Ana səhifə
10 Dekabr 2018

«Tamaşaçılarımız bizim kanallardan vaz keçiblər» - Müsahibə

Murad Dadaşov: «Maşın” realiti-şou yayımlananda digər verilişlər kölgədə qalır»

 

 

“Əyləncəli verilişlər sırasında yerli istehsalat olduqca zəifdir”

 

 

Ucnoqta.az-ın “Şənbə qonağı” rublikasının qonağı İlk Avropa Oyunlarında su idmanı üzrə ulduz səfiri seçilmiş Murad Dadaşovdur. Tanınmış şoumen səfiri olduğu idman növündən, Avropa Oyunlarına hazırlıq mərhələsindən və Azərbaycan televiziyalarının bu günündən danışdı.

 

- Avropa Oyunlarının başlanmasına sayılı günlər qaldı. Ulduz səfir kimi hazırlıq necə gedir? Ölkəmiz oyunlara necə hazırlaşır?

- Ölkəmizdə Avropa Oyunlarının keçirilməsinə çox gözəl hazırlıqlar gedir. Bütün müvafiq strukturlar, qurumlar yüksək səviyyədə işlər görür. Əlbəttə ki, qarşımızda çox böyük məqsədlər var. Olduqca mürəkkəb yarışmadır və mürəkkəb təşkilatçılıq tələb olunur. Əminəm ki, Avropa Oyunlarının öhdəsindən yüksək səviyyədə gələcəyik. Ona görə ki, bu işə hansısa ayrı qurum, təşkilat yox, bütün ölkə qoşulub və Təşkilat Komitəsinin rəhbərliyi də birbaşa ölkə başçısı və birinci xanımıdır. İlk Avropa Oyunlarının Azərbaycanda keçiriliməsi böyük bir tarixi hadisədir.

 

- Ulduz səfir kimi Azərbaycanda hansı idaman növünün daha yaxşı inkişaf etdiyini düşünürsünüz?

- Bəzi idman növləri bir az zəifdir. Əminəm ki, bunlar da yavaş-yavaş düzələcək. İdman ani sürətdə inkişaf edən bir proses deyil, böyük bir prosesdir. İdman insanla, onun fiziki gücü və fiziki hazırlığı ilə bağlıdır. Fiziki güclə yanaşı, insanın mənəvi hazırlığı və ağlı da lazımdır.  Düşünmək, rahat olmaq lazımdır. Dövlətimiz idmana böyük töhfələr verir və idmançılara hörmət, diqqət, qayğı var. Əminəm ki, yaxın müddətdə ali məktəblərdə idmana xüsusi diqqət göstəriləcək. Azərbaycanda bu gün güləş və başqa bir neçə idman sahəsi çox inkişaf  edib. Digər sahələr - voleybol, taekvondo, ağır atletika kimi idman növləri də inkişaf etməlidir.

 

- Murad bəy, səfiri olduğunuz idman növündən başqa hansı idman növünü dəstəkləyir və azarkeşlik edirsiniz?

- Səfiri olduğum su idman növündən başqa çox sevdiyim idman növləri var, çimərlik futbolu, badminton. Su idman növündə ən maraqlı idman  növlərindən biri suya tullanma, vaterpoldur. Ümumiyyətlə, idmanın hər növü maraqlıdır və hər biri insanının ayrı-ayrılıqda fiziki gücünün səfərbər olmasının və iradəsinin nümayişidir. İnsan gücün ən yüksək hazırlıq pillələrini görəndə istənilən idman növü maraqlı gəlir.

 

- Özünüzə yaxın hesab etdiyiniz və məşğul olduğunuz idman növü hansıdır?

- Həyat tərzim idman növümdür. Ayaqüstə kifayət qədər vaxt keçirirəm və demək olar ki, oturaq işlə məşğul deyiləm. Məşğul olduğum iş nəticədə həzz hissi gətirir. Canlı yayım özü-özlüyündə mənim teletamaşaçılarla yarışmamdır. Hazırda özümə ən yaxın bildiyim hansısa konkret idman növü yoxdur. Hər bir idman növü ayrı-ayrılıqda gözəldir və əzizdir. Övladlarımla əyləşib futbola baxıram və ondan böyük həzz alıram. Çox sevdiyim idman növündən məşğul ola biləcəyim stolüstü tennisdir. Stolüstü tennisi çox sevirəm. Badminton da çox maraqlı idman növüdür və o idman sahəsinə baxanda həzz alıram. Beləliklə, mənə də yaxın olan qeyd etdiyim idman növlərdir.

 

- İdançılardan kiminlə dostluq edirsiniz?

- Adətən tamaşaçılar arasında belə bir fikir var ki, televiziyada kim görsənirsə, hamısı bir-birilə dostdurlar. Əlbəttə, bizim özümüzdə və televiziyada çıxış edənlərdə də elə bir fikir var. İdmançılarla gündəlik ünsiyyətdə olmasaq da, biri-birimizi yaxından tanımasaq da, görüşəndə əziz dostlar kimi salamlaşırıq. Çünki hər birimiz Azərbaycanı təmsil edirik. Bizim eyni peşəmiz var, həmkarıq. KVN-nin dövründə Azərbaycanı səhnədə təmsil edirdim və bu da bizim üçün bir idman növü idi. Ona görə də, hər hansı bir idmançının uğurunu görəndə hamıdan çox biz sevinirdik. Xarici ölkələrdə çıxış etdiyimiz və müəyyən təzyiqləri gördüyümüz vaxtda çempion olaraq kiminsə adını çəkmək bizim üçün ikiqat həzz verirdi. Ona görə də konkret adları çəkməsəm də, bütün idmançılarla yaxın dostluq münasibətim var.

 

- “M-Group Production” adlı şirkətiniz var. Türkiyəli şoumen-aparıcı Acun Ilıcalı şirkət rəhbəri olduqdan sonra televiziya rəhbəri oldu. Siz də gələcəkdə televiziyanızın olmasını istərdinizmi?

- Televiziya rəhbəri olmaq kifayət qədər məsuliyyətli bir işdir. Mən deməzdim ki, bu işlə ayaqlaşa bilmərəm, bacarmaram. Mən uzun illər müəyyən dərəcədə televizya rəhbəri idim. İki yerli kanalda baş prodüser kimi çalışmışam və bu dövr ərzində kifayət qədər uğur qazanmışam.  Bütün televiziyaların verilişləri arasında istehsal etdiyim “Maşın» realiti-şou ən reytinqli Azərbaycan layihəsidir. O veriliş yayımlandığı dövrdə digər verilişlər kölgədə qalır. Əlbəttə, televiziya məsələsi maraqlı fikirdir və elə bir təklif olsa bunun üzərində düşünməyə hazıram. Sadəcə, bu, təkcə mənim qərarımla bağlı olan bir iş deyil. Düşünürəm ki, yeni yaranacaq və ya mövcud televiziya kanalının rəhbərliyini üzərimə götürsəm mən də müəyyən tələblərlə çıxış edəcəm, istəklərim olacaq. Bu istəklər maliyyə və digər məsələlərlə yox, kadrlarla bağlı olacaq.

 

- Televiziya məkanını necə dəyərləndirirsiniz və televiziyada  nəyi dəyişmək istərdiniz?

- Hazırda televiziya məkanını çox kafi qiymətləndirirəm. Azərbaycan televiziyasında maraqlı, gözəl verilişlər təqdim edən zaman tamaşaçımızı Azərabaycan kanallarına baxmağa qaytara biləcəyik. Hesab edirəm ki, tamaşaçılarımız bizim kanallardan vaz keçiblər, az baxırlar. Düzdür, bu dəqiqə konkret rəqəm deyə bilməsəm də, mənə, mənim peşəmə və təcrübəmə inana bilərsiniz ki, Azərbaycan telekanallarına baxan insanların sayı olduqca azdır. İnsanların evində yerli kanallarla yanaşı, türk və rus kanallarına baxmaq imkanı varsa, müqayisədə xarici kanallara baxmağa üstünlük verirlər. Bu yalnız onunla bağlı deyil ki, Azərbaycan tamaşaçısı türk və ya rusdillidir, yaxud da, ona meyillidir. Bu, sırf teleməkanda keyfiyyətli yerli məhsulun az olması ilə bağlıdır. Deməzdim ki, yoxdur. Mən çalışdığım sahə əyləncəli yayımdır və əyləncəli verilişlər sırasında yerli istehsalat olduqca zəifdir. «Televiziyada nəyi dəyişmək istərdiniz» sualına gəlincə, demək olar ki, hər şeyi dəyişmək istərdim. Televiziyanın köhnə qayda ilə işləməsi hazırkı Azərbaycan dövlətinin inkişafına yaraşmır. Azərbaycanın inkişaf pilləsinə televiziyamız uyğun deyil. 

 

- «Maşın» realiti-şou Azərbayvan televiziyasında ən baxımlı layihələrdən biri oldu. Xatirə İslamın qalib olacağına inanırdınızmı?

- Təvazükarılıqdan uzaq olsa da qeyd etməliyəm ki, «Maşın» realiti-şou Azərbaycan televiyasının ən uğurlu layihəsidir. Azərbaycanda son əyləncəli verilişlər sırasında ən çox reytinqli layihədir və efirdə olduğu dövrdə heç bir veriliş eyni reytinqi qazana bilmir. «Maşın» düşündüyümüz bir layihədir. Mən hər zaman oradakı insanların davranışını, emosiyalarını cilovlaya biləcək-bilməyəcək kimi hallara xüsusi diqqət yetirirəm. Orada elə hadisələr baş verir ki, efirə çıxsaydı daha çox reytinq qazana bilərdi. Gərgin emosiyalarla elə sözlərdən istifadə edirlər ki, onun efirdə yayımlanmasına icazə vermirik. Ona görə ki, şəxsi tərbiyəm və tamaşaçılar qarşısında şəxsi məsuliyyətim var və ilk növbədə də iştirakçılar qarşısında. O anda sözü işlədə, amma sonradan peşman ola bilərlər. Onda gərək mən məntiqimi və şüurumu heç vaxt itirməyim. «Maşın»ın növbəti qalibi Xatirə İslam oldu və onu ürəkdən təbrik edirəm. Xatirə 18 nəfərlə eyni vaxtda iştirak edirdi və digərlərindən daha çox iradə göstərdi, final mərhələsində mübariz oldu. Bu da onun qismətidir. Digər iştirakçı da maşını udsaydı eyni dərcədə sevinəcəkdim. Ümumiyyətlə, maşını kimin udub-udmaması mənim üçün o qədər də vacib deyil. Əsas, onların ünsiyyətidir. Düzdür, onlar arasında konflikt olsa da, dostluq münasibətləri də yaranır və bu çox sevindirici haldır. İndi “M-Group Production” yüksəliş dövrünü yaşayır və şirkətimizin heyəti tam olaraq yenilənir. Mən fürsətdən istifadə edib bizimlə əməkdaşlıq etmək istəyənləri də dəvət edirəm. Şəxsi təkiflərini, fikirlərini, anketlərini bizə göndərə bilərlər və onlarla işləyə bilərik.

 

 

 

Rəqsanə

Tarix
6 İyun 2015 [15:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin