Ana səhifə
13 Noyabr 2018

“İlk Avropa Oyunları dedikdə Azərbaycan yada düşəcək”

Suğra Bağırzadə: “Qızlarımla, nəvələrimlə Avropa Oyunlarının bağlanış mərasimində iştirak etdim”

 

 

Ramiz Novruz: “Hər kəs vətəpərvərliyini bir daha göstərdi”

 

Ölkəmizdə keçirilən "Bakı 2015" Birinci Avropa Oyunlarının bağlanış mərasimi  iyunun 28-də başa çatdı. Bakı Olimpiya Stadionunda keçirilən bağlanış mərasimində bir-birindən maraqlı şoular nümayiş olundu. Gecənin musiqili qonaqları arasında yerli sənətçilərlə yanaşı, məşhur müğənni Con Nyumen, dicey Qarez Emeri, aktyor, rəqqas Cason Nious və başqaları var idi. 17 gün davam edən İlk Avropa Oyunlarında idmançılarımız 56 medal - 21 qızıl, 15 gümüş və 20 bürünc medal əldə etməklə ikinci yerdə qərarlahdılar.

Oyunlar müddətində oxucularımıza ulduz səfirlərin və ifaçıların Avropa Oyunları ilə bağlı təəssüratlarını təqdim etmişdik. Bu dəfə isə bağlanış mərasimi haqqında aktyorlarımızın fikirlərini öyrəndik. Avropa Oyunlarının bağlanış mərasimi haqqında “Üç nöqtə”yə danışan əməkdar artist Suğra Bağırzadə dedi ki, İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimi möhtəşəm keçib: “Qızlarımla, nəvələrimlə Avropa Oyunlarının bağlanış mərasimində iştirak etdim. Doğrudan da hər şey çox gözəl, qayda-qanunla hazırlanmışdı. Baxmayaraq ki, bağlanış mərasiminə məktəbli uşaqlarla getmişdim, amma heç bir çətinlik görmədim. Məkana daxil olmaq üçün səliqə ilə hər şey yüksək səviyyədə təşkil edilmişdi. Bağlanış mərasimindən çox böyük təəssüratla ayrıldım. Musiqimiz, incəsənətimiz, idmanımız yüksək səviyyədə təqdim edildi. Ümumiyyətlə, şounun təqdimatı, fişənglərin atılması və s. çox gözəl idi. Fəxr edirdik ki, azərbaycanlıyıq. Belə möhtəşəm tədbir vətənimizdə ilk dəfəf idi ki, keçirilirdi. Bundan sonra nə qədər Avropa Oyunları qeyd edilsə də İlk Avropa Oyunları heç kimin yadından çıxmayacaq. Stadionda 68  min tamaşaçı vardı və eləcə də dünya kanallarında televiziya vasitəsilə yayımlanırdı. Ilk Avropa Oyunları dedikdə Azərbaycan yada düşəcək. İlk Avropa Oyunları dünyada Azərbaycanı yaşadacaq. Onu da deyim ki, idmançılarımızın nəticəsi məni çox sevindirdi. Bütün idmançılarımızı təbrik edirəm”. 

Xalq artisti Ramiz Novruz qeyd etdi ki, İlk Avropa Oyunları Azərbaycanda yüksək səviyyədə keçirildi: “Teatrda Avropa Oyunları ərəfəsində tamaşalar qoyurduq. Buna görə də idman yarışlarını televiziya vasitəsilə izlədim. Yalnız bir dəfə boks idman növünə getmişəm. Teatrda tamaşalarda oynayırdıq və iyunun 28-də “Yaşlı xanımın gəlişi” və “Silindr” tamaşalarını təqdim etdik. Səhnə əsərlərimiz xarici qonaqlar üçün ingilis dilində subtitr vasitəsilə tərcümə edilirdi. Teatrımıza gələn qonaqlar sırasında gürcülər, italyanlar vardı. İnanın ki, idmanımızı izləyəndə qürur duyurdum. Əlavə edim ki, Avropa Oyunlarında mən də iştirak edəcəkdim, səsimi yoxlamışdılar. Sadəcə, dedilər ki, gənc lazımdır və cavan oğlanı seçdilər. Möhtəşəm açılış və bağlanış mərasimi oldu. İdmançılarımız yüksək nəticə, Rusiyadan sonra ikinci yer əldə etdilər. Amma mən Azərbaycanı birinci kimi qəbul edirəm. Çünki bizdə üzgüçülk, akrobatika və başqa bəzi idman növləri çox inkişaf etməyib. Ona görə Rusiyanın medalları daha çox oldu. Məndən soruşdular ki, sizin üçün bu ilin ən dəyərli sözü hansıdır. Qeyd etdim ki, Prezidentimizin qızıl medal alanlara “oğulsan” deməsi və əsgərin komandirə “vur komandir, vur” kimi iki sözü ilin ən dəyərli sözü oldu. Çox fərəh hissi keçirdik ki, Azərbaycan qısa vaxt ərzində Avropa Oyunlarının öhdəsindən yüksək səviyyədə gəldi. Mənə elə gəlir ki, burada hər bir vətəndaşın payı, əməyi var. Beləliklə, hər bir insan bir daha vətəpərvərliyini göstərdi. İstər ölkəmizə gələn qonaqların qarşılanmasında, istər də insanların davranışında azərbaycanlılar öz yüksək mədəniyyətlərini göstərdilər”.

Xalq artisti onu da bildirdi ki, bəzi ölkələrdə «Azərbaycan müsəlman ölkəsidir» dedikdə, dərhal əfqanları, fələstinliləri düşünürdülər: “O, adamlar hələ bilmirdilər ki, Azərbaycan çalmalı müsəlman ölkəsi deyil. Avropa Oyunlarına gəlib insanlarımızı, xalqımız gördülər və bildilər ki, xalqımız yüksək səviyyədə inkişaf etmiş millətdir”.

Avropa oyunlarında qızı könüllü kimi çıxış edən əməkdar artist Naibə Allahverdiyeva da oyunların açılış və bağlanış mərasiminin möhtəşəm olduğunu vurğuladı: “Bağlanış mərasimini izlədim və çox xoşuma gəldi. Ümumiyətlə, Avropa Oyunlarının açılışı və bağlanışı çox möhtəşəm oldu. Buna görə bir azərbaycanlı kimi qürur duydum. Biz elə bir xalq və dövlətik ki, istəsək çox nailiyyətlər əldə edə bilərik. Açılış mərasimində ən çox xoşuma gələn hissə xalq mahnımız “Sarı gəlin”nin səslənməsi oldu. Çünki ermənilər xalq mahnımızı öz adlarına çıxmışdılar və açılışda erməni idmançıları da iştirak edirdi. Mahnı mənə çox təsir etmişdi. Bağlanış mərasimində isə rəngarəng rəqslər gözəl idi.  Ümumiyyətlə, hər şey çox möhtəşəm idi. Allah bizim dövlətimizə, xalqımıza qüvvət versin ki, bundan da yaxşı tədbirlər həta keçirə bilək. Bu cür tədbirləri Qarabağımızda keçirək, inşallah. Qızım könüllü olaraq Avropa Oyunlarında tərcüməçi kimi iştirak etdi. Ölkələrdən yaxşı xidmətinə görə kiçik mükafatlar aldı və ona görə çox sevinirdi. Qızım deyir ki, ən çox mükafat qazanan mən oldum. Çünki qızıma ora gedəndə bildirmişdim ki, ölkəmizi təmsil edirsən. Özünüzü yaxşı göstərməlisiniz. Sən və sənin kimi gənclər ölkəmizin simasısınız, təmsilçisisiniz. Yaxşı ad qoymalısınız. Qızım deyir, gülümsəməkdən üzümün yanları ağrıyır və çalışırdım ki, ölkəmizi yaxşı təmsil edim. Şükür, hər şey çox gözəl oldu”.

 

 

Rəqsanə

Tarix
29 İyun 2015 [21:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin