Ana səhifə
17 Noyabr 2018

“Milli rəqslərimiz milli dəyərimizdir

Hər bir xalqın ən qiymətli mirası onun milli dəyərləridir

 

 

Milli rəqslərimiz təkrarolunmazdır, özündə qədim və zəngin tarixi daşıyır

 

Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının milli dəyərləri çox zəngindir. Onlardan biri milli rəqslərimizdir. O təkrarolunmazdır, özündə qədim və zəngin tarixi daşıyır. Qobustan ərazisindəki qayaüstü təsvirlər, Ordubad ərazisində Gəmiqaya dağındakı əl-ələ verib dövrə ətrafında rəqs edən insan şəkilləri, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif əşyaların üzərindəki yallı oynayan insan rəsmləri, tarixi araşdırmalar Azərbaycanda mərasim rəqsi sayılan “Yallı”nın tarixini eramızdan əvvəl V minnilliyə aid olduğunu sübuta yetirib.

Çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətləri özündə əks etdirən mərasim rəqsləri sonrakı dövrlərdə xalqımızın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edib. Artıq erkən orta əsrlərdən başlayaraq əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri (mərasim, məişət, qəhrəmanlıq, idman, xorovod-oyun  və s.) formalaşmağa başlayıb. Bu rəqslər tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həyat və məişətini özündə əks etdirir. 

 

«Elə bilirdim ki, buludların üzərində uçuram»

Milli rəqslərimizin inkişaf etdirərək yeni çalarlarla zənginləşdirilməsində Roza Cəlilovanın böyük xidmətləri olub. O deyir: «Lirik rəqslərimiz mənim nəfəsimdir. “Tərəkəmə”, "Gəlmədi", “Naz eləmə” rəqslərini oynamaq üçün səhnəyə çıxanda tamaşaçıları görmürdüm. Elə bilirdim ki, buludların üzərində uçuram. Bu rəqslərdə hər bir hərəkət özlüyündə böyük bir məna kəsb edir. Ən sadə fikir və hisslərdən başlayaraq dərin duyğuları, sevinci, ümumilikdə mənəvi yaşantıları fiziki hərəkətlərlə "demək" ən səlis və qeyri-adi ünsiyyət vasitəsidir ki, mən də rəqsimlə bunları tamaşaçılara çatdırırdım. «Üç gül» rəqsi də ifamda çox maraqlı alınırdı. Onun musiqisini bəstəkar Rəşid Əfəndiyev yazmışdı.

 Elə iş olmayıb ki, rəqqasə həm lirik, həm də cəld, dinamik rəqsləri eyni məharətlə ifa etsin. Amma bütün növdə rəqslərim olub. «Lalə» rəqsi dinamikdir. Mən onu Türkiyədə oynayanda düz 3 dəfə alqışlarla təkrar səhnəyə çağırdılar. O dövrdə incəsənət tamaşaçıları öz səviyyəsinə qaldırdı, indi isə əksinə olub. Qalan ömrümü verərdim o günə ki, səhnədə bircə dəfə «Qaragöz» oynaya biləydim.

Mən 57 rəqs ifa etmişəm. Onlar məhz mənim üzərimdə qurulub. Rəqqasın süzməyi, baxışı, utanmağı, incəliyi olmalıdır. Bu yaxınqlarda bir rəqs lentini izlədim. Orada rəqqasə kəlağayını üzünə tutaraq, gözlərini süzdürərək elə oynayırdı ki, ürəyim atlandı. Onun hər tərpənişi, hərəkəti mənalı idi. Zərif əl-qol hərəkətləri, incə yeriş, rəqsin musiqi və məzmunu ilə sıx bağlı olan mimika, mülayimlik məni heyrətləndirdi. Sanki o oynamır, sadəcə danışır, heç kəsin bilmədiyi, lakin hamının anladığı bir dildə. Azəri qızı belə olar da! Bu rəqs «İnnabı» idi».

Haşiyə: Varlı və zadəgan qadınların evində meydana gəlmiş «İnnabı» rəqsini Əminə Dilbazi yüksək peşəkarlıqla ifa edib. Əminə xanımın «İnnabı» rəqsində varlı qadının fərəhini, onun yarışmaq istəyini, lovğalığını yox, nisgilini, xiffətini, bir sözlə romantik dünyasını göstərməyə çalışıb. Onun «Innabı»sı heç də təsadüfi deyil ki, daha çox süzgün hərəkətlər, əl darağının zərif, incə oynatmaları üzərində qurulub, sındırmalar minimuma endirilib. Əminə Dilbazi bu rəqsi məchul, məxfi bir sevgi macərası, bir sevgi əhvalatı kimi oynayıb. Onun incə silueti, süzgün baxışları, uzun kiprikləri və ağır-səngin ədaları səhnədə çox maraqlı bir qadın obrazı yaradıb.

Roza xanım «Mirzəyi» rəqsini də çox sevdiyini söyləyir. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməyib. O sözsüz nəğmə, zərifliyin harmoniyasıdır. «Bu rəqs mənim repertuarımda daim öz layiqli yerini alıb. Unutmaq olmaz ki, hər bir rəqsin öz xətti, öz siması, milli elementləri, öz tavrixi var. Onu eynilə saxlamaq lazımdır»,-Roza Cəlilova bildirir.

O deyir ki, «Nəlbəki» rəqsinin musiqisi Azərbaycan milli folklorunun mühüm tərkib hissəsidir. Bu rəqsdə onun yaradıcılarının xarakteri, temperamenti hiss və düşüncələri öz əksini tapıb. Adətən «Nəlbəki» rəqsi «Xınayaxtı» mərasiminin yaraşığıdır.

Xatırladım ki, bu il Ağ Evdə Novruz bayramı münasibəti ilə keçirilən tədbirdə milli geyimli qızlar "Nəlbəki" rəqsi ilə Azərbaycanı təmsil ediblər.

Roza Cəlilovanın sözlərinə görə, «Uzundərə» və «Vağzalı» rəqsləri də Azəprbaycan toyları ilə sıx bağlıdır. Bu rəqslər arasında müəyyən bənzərliklər var. Onlar insanda qeyri iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir».

Roza Cəlilova, «milli rəqsləri ifa edərkən rəqs paltarları da önəm daşıyır» deyir. «O dövrdə maddi cəhətdən çox çətinlik çəkirdik. Arzu etdiyin sayda, ürəyindən keçən zövqdə rəqs paltarı almaq olmurdu. Müasir rəqqşasələrin əksəriyyəti zər-zibaya üstünlük verirlər. Çalışırlar ki, tamaşaçı rəqsdən çox əynində olan paltara diqqət yetirsin. Zər-ziba geçmiş əyyamlarda olardı. Həm də kapron parçalar xalqımıza xas geyim tərzi deyil. Bizim rəqs paltarımız xaradan, baftadan tikilərdi. Başımıza indiki kimi tac qoymazdıq, silsilə taxardıq. Mən indi heç bir rəqqasənin başında silsilə görmürəm. 1991-ci ildə Azərbaycandan Amerikaya gedən ilk rəqs kollektivini («Gülüstan») mən yaratmışam. O vaxt səfər üçün lazım olan rəqs paltarlarını, bəzək əşyalarını Dağıstanda hazırlatdırıb gətirdik. Ancaq eskizlərini Bədirə Əfqanlı hazırlamışdı. Bilmirəm, indi bunları Azərbaycanda hazırlaya biləcək sənətkar var, ya yox.

Geyimimizdə açıq-saçıq qətiyyən olmazdı. Çünki bizim rəqs paltarlarımız da rəqslərimiz kimi milli olmalıdır. Rəqqasə sadəcə oynayıb səhnədən düşməməlidir. Oynadığı rəqslərin mənasını, məzmununu tamaşaçılara anlatmalıdır. Səslə ifadə edilməsi mümkün olmayan ən incə mətləbləri bədən üzvləri vasitəsilə tamaşaçıya çatdırrmalıdır. Elə rəqs sənətinin qüdrəti, qüvvəti, vüsəti də bax burasındadır».

 

" Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur»

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Aynur Tağıyeva isə bildirir ki, milli rəqslərimiz o qədər zəngindir ki, onlardan nəinki Azərbaycan bəstəkarları, incəsənət xadimləri, başqa millətlərin nümayəndələri, o cümlədən ermənilər də istifadə edib. Məsələn, Azərbaycaın qədim rəqslərindən olan «Uzundərə» Aram Xaçaturyanın "Qayane" baletində IV pərdədə, Lev Atamanovun "İt və pişik" (1955) cizgi filmində istifadə olunub.

Aynur Tağıyeva bildirir ki, Azərbaycan toylarının rəmzi sayılan «Vağzalı»  rəqsinin melodiyasından Aram Xaçaturyan  "Qayane" baletində  "Qılınclarla rəqs"inin bir hissəsində istifadə edib. 1940-cı ildə isə erməni bəstəkarı konsert verərkən Azərbaycanın “Köçəri” rəqsindən yararlanıb.

Xalq rəqsimiz olan “Novruzu” rəqsini isə vaxtilə Armen Tiqranyan “Anuş” operasında xəyalpərvər rəqs kimi işləyib. Biz isə bu rəqsi tamamilə unutmuşuq. «Ənzəli» rəqsindən A. Spendiarov bəhrələnib. Ermənilərin «Pepo» filmində isə «Mirzəyi» rəqsindən istifadə olunub. Sonradan bu rəqslərimizə iddia ediblər.

Ermənilər bizim rəqsləri oğurlamaq, özünküləşdirmək üçün başqa vasitələrdən istifadə edirlər. Bura təbliğat və beynəlxalq təşkilatlara müraciətlər daxildir. Məsələn, Rusiyanın "1-ci kanal"ında (keçmiş ORT) yayımlanan “Jit zdorovo” verilişində erməni mətbəxinə həsr edilən süjetdə Azərbaycanın “Uzundərə” qədim xalq rəqsi erməni rəqs nümunəsi kimi təqdim edilib.

«Erməniləşdirmə siyasəti»ndə milli rəqslərimizin erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına salınması cəhdləri də diqqət çəkir. Bu yaxınlarda Ermənistanın mədəniyyət naziri tərəfindən Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil edilməsi üçün UNESCO qarşısında məsələ qaldırmışdı. “Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsi cəhdlərdən biri də "Eurovision-2011" mahnı müsabiqəsi zamanı edilib.

Onların milli rəqslərimizi oğurlamaq üsullarından biri də vaxtilə Azərbaycan musiqi folklor nümunələrini nota salıb dərc etmələridir. XIX əsrin axırlarında bu əsərlər erməni rəqsləri kimi təqdim olunmağa başlanıb. Onların musiqi plagiatı pirat diskləri vasitəsilə də yayılır.

Aynur Tağıyeva deyir: «Bu siyahını kifayət qədər genişləndirmək olar. Yuxarıda adı çəkilən rəqslərdən ermənilərin istifadə etdiyini önə çəkməkdə məqsədim var. Ermənilər bir müddət keçdikdən sonra həmin rəqslərin özlərinə məxsus olduğunu iddia etmək həyasızlığını nümayiş etdirirlər. Ümumiyyətlə, ermənilər tərəfindən 40-dan çox musiqi nümunəmiz və rəqslərimiz mənimsənilib. Halbuki Ermənistan BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış bir qurumu olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı üzvü olduğundan, bütün ölkələr əqli mülkiyyətin qorunması ilə bağlı prinsiplərə əməl etməyə borcludur. Məsələ ondadır ki, Ermənistan buna əməl etmir. Burda bir səbəb var. ÜƏMT–nin “Folklor nümunələrinin qeyri-qanuni istifadəsinə və digər zərərli hərəkətlərə qarşı” beynəlxalq Konvensiyanın hələlik qəbul edilməməsi, lakin yaxınlarda qəbul ediləcəyi erməni saxtakarlarını tələsməyə məcbur edir. Buna görə də Azərbaycan tərəfi daha ciddi mübarizə aparmalıdır».

Qeyd edək ki,  Azərbaycan mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiənin təminatıilə əlaqədar yaranan münasibətləri «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Qanun tənzimləyir. Ölkəmizdən kənarda isə digər dövlətlərin hüquqi və fiziki şəxsləri folklor nümunələrindən kommersiya məqsədiilə yalnız Müəllif Hüquqları Agentliyinin icazəsi əsasında və istifadəyə görə haqq ödənilməklə istifadə edilə bilər.

Bu qurum istər «Uzundərə», istərsə də «Köçəri» rəqslərinin Azərbaycan xalqına məxsus olması barədə agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən və onların etimologiyasını açıqlayan arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib, oğurluğun qarşısını ala bilib. Bildirim ki, “Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür. Yallı təkcə musiqi və rəqs növü deyil, o qədim türk tarixinin başlıca möhürü, Azərbaycanımızın mənəvi emblemi və xalqımızın azərbaycançılıq simvoludur. Bu rəqsin özünün 100-ə qədər çeşidləri var.

Müəllif Hüquqları Agentliyinin səyləri nəticəsində həm də Rusiyanın müvafiq dövlət orqanı plagiatlıqla məşğul olan “Ani-Rekords”un fəaliyyətini dayandırıb və lisenziyasını ləğv edib. Studiyanın rəsmi rəhbəri X. Avedyan Rostovda çıxan “Yeddinci paytaxt” qəzetində dərc etdirdiyi “izahatı”nda yazıb: “...mən haradan bilim ki, o, erməni musiqisi deyil, onu həmişə bizdə çalırlar.” 

Ola bilər ki, X. Avedyan bunlardan xəbərsizdir. Amma onun «böyükləri» bunlardan xəbərdar idi. XIX əsrin erməni xadimlərindən olan M. Nalbandyan yazırdı ki, erməni “... melodiya və havalarının çoxu türklərdən (azərbaycanlılardan) götürülüb. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf  ki, bu günədək buna nail olmamışam! Düşünürəm ki, bizim musiqi alətlərinin adları: saz, santur, kaman-hamısı türkcədir”.

İ. Proxorov və Q. Skudina “Sovet musiqi mədəniyyəti” əsərində xüsusi qeyd ediblər ki, “Qayane” baletində erməniləşdirilmiş “Şalaxo” və “Uzundərə” Azərbaycan rəqslərindən geniş istifadə olunub. Rus tənqidçisi Q. Xubov yazırdı ki, “Xaçaturyan da hamı kimi, sadə oxşatmadan başlayıb”.

Bunlar isə ermənilərin oğru olduqlarını bir daha sübut edir. İsveç səyyahı Adam Mets demişkən- " Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur».

Artıq sözə ehtiyac yoxdur. Unutmayaq ki, hər bir xalqın ən qiymətli mirası onun milli dəyərləridir. O millətin həyat tərzini özündə cəmləşdirir, yalnız bir dövr insanlarının arzu və istəklərindən ibarət deyil, həm də xalqın düşüncə keçmişini, indisini və gələcəyini formalaşdırır. Milli dəyərlər, o cümlədən milli rəqslər eyni zamanda bir xalqın milli mənəvi irsini də nəsildən-nəslə ötürə biləcək əsas ünsürlərdən biri, xalqları, millətləri, toplumları digər xalqlardan ayıran ən üstün keyfiyyətlərdir. Bunu birinci Avropa Oyunlarında bir daya gördük. Milli rəqslərimizin nümayiş etdirilməsi onların əsl sahibinin kim olduğunu bir daha dünyaya göstərdi.

 

Emin Nəbili                                                                                                                                                                                                                                                                                                           

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur

 

 

Tarix
17 İyun 2015 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin