Daha 90 şagird  Peşə Təhsili Mərkəzinə ekskursiyaya aparılıb - FOTO

10:35 - 3 Mart 2024 - Cəmiyyət

Keçmiş məcburi köçkün məktəblilərin peşə mərkəzlərinə ekskursiyası davam etdirilir. Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə təhsil alan 90 şagird Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə ekskursiyaya aparılıb. Şagirdlər ekskursiyası  hər birində 30 nəfər olmaqla 3 qrup halında təşkil edilib. 

Ucnoqta.az xəbər verir ki, həyata keçirilən fəaliyyətlə bağlı şagirdlərə məlumat verən layihə rəhbəri Nizami Əsgərov qeyd edib ki, şagirdlərə paylanılan “Peşə təhsilinin üstünlükləri” adlı bukletdə Azərbaycanda peşə təhsili müəssisələri, əmək bazarında daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydalarının əks olunub:

“Siz həmin bukletdə əmək bazarında daha çox ehtiyac duyulan peşələrlə bağlı da məlumat ala bilərsiniz. Nəzərə alın ki, bu gün peşə seçimi ilə bağlı verdiyiniz qərarlar gələcək həyatınız üçün çox önəmli olacaq. Peşə liseylərinə qəbul isə sizin IX sinfin buraxılış imtahanında topladığınız bal əsasında aparılır. Burada öyrəndiyiniz peşə bacarıqları əsasında sonradan əmək bazarında özünüzə rahat iş yeri tapa biləcəksiniz”.

Daha sonra təlimçi Gülsarə Həsənova və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini Səbinə Hacıyeva şagirdlərə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində tədris olunan ixtisaslarla bağlı məlumat verib. 

Bildirilib ki, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində tələbələrə 18 ixtisas tədris olunur. Həmin ixtisasların əksəriyyəti hazırda əmək bazarında ehtiyac olan ixtisaslardır. Mərkəzdə Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, Kompüter ustası, Radio-televiziya aparatlarının təmiri və xidməti radiomexaniki, Əməliyyatçı-mühasib, Veb dizayner və proqram təminatçısı, Sistem və şəbəkə xidməti üzrə texnik, Qrafik dizayner, Kompüterlərin təmiri və texniki xidməti üzrə usta, Kompüterlərin təmiri və xidməti üzrə texnik, Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, Mobil telefonların təmiri ustası, Rabitə quraşdırıcısı-kabelçi, Poliqrafiya üzrə dizayner, Kargüzar, Elektronika və kommunikasiya sistemlərinin istismarı, Veb dizayn və proqram təminatı, Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı və İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi hazırlanır. 

Sonda şagirdlər Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzindəki tədris şəraiti, təhsil imkanları ilə tanış olublar. 
Qeyd edək ki, qarşıdakı müddətdə şagirdlər hər birində 30 nəfər olmaqla 3 qrup halında daha 3 Peşə Təhsili Mərkəzinə ekskursiyası nəzərdə tutulur. Peşə təhsilinə maraq göstərən şagirdlərin ekskursiyası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində baş tutur.


Xəbər xətti