Ana səhifə
20 Fevral 2018

Yol polisi rəisi danışdı: «Lazımsız maşınları şəhərə buraxmayacağıq»

Nüşrəvan Səfərov: «İçərisində xəstə varsa, bizim borcumuzdur ki, ona şərait yaradaq»

 

 

 

«Biz yolları bağlamaq fikrində deyilik. Nəqliyyat sərbəst hərəkət edəcək»

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov Avropa Oyunları ilə bağlı paytaxtda yol hərəkəti ilə bağlı atılan addımlar və görüləcək işlərlə bağlı AzTV-yə müsahibə verib. Ucnoqta.az yol hərəkəti iştirakçıları, xüsusən də sürücülər üçün maraqlı olacağını nəzərə alaraq həmin müsahibəni təqdim edir:

 

- Nüşrəvan müəllim, İlk Avropa Oyunlarına necə hazırlaşırsınız və Sizin tədbirlər planına nələr daxildir?

- Birinci Avropa Oyunları indiyədək Azərbaycanda keçirilən ən böyüş idman yarışıdır. Düzdür, bundan əvvəl müəyyən tədbirlər, çempionatlar, yarışlar olub, «Avrovision» mahni müsabiqəsi keçirilib və bu baxımdan, bizim də bu tədbirlərin keçirilməsi üçün müəyyən qədər təcrübəmiz var. Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edildiyi gündən bu məsələ Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətindədir. Nazirlik tərəfindən Tədbirlər Planı tərtib olunaraq, cənab nazir, general-polkovnik Ramil Usubov tərəfindən təsdiqlənib və icraya yönəldilib. Hazırda da həmin plan icra olunur. Demək olar ki, biz bu Tədbirlər Planına tam hazırıq. Bu məqsədlə həm əməkdaşlarımızın peşə hazırlığının yüksəldilməsi, onların xaricdən gələn qonaqlarla ünsiyyət qurması üçün ingilis dili kursları tədris olunub, müəyyən treninqlər və təlimlər keçirilib. Bak şəhərində yeni patrul avtomobilləri ən müasir texniki vasitələrlə təchiz olunub. Biz bu tədbirə tam hazırıq.

 

- Müşahidə kameraları necə, ən vacib sahələri müşahidə etmək mümkündürmü?

- İdarəetmə Mərkəzindən bizim bütün nəqliyyat vasitələrinin hərəkətinə nəzarət etmək imkanımız var. Xüsusilə, idmançıların yaşadığı Atletlər Kəndindən idman oyunları keçirilən məkanlara qədər hərəkətə və həmin zolaqlara tam nəzarət edə bilərik. İdmançıları daşıyan avtobuslar və idmançılar oyunlar keçirilən yerlərə vaxtında çatmalıdır. Biz buna da nəzarət edəcəyik ki, avtobuslar vaxtında çata bilir, ya yox. Bunun üçün bildiyiniz kimi, «Oyunlar zolağı» müəyyənləşdirilib. Avropa Oyunlarının loqosu həmin zolağın üstünə həkk olunub. Digər nəqliyyat vasitələrinin həmin zolaqlarda hərəkətinə müəyyən məhdudiyyətlər qoyulub. Təcrübədən görürük ki, oyunların yüksək səviyyədə, təhlükəsiz şəraitdə keçirilməsi, nəqliyyatın hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhərində nəqliyyatın hərəkətinə müəyyən yerlərdə məhdudiyyətin qoyulması, sıxlığın azaldılması çox vacibdir.

Biz «Avrovision» mahnı müsabiqəsində əhaliyə müraciət etdik, tövsiyyələr verdik və xahiş elədik. Camaat da bizə dəstək olaraq həmin vaxt nəqliyyat vasitələrindən az istifadə etdilər. Bununla da tədbirin yüksək səviyyədə keçirilməsinə nail olduq. İndi fürsətdən istifadə edib mən bütün nəqliyyat vasitələrindən sahiblərindən, sürücülərindən xahiş edirəm, tövsiyyə edirəm ki, Bakı şəhərində nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər. Əsas üstünlüyü ictimai nəqliyyata versinlər.

 

- Artıq sürücülər kütləvi şəkildə deyilənlərə, qaydalara əməl edirlər, «Oyunlar zolağı»na daxil olmurlar…

- Bu çox yaxşı haldır. Məlumat da vermək istəyirəm ki, həmin zolağa daxil olmaq inzibati məsuliyyət yaradır. Yaxşı olar ki, sürücülər həmin zolağa girməsinlər və cərimə də olunmasınlar.

Sürücülərdən xahiş edirəm ki, parklanma qaydalarını pozmasınlar. Bu qaydaları pozanlara qarşı tədbir görəcəyik. Lazım olsa həmin avtomaşınlar evakuasiya olunacaq. Qadağan olunmuş yerlərdə parklanma olmayanda yol boş olur, hərəkət sərbəst olur. Yolun buraxma qabiliyyəti var. Əgər nəqliyyat vasitəsi yolun bir zolağını zəbt edirsə, təbii ki, yolun buraxma qabiliyyəti azalır. Mən əminəm ki, «Avrovision» yarışmasında olduğu ki, sürücülərimiz bu dəfə də qoyulan qaydalara əməl edəcəklər və problem yaşanmayacaq.

 

- Ən mühüm məqamlardan biri də rayonlardan Bakıya gələn maşınlarla bağlıdır. Bakıya daxil olan avtomobillərlə bağlı hansı yeni qaydalar tətbiq olunacaq?

- Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə rayon sakinlərinə tövsiyyə edirik ki, vacib iş olmadan, heç bir zərurət olmadan Bakıya gəlməsinlər. Əgər gəlirlərsə, ictimai nəqliyyatdan daha çox istifadə etsinlər. Biz bunun üçün şərait də yaratmışıq. Bakının girəcəklərində – 3 yerdə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə xüsusi dayanacaqlar yaradılıb. Öz şəxsi maşını ilə Bakıya gələn sürücü avtomobilini həmin dayanacaqlarda saxlayıb avtobuslarla şəhərə gələ bilər. Yəni, həmin yerlərdən şəhərə avtobuslar işləyəcək. Bunun üçün də şərait yaradılıb. Bu çox vacib məsələdir və mən bunu dönə-dönə deyirəm ki, Bakı şəhərinə nəqliyyat vasitəsi ilə mümkün qədər az daxil olmaq lazımdır. Həmin dayanacaqlarda sürücülər maşını bir neçə gün saxlaya bilərlər. Heç bir problem yoxdur. Tərəfimizdən mühafizə olunan həmin dayanacaqlarda heç bir ödəniş nəzərdə tutulmayıb.

 

- Bu dayanacaqların həcmi kifayət edirmi?

- Bakı-Astara yolunun 14-cü kilometrliyində – Şıx qəsəbəsi ərazisində 8-10 hektarlıq ərazidə dayanacaq yaradılıb. Orada xeyli maşının dayanması üçün imkan var. Mən orada heç bir problem görmürəm.

 

- Xüsusi icazələr kimlərə verilir?

- Xüsusi icazələr gecə vaxtı hərəkət edə bilməsi üçün yük maşınlarına nəzərdə tutulub. Gündüz vaxtı yükgötürmə qabiliyyəti 3,5 tondan az olan yük maşınlarının şəhərdə hərəkətinə heç bir məhdudiyyət yoxdur. Onlar ərzaq və digər məhsuallarla həyat əhəmiyyətli obyektləri təchiz edə bilərlər. Amma iri tonnajlı nəqliyyat vasitələrinin şəhərə daxil olmasına məhdudiyyət qoyulub. Onlar xüsusi icazə ilə buraxılır. Kommunal, qəza-xilasetmə, yanacaqdaşıyan, həyat əhəmiyyətli obyektlərə xidmət göstərən maşınlara xüsusi icazə və marşrut verilib ki, bu marşrutla hərəkət etsinlər və təminat məsələsini yerinə yetirsinlər. Bizə müraciətlər çox olur. Amma qeyd etmək istəyirəm ki, lazımsız maşınları şəhərə buraxmayacağıq. Biz ancaq xarici görünüşü səliqəli, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinə xüsusi icazələr verəcəyik ki, lazım olanda gecə vaxtı yükləri daşısınlar və səhər saat 6-da şəhəri tərk etsinlər.

 

-  Zərurət yaranarsa, avtomobildə xəstə olarsa, belə maşınların dayanacaqda saxlanılmasına zərurət olacaqmı?

- Əgər maşın rayondan gəlirsə, içərisində xəstə varsa, əlbəttə, bizim borcumuzdur ki, ona şərait yaradaq. Şərait yaradacağıq ki, xəstəni vaxtında xəstəxanaya çatdırsın. Yol polisi buna şərait yaradacaq.

Yolların bağlanması ilə bağlı çoxlu müraciətlər daxil olur. Soruşurlar ki, oyunlar keçirilən müddətdə Bakıda yollar bağlanacaqmı, məhdudiyyət qoyulacaqmı? Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, biz yolları bağlamaq fikrində deyilik. Nəqliyyat sərbəst hərəkət edəcək. Ancaq lazım gəldikdə bəzi yerlərdə hərəkətə müəyyən qədər məhdudiyyət qoyulacaq. Məsələn, iyunun 12-də Avropa Oyunlarının açılışı olacaq. Bura yüksək səviyyəli qonaqlar dəvət olunub. Ölkəmizə xaricdən çoxlu qonaqlar gəlib. Həmin qonaqların müşaiyət olunması, tədbir yerinə getməsi zamanı yollarda, xüsusən də Heydər Əliyev prospektində, Aeroport yolunda, Neftçilər prospektində hərəkətə müəyyən vaxtlarda fasilələrlə məhdudiyyət qoyulacaq. Zərurət yoxdursa, yollar bağlanmayacaq. Rayondan gələn nəqliyyat vasitəsi sürücülərinə tövsiyyəmiz odur ki, yollar bağlı olan vaxtlarda gəlib həmin yerlərdə saatlarla gözləməsinlər, vaxt itirməsinlər. Maşını dayanacaqlarda saxlayıb şəhərə avtobusla gəlmək daha məqsədəuyğundur.

 

- Alternativ yollarla bağlı plan hazırlamısınızmı?

- Alternativ yollar var. Məsələn, cənubdan gəlib şimala gedən nəqliyyat vasitələri, tranzit yükdaşıma ilə məşğul olanlar Bakıya daxil olmadan Qaradağ rayonu ərazisindən – Sement Zavodunun yanından Hacı Zeynalabdin Tağıyev-Sahil yoluna çıxmaqla Bakı-Quba yoluna gedə bilərlər. O yol tam təmir olunub və bütün standartlara cavab verir. 41 kilometr yoldur. Sıxlıq da yoxdur. Bu yol həm də qısa yoldur.

 

- Nüşrəvan müəllim, Bakıda bəzi küçələrə beton sədlər qoyulub. Bu sədlərin mahiyyəti nədən ibarətdir?

- Yəqin bilirsiniz ki, Avropa Oyunlarında velosiped turu da olacaq. Həmin velosiped yarışının bir hissəsi şəhərdə keçiriləcək. Həmin sədlər bu veloturla bağlıdır. Çünki velotur zamanı yolda nə avtomobil, nə də piyada hərəkət etməlidir.

Sədlər təhlükəsizliyi təmin etmək məqsədilə qoyulub.

Qeyd edim ki, həmin yarış vaxtı da şəhərin mərkəzi küçələri – Neftçilər, Cavid, İnşaatçılar prospektləri, Mehdi Hüseyn, Əziz Əliyev, İstiqlaliyyət, Səməd Vurğun, Bakıxanov küçələri yarış bitənə qədər tam bağlanacaq. Bu yarışlar iyunun 19-dan 21-dək keçiriləcək.

 

- Avropa Oyunları ilə bağlı yolda çəkilmiş xüsusi sarı rəngli zolağa kimlər daxil ola bilər?

- Bu qaydaları Bakı Avropa Oyunlarının Təşkilat Komitəsi müəyyənləşdirir. Komitə xüsusi icazə vərəqələri verir. O yolla idmançılar, Təşkilat Komitəsinin üzvləri, qəza-xilasedici, təcili yardım, yanğınsöndürən avtomaşınları hərəkət edə bilər. Bu zolağa daxil olmaq üçün həmin nəqliyyat vasitələrinin icazəsi var.

 

- Avropa Oyunlarının keçiriləcəyi yerlərin yaxınlığında yaşayan insanlar xüsusi diqqət tələb edir. Onlar öz evlərinə, işə rahat gedə bilməlidir. Onlar üçün hansısa rejim düşünülübmü?

- Əlbəttə, düşünülüb. Avropa Oyunları ilə bağlı bütün detallar nəzərə alınıb. Əhalinin rahatlığını da nəzərə almışıq. Biz heç kimə narahatçılıq yaratmaq fikrində deyilik. Biz hamımız bu xalqa xidmət edirik, xalq üçün işləyirik. Biz istəyirik ki, insanlar evinə də rahat gəlib-gedə bilsin, idman oyunlarına da rahat gedib baxa bilsinlər. Ona görə də, Təşkilat Komitəsi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Avropa Oyunları keçiriləcək məkanların ətrafında yaşayan sakinlərə məxsus nəqliyyat vasitələrini müəyyən ediblər. Onlara xüsusi işarəsi olan və «Sakinlər üçün parkinq icazəsi» yazılmış kartlar verilir. Bu kartların üzərində 1, 2, 3 və digər rəqəmlər yazılıb. Bu rəqəmlər oyunlar keçirilən məkanların nömrələridir. Yəni, hansısa sürücüyə 1 yazılmış kart verilibsə bu kartla o yalnız 1 nömrəli məkanda maşını park edə bilər. Başqa yerlər üçün keçərli deyil. Bu işarə olan kartı avtomobilin alın şüşəsinə yapışdırmaq lazımdır. Sürücü axşam evə gələrkən dayanmanı qadağan edən işarə yoxdursa, orada maşını park edə bilər.

Onu da deyim ki, oyunlar keçirilən məkanların yaxınlığında müəyyən yerlərdə parklanmaya qadağa qoyulacaq. Yəni, yaxın yerlərdə maşınların saxlanılmasına icazə verilməyəcək. Orada yaşayanlara isə axşam vaxtı maşın saxlamağa icazə veriləcək.

 

- Bu məhdudiyyətlər hansı müəddətə qədər nəzərdə tutulub?

- İyun ayının 1-dən iyulun 1-dək nəzərdə tutulub. Düzdür, Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də keçiriləcək. Amma biz müəyyən tədbirləri indidən həyata keçirməyə başlamışıq. Bu da ondan ötəridir ki, camaat öyrəşsin və oyunlar müddətində çətinlik olmasın. Gördünüz ki, «Oyunlar zolağı» çoxdan çəkilmişdi. Amma bir müddət orada heç bir məhdudiyyət olmadı. Lakin biz qərara gəldik ki, ayın 1-dən 12 gün müddətinə biz ora qadağa qoyaq ki, camaat oradan istifadə etməsin.

 

- «Oyunlar zolağı» ilə bağlı qaydalara artıq əməl edirlər. Bəs, bütövlükdə, sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi ilə bağlı vəziyyət necədir? Əhalinin davranışından razısınızmı?

- Camaatımız, əhali bilir ki, bu, mötəbər bir yarışdır. Dövlətimiz üçün lazımlıdır. Xarici dövlətlərdən ölkəmizə çoxlu adamlar gələcək. Onlar bizim hər bir hərəkətimizi izləyəcəklər. Yol hərəkəti qaydasını pozmağımıza, küçədə davranışımıza fikir verəcəklər. Mən bütün hərəkət iştirakçılarına, piyadalara da üzümü tutub deyirəm ki, yol hərəkəti qaydalarına əməl etsinlər. Xarici vətəndaş gəlib görəcək ki, gözəl şəhərdir, hər bir şərait var, ancaq piyada istədiyi yerdən, qırmızı işıqda yolu keçir. Yaxud da, sürücü qarşıdan gələn nəqliyyatın yoluna çıxır, lazımsız olaraq səs siqnalından istifadə edir. Bütün bunlar ümumilikdə adımıza ləkədir. Ona görə də, bütün qayda-qanuna, o cümlədən də yol hərəkəti qaydalarına ciddi əməl etmək lazımdır. Təbii ki, biz yol polisi olaraq nəzarəti gücləndirmişik. Qayda pozan sürücülər varsa, onların barəsində ciddi tədbirlər görüləcək. Biz imkan verməyəcəyik ki, qaydalar pozulsun. Cənab nazirin göstərişi ilə biz iyulun 1-dək gücləndirilmiş iş rejiminə keçmişik. Yəni, yollarda xidmət var, 24 saat polis var.

 

 

 

Elməddin

Tarix
4 İyun 2015 [11:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ