Ana səhifə
20 Avqust 2018

İki yaradıcı insanla səmimi söhbət...

İntiqam Soltan: «Həqiqəti yazmayacaqsansa, yazmamaq daha yaxşıdır »

 

 

Arzu Soltan: «Səhnələşdirdiklərini yazmağa ehtiyac var, yazdıqlarını səhnələşdirməyə yox»

 

 

Bakı Uşaq Teatrının bədii rəhbəri-direktoru İntiqam Soltan və onun həyat yoldaşı, jurnalist və ssenarist Arzu Soltan Ucnoqta.az-a müsahibə veriblər. İki yaradıcı insan öz fəaliyyətlərindən və işbirliklərindən danışdılar.

Bu günlərdə İntiqam Soltanın “Və s. Və s. Və s” adlı ikici kitabının təqdimatı olub. Kitab cəmiyyətdə rast gəlinən nöqsanlara qarşı münasibəti əks etdirən hekayələr, felyetonlar və şeirlərdən ibarətdir.

 

- İntiqam müəllim, “Və s. Və s. Və s” adlı ikinci kitabınızını təqdim etdiniz. Gələcəkdə necə, roman yazmaq arzunuz varmı?

- Roman yazacağıma inanmıram. Çünki hər zaman uşaqlarla işləyirəm və onların tempinə, sürətinə alışmışam. Daxili tempim uşaqların tempindən uzaqlaşa bilmir. Ona görə də, nə vaxtsa roman səviyyəsində əsər yazmaq haqqında düşünmürəm. Bir də ki, əgər bir səhifədə fikrimi yığcam çatdıra bilirəmsə, onu min səhifə etməyin mənası varmı? Bir səhifə min insan tərəfindən oxunacaqsa, min səhifə biri tərəfindən oxuna bilər.

 

- Yaradıcı insanların daha çox sevgi, məhəbbət mövzusuna müraciət etdiyini görürük. Amma Siz cəmiyyətdəki çatışmamazlıqları qeyd etmək üçün felyetonlara, kiçik esselərə üstünlük verdiniz…

 - Uşaqlarla işlədiyimizə görə romantika ikinci planan keçir. Onları gələcəyə hazırlamaq üçün maarifləndirmə işi aparmalıyıq. Maarifləndirmə işi də yalnız həqiqəti deməklə mümkündür. Bəzən səhnədə həqiqətləri deyə bilməyəndə insanın daxilində yığılıb qalır. Onu hansısa formada biruzə verməliyik. Bir də ki, həqiqəti yazmayacaqsansa, yazmamaq daha yaxşıdır.

 - Arzu Soltan: “Və s. Və s. Və s” kitabı İntiqam müəllimin ikinci kitabıdır. Birinci kitabı daha çox sevgi şeirlərindən ibarətdir. İkinci kitabda da şeirlərə yer verilib.

 

- Arzu xanım da yaradıcı insandır və hər zaman bir yerdə olursunuz. Sizin üçün bir yerdə işləmək çətin olmurmu?

- İ.Soltan: Arzu xanımla hər birimizin özünəməxsus yaradıcı yanaşmamız var. Mübahisələrimiz də olur. Bu da təbiidir. Bir tamaşanın iki rejissor tərəfindən qurulduğunu görmüsünüzmü? Yox. Ssenarist yazır, rejissor isə tamaşa qurur. Bir yerdə işlədiyimizə baxmayaraq, Arzu xanımla səhnə qarşısında dayanıb, birlikdə tamaşa qurmuruq. Düşünürəm ki, ən doğru seçimimiz budur. Çünki Arzu hər hansı çətinlik olanda məndən soruşur, mənim də çətinliyim olanda ondan soruşuram. Arzu xanım yaradıcılığımın istinad nöqtəsidir. İstinad nöqtəm olmasa mən heç nə edə bilmərəm.

 

- O zaman istinad nöqtənizin də fikirlərini öyrənək…

 - A.Soltan: Asan iş yoxdur. Çətinlikdən qorxmamalısan ki, yaxşı nəticə olsun. Əgər nəticə yaxşıdırsa, deməli, bir yerdə işləməyimiz alınır.

 

- Demək ki, bir yerdə işləmək olur..

 - İ.Soltan: Əlbəttə, bir yerdə işləmək olur. Çünki Arzu xanım Azərbaycanda kino nəzəriyyəsini bəzi kinoşünaslardan yaxşı bilir. Belə bir söz var ki, “Rejissor çəkdiyi gözəl kadrları lazım gələndə montajda kəsib ata bilmirsə, yaxşı rejissor deyil”. Yəni ortaq iş görmək istəyirsənsə, bir az öz istəklərindən vaz keçməyi bacarmalısan. Yaradıcılıq sahəsində bu, çox çətindir və burada mənəm-mənəmlik daha öndə olur. Bununla belə, çətin işi bacarmağın başqa tərəfləri də var, düzənlikdə, yolda hər kəs at da çapa, maşın idarə edə bilir. Sıldırım qayaların başındasa hər kəs at çapa bilmir. Amma ayağına dolaşan olmur, sərbəstlik var. Çünki ora dırmaşmağa qorxurlar.

 

- A.Soltan:  Bir aqildən soruşurlar ki, əsl sevənlə, özünü sevən kimi göstərən insanının fərqini necə bilmək olar?

Aqil bunu əyani göstərmək üçün əvvəlcə bir neçə cütlük dəvət edir və qarşılarına şorba,  yanına da qulpu bir metr olan qaşıq qoyur. Cütlüklər qulpu bir metr olan qaşıqla şorbanı yeyə bilmirlər. Şorbanı ətrafa, üst-başlarına dağıdır, sonda da ac qalırlar. İkinci dəvət olunan cütlüklər isə eyni qaşıqlarla şorbanı bir-birilərini yedizdirirlər. Aqil deyir ki, əsl sevənlər bunlardır. Yəni işdə də, əməkdaşlıqda da qarşı tərəfi düşünmək lazımdır. Sən qarşı tərəfi, qarşı tərəf də səni düşünəndə əməkdaşlıq yaxşı alınır.

 

- Qeyd etdiniz ki, yaradıclıq zamanı müəyyən mübahisələriniz olur. Belə çıxır ki, bir-birinizin tənqidçisi də özünüzsünüz?

- İ.Soltan: Bəli, doğrudur. Mənim birinci tamaşaçım Arzu xanım, Arzu xanımın birinci oxucusu mən olmuşam həmişə.

 

- Kitabınızda Cəlil Məmmədquluzadə dəst-xətti var. C.Məmmədquluzadədən bəhrələnmisinizmi?

- İ.Soltan: Əlbəttə, bəhrələnmişəm. Qorxuram desinlər ki, Cəlil Məmmədquluzadəni təqlid etməyə cəhd edib. Amma elə deyil. Cəlil Məmmədquluzadənin təsirinə düşməkdən heç vaxt çəkinmirəm. Çünki o, elə bir dəryadır ki, istənilən tərəfə üzmək mümkündür. Eləcə də özünü müstəqil göstərə bilirsən.

 

- Arzu xanım kitabı oxumusunuz?

 - A.Soltan: Bəli, kitabın redaktoru mənəm.

 

- Onu necə qiymətləndirirsiniz?

- Mən bütün fəaliyyətim boyu inqilab yox, təkamül tərəfdarı olmuşam. Hər zaman inanmışam ki, biz gənclərimizi, tamaşaçı və oxucularımızı yavaş-yavaş təkamül yolu ilə inkişafa apara bilərik. Onların daha zəhmətsevər, daha dünyagörüşlü, daha təşəbbüskar, daha elmli, daha vətənpərvər olmasına nail ola bilərik. Hesab edirəm ki, İntiqam müəllim aktyor, rejissor və teatr rəhbəri olmaqla yanaşı, yazarlığı ilə də bu məqsədə xidmət edir.

 

- İntiqam müəllimdən sonra kitab yazmaq həvəsinə gələcəksiniz?

 - İ.Soltan: Bu suala mən cavab vermək istəyirəm. Arzu xanımın gənclik illərindən yazdığı çox gözəl şeirləri var. Dəfələrlə o şeirləri kitab şəklində toplayıb çap etdirməsinin gərəkli olduğunu bildirmişəm. Amma qismət belə imiş ki, mən ondan əvvəl kitab çap etdirdim. Arzu çox gözəl yararıdıcı insandır, sözün namusunu çəkə bilən bir yazardır. Sözün namusunu qorumaq hər jurnalistə, yazara qismət olmur. Lev Tolstoyun bir sözü var: “Ədəbiyyat yeganə sözün yeganə yerində işlədilməsidir”. Arzunun yaradıcılığında hər kəlmə öz yerində işlənir. Mübahisə edəndə yox, yazanda.

- A.Soltan: İntiqam müəllim də, bəzən oxucular, tamaşaçılar da şeirlərimi, piyeslərimi kitab halında görmək istədiklərini bildiriblər. Amma məndə bir az mükəmməlçilik xəstəliyi var. Mükəmməl hesab etmirəmsə, o işlə razılaşmıram.

- İ.Soltan: Mən o fikirlə razılaşmıram. Ona görə ki, mükəmməllik o adamlara lazımdır ki, mükəmməliyə ehtiyacları var.

 

 - İntiqam müəllim, nə vaxtsa yazdığınız əsərləri səhnələşdirmək kimi fikriniz varmı?

- Xeyr. Səhnləşdirmək üçün xahiş edirəm, yazırlar. Ona vaxt itirməyə dəyərmi? Onsuz da yazacam, yenidən düzəldəcək.

- A.Soltan: Əslində, İntiqam müəllim həm də yaxşı ssenaristdir. Uşaq teatrında bəzi tamaşaların ssenaristi özüdür. Birbaşa hansısa ideyanı götürüb, onun üzərində səhnə hazırlayır.O tamaşanın müəllifi olduğu halda afişada adını yazdırmır. Ona görə də səhnələşdirdiklərini yazmağa ehtiyac var, yazdıqlarını səhnələşdirməyə yox.

 

- Hazırda Uşaq Teatrında hansı yeniliklər var? Bir azdan teatr məzuniyyətə çıxacaq…

- İ.Soltan: Azərbaycanda ən sürətlə işləyən teatr Uşaq Teatrıdır. Harada bir tədbir olursa, mütləq orada Uşaq Teatrı iştirak etməlidir. Hərdən bizim iştirakımız olmadan tədbir keçiriləndə təəccüblənirəm. Bir çox nazirliklərlə işləyirik. Narkomaniya, insan alveri və başqa problemlərlə mübarizə ilə bağlı tamaşalar hazırlamışıq. Tamaşalar olmasa belə, teatrda yay aylarında da iş davam edir. Aktyor hər zaman məşqlərdə olmalıdır. İki-üç gün işləməyən rejissor yeni tamaşa qoymağa, səhnəyə çıxmayan aktyor isə səhnəyə çıxmağa bir az ehtiyat edir. Cəfər Cabbarlının bir sözü vür, “Aktyorun musiqi aləti özüdür. Musiqi alətini istifadə etməyəndə kökdən düşür. Kökdən düşmüş muqisi aləti ilə musiqi ifa etmək olmaz”. Ona görə də biz məşqlərimizi  hələ ki, davam etdiririk.

- A.Soltan: Türkiyədən dəvət almışıq. İllərdir “Ramazan etkinlikləri”nə dəvət olunuruq və Türkiyənin müxtəlif şəhərlərində bu tədbirlərdə iştirak edirik. Yəqin ki, bu yayda da Türkiyədə olacağıq.

 

- Teatrınız bir az şəhərdən kənarda yerləşir. Tamaşaçılar teatrın uzaqda yerləşməsinə görə etiraz edirlərmi?

- İ.Soltan: Uşaq Teatrı paytaxtın mərkəzindən 20-25 km kənarda yerləşir. Hər dəfə eyni şikayəti dilə gətirmək istəmirəm. Prinsip etibarilə biz öz işimizi görürük. Ümumiyyətlə, Azərbaycanda çatışmazlıqların kökündə peşəkarlığın az olması və professionallığın olmaması dayanır. Uşaq Teatrının kənarda yerləşməsi peşəkarlığın çatışmazlığından irəli gəlir.

 

- Siz aktyor, rejissor kimi fəaliyyət göstərirsiniz, indi isə yazıçı kimi fəaliyyətə başladınız. Gələcəkdə daha çox necə yadda qalmaq istərdiniz?

- İ.Soltan: Ümumiyyətlə, yaddaşlardan silinmək daha xoşdur ki, qəbirdə rahat yata biləsən. Yadda qalmaq haqqında düşünmürəm. Adətən, dindarlar bu dünyada oturub, o biri dünyaları haqqında fikirləşirlər. Sadəcə, gördüyüm işləri elə görmək istəyirəm ki, tez eroziyaya uğramasın. Yazdıqlarımın 90 faizi teatra həsr edilib. Baş qəhrəmanlarımın əksəriyyəti teatr və mən özmüməm. Çünki tənqid özümdən başlayır. Yazmaq mənim hobbimdir və asudə vaxtımı səmərəli keçirmək istəyirəm. - A.Soltan: İstənilən halda İntiqam müəllim teatr xadimidir. Onun böyük sevgisi teatrdır.

 

- Arzu xanım, yaradıcı bir insanın həyat yoldaşı olmağın üstünlükləri nələrdir?

- Yaradıcı insanın məsələlərə fərqli, özünəməxsus münasibəti olur. Bu isə yaşamı maraqlı edir.

 

 

Rəqsanə

Tarix
11 İyun 2015 [10:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin