qeyd olunur. Bu haqda Siz necə düşünürsünüz?

- Sözsüz, burada əsas problemlərdən biri də Aqrar Universitetin keyfiyyətli kadr hazırlaya bilməməsidir. Əgər bu gün Azərbaycanda kifayət qədər keyfiyyətli kadr hazırlanardısa, o kadrlara təkcə respublikamızda deyil, hətta qonşu ölkələrdə də tələb yaranardı. Məsələ ondadır ki, postsovet ölkələrin hamısında bu problem yaşanır, hamısında kadr hazırlığında çətinliklər mövcuddur. Xüsusən Rusiyada əksər ixtisaslar üzrə kənd təsərrüfatı mütəxəssisləri çatışmır.

 

- Təhsil strategiyasında qeyd olunub ki, peşə hazırlığı sahəsində də ciddi problemlər var...

-Mənim vurğulamaq istədiyim bir məqam da odur ki, bu sahədə yalnız ixtisaslı kadrlar deyil, peşə sahibləri də hazırlanmalıdır. Aqronom, əgər fermer təsərrüfatında çalışacaq yaxşı bağban, peşə sahibi olmayacaqsa, onun gördüyü işin nəticəsi də olmayacaq. Kadr məsələsi kompleks şəkildə həllini tapmalıdır. Peşəkarlar da yaxşı peşə məktəblərində hazırlanmalıdır. Universiteti qurtarmış ali savadlı aqronomun təsərrüfata gəldikdə aldiği təhsili praktikada tətbiq etməsi üçün ona peşəkar kadrlar – peşə sahibləri lazımdır.  Bu təkcə bitkiçiliyin problemi deyil. Eləcə də heyvandarlıqda, digər sahələrdə bu problemlər var. Onların həlli kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində mümkün olacaq. Həm Aqrar Universitetdə təhsilin səviyyəsi artırılmalıdır, həm də bazarın tələbinə cavab verən kadrların hazırlanması üçün yeni peşə məktəbləri açılmalıdır, orada yaxşı peşə sahibi ola biləcək gənclər yetişdirilməlidir, həm də bununla yanaşı elmi mərkəzlər də öz fəaliyyətini aktivləşdirməli, işlərini müasir tələblərə uyğun qurmalıdır. Bunlar hamısı bir-birindən aslıdır. Bir sözlə akademik təhsili olan alimlərimiz, ali təhsilli peşəkarlarımız, orta təhsilli kadrlarımız olmalıdır. Belə olsa, əlbəttə aqrar sahə inkişaf edəcək. Kadrlar da tələb olacaq, onların yetişdirilməsi də yüksək səviyyədə olacaq.

 

 

- Vahid müəllim, hər il Aqrar Universitetə keçid ballarını aşağı salırlar. Aşağı balla qəbuldansa, ümummiyyətlə qəbul aparılmaması daha yaxşı olmazmı?

- Razıyam, uşaqlar imtahan verən zaman valideynlərin əksəriyyəti belə düşünür ki, normal bal toplamayıb, Tibb Universitetinə qəbul olunmasa, eybi yoxdur aşağı balla Aqrar Universitetin biologiya, baytar həkimi ixtisasına daxil olar. Məsələnin problemli tərəfi odur ki, kənd təsərrüfatı sahəsinin daha mürəkkəb, daha çətin sahə olduğunu başa düşən yoxdur. Bu sahəyə yüksək bilikli orta məıktəbi bitirmiş gənclər qəbul olmalıdır. Başqa sözlə, Aqrar Universitetə daxil olmaq məqsədilə ora sənəd verən məzunlar ən yüksək bal toplayan abituriyentlər olmalıdırlar. Ona görə ki, orada aqronom, fitopatoloq, entomoloq, baytar həkimi, zootexnik kimi kadrlar yetişdirilir. Bu sahələr o qədər mürəkkəbdir ki, hər birində daha çox elmlərin vəhdəti var. Orda fizika, biologiya, kimya, riyaziyyat, təbiətşünaslıq, torpaqşünaslıq kimi elmlərin vəhdəti var, bu haqda abituriyentin anlayışı olmalıdır. Amma bu sahəyə ən aşağı nəticə göstərən gənclər qəbul olunur. Onların da bazaları zəif olduğu üçün yaxşı təhsil ala bilmirlər. Yaxşı təhsil ala bilmədikləri üçün də onlara tələbat da olumur. Fermerlər də belə düşünürlər ki, Aqrar Universiteti bitirmiş məzunlar onların işinə yaramır. Fermerlər bu fikri bir-biri ilə bölüşürlər. Belə olanda onların haqqında pis fikirləşirlər formalaşır.

Ümumiyyətlə, bizdə təhsilin səviyyəsi arzuolunan səviyyədə deyil. Getdikcə də aşağı düşür. Bilirsiniz problem nədədir? Baxın, Azərbaycan demək olar ki, dünya ölkələri ilə müqayisədə əhalisi aşağı səviyyədə qidalanan ölkələr sırasındadır. Xüsusən, ət, süd, balıq istehlakı nəinki normaya cavab vermir, normadan xeyli az  - 2-3 dəfə aşağıdır. Belə olan halda əgər uşaq (özü də elmə maraq göstərən kasıb ailənin uşaqları olur) normal qidalanmırsa, onların orqanizmində müəyyən elementlər, xüsusən yod çatışmır, zob xəstəliyinə tutulurlar. Onlar imtahan qabagı, hazırlaşanda, həyəcan, qorxu keçirəndə bu xəstəlik özünü biruzə verir. Bu da ondan irəli gəlir ki, onlar normal qidalana bilmirlər. Ona görə zəif olurlar, sonradan da əziyyət çəkirlər. Belə olan halda həm təhsilimiz, həm elmimiz geri qalır. Normal qidalana bilməyəndə, nəticədə normal gənclər yetişdirə bilmirik. Onu da vurğulayım ki, hərbi xidmətə gedən uşaqlar çox vaxt tələb olunan ağırlığa dözə bilmirlər. Belə hallar da olub, fiziki yükün ağırlığı ölümlə nəticələnib.

Bir yandan təhsilimiz geri qalır, digər tərəfdən strateji əhəmiyyət kəsb edən müdafiə sistemimizdə də belə problemlər yaşanır. Dövlətin əsas istiqamətlərindən biri o olmalıdır ki, ölkəni keyfiyyətli ərzaq, kənd təsərrüfatı məhsulları ilə etibarlı təmin etsin, təhsili inkişaf etdirsin. Bu iki problem həll olunsa, ölkənin problemi olmaz. Əgər bizim təhsilimiz-elmimiz inkişaf etsə, iqtisadə sahə inkişaf edəcək, hərbi xidmətə çağrılanlarımız sağlam olacaq, ordu daha da güclü olacaq, alimlərimiz də digərlərindən geri qalmayacaq. 

Tarix
23 Oktyabr 2014 [16:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ