Ana səhifə
21 Noyabr 2018

«Bakı 2015» İlk Avropa Oyunlarının məşəlçiləri danışdılar

Arif Babayev: “Mehriban Əliyevanın məşəlini mən yandırdım”

 

 

Mənsum İbrahimov: “İlk Avropa Oyunları ilə Azərbaycan yeni tarix yazır”

 

 

“Bakı 2015” İlk Avropa Oyunlarının məşəli bölgələrdən sonra Bakıya gətirilib. Məşəli Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Avropa Oyunlarının məşəli iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna gətiriləcək.

Məşəlçilər sırasında bir çox tanınmış mədəniyyət insanları da iştirak edib. “Üç nöqtə”yə danışan xalq artisti Arif Babayev bildirdi ki, Azərbaycanın bütün dünyada tanınmasında İlk Avropa Oyunlarının böyük rolu olacaq: “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük tarixdir. İyunun 7-də birinci xanımımız Mehriban Əliyevanın məşəlini mən yandırdım. Avropa Oyunları ölkəmiz üçün çox böyük bir hadisədir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi elə-belə iş deyil. Bu oyunlara böyük səylə diqqət, böyük zəhmət, qayğı göstərilir. Təhlükəsizlik qaydaları yüksək səviyyədədir. İnanın ki, mən  Azərbaycanda doğulduğum üçün fəxr edirəm və bir daha məşəl zamanı fəxr etdim. İnsanlar İlham Əliyevi, Mehriban Əliyevanı və digər məşəl daşıyıcılarımızı, güləşçilərimizi çox gözəl qarşılayırdılar. Bir sözlə, böyük bir əhval-ruhiyyə, coşqu vardı. Onlar Azərbaycanı tarixiləşdirdilər. Sevinirəm ki, Avropa Oyunlarında məşəlini daşıdıq”.

Xalq artisti onu da dedi ki, Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri gedir: “Dövlətimiz Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb və hər şey öz qaydasındadır. Məşəl yandıran zaman geyindiyimiz formalar da yüksək səviyyədə hazırlanıb. Paltarı geyinən zaman dedim ki, yekə adamam, forma mənə gəlməyəcək. Amma elə bil əynimdə ölçülüb-biçilmişdi. İnanın ki, məşəl çox gözəl, möcüzə kimi idi. Allah Azərbaycanı, dövlətçilyimizi qorusun, həmişə bayrağımız yüksəklərdə dalğalansın. Bir xanəndə kimi dua edirəm ki, Azərbaycanımız güllə səsi eşitməsin, millətimiz sülh, əminamanlıq içində yaşasın. O gün olsun ki, bayrağımız və bu məşəllər Qarabağda qalxsın. Bu, hər birimizin arzusudur. Ölkə başçımız İlham Əliyevin qüvvəsinə inanıram. Gec-tez bayrağımızı Qarabağda qaldıracağıq”.

İlk Avropa Oyunlarının məşəl daşıyıcılarından biri də xalq artisti Mənsum İbrahimovdur. Xalq artisti İlk Avropa Oyunlarının məşəlini Azərbaycan vətəndaşı və sənətkar kimi qürur hissi ilə daşıdığını dilə gətirdi: “Avropa Oyunlarının başlanmasına üç gün qalıb və oyunların açılışında ailəmlə birlikdə iştirak edəcəm. Bu tarixi anı qaçırmaq olmaz və bu oyunlar bizim üçün çox mühüm tarixi bir hadisədir. Onu da deyim ki, ölkəmizə gələn qonaqlar üçün bir çox tədbirlərimiz olacaq. İyunun 18-də Heydər Əliyev Sarayında rəhbərliyimlə “Gəncləşən muğam” adlı konsert proqramımız olacaq. Mənimlə birlikdə tələbələrim də iştirak edəcək. İyunun 20-də isə Opera və Balet Teatrında “Leyli və Məcnun” operası olacaq. Leyli obrazını tərəfmüqabilim Nəzakət Teymurova oynayacaq. Çalışacağıq ki, Avropa Oyunlarında ölkəmizə gələn əcnəbi vətəndaşlar bizdən razı getsinlər. İlk Avropa Oyunları ilə Azərbaycan yeni tarix yazır. Bu gün ölkəmiz dünyada əhəmiyyətli bir dövlətdir və böyük layihələrə ev sahibliyi edir. Bəlkə də bu oyun bəzi adamlara adi görsənir, amma çox qeyri-adi və əhəmiyyətli tarixi bir hadisədir. İlk Avropa Oyunlarının Azərbaycanda  keçirilməsinə çox sevinirəm və inanıram ki, çox uğurlu olacaq. İdamançılarımıza uğurlar, qələbə arzu edirəm. İnşallah, medalların çoxunu idmançılarımız qazanar”.

Xalq artisti onu da qeyd etdi ki, Azərbaycan muğamı xarici ölkələrdə də çox yüksək səviyyədə qarşılanır: “Bu yaxınlarda iki xarici ölkədə səfərdə oldum. Braziliyada ilk dəfə olaraq Azərbaycanın rəsmi mədəniyyət günləri keçirildi və orada dörd konsert proqramı ilə çıxış etdim. “Qarabağ” muğam qrupu ilə sənət dostlarım Elçin Həşimov, Elnur Əhmədov və tələbəm Arzu Əliyeva ilə çıxış elədik. Eyni zamanda, xalq artisti Yalçın Adgözəlov da iştirak etdi. Son günlərdə isə Pekindən qayıtmışıq. Orada da böyük bir konsert verdik. Xüsusilə, demək istəyirəm ki, Azərbaycan muğamı bütün dünyada yüksək səviyyədə qəbul edilir və buna görə Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk. Muğam sahəsində Mehriban Əliyevanın çox böyük əməyi, zəhməti var. Ümumiyyətlə, muğam sahəsində Heydər Əliyev Fonudunun gördüyü işlər danılmazdır”.

Xalq artisti Nəzakət Teymurova bildirdi ki, İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi dövlətimiz, xalqımız üçün qürurverici bir hadisədir: “Tarixdə, idman sahəsində İlk Avropa Oyunlarının adı çəkiləndə Azərbaycanın adı çəkiləcək. İdmançılarımıza nailiyyətlər arzu edirəm. Mən də fəxr edirəm ki, məşəlçilər sırasında yer almışam.  Avropa Oyunlarının rəmzi olan məşəli daşımaqdan qürur hissi keçirdim və o an fəxr edirdim.

Xoşbəxt sənətkaram ki, dövlətim belə möhtəşəm bir tədbirin məşəlini daşımağa layiq görüb. Belə şərəfli missiyanı uyğun bildiyi üçün dövlətimizə, dövlət başçımıza təşəkkürümü bildirirəm. Bu gün dövlətimizin inkişafı göz önündədir. Avropa Oyunlarının vətənimizdə keçirilməsi də bunun bariz nümunəsidir. Avropa Oyunları illər keçdikcə yaddaşlarda qalan hadisəyə çevriləcək. Oyunların keçirilməsi mədəniyyətmizdə, idmanımızda, siyasətimizdə böyük təkan olacaq. Bu gün Azərbaycanın adı dünya səviyyəsində böyük arenalarda çəkilir. Dövlətimizlə, bayrağımızla fəxr edirəm. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Avropa Oyunlarının xüsusi rolu var. Azərbaycanı nəinki Avropaya, o cümlədən dünyaya tanınmasında əhəmiyyətli hadisələrdən biridir. Hesab edirəm ki, Avropa Oyunlarının əhəmiyyətliliyi, vacibliyi nəinki idmanımıza, eyni zamanda, gələcək nəslin Avropaya daha yaxından inteqrasiya etməsinə böyük təsir göstərəcək. Avropa deyəndə ağlınıza Avropanın daha çox inkişaf etmiş hansısa ölkəsi və ya bizim milli-mədəni mentalitetimizə uyğun olmayan hərəkətlər gəlməsin. Avropanın özündə də ənənələr deyilən bir anlayış var. Avropa Oyunlarını keçirməklə biz öz qapılarımızı dünya ölkələrinin nümayəndələrinə açmış oluruq».

 

 

Rəqsanə

Tarix
8 İyun 2015 [22:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin