Ana səhifə
17 Avqust 2018

«Təyyarədə konsert verəcəm»

“Mişel Obama Elzaya dəstək oldu”

 

 

Elza Seyidcahan: “Ledi Qaqanın Azərbaycana gəlişi Elzanın etdiyi layihələrin bir daha təsdiqi oldu”

 

 

Hər zaman fərqli layihələri, geyim tərzi ilə fərqlənən və Azərbaycanın Ledi Qaqası hesab edilən müğənni Elza Seyidcahan “Şənbə qonağı” rubrikasının qonağıdır. Müğənni deyir ki, dünyaca məşhur müğənni Ledi Qaqanın Azərbaycana gəlməsi və İlk Avropa Oyunlarında çıxışı bir daha təsdiq etdi ki, Elzanın etdikləri fərqlilik deyil, sənətdir və sənətkarlıqdır.

 

- Elza xanım, ölkəmizdə keçirilən İlk Avropa Oyunları davam edir. İdmançılarımızı dəstəkləmək üçün hansısa idman növünə getmisinizmi?

- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə çox sevinirəm. Təəssüf ki, Avropa Oyunlarına tamaşaçı kimi gedə bilməmişəm. Amma efirdən, mətbuatdan idmançılarımızın uğurlarını izləyirəm. Eləcə də “İnstaqram” səhifəmdə qalib gəlmiş idmançılarımızın şəkillərini tez-tez paylaşıram. Münsif heyətindən biri olduğum “Azərbaycanın səsi-2” layihəsində İlk Avropa Oyunlarının bütün simvollarını öz geyimimdə təqdim etdim. Bayrağımızın rənglərinə uyğun paltar geyindim və başımda məşəl yandırıldı. O imicdə çıxmağımın səbəbi və şüarımız idmançılarımıza dəstək olmaq idi. Məşəli dörd saata yaxın başımda daşıdım. Bu da tamaşaçılarımız tərəfindən böyük ajiotaja səbəb oldu, müxtəlif fikirlər bildirdilər. Hətta qısqananlar, paxıllıq edənlər də oldu. Qısqanan insanları başa düşə bilmirəm ki, bunun nəyini qısqanırdılar. İdmançılarımıza dəstək şüarıdır. Hazırda Azərbaycanda çoxlu xarici qonaqlar var və onlar da bizim televiziyalarımıza baxırlar. Yəni  ki, bizim sənət adamlarımızı belə görəndə onlarda maraq yaranacaq və vətənpərvərliyimizi, Avropa Oyunlarına dəstəyimizi görəcəklər. Elza Seyidcahan birinci dəfə deyil ki, belə bir addım atır. 25 ildir ki, səhnədəyəm. Hər addımım da böyük müzakirlərə səbəb olub. Hər zaman hər addımı da yerində və anında atmışam. Bu geyimi və məşəli daşımağım da anında oldu. O məqamın yeri idi ki, biz Azərbaycanın bayrağının və məşəlinin yüksək səviyyədə, məntiqli formada, vətənpərvər səviyyədə göstəricisi olaq. Şükür Allaha, Avropa Oyunları yaxşı davam edir. Medallarımızın sayı çoxdur. Bundan sonra da oyunlarda idmançılarımıza uğurlar və qələbələr arzu edirəm. Avropa Oyunlarının açlışı möhtəşəm oldu. Məşəlimiz Azərbaycanımızın hörmətli, görkəmli xadimləri və başda möhtərəm Prezidentimiz İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən olmaqla yandırıldı. Mən də bir sənət adamı kimi İlk Avropa Oyunlarına dəstəyimi belə bildirdim.

 

- Qeyd etdiniz ki, qısqanan insanlar da oldu. Onların münasibətini bilmək istərdik...

- Məşəlimiz, Azərbaycanın bayrağı Elza Seyidcahanın sənətində canlandırıldı. O hərəkətim çox alqışlara səbəb oldu. Bununla yanaşı, dediyim kimi, qısqanan insanlar da oldu. Düşünürəm ki, o tipli insanlar azərbaycanlı deyil və azərbaycanlı olmadıqlarını bir daha biruzə verdilər.

 

- Siz fərqli bir sənətçisiniz və hər zaman digər müğənnilərdən yaradıcılığınız, geyiminiz və layihələrinizlə fərqlənmisiniz. Fərqli imicə üstünlük verməyinizin səbəbi nədir?

- Siz fərqli deyirsiniz, amma mən adi Elza deyərdim. Düzdür, çox insanlar məni fərqləndirirlər və bildirirlər ki, siz fərqlisiniz. Amma özümü sadə və adi Elza kimi görürəm. İlk Avropa Oyunlarının açılışında fərqli geyim tərzi ilə fərqlənən, dünya ulduzlarından biri olan Ledi Qaqa iştirak etdi. Deməli, bu fərqlilik deyil, sənətdir, sənətkarlıqdır. Elza Seyidcahanın stilində etdiyi dəyişikliklər və fərqliliklər dünya şöhrətli insanlar tərəfindən də dəfələrlə həyəta keçirilir və təsdiq olunur. İki-üç il əvvəl Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanının xanımı Mişel Obama ayaqqabılarını ayrı-ayrı rənglərdə geyinmişdi. Mişel Obama Elzaya dəstək oldu, bilməyərəkdən. Ledi Qaqanın Azərbaycana gəlişi Elzanın etdiyi layihələrin bir daha təsdiqi oldu. Sənətimlə yanaşı, hər zaman ekologiyanın, heyvanların qorunmasında yaxından iştirak etmişəm. Bu, bir daha təsdiq olunur ki, Elza Seyidcahanın gördüyü işlər elə-belə işlər deyil. Mən çox xoşbəxtəm və sevinirəm ki, azərbaycanlıyam, Azərbaycanda yaşayıram və yaradıram. Bundan sonra da yaradıcılığımda böyük yeniliklərim olacaq. Amma yeniliklərim haqqında əvvəllcədən fikir bildirə bilmərəm. Çünki sabah bilmirəm nə olacaq və dünən bilmirdim ki, nə olacaqdı. Amma Elza nə qədər sənətdədir və fəaliyyət göstərir böyük yeniliklər mütləq olacaq. Hər zaman insanlar mənə deyirlər ki, Elza xanım, gördüyünüz işlər ağlınıza haradan gəlir, bu kimi layihələri necə düşünürsünüz və bunlar haqqında neçə il əvvəl düşünmüsünüz? Mən də cavab verirəm ki, bir saat əvvəl etdiyim işi illərlə fikirləşmirəm. İnsanlar düşünürlər ki, layihələrim haqqında illərlə fikirləşirəm, amma heç də elə deyil.

 

- Siz son vaxtlar şeir də yazmağa başladınız. Amma şeirləriniz bəzi insanlar tərəfindən bir mənalı qarşılanmır. Necə düşünürsünüz, buna səbəb nədir?

- Hər bir insanın öz dünyagörüşü var və həyata baxışı fərqlidir. Hər insanın hansısa məsələyə fərqli yanaşma tərzi olur, hamı eyni ola bilməz. O insanlara fikir vermirəm, kim necə istəyirsə, elə də başa düşür. Etdiyim layihələr də çox müzakirələrə səbəb olur. Zamanla mənim nə demək istədiyimi başa düşəcəklər və buna görə də heç kimi qınamaq istəmirəm. Hər kəsin də fikrinə hörmətlə yanaşıram. Elza Seyidcahan fərqlidir. Biz insanları nə yüksək, nə də aşağı səviyyədə olmasına baxmayaraq olduğu kimi qəbul etməliyik. Bəzi insanlarda qısqanclıq, paxıllıq var və insanları olduğu kimi qəbul etmirlər. Ya insanları olduğundan çox yüksək, ya da çox aşağı qəbul edirlər. İnanın ki, yüksək qəbul etdikləri yaltaqlıqlarından, aşağı qəbul etdikləri isə paxıllıqlarındandır. Ümumiyyətlə, hər insanı olduğu kimi qəbul etməliyik.

 

- Şeirlərinizlə insanlara nə demək istəyirsiniz və əsas missiyanız nədir?

- Deməzdim ki, şeir yazıram. Yazılarıma Elzanın cızma-qaraları deyirəm. İnsanlara indiyə qədər musiqilərimizdə nəyi çatdırmışamsa, əməllərimdə, yazılarımda və cızma-qaralarımda da onu çatdırmağa çalışıram. Mənə sual verirlər ki, sizi yazdıranmı var? Bəli, məni bir yazdıran var. Fikrimi şeirlimlə bildirmək istəyirəm.

 

Məni bir yazdıran var!

Yazdıranı qazdıran,

Qazdıranı basdıran var.

Basdırıb da üstünü örtdürən var.

 

Nə qədər şeirlərimi bir mənalı qarşılayanlar olacaq, Elza Seyidacahan da o qədər yazacaq.

 

- Qızınızın toyu olacaq. Bu haqda təəssüratlarınızı bilmək istərdik. Toya necə hazırlaşırsınız?

- İnşallah, Allahın köməyi ilə qızımın toyu avqustda olacaq. Allah hər kəsin övladını xoşbəxt eləsin, içində də mənim qızımı. Bizim də valideyn kimi borcumuzdur ki, hər zaman övladlarımızın yanında olaq. Artıq qızımın ərə gedən vaxtıdır və mənə elə gəlir ki, qızı tez ərə vermək lazımdır. Qızımla kürəkənim bir-birilərini sevdilər və şükür Allaha, qızım sevdiyi insanla ailə quracaq. Ailə qurduğu insan da onu sevir və əsas da budur. Hazırda toyuna hazırlaşırıq.

 

- Qızınız hansı universitetdə oxuyur?

- Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bitirir. Qızım eləcə də, Bülbül adına Musiqi Məktəbini bitirib. Bu sənətdə çətinliklər gördüyüm üçün Konservatoriyaya daxil olmasını istəmədim. Düşündüm ki, çətin olar. Oğlum Bülbül adına Musiqi Məktəbini bitirib. Maşallah, qızım ingilis dilini də yaxşı bilir və tərcüməçidir.

 

- Qızınızın toyunda məşhur müğənninin iştirak edəcəyini qeyd etmisiniz...

- Maraqlı olması üçün sirr qalmasını istəyirəm. Hətta o müğənninin hansı repertuarla iştirak edəcəyi də müəyyənləşib və gözəl bir proqram hazırlayıb. O məşhur müğənninin çıxışı mənə hədiyyə olacaq. Artıq danışıqlar edilib.

 

- Yay fəslinin yaşayırıq. Harada istirahət etməyi planlaşdırırsınız?

- “Azərbaycanın səsi” layihəsində münsif olduğum üçün başqa ölkələrə gedə bilməyəcəm. Çünki həftədə bir dəfə canlı yayımda oluruq. Təbii ki, Azərbaycanımızın çox gözəl guşələri var və yəqin ki, istirahət üçün regionlarımıza gedəcəyik. Konsertlə bağlı bir-iki günlük uzağa gedə bilərəm.

 

- Qarşıda tamaşaçılarınız üçün hansı layihələriniz olacaq?

- Təyyarəçilərə həsr edilmiş “Uçuş” adı altında konsertim həyata keçiriləcək. Beləliklə, təyyarədə konsert verəcəm.

 

 

Rəqsanə

Tarix
22 İyun 2015 [10:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin