Azercell-in deputata ağlasığmaz cavabı

17:52 - 20 İyun 2024 - Xəbər

Azercell dövlət şirkəti "İrana xoş gəlmisiniz" məsələsi ilə bağlı deputat Sabir Rüstəmxanlıya açıq formada cavab ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ekspert Osman Gündüz bildirib.

"Bu cavabı bir neçə dəfə oxumağa çalışdım. Düzü, bilmirəm kim hazırlayıb bunu. 

Yumşaq desəm, absurd, mahiyyətə dəxli olmayan, ağlasığmaz bir cavab adlandırmaq olar bunu .Məəttəl qalıram.

Bu nəhənglikdə dövlət şirkəti ağlabatan bir cavab hazırlaya bilməyib.

Hörmətli yazıçımız şirkətə qarşı “öz ölkəmdə olduğum zaman mənə dövlət şirkətindən nə üçün “İrana xoş gəlmisiz” mesajı gəlir ” ittihamı irəli sürüb, olduqca aydın və sərt formada.

Bu dövlət şirkəti isə ağlabatan, sadə bir izah vermək əvəzinə mənasız bir sicilləmə yazıb. 

Azercell-dən gözlənti nə ola bilərdi ?

1. Azercell baş verənlərə görə üzrxahlıq edir

2. Ötən ildə Azercell tərəfindən şəbəkənin gücləndirilməsini və yüzlərlə yeni baza stansiyasının tikildiyini, lakin görünür ki problemlərin hələ də qaldığını bildirir

3. Dərhal aidiyyatı dövlət qurumunun nümayəndələri ilə, zəruri ölçmə avadanlıqları ilə həmin ərazidə baza stansiyalarının siqnalların gücünün ölçülməsinin həyata keçiriləcəyini açıqlayır

4. Ərazinin sərhəddən nə qədər aralı olmasını açıqlayır. Əgər həqiqətən də həmin ərazi sərhəddin tam yaxınlığındadırsa bunun mümkün ola biləcəyini ağlabatan formada izah verir. Əgər sərhəddən xeyli uzaqdadırsa stansiyaların yeniləcəyini açıqlayır.

5. İrancell və Azercell –in həmin ərazidəki baza stansiyalarının siqnallarının gücləri ilə bağlı məlumatlar açıqlanır. Azercell və İrancell arasında rouminq müqaviləsi olması açıqlanır.

6. İran tərəfindən məqsədyönlü olaraq , beynəlxalq normalara zidd olaraq sərhəddəki radioratibə avadanlıqların düz tənzimlənmədiyini, bu məsələlərin dövlətlər arasında həll olunmaqda olduğunu açıqlayır 

Təsəvvür edin ki, Azercell-ə qarşı irəli sürülən ittihamlar məhz bu qeyd olunan bəndlərlə bağlıdır.

Azercell-in cavabında bu qeyd olunanlar öz əksini tapsaydı olardı ağlabatan bir cavab.

Amma təəssüf ki açıqlanan cavabda bunların heç biri haqqında nəsə tapmaq mümkün deyil.

Ümid edirəm sektorun tənzimləyici qurumu olan İKTA mobil operatorun bu formada ağlasığmaz və sayğısız açıqlamasına münasibət bildirəcək, həmin bölgədə baş verənlərlə bağlı araşdırmalar aparacaq, zəruri ölçmə işləri aparılandan sonra rəsmi bir ağlabatan açıqlama verəcək".

Xəbər xətti