Ana səhifə
17 Noyabr 2018

«Demokratiya dərsi verməyə çalışan ölkələrin çoxunda seçkiləri müşahidə institutu yoxdur»

Məzahir Pənahov: Heç bir beynəlxalq təşkilat Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin nəticələrini şübhə altına almayıb"

 

 

Azərbaycan Prezidenti yanında Bilik Fondunda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirilib. Görüşdə Bələdiyyə seçkiləri və  ölkə ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin seçkilərə münasibəti və mövcud çatışmazlıqlar müzakirə olunub. Tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov demokratik cəmiyyət quruculuğunun vətəndaşların özündən başladığını deyib. O, hazırda ölkələrin daxili işlərinə müdaxilə etməyin ən asan yolunun da məhz seçkilər olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar seçkilər zamanı karbohidrogen ehtiyatları və digər resursları olan ölkələrə münasibətdə fərqli maraqdan çıxış edirlər. MSK sədri bu mənada bir sıra beynəlxalq təşkilatların seçkilərlə bağlı mövqeyinin obyektiv olmadığını qeyd edib. O deyib ki, belə qurumlar əksər hallarda çatışmazlıqları aradan qaldırmaqla bağlı yox, fərqli məqsəddən çıxış edirlər. M.Pənahov beynəlxalq təşkilatların bu cür yanaşalarınınəzərə almaqla, hər kəsi sadəlövh olmamağa çağırdı. O,  “qərblidirsə, bizim mənafeyimizə uyğun mövqe qoyacaq” - deyə düşünməməli olduğumuzu bildirdi. “Heç kim bizim əvəzimizə demokratik ölkə qurmayacaq. Çünki demokratiyanın heç bir ölkənin daxili işi olmadığı məntiqindən çıxış edirlər və bu məntiqlə də razılaşmamaq olmur. Demokratiyanın ən əsas göstəricisi də seçkilərdir. Əfsuslar olsun ki, bu prosesdə də müəyyən söz sahibi olanlar var və mütləq həqiqəti ortaya qoymaq mümkün deyil. Məsələn, Azərbaycanda və başqa bir ölkədə seçki keçirilir, Azərbaycanda seçki daha yaxşı keçirilsə də, digər ölkədə seçkilərin daha yaxşı keçirildiyini bildirirlər. Düzdür, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da seçkilərdə müəyyən çatışmazlıqlar ola bilər. Lakin indiyədək heç bir beynəlxalq təşkilat Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin nəticələrini şübhə altına almayıb".
M.Pənahov deyib ki, dünyaya demokratiya dərsi verməyə çalışan ölkələrin çoxunda seçkiləri müşahidə institutu yoxdur.

Onun sözlərinə görə, İngiltərədə Seçki Məcəlləsi yoxdur: “1860-cı illərdə hansısa sənəd qəbul ediblər, sonra da 3 maddə dəyişiklik ediblər. Lakin bu, o demək deyil ki, onlar demokratik seçki keçirmir, bu, onların adət-ənənələrinə hopub. Seçkidən sonra da hamı seçkinin nəticələrindən razı qalır".
MSK sədri daha sonra çıxışında bildirdi ki, ATƏT-in ABŞ-da prezident seçkiləri zamanı müşahidə missiyası göndərməsi təklifi ilə çıxış edənlərdən biri Azərbaycan olub: “Hətta ABŞ-da ştatların birinin qubernatoru demişdi ki, müşahidəçilər gəlsə, həbs edəcəyik. Ancaq Azərbaycanda seçkilərə minlərlə müşahidəçi gəlir, dəvət olunur. Azərbaycanda keçirilən bələdiyyə seçkilərini isə adətən Avropa Şurasının Yerli və Regional İdarəetmə Konqresinin nümayəndələri müşahidə etməyə gəlir. Lakin bu Konqres də müəyyən bir mövqedən çıxış edir”.
M.Pənahov beynəlxalq qurumların ikili standartlardan çıxış etdiyini də qeyd edib: "Ermənistanda prezident seçkiləri zamanı ölümlər, həbslər olmuşdu. Ancaq Ermənistanda seçkilərlə bağlı ATƏT-in hesabatında heç nə yox idi, Azərbaycanla bağlı isə hər şey şişirdilmişdi. ATƏT-in hesabatlarında xristian həmrəyliyi var".
M.Pənahov eyni zamanda qeyd etdi ki, çatışmazlıqları gördüyümüz qədər də inkişafı görməliyik. Onun sözlərinə görə, Avropa bu məsələdə tarazlığı yarada bilib. “Prezident də ona görə çalışır ki, gənclərimiz xaricdə oxusun, həmin ölkələrdə həm irəliləyişləri, həm də çatışmazlıqları görsün”. 
Əsas məsələnin çatışmazlıqları aradan qaldırmağa çalışmaq olduğunu deyən M. Pənahovun sözlərinə görə, Almaniyada elə seçki pozuntusu olub ki, bu pozuntu Azərbaycanda baş versəydi, aləm qarışardı: “Seçki bülletenində Almaniyanın həmin bölgəsindəki namizədlərin birinin adı yox idi. Soruşdum ki, bu, necə olacaq? Buna çox sakit yanaşdılar, heç bir siyasi qüvvənin təmsilçisi bunun qəsdən edildiyi iddiasını irəli sürmədilər, texniki məsələdən qaynaqlandığını bildirdilər. Azərbaycanda belə hadisə olsaydı, bir sıra siyasi qüvvələrin hansı bəyanatlar verəcəyini proqnozlaşdırmaq çətin deyil. Vaxt vardı ki, bəzi siyasi qüvvələrin təmsilçiləri hansısa məntəqədə kiminsə əlində iki pasport görəndə deyirdilər ki, seçkini buna görə uduzublar”.
MSK sədri Azərbaycanda hakimiyyətin reytinqinin yüksək olmasının səbəbindən də danışıb: “Prezident insanlarla daim ünsiyyətdə olduğu, həyat şəraitləri ilə maraqlandığı və insanların həyat şəraitini yaxşılaşdırmağa çalışdığı üçün reytinqi kifayət qədər yüksəkdir”.
Dünən MSK tərəfindən həmçinin Azərbaycanda bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıb. Verilən məlumata görə, dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində 15 035 bələdiyyə üzvü seçiləcək. 

 

Qeyd edək ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı respublika üzrə 1718 bələdiyyəyə 15 682 üzv seçilib. Ancaq ötən dövr ərzində bələdiyyələrin birləşməsi prosesi nəticəsində bələdiyyələrin sayı 1718-dən 1607-ə enib. Buna müvafiq olaraq bələdiyyə üzvlərinin də sayı azalıb.

 

 

T.Qafarlı

Tarix
22 Oktyabr 2014 [19:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin