Ana səhifə
17 Noyabr 2018

Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 98 faiz təşkil edir

Cəlilabadda ümumi məhsul buraxılışı 365,0 milyon manata çatıb

 

 

 

2014-cü il bütövlükdə Azərbaycanda olduğu kimi, Cəlilabad rayonunda da sosial-iqtisadi inkişaf diqqət çəkib.  Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət alıb. Rəqəmlərin dili ilə desək, son 10 il ərzində 24530, o cümlədən 2014-cü ildə 614 iş yeri açılıb. Həmin iş yerlərinin yarıdan çoxu daimi xarakterlidir.  İl ərzində rayon məşğulluq mərkəzinə müraciət edən 337 nəfər müxtəlif  təşkilatlarda daimi işə qəbul edilib. Rayon iqtisadiyyatının inkişafı işçilərin orta aylıq əmək haqqının yüksəldilməsinə səbəb olub. 2014-cü ildə hər işçiyə düşən orta aylıq əmək haqqı 281 manat təşkil edib ki, bu da 2013-cü ildəkindən 15 manat çoxdur. 2014-cü ildə sənayenin inkişafı artan dinamika ilə gedib, ümumi məhsul buraxılışının həcmi 2003-cü ilə nisbətən 3 dəfə,  2013-cü ilə nisbətən isə 18 faiz artaraq 365,0 milyon manata çatıb. İstehsal olunan sənaye məhsulunun həcmi 5,5 milyon manat olub ki, bu da  2003-cü ildəkindən 8,3 dəfə çoxdur. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 98 faiz təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilib “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsindən ötrü rayonda əlavə tədbirlərin görülməsi nəzərdə tutulub. Sahibkarlığın inkişaf etdirilməsi əvvəllər olduğu kimi, 2014-cü ildə də rayon icra hakimiyyətinin fəaliyyətində prioritet məsələ olub. Sahibkarlara əlverişli şəraitin yaradılması nəticəsində ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq  98 faizə çatıb. Kənd təsərrüfatı, ticarət, iaşə, məişət xidməti və digər sahələrlə məşğul olmaq istəyən sahibkarların bütün müraciətlərinə diqqətlə yanaşılıb, onlara münasib torpaq sahələri ayrılıb. Rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları vasitəsilə müvafiq kreditlərin alınması da sahibkarlığın inkişafına güclü təkan verib. Dünyada yaranmış maliyyə böhranı ilə əlaqədar kreditlərin azalmasına baxmayaraq 2014-cü ildə 19278 nəfərə 49 milyon 575 min manat məbləğində kredit verilib. Bundan əlavə, sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına  127 nəfərə 5 milyon 700 min manat  güzəştli kredit ayrılıb. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmə öz dinamik inkişafını davam etdirib, kənd təsərrüfatı məhsulları istehsalı 2003-cü illə müqayisədə  3,4 dəfə artıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarını stimullaşdırmaq üçün dövlət büdcəsindən ayrılan subsidiyalardan bəhrələnən kənd əməkçiləri keçən il 61509 hektar sahədə səpin aparıb, o cümlədən 52962 hektar buğda əkiblər. Bildiyiniz kimi, keçən il havaların quraq keçməsi nəticəsində taxıl sahələrinin bir hissəsində sahələr ota biçilib, bir hissəsində isə  məhsuldarlıq aşağı düşüb. Buna baxmayaraq yenilənmiş kənd təsərrüfatı texnikası hesabına rayon üzrə 66162 hektar taxıl sahəsinin biçini qısa müddətdə və ən minimal itki ilə başa çatdırılıb, 127 min ton taxıl istehsal olunub. İstehsal olunan ümumi məhsulun 117,6 min tonunu və ya 87,7 faizini buğda təşkil etmişdir. 2015-ci ilin məhsulu üçün 61,3 min hektar sahədə payızlıq və yazlıq dənli bitkilər əkilib ki, onun da 53,0 min hektarını buğda təşkil edir. Taxılın zərərli və xüsusi təhlükəli zərərvericilərdən mühafizə edilməsi və rayonun fitosanitar sabitliyinin qorunması məqsədilə səmərəli tədbirlər həyata keçirilib, onların yayılma arealı xeyli azalıb, məhsul itkisinin  qarşısı alınıb. Həm əkin sahələrinin genişləndirilməsi, həm də zəmilərə aqrotexniki qaydada qulluq edilməsi cari ildə daha çox məhsul istehsal  olunacağına təminat verir. Rayonda üzüm sahələrinin miqyası genişləndirilib, şərabçılığın inkişaf etdirilməsi üçün  tədbirlər görülüb, bu sahənin əhəmiyyəti barədə əhali arasında maarifləndirmə işləri aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində üzüm sahələri 1500 hektara çatdırılıb, 9340 ton üzüm  istehsal olunub. Azərbaycan Respublikası  Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi məqsədilə cari ildə 75 hektar üzüm bağının salınması nəzərdə tutulub. Gəlirli sahələr olan kartof və ciyələk istehsalının artırılması üçün hər cür  şərait yaradılıb, 67700 ton kartof, 2150 ton yüksək keyfiyyətli çiyələk istehsal olunub. İstehlakçıların təlabatı nəzərə alınaraq rayonda kartof və çiyələk sahələrinin  genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.  Kənd əməkçiləri taxıl, üzüm, kartof və çiyələkdən əlavə 1228 ton tərəvəz, 368 ton bostan, 659 ton günəbaxan, 1384 ton meyvə, 1700 ton şəkər çuğunduru, 46 ton pambıq istehsal ediblər. Heyvandarlığın inkişafı məqsədilə mal-qaranın cins tərkibi yaxşılaşdırılıb, rayona lizinq yolu ilə 10 baş cins inək gətirilib, 2480 baş inək süni mayalandırılıb, mayalandırma yolu ilə 1764 baş bala alınıb. Heyvandarlığa göstərilən qayğı nəticəsində şəxsi və fermer təsərrüfatlarında qaramalın sayı 99262 başa, davarların sayı 122667 başa, quşların sayı isə 840732 başa çatdırılıb. Bu müddət ərzində 19850 ton ət, 78500 ton süd və 40 milyon100 min ədəd yumurta istehsal edilib. Son illər tamamilə yenidən qurulub və müasir avadanlıqlarla təchiz olunub, “Cəlilabad-broyler” ASC tərəfindən 2014-cü ildə  3768,8 ton ət istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 305,5 ton çoxdur. Bu il müəssisədə  3900 ton kəsilmiş quş ətinin istehsal olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2013-cü il tarixli 645 nömrəli sərəncamına əsasən rayonun Günəşli kəndində yerləşən “Moskva” dövlət toxumçuluq müəssisəsinin 1300 hektarlıq ərazisində iri taxılçılıq təsərrüfatı yaradılıb. Hazırda təsərrüfatda müasir suvarma sistemi qurulur, yeni texnologiya ilə əkin aparılması üçün son tamamlama işləri görülür. Yaxın günlərdə 1000 hektar ərazidə yazlıq əkin, payızda isə ixtisaslaşma istiqamətinə uyğun bugda və arpa əkiləcəkdir. Toxumçuliq təsərrüfatlarının yaradılması kənd əməkçilərinin yüksək reproduksiyalı toxumla təmin olunmasında mühüm rol oynayacaq, onların tələbatının 30-35 faizini ödəyəcəkdir. Rayonun suvarma sisteminin yaxşılaşdırılması üçün 603 min kubmetr kanal lildən təmizlənib, 22676 hektar  sahə  suvarma suyu ilə təmin edilib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən Məlikqasımlı, Uzuntəpə, Bədirli, Əliqasımlı, Hamarqışlaq və Sabirabad kəndlərində 6 subartezian quyusunun qazılıb. Meliorasiya-irriqasiya tədbirləri bu il daha geniş vüsət alacaqdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Üçtəpə, Alar və Bayxanlı kəndlərində 7 subartezian quyusunun qazılması nəzərdə tutulub, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  24 oktyabr 2014-cü il tarixli 338 N-li sərəncamı əsasında isə  İncəçay su anbarının  təmir-bərpası üçün maliyyə vəsaiti ayrılıb. Şübhə yoxdur ki, həmin layihələr başa çatdıqdan sonra əkin  sahələrinin suvarılması üçün daha əlverişli şərait yaradılacaqdır.

 

 

Tarix
22 İyun 2015 [19:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin