Ana səhifə
23 Sentyabr 2018

“Azərbaycanın öz imici və dünyada tanınmış mövqeyi var"

Qabil Hüseynli: Azərbaycanın Avrasiya İttifaqına daxil olması bizə yox, daha çox ruslara xeyirdir»

 

 

Avrasiya İqtisadi İttifaqı genişlənir. Bu proses Rusiyanın keçmiş sovet respublikalarını öz təsir sferasında saxlamaq istəyilə əlaqələndirilir. Xatırladaq ki, bu ilin may ayının 29-da Astanada Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi İttifaqının yaradılması haqda saziş imzalayıblar. Saziş 2015-ci ildən qüvvəyə minəcək. Bir müddət öncə isə Minskdə Ermənistanın Avrasiya İttifaqına qoşulması haqda müqavilə imzalanıb. Artıq Qırğızıstan hökuməti də 2015-ci ilin yanvarın 1-dən Avrasiya İttifaqına qoşulmaq niyyətində olduğunu açıqlayıb. Aydındır ki, Rusiya Azərbaycanı da bu ittifaqda görmək istəyir.

Politoloq Qabil Hüseynli hesab edir ki, Avrasiya İttifaqı məkanı daha bir ölkənin- Qırğızıstanın  hesabına genişlənsə də, Azərbaycanı öz ardınca “dartıb” aparmaq gücündə deyil. Politoloq bunu ilk növbədə Qırğızısatanın kasıb dövlət olması ilə əlaqələndirdi. “Avrasiya İttifaqına can atan Ermənisan humanitar yardımlar hesabına yaşayan bir ölkədir. Qırğızıstan da çox kasıbdır. Onun milli məhsulu öz əhalisinin normal yaşamasını belə təmin edə bilmir. Ona görə də Qırğızıstanın da Avrasiya İttifaqına qoşulması bu ittifaqa heç bir şey verməyəcək. Əksinə, ola bilər ki, Qırğızıstan Avrasiya İttifaqından nələrisə qopara bildi”.

 

Politoloq məhz bu nöqteyi - nəzərdən də Rusiyanın Azərbaycana “göz dikməsini” təsadüfi hesab etmədi. Onun sözlərinə görə, Rusiya Azərbaycanın böyük sənaye potensialının, böyük  neft və qaz ehtiyyatlarının olduğunu bilir və bununla da Avrasiya İttifaqına, Gömrük İttifaqına müsbət imkanlar yarada bilər. Politoloq bununla yanaşı Azərbaycanın dünyada Qırğızıstan kimi tanınıb qəbul olunmadığına da diqqət çəkdi. “Azərbaycanın öz imici və dünyada tanınmış mövqeyi var. Azərbaycan beynəlxalq hadisələrdə dinamik və çevik rol oynayır  bu nöqteyi – nəzərdən onun Avrasiya İttifaqına daxil olması bizə yox, daha çox ruslara xeyirdir.  Biz də özümüzü “ucuz tutmaq” istəmirik. Çünki bu gün rusların regionda bizə yaratdıqları problemlər var. Konkret olaraq Dağlıq Qarabağ probleminin yaranmasında təkcə ermənilər deyil, ruslar da iştirak edirlər”. Politoloq bu mənada Azərbaycanın Avrasiya İttifaqına daxil olması ilə ölkənin bir sıra problemlərdən azad olacağı və ərazi bütövlüyü təmin olunacağı ilə bağlı rus politoloqlarının dedikləri fikirləri  “rus nağılları” esab etdi. Onun fikrincə, Rusiya bu istiqamətdə nə isə görmək istəyirsə bunu “nağıl” söyləmədən həyata keçirməlidir.  “Əgər sən məndən bəhrələnmək istəyirsənsə, bunun müqabilində hansısa bir işi görməlisən. Rusiya, onsuz da bundan əvvəl xeyli dərəcədə Azərbaycana yaxınlaşmış və Dağlıq Qarabağın  həlli ilə bağlı vədlər vermişdi. Sözsüz ki, bu vədlərin müqabilində müəyyən şeylər də “güdürdü”.  Əsas məsələlər isə Azərbaycanın Avrasiya ittifaqına daxil olması idi.  Rusiya ən azı 7 rayonu geri qaytarmağı vəd eləmişdi. Amma birdən-birə geri çevrildilər və ilk olaraq Azərbaycandan İttifaqa daxil olması və yalnız bundan sonra rayonların yavaş-yavaş qaytarılması səsləndi”. Politoloq hesab edir ki, təkcə belə vədlərin verilməsi məsələnin həlli variantı deyil. Azərbaycanın Rusiyaya möhtac olmadığını deyən Q.Hüseynli Avrasiya İttifaqının bugünkü genişlənmə prosesində hər hansı bir “axına”düşmək qorxusunun olmadığını önə çəkdi. “Bu gün Azərbaycan Qırğızıstandan fərqli olaraq Avropaya qaz çıxarma məsələsində Rusiya ilə rəqabət apara bilən ölkədir.  Bu baxımdan, neçə ki, Dağlıq Qarabağ problemi var, neçə ki Avropa bazarlarına qaz çıxarma məsələsi tam həll olunmayıb, Avrasiya İttifaqına daxil olmağımız bizim üçün xeyirli olmayacaq”. 

 

Politoloq eyni zamanda hesab edir ki, Avrasiya İttifaqı məkanının genişlənməsi Rusiyada həm Putinin piyarı, həm də ölkənin imici üçün pozitiv rol oynayır. “Rusiya keçmiş Sovet İttifaqını yox, çar Rusiyasını bərpa etməyə çalışır və ona “qismən nail olunur” kimi fikirlərini müəyyən qədər möhkəmləndirib. Amma bu gün Rusiyada çətin, dağıdıcı proseslər gedir. Məsələn, «Lukoyl» kimi bir şirkət yavaş-yavaş çökür. «Rosneft» çoxdan çökməyə başlayıb. İndi ABŞ da, Səudiyyə Ərəbistanı da çalışır ki, dünya bzarında neftin bir barrelinin qiymətini 50 dollara qədər endirsin. Bu bizə də ziyandır. Amma  Rusiya üçün daha çox ziyandır. Ona görə də artıq Vladimir Putinin saray çevrlişləri ilə devriləcəyi barədə fikirlər səsləndirilir. Rusiyada açıq-aşkar Putini tənqid etməyə başlayıblar. Onun reytinqi ən azı 10 faiz aşağı düşüb. Bütün bunlar da onu göstərir ki, bizim müəyyən qədər zamana ehtiyacımız var. Paris görüşündə ermənilərin hansı mövqe göstərəcəyi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibətini proqnozlaşdırmağa imkan verəcək. Çünki Ermənistanın mövqeyi Rusiyanın mövqeyi deməkdir. Yəni əgər erməni işğalçıları torpaqlarımızdan çıxacaqlarsa, Avrasiya İttifaqına qoşulmaqla bağlı proseslər gedə bilər. Qırğızastan üçün isə belə bir problem olmadığına görə, İttifaqa qoşulması ona müəyyən xeyir verə bilər”.

 

Politoloq Qırğızısatanla Azərbaycan arasında müəyyən əməkdaşlıq əlaqələrinin olmasına baxmayaraq, bu ölkənin Avrasiya İttifaqına daxil olmasından sonra ölkəmizlə bağlı hər hansı “çəkici” təsirlər göstərəcəyini mümkünsüz saydı.

 

 

Tahirə Qafarlı   

Tarix
23 Oktyabr 2014 [19:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin