Ana səhifə
22 Fevral 2018

Problemli kreditləri idarə etmək lazımdır

Əli Məsimli: “Ölkədə dolların məzənnəsinin artması ixracın artmasına yardım edir”

 

 

 

Son zamanlar manatla olan əmanətlər sürətlə dollara çevrildiyindən banklar kreditləri aktivlərində olan əmanətlərə görə dollarla verirlər. Bu ilin aprel ayının 1-ə banklarda olan 18 milyarda 531 milyon manatlıq cəmi depozitlərin 12 milyard 572 milyon manatı və 70 faizini dollarla olan əmanətlər təşkil edir. Bank əmanətlərinin dollarlaşmasının hazırkı səviyyəsi son 10 ilin ən yüksək göstəricidir. Banklardan manatla geri götürülən vəsaitlər sonradan banklara dollarla qayıtdığından onlar manatla kreditləşməni davam etdirə bilmirlər. Verilən məlumata görə, bu problemi həll etmək üçün Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar da bu pulu öz növbəsində yalnız kreditləşməyə sərf edə biləcəklər. Hesab edilir ki, Mərkəzi Bankın bu siyasəti mövcud problemi yumşaltsa da onun dayanıqlı həllini təmin edə bilməyəcək. Çünki, yaranmış problemin əsl səbəbi manata olan inamın itirilməsindədir, ona görə də belə yanaşma ilə devalvasiya nəticəsində milli valyutanın zədələnmiş reputasiyasını bərpa etmək mümkün olmayacaq. mövcud problemin uzunmüddətli dövrdə həlli üçün məzənnənin və əmanət bazarında faiz dərəcəsinin iqtisadi üsullarla tənzimlənməsi siyasəti önə çıxmalıdır. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli milli valyuta, eləcə də bank sektoru ilə bağlı məsələlərə aydınlıq gətirir.

 

- Beynəlxalq Valyuta Fondu misiyası bəyan edib ki, bu ilin sonuna inflyasiya bir rəqəmli, müstəqil ekspertlər isə hesab edirlər ki, ikirəqəmli olacaq...

 

- 2015-ci ildə Azərbaycanda inflyasiya aşağı səviyyədə olacaq və 5 faizi ötməyəcək. Amma Mərkəzi Bank düzgün siyasət yürüdə bilsə, bu mümükün olacaq. Əks təqdirdə, bu göstərici 7-8 faiz səviyyəsinə çatacaq.

Məlum olduğu kimi, ölkədə dolların məzənnəsinin artması ixracın artmasına yardım edir. Çünki manatın zəifləməsi nəticəsində malları istehsal etmək sərfəli olacaq və dünya bazarında yerli məhsulların rəqabət qabiliyyəti güclənəcək.

Xatirlayırsınızsa, manatın dollara nisbətdə məzənnəsinin yüksək olduğu dövrdə bir çox Azərbaycan məhsulu eyni keyfiyyətdə olan əcnəbi analoqları ilə müqayisədə daha baha qiymətə idi. Buna görə də onların dünya bazarlarına çıxması çətinləşirdi, lakin manatın ucuzlaşması onları dünya bazarlarında əlçatan edir. Bununla belə, sahibkarlara xarici bazarlara çıxmaq üçün şərait yaratmaq lazımdır.

 

- Hazırda narahatçılıqla izlənilən məsələlərdən biri də, problemli kreditlər məsələsidir. Dəfələrlə gündəmə gəlsə də öz həllini tapmır. Əslində nə baş verir?

 

-Vaxtı keçmiş kreditlərin qaytarılması məsələsi təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə MDB məkanına aid ölkələrin əksəriyyətində aktual müzakirə obyektinə çevrilmiş sosial-iqtisadi məsələlərdən biridir. Amma bizdə vaxtı keçmiş kreditlər son illər özündən əvvəlki illə müqayisədə həm mütləq rəqmlərdə, həm faiz nisbətində nəzərəçarpan dərəcədə artıb. Belə ki, 2010-2014-illər ərzində vaxtı keçmiş kreditlərin həcmi hər il orta hesabla 20 faiz və yekun nəticədə sözügedən illər ərzində təqribən  2 dəfə artaraq 493 milyon manatdan 976 milyon manata çatıb. Göründüyü kimi, manatın 21 fevral 2015-ci il tarixli devalvasiyası haqqında qərar verilməzdən əvvəl də, vaxtı keçmiş kreditlər hər il aşağısı 6 faiz, yuxarısı 29 faiz olmaqla artmaqda idi. Lakin manatın  devalvasiyası vaxtı keçmiş kreditlərin daha sürətli şəkildə artmasına təsir göstərib. 2015-ci ilin 21 fevral tarixli devalvasiyadan keçən sonrakı aylarda artıq vaxtı keçmiş kreditlərin həcminin 1,2-1,3 milyard manata çatdığı bildirilir ki, bu da bütöblükdə 2014-cü illə müqayisədə 324 milyon manat və 33 faiz çoxdur. Bununla belə vaxtı keçmiş kreditlərin həcminin ümumi kredit portfelinə nisbətində isə son 5 ildə elə bir dəyişiklik olmayıb. Yəni  vaxtı keçmiş kreditlərin həcminin ümumi kredit portfelinə nisbəti 2010-cü ildə-5,4 faiz, 2011-ci ildə- 6,4 faiz,  2012-ci ildə- 6,1 faiz, 2013-cü ildə- 5,1  faiz, 2014-cü ildə -  5,3 faiz təşkil edib, devalvasiyadan sonra isə yenidən 6 faiz ətrafına qalxmaqdadır.

Problemin narahat doğuran məqamı ondan ibarətdir ki, Azərbaycanda vaxtı keçmiş kreditlər yox, iri məbləğli riskli kredit alanlar problemi daha ciddi fəsadlar yaradır. Çünki məhz əlverişli şərtlərlə alınan belə kreditlərdən bankın götürə bilmədiyi gəlirin yükünü digər sahələrə tətbiq olunan yüksək faiz dərəcələri vasitəsilə adi vətəndaşlar, kiçik və orta biznes nümayəndləri çəkməli olurlar. Bu da son vaxtlar problemli kreditlər məsələsinin digər bir tərəfini kəskinləşdirən  yeni problemlər yaradır. Banklara börcu olanları bir hissəsinin evləri, torpaq sahələri, digər daşınmaz obyektləri, avtomobilləri və sairləri bankların ətrafına yığılıb  çox əcaib və ölkəmizin perspektivləri üçün təhlükəli bir maliyyə oliqarxiyası yaranır. Ona görə də Azərbaycanda yerli istehsalın qarşına sədd çəkən “soyğunçu” faizlərdən, iqtisadi təhlükəsizliyimizə xələl gətirən bank və maliyyə manipulyasiyalarından əl çəkmək, bank kreditlərinin yetərli hissəsini yerli istehsalın inkişaf etdirilməsinə yönəlmək lazımdır.

 

- İqtisadçı millət vəkili Vahid Əhmədov hesab edir ki, problemli kreditlərdən qorxmaq yox, onu idarə etmək lazımdır…

             

- Problemli kreditləri qaytarmaqdan ötrü müxtəlif üsullardan istifadə olunur. Bankların praktikasında daha çox yayılmış yanaşmalara gəldikdə isə birincisi, borclunun öz öhdəliyini yerinə yetirməsi prosesi sərt nəzarətə alınır. Ümumiyyətlə bank-müştəri münasibətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına təsir edən bir fəaliyyət planı hazırlanıb həyata keçirilir. Bankdan kredit götürənin öz borcunu vaxtında qaytara bilməməsinin obyektiv səbəbləri olduqda, müxtəlif ölkələrin qanunvericiliklərində müxtəlif güzəştlər nəzərdə tutulur. Eyni zamanda müəyyən bir kredit üçün bank və müştəri arasında münaqişənin həllinin həmin situasiyaya uyğun həll üsulu seçilir və sair.

Fikrimcə, problemli kreditlərin idarə edilməsi bankçılıq  işinin ən mühüm tərkib hissəsi və  böyük yaradıcılıq tələb edən çox incə bir cəhətidir. Problemli kreditlər olub, var və bundan sonra da olacaq...Əsas məsələ problemli kreditlərlə elə işləmək, onu elə idarə etmək  lazımdır ki, həm bankla müştəri arasındakı münaqişəli vəziyyət uğurla aradan qalxsın, problem öz həllinə doğru yönəlsin, həm də bankın sabitliyi təmin olunsun və onun nüfuzuna xələl gəlməsin. Bundan ötrü həm qeyd etdiyimiz beynəlxalq, həm də öz praktikamızdan yaradıcılıqla istifadə edərək kreditlərin vaxtında qaytarılmasının işlək mexanizmi hazırlanmalıdır.

 

- Avropa oyunlarının iqtisadi tərəfi də gündəmin müzakirəsindən düşməyən məsələdir. Bu haqda nə demək olar?

 

- Avropa Oyunları Azərbaycanın bütün regionlarında böyük canlanmaya, müasir idman infrastrukturunun yaradılmasına səbəb olacaq. Bu nöqteyi-nəzərdən də yeni inşa olunan obyektlər Azərbaycanda həm idmanın inkişafına xidmət edəcək, digər tərəfdən isə gələcəkdə ölkədə böyük idman tədbirlərinin təşkili üçün şərait yaradacaq. Yəni, gələcəkdə Azərbaycan az maliyyə vəsaitləri xərcləməklə də uzun müddət ərzində ən böyük idman tədbirlərini təşkil etmək imkanlarına malik olacaq. Bəzən belə bir fikirlər səsləndirilir ki, Avropa Oyunlarına xərclənən vəsait oyunların sonuna kimi çıxarılmalıdır və sairə. Bu cür yanaşmalar doğru deyil. Dünyanın heç bir yerində belə hal ola bilməz. Təbii ki, xərclənmiş vəsaitlərin bir hissəsi oyunların sonuna kimi qazanc formasında çıxarılacaq. Digər hissəsi isə tədricən çıxarılacaq.

Avropa Oyunları həm də Azərbaycanda turizmin inkişafına böyük təkan olacaq. Yəqin ki, Avropa Oyunlarını izləmək üçün Azərbaycana gələcək insanlar özləri ilə gətirəcəkləri avro və dollar vəsaitlərini manata çevirəcəklər. Bu isə müəyyən vaxt ərzində manatın kursunun möhkəmlənməsinə təsir edəcək. Bütövlükdə götürdükdə isə, Avropa Oyunlarına hazırlıq işlərinə sərf olunan vəsait itməyəcək. Bu vəsait qısa müddətdə olmasa da, ancaq orta müddətdə çıxarılacaq. Digər tərəfdən isə qoyulan vəsait Azərbaycanda sosial, maliyyə və iqtisadi effekt yaradacaq”. Bununal yanaşı, dünya bazarlarında neftin artan qiyməti də Azərbaycana daha çox xarici valyuta, əsas etibarı ilə dolların daxil olmasına gətirib çıxaracaq. Bu da təbii ki, manatın kursunun möhkəmlənməsinə təsirsiz ötüşməyəcək.

 

 

 

Əfsun

Tarix
10 İyun 2015 [21:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ