Ana səhifə
22 Noyabr 2018

Saatlıda müasir infrastruktur qurulur

Rayonda 634 hüquqi, 4273 fiziki şəxs kiçik və orta sahibkarlıqla məşğul olur

 

 

Saatlı rayonunda regionların sosial- iqtisadi inkişafı çərçivəsində infrastrukturun qurulması istiqamətində bir sıra işlər görülüb.. İnvestisiya qoyuluşu hesabına uzunluğu 11,4 kvadratmetr olan Saatlı-Heydərabad yerli əhəmiyyətli avtomobil yolunda 1,8 milyon manat dəyərində, 9,4 kilometrlik Qara-Nuru-Məmmədabad-Əliabad yerli əhəmiyyətli avtomobil yolunda isə 2,8 milyon  manat dəyərində yenidənqurma işləri görülüb. Sımadakənd-Qarayevkənd yerli əhəmiyyətli (uzunluğu 21 km) avtomobil yolunda əsaslı yenidənqurma işləri davam etdirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin həyata keçirdiyi “Kənd İnvestisiya Layihəsi” çərçivəsində icma layihəsinə sərmayə qoymaqla əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq və infrastruktur xidmətlərindən istifadə olunmasını artırmaq məqsədilə AZKİL qeyri-hökümət təşkilatının sərmayəsi və Sımada icmasının töhfəsi hesabına kəndin daxili yollarının 4050 metrinə çınqıl tökülərək hamarlanmışdır.

Qeyd edək ki, insanın sağlam həyat tərzi keçirməsi üçün mühüm həyat amillərindən biri də ekoloji təmiz su təminatıdır. Beynəlxalq Səhiyyə Təşkilatlarının verdiyi məlumatlara əsasən, insan orqanizmi tərkibi çirkli olan içməli sulardan çox ciddi fəsadlar keçirir. Ölkəmiz də içməli su sarıdan xeyli çətinliklər yaşayır. Xüsusən aran rayonlarımız bu problemi hər gün yaşamaq zorundadır. Saatlıda artıq bu problem artıq həll olunmaqdadır. “Azərsu Təchizat-Tikinti” Açıq Səhmdar Cəmiyyəti Saatlıda su və kanalizasiya tikintisini uğurla aparır. Əvvəlcədən qeyd edək ki, saatlıların istifadə etdiyi mövcud su sistemi 1965-ci ildən istifadəyə verilib. 2004-cü ildən fəaliyyət göstərən “Sukanal” idarəsi Saatlı şəhərinə, həmçinin Əlisoltanlı, Seyidlər, Qaracalar kəndlərinə də xidmət etməklə, ümumilikdə 2278 abonenti əhatə edir. Hazırda əhaliyə verilən içməli su mənbələri Araz çayı və Sabir kanalıdır. Zaman-zaman saatlıların məcburiyyət qarşısında istifadə etdikləri bu su mənbələri ilin isti fəsillərində ekoloji baxımdan daha dözülməzdir. Ən müxtəlif heyvanların cəsədlərinə bu mənbələrdə yay aylarında daha çox təsadüf edilir. Tikintinin bir çox qayğılarını öz üzərinə götürən Saatlı “Sukanal” idarəsinin rəisi Üzeyir Kazımov bildirir ki, adıçəkilən tikinti təşkilatı tərəfindən Saatlıda Dünya Bankının maliyyələşdirdiyi su və kanalizasiya xətlərinin çəkilişi sona çatmaq üzrədir. Onun sözlərinə görə, Saatlı şəhərində, eləcə də yaxın ətraf kəndlərdə istehlakçıların daimi və keyfiyyətli su təchizatı üçün Kür Sutəmizləyici Qurğular Kompleksindən yekunlaşmaqda olan magistral kəmərlə rayona saniyədə 80 litr su ötürüləcək: “Artıq bu boru xəttinin 62 kilometri hazırdır. Qərara alınıb ki, layihədəki kəndlərdən əlavə digər yaşayış massivləri də içməli su ilə təmin edilsin”.

Saatlı şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi rayon mərkəzində 21312, Bəylik, Qıraqlı, Mustafabəyli kəndlərində 17219 nəfərə xidmət edəcək. Layihənin həyata keçirildiyi yaşayış məntəqələrində 3170 ünvanda borunun xəttə qoşulma işləri uğurla yekunlaşmaqdadır. Haqqında danışılan yaşayış massivlərini içməli su ilə təchiz etmək üçün rayon ərazisində hər biri 5000 kubmetr olan 2 su anbarı da inşa edilir. Buradan nasosxanaya axıdılan su 2 ədəd böyük ölçülü elektrik nasosu ilə xəttə ötürüləcək.Saatlı şəhərinin kanalizasiya xətlərinin yenidən qurulmasının birinci mərhələsi də artıq başa çatmaq üzrədir. İndiyə kimi burada 9 kilometr kanalizasiya xətti çəkilib. Çirkab suları emal edib, zərərsizləşdirmək üçün məhsuldarlığı sutkada 6500 kubmetr olan çirkabtəmizləyici qurğu da inşa edilir. Hazırda Saatlı şəhərində, Heydər Əliyev prospektində kanalizasiya çəkilişi davam etdirilir. Şəhərin mərkəzi olan prospektdə işlərin qızğın çağıdır. Əsas şəhər infrastrukturu burada yerləşdiyindən işlər bir an belə dayanmır.

Ölkə başçısının  yüksək diqqət və qayğısı sayəsində son illər Saatlıda qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində rayonda ardıcıl işlər görülüb. Əlisoltanlı kəndində istismar müddətini başa vurmuş “fin evləri”nin yerində bütün sosial-texniki  infrastruktura malik 230 fərdi yaşayış evi tikilib. Hazırda məcburi köçkünlərin evlərə köçürülməsi başa çatmaq üzrədir. Yeni salınmış qəsəbədə 198 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub-kitabxana, poçt, tibb məntəqəsi və ərazi nümayəndəliyi üçün binalar tikilib. Eyni zamanda, qəsəbənin enerji, təbii qaz, içməli su sistemləri tam qurulmuş, qəsəbədaxili yollara asfalt örtüyü döşənmiş və küçələrin işıqlandırılması təmin olunub.

Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni iş yerlərinin açılmasına xüsusi fikir verilib, yerli ehtiyatlar nəzərə alınmaqla iş adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektoruna hərtərəfli şərait yaradılmışdır.  2014-cü ildə şəhərin Vaqif küçəsində sutkalıq istehsal gücü 15 ton olan  müasir tipli çörək zavodu tikilərək istifadəyə verilib. Maraqlı məqamlardan biri də budur ki, 18 dekabr 2014-cü ildə Qıraqlı kəndində sahibkarlığın inkişafına dövlət dəstəyi mövzusunda keçirilən seminar-müşavirədə 80 fermer və sahibkar iştirak edib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Saatlıda 216 yeni iş yerinin yaradılması üçün 96 subyektə güzəştli kreditlər verilib və sahibkarlara yeni investisiya layihələri təqdim edilib. Hazırda rayonda 634 hüquqi, 4273 fiziki şəxs kiçik və orta sahibkarlıqla məşğul olur. Ümumilikdə, 2014-cü ildə rayonda 880 yeni iş yeri yaradılıb ki,  bundan  556-sı daimidir. Məlumat üçün deyək ki, dövlət proqramlarının qəbul edilməsindən ötən illər ərzində Saatlıda cəmi 24546 yeni iş yeri yaradılıb ki, bunun da 16502-si daimi iş yerləridir.  

2014-cü ildə Saatlıda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi davam etdirilib. V. Əsgərov adına şəhər 4 saylı tam orta və Məmmədabad kənd ibtidai məktəbləri yeni dərs ilində istifadəyə verilib.

Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir olunması insanların daha gözəl şəraitdə müayinə və müalicə edilmələrinə geniş imkanlar yaratmışdır. Xəstəxana təmirdən sonra müasir tibbi avadanlıqla və zəruri vasitələrlə təchiz olunub. Müasir tibbi avadanlıqlardan istifadə üçün həkimlər qısamüddətli tibbi kurslara cəlb olunub. Millət vəkili, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə səhiyyənin müxtəlif sahələrini əhatə edən həkim briqadaları tərəfindən müayinə və müalicəyə ehtiyacı olan əhaliyə tibbi köməkliklər göstərilib. Rayonda açılan Tibb Kollecinin binasında əsaslı təmir, yenidənqurma işləri aparılıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi Təşkilatı yerli icmaların təkliflərini dəstəkləməklə, Qarayevkənd və Yeni Novruzlu kəndlərində tibb məntəqələri üçün müasir binalar tikib. Ümumilikdə rayon üzrə 54296 nəfər tibbi müayinədən keçib.

2014-cü ildə Mədəniyyət evində, Uşaq Musiqi məktəbində, Mərkəzləşdirilmiş kitabxana sistemində, uşaq kitabxanasında, Adıgün kənd mədəniyyət evi və Novruzlu kənd klubunda ümumilikdə 48,8 min manat dəyərində  cari təmir işləri görülüb. Yerli özünüidarəetmə orqanları olan bələdiyyələr tərəfindən ötən il 105576 manat dəyərində 94 yerli əhəmiyyətli layihə həyata keçirilib.

 

Tarix
19 İyun 2015 [22:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin