Ana səhifə
21 May 2018

Azərbaycan mətbuatının 140 illiyi yüksək səviyyədə qeyd ediləcək - FOTO

Əli Həsənov: «Qərbr özlərinə rəva görmədiklərini digər dövlətlərə, xalqlara rəva görürlər»

 

 

 

«İlk Avropa Oyunları Azərbaycan tarixinin önəmli bir hadisəsidir»

 

Dünən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamının icrası ilə bağlı məsələləri ölkənin tanınmış KİV rəhbərləri ilə müzakirə edib. Ə.Həsənov bildirib ki, Azərbaycan Prezidentinin rəsmi sərəncamına müvafiq olaraq, milli mətbuatımızın 140 illik yubileyi yüksək səviyyədə qeyd edilməlidir. Ə.Həsənov qeyd edib ki, burada iki məqam müzakirə tələb edir: “Bunlardan biri yubiley tədbirlərinin hansı rayonlarda keçirilməsi məsələsidir. Əlbəttə, harada keçirilməsindən asılı olmayaraq, biz tədbirlərdə müxtəlif strukturları bir araya toplayacağıq. Məsələn, Gəncədə keçiririksə, Gəncə ətrafı rayonların müvafiq strukturlarını oraya toplayacağıq. Rayonların siyahısı müəyyən olunacaq. Əlbəttə, hər rayona buradan nümayəndə göndərmək çətindir, həmçinin nəzərə alsaq ki, Birinci Avropa Oyunlarına hazırlaşırıq". Ə.Həsənov vurğulayıb ki, mətbuatın inkişafında rolu olan jurnalistlərin Prezidentin mükafatı ilə təltif edilməsi üçün siyahı təqdim ediləcək. Onun sözlərinə görə, fəxri adlar üçün namizədlər redaksiyalar tərəfindən müəyyən olunub təqdim olunmalıdır. PA səsmisi qeyd edib ki, sərəncamda Tədbirlər Planının hazırlanması nəzərdə tutulub: "Bu Tədbirlər Planını KİV rəhbərləri ilə müzakirə etməyi zəruri saydıq. Görüşün nəticəsi olaraq Tədbirlər Planı ilə bağlı tövsiyələri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim edəcəyik və Tədbirlər Planı təsdiq olunacaq". PA rəsmisi bildirib ki, orden və medallarla bağlı standartlar var: "Jurnalist ən azı 10 il səmərəli fəaliyyət göstərməlidir ki, Tərəqqi medalı verilsin. Dövlət başçısı mütəmadi olaraq xidmətlərinə görə, jurnalistləri mükafatlandırır, ancaq yubileylər dövründə bu siyahı geniş olur".

 

 

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamda milli mətbuatımızın 140 illiyinə baxış var və sənəddə mətbuatın indiki və gələcək durumu, demokratik proseslərdə rolu önə çəkilir. Onun sözlərinə görə, mətbuatın 130, 135 və 140 illiyi ilə bağlı verilən sərəncamlar mətbuatın bayramına çevrilib: "Mətbuatımızın 130 illiyi ilə bağlı sərəncamla “Əməkdar jurnalist” və digər fəxri adlar bərpa olundu. Mətbuat Şurasına fəxri ad almaqla bağlı son günlər 30 ərizə daxil olub, bu, son günə qədər 1000-ə çatacaq. Ancaq biz bilmirik ki, hansı parametrlərlə o jurnalistləri seçməliyik. Elə jurnalistlər var ki, 40-50 il çalışıb, ancaq nədənsə çəkinirlər, müraciət etmirlər. Eləcə də müxtəlif qurumların mətbuat xidmətlərində çalışanlar var”. Ə. Amaşov Avropa Oyunlarına qarşı çıxanlarla mübarizəyə səfərbər olduqlarını qeyd edib: “Azərbaycan jurnalistikası Birinci Avropa Oyunlarının ayrı-ayrı məqamlarının tarixdə qalması üçün fəaliyyət göstərəcək. Ancaq sosial şəbəkələrdə problemlərə rast gəlinir. Məsələn, sosial şəbəkədə profili açılıb, orada Vahid Mustafayevi, məni, Arif Alışanovu, Bəxtiyar Sadıxovu və digərlərini ittiham edirlər ki, guya hakimiyyət bizi ömürlük icarəyə götürüb. Azərbaycan “Facebook” və digər sosial şəbəkələrin rəhbərləri ilə danışıqlar aparmalı, belə profillər bağlanmalıdır. İnsanların ailələri, qohumları var, belə məqamlara yol vermək olmaz. Görüşümüzün nəticəsi kimi belə məqamları da ölkə rəhbərliyinə çatdırmalıyıq”. 

 

 

Əli Həsənov Mətbuat Şurasının sədri Əflatun Amaşovun Azərbaycanda sosial mediada təhqiredici saytların olması ilə bağlı fikirinə münasibət bildirərkən deyib: «Bizə demokratiya dərsi verən Qərb ölkələrində təhqiredici bir sayta rast gəlsəniz, onda mən Azərbaycanı söz azadlığının səviyyəsi ilə bağlı yüz neçənci yerə qoyan təşkilatlara Azərbaycanın ali orden, medalının verilməsi tövsiyəsini irəli sürərdim". Onun sözlərinə görə, bunların mərkəzi Qərbdir. «Böyük Britaniya kral ailəsi ilə məhkəmə çəkişməsində uduzan “Guardian” qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan olunub. Təsəvvür edin ki, Azərbaycanda hansısa media orqanına prezident və ailəsi haqqında yazmaq qadağan olunsa, nə baş verərdi, bu, necə qiymətləndirilərdi? BMT-nin İnsan hüquqları üzrə nümayəndəsini, ATƏT rəsmilərini belə Azərbaycana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Qərbin demokratiyası budursa, bizə belə demokratiya lazım deyil. Azərbaycanda sağlam jurnalistika həmişə belələrinə qarşı olub və olacaq". Əli Həsənov deyib ki, Qərbr özlərinə rəva görmədiklərini digər dövlətlərə, xalqlara rəva görürlər. «Onların dediyini həyata keçirməyənlərə qarşı da özlərinin "5-ci kalon" rolunu oynayan qeyri-hökumət təşkilatları vasitəsi ilə antikampaniya aparırlar. İkili standartlar haqqında danışırıq, amma çox təəssüflər olsun ki, danışıqlarımız beynəlxalq ictimai rəyi formalaşdıran "təşkilatlar" tərəfindən nəzərə alınmır". Ə.Həsənov bildirib ki, birinci Avropa Oyunları birbaşa Azərbaycan tarixinə yazılan hadisədir. PA rəsmisi deyib ki, bu gün kimin nə münasibət bəsləməsindən asılı olmayaraq Avropa Oyunları yüksək səviyyədə keçiriləcək: "Bu Oyunlar Azərbaycanın tarixinə yazılacaq. İlk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlanması mühüm bir hadisədir".

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Azərbayan mətbuatının banisi Həsən bəy Zərdabi ilə bağlı Zərdab rayonundan başlayacağını nəzərə çatdırıb. V.Səfərli Azərbaycanda mətbuata dəstək istiqamətində görülən işlərdən, Fond tərəfindən qəzetlərə ayrılan yardımlardan söz açıb. O, bundan sonra da bu istiqamətdə yardımların davam etdiriləcəyini söyləyib.

 

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Tbilisi və İstanbulda keçirilməsini təklif edib. Ə. Həsənov təklifin müsbət olduğunu söyləyib: “Bu təklif qəbul oluna bilər. İlk mətbuat nümunələrimiz Tbilisidə nəşr olunub, İstanbulda mühacir ədəbiyyatımız işıq üzü görüb. Bu təkliflər imkan daxilində nəzərə alına bilər”.

Ə. Həsənov Azərbaycanda televiziyanın Türkiyədən əvvəl yarandığını xatırladıb: “Biz dünyaya çatdırmalıyıq ki, 140 il əvvəl ilk mediamızı yaratmışıq, Şərqdə ilk demokratik cümhuriyyəti qurmuşuq. Bizə demokratiya dərsi vermək istəyənlər arasında bizdən sonra qadınlara seçki hüququ vermiş ölkələr var. Onlara göstərməliyk ki, biz onların təqdim etməyə çalışdığı kimi geridə qalmamışıq. Xalqımızın müasir dünyada yerini çatdırmağa çalışmalyıq”.

Tədbirdə Mətbuat Muzeyinin yaradılması da təklif edilib.

Ə. Həsənov isə vurğulayıb ki, milli məbuat nümunələrimizin qalıqlarını toplayıb, elektron və digər mətbuat orqanlarda işıqlandırılması da yaxşı olardı.

APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı KİV-in mükafatlandırma ilə bağlı hansı sayda namizədlər müəyyənləşdirə biləcəyi ilə maraqlanıb.

Ə. Həsənov isə deyib ki, KİV nə qədər az namizəd təqdim etsə, o qədər yaxşı olar: “Biz sizin təqdim etdiyiniz siyahıda ardıcıllığı pozmuruq. Çalışın ki, minimum say verin. Nəzərə alın ki, hazırda normal KİV-in sayı 300-ə yaxındır, yarısının, 150-ə yaxınının namizədlər vermək hüququ var. Böyük holdinqlər, eyni zamanda bir redaktordan ibarət saytlar var. Mətbuat Şurasının “qara siyahısı” da mövcuddur. Mətbuat Şurası jurnalistikanın ali orqanıdır, jurnalistikanın formalaşdırdığı qurumdur və Mətbuat Şurasının rəyi də nəzərə alınmalıdır”.

Tarix
5 İyun 2015 [14:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin