Ana səhifə
19 Noyabr 2018

Bəhram Bağırzadə Avropa Oyunları ilə bağlı təəssüratlarını yazdı

«Bu günlər Bakı mənə çoxotaqlı mənzili xatırladır»

 

 

 

Bakı 2015-in çimərlik futbolu növü üzrə ulduz səfiri, aktyor, rejissor Bəhram Bağırzadə təmsil etdiyi idman növü, Birinci Avropa Oyunlarının açılış mərasimi və digər maraqlı məqamlar haqqında «Büro24/7.az-a təəssüratlarını yazıb: «Arzular gec-tez reallaşır. Bu cümlələri yazmaq o qədər çətin deyil. Vətənimdə Bakı 2015 - I Avropa Oyunları kimi mötəbər yarış keçirilir, ürəyimdə deyəcəyim, yazacağım sözlər çoxdur. Bu günlər Bakı mənə çoxotaqlı mənzili xatırladır. Zarafat deyil, 50 ölkənin idmançı, məşqçi, turistlərini qəbul edirik. Onların şəhərimizdən məmnun qalacağına əminəm. Çünki İlk Avropa Oyunlarında təşkilatçılıq yüksək səviyyədədir. Qonaqlar üçün ilk təəssürat hava limanından başlayırsa, bütün Avropa üçün ilk addım məhz açılış mərasimidir. Bu mərasim sözün əsl mənasında möhtəşəm idi. Açılış mərasimini unutmaq mümkün deyil. Əgər 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarında "Ağlayan ayı"nı hamı indiyə qədər xatırlayırsa, onda bizim uçan xalça heç vaxt unudulmayacaq. Nağıllar aləmində maraqla oxuduğumuz o xalça bizim açılış mərasimində hamını valeh etdi. Maradonanın əllə vurduğu qol illərlə müzakirə edilir, inanın, Bakı 2015 - İlk Avropa Oyunlarının açılış mərasimi hər gün tamaşaçıların gözünün qarşısında canlanır. Ən çox bəyəndiyim isə mərasimin ana xətti - dramaturgiyası, Vətənimin tarixi, ədəbiyyatı, musiqisinin göstərilməsi oldu. Bütün mərasimdə millilik var idi. Biz Avropaya əsl Azərbaycanın necə olduğunu göstərdik. Alim Qasımovun kosmik səsi, yüzlərlə insanın meydanda bayrağımızı canlandırması, Nizami Gəncəvinin obrazlarının səhnədə həyata qayıtması, nar dənəciklərinin yayılması yadımdan çıxmır. Biz ölkəmizin qapılarını bütün dünyaya açdıq, bu mərasimlə onlar bizi tezliklə unuda bilməyəcək.

 

Mən çimərlik futbolu üzrə ulduz səfir olmağıma baxmayaraq bütün idman növlərində yarışan idmançılarımıza dəstək olmuşam. Ən əsası isə gözəl arenalarda yarışları izləməkdən yan keçə bilməmişəm. Sinxron üzgüçülük, voleybol, güləş, karate, boks, çimərlik voleybolu, gimnastika yarışlarını izləyərkən qeyri-adi hisslər yaşadım. Bilirsiniz niyə? Arenada çoxlu sayda azyaşlı uşaq gördüm. Onların yaddaşında bu yarışlar ikiqat əhəmiyyətli yer tutacaq. O uşaqlar həm idmanı sevəcək, həm idmanla məşğul olacaq. İlk Avropa Oyunlarının ən vacib məqsədi ölkədə idmana olan marağı daha da kütləviləşdirəcək. Ən vacib isə Azərbaycanda sağlam gənclik böyüyəcək. Karateçilərimizin ilk günlər bizi qələbələrə öyrəşdirməsi göstərdi ki, bütün növlərdə yarışan idmançılarımız uğur qazanmağa qadirdir. Güləşçilər hər zaman olduğu kimi, möhtəşəm uğurlar qazandı. Triatlonda medal qazanmağımız növbəti uğurların başlanğıcının yaxında olduğunu təsdiqlədi. Medal sayımız hər gün artır, Bakıda idman həyəcanı da yüksəlir. Biz xoşbəxt insanlarıq ki, möhtəşəm yarışı izləmək üçün xarici ölkəyə getmirik. Xarici vətəndaşlar bizim Bakıya gəlir.

 

Medalla bağlı proqnoz verməyimi çox xahiş edirlər. İlk növbədə qeyd edim ki, medallarımızın sayı artacaq. Qarşıda bizim cüdoçularımızın görüşləri var. Boksçularımıza inamım böyükdür. Samboçularımız hər zaman olduğu kimi, gücünü göstərəcək. Xüsusilə, qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının çıxışını qeyd etməliyəm. Ardıcıl 4 qələbədən sonra pley-offa vəsiqə qazanıblar. Arzu edirəm, finala qədər irəliləsinlər. Çimərlik futbolu üzrə millimizdən uğur gözləyirəm. Yarış ərəfəsində futbolçularla görüşərkən onların gözünün qələbəylə alışıb yandığını gördüm. Lakin digər məqamı unutmaq olmaz. Bakıya ən güclü komandalar gəlib. Millimizə çox çətin olacaq. Mən onları heç olmasa 3-cü yer uğrunda görüşdə görmək istəyirəm.

Əziz dostlar, təəssüratlarım çoxdur. Amma yazmağa vaxt azdır. Mən tələsirəm».

 

 

 

 

Tarix
22 İyun 2015 [16:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin