Ana səhifə
16 Oktyabr 2018

Vaxtında qaytarılmayan kreditlər çox ciddi maliyyə problemləri yaradır - Müsahibə

Vahid Əhmədov: “Kreditlər veriləndə baxmaq lazımıydı ki, onu götürən adamın qaytarmaq imkani var, ya yox”

 

 

 

İstər neftin ucuzlaşması, istər manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi ölkə iqtisadiyyatına müəyyən təsirlər göstərir.  İctimaiyyət nümayəndələri də bu məsələləri öz prizmalarından şərh edirlər. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi Vahid Əhmədov öncə manatla bağlı baş verənlərə, xüsusilə onun dəyəri ilə bağlı proqnozlara öz münasibətini bildirdi:

 

-  Fevralda manatın dünyanın aparıcı valyutalara nisbətən ucuzlaşmasından sonra cəmiyyətdə müəyyən narahatlıqlar var idi Xüsusilə gəzən müxtəlif şaiyələr insanların qərar verməsinə təsirsiz ötüşmədi. Əlbəttə ki, vəsaitlərini xarici valyutaya dəyişənlər, banklardakı əmanətlərini çıxaranlar oldu və s. Bu da bank sektorunda müəyyən neqativ hallar doğurdu. Hazırda milli valyutamızın məznnəsi xüsusən dollar qarşısında ziqzaqvari artıb azalmaqdadır. Bundan sonra manatın xarici valyutalara nisbətdə dəyərinin artıb-azalmasını proqnozlaşdırmaq kifayət qədər çətindir. Bildiyiniz kimi, buna təsir edən bir çox makroiqtisadi və qlobal faktorlar var. Hazırki müşahidələrimiz onu deməyə əsas verir ki, əmanətlərini evdə saxlamağa üstünlük verən müştərilərin bir çoxu yenidən güvəndiyi banklara vəsaitlərini yerləşdirsələr pis olmaz və bu, təbii bir proses olmalıdır. Belə ki, bank sektoru iqtisadiyyatın döyünən ürəyidir. Əhalinin banklarla qarşılıqlı əməkdaşlığı isə iqtisadiyyatın inkişafının təməl prinsiplərindən biridir.

 

- Banklara olan inamsızlıq tək manatın ucuzlaşması ilə bağlı deyil, onların vətəndaşlara qarşı yürütdükləri siyasət də az rol oynamır...

 

- Çox təəssüflər olsun ki, bəzi bank rəhbərləri yalnız özlərini, ətraflarını, qohum-qardaşlarını düşünürlər. Vətəndaşların maraqlarına xidmət etmirlər. Həmin bankların rəhbərləri müəyyən qədər səhvlərə yol veriblər. Nəticədə göz qabağındadır. Ona görə də cəzalarını çəkməlidirlər.

 

 

- Yəqin ki, həbs olunan iş adamlarına böyük həcmdə kredit verən banklardan söhbət gedir...

- Təbii ki, maliyyə fırıldaqçılığında ittiham edilən oliqarxların kütləvi həbsi əsas gündəm mövzusudur. Onlara risk nəzərə almadan böyük kreditlər verən bankların günahı az deyil. Onu deyim ki, banklarla bağlı məsələ həmişə Milli Məclisin nəzərində olub. Faiz dərəcələrinin yüksək olması, bankların verdikləri kreditlərin əlçatmazlığı ilə bağlı parlamentdə xeyli məsələlər qaldırmışıq. Çox təəssüflər olsun ki, bəzi adamlar banklardan istənilən məbləğdə kreditlər götürüblər. Həmin kreditlər təyinatları üzrə istifadə edilməyib, vəsaitlər lazımsız yerlərə istifadə olunub. Onlar kreditləri vaxtında qaytarmayıblar. Bütün bunlar çox ciddi məsələlərdir. Azərbaycanın istintaq orqanları hazırda belə halları araşdırır. Hesab edirəm ki, kimliyindən aslı olmayaraq, belə əməllərə yol vermiş bütün şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.Onlar qanun qarşısında cavab verməlidirlər. Ümumiyyətlə, bank sahəsində gedən prosseslər son vaxtlar məni heç qanə etmirdi. Bu sahədə çox ciddi qanun pozuntuları hiss olunurdu. Biz buna mütəmati olaraq toxunurduq. Amma indi həmin qanunsuzluq halları yavaş-yavaş aşkarlanır. Dövlətin, xalqın etibar ilə bank rəhbəri vəzifəsinə təyin edilən bütün şəxslər qanun çərçivəsində hərəkət etməlidirlər. Onlar verilən kerditlərin vaxtında geri qaytarılmasına, normal faiz dərəclərinin tətbiqinə çalışmalıdırlar. Ancaq kimliyindən aslı olmayaraq, Azərbaycanda qanunu kobud formada pozan və küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Dünyada qlobal maliyyə böhranın yaşandığı, neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda həmin adamların nəyi düşünərək belə addımlar atmaları, başa düşülən deyil. Azərbaycanın dövlət başçısı bu məsələyə tamamilə düzgün yanaşacaq və günahkarların hamısı öz cəzalarını alacaqlar. Fikrimcə, həbslər dalğası hələ də davam edəcək. Həbslərin əhatə dairəsi genişlənəcək. Çünki burada külli miqdarda vəsaitin mənimsənilməsindən, dövlətə olan borcalardan və devalvasiya prosesindən sui-istifadə hallarından söhbət gedir.

 

- Adi vətəndaş banka 1000 manat üçün müraciət edəndə ondan çoxsayda sənət tələb edirlər. Amma bəzi iş adamlarına milyonlarla kredit verilib. Həmin milyonların da sonda qaytarılmamasını necə başa düşmək olar?

- Verilən kreditlərin geri qaytarılmaması Azərbaycan üçün ən böyük bəladır. Mən kreditlərlə bağlı mütəmadi olaraq fikrimi demişəm. İndi yox, bir neçə il öncə. Demişəm ki, dövlət borcunda kreditlər külli miqdardadır. Son vaxtlar da bu 1,2 milyard manata çatıb. Vaxtında qaytarılmayan kreditlər çox ciddi maliyyə problemləri həm banklar üçün, həm əhali, həm şirkətlər, həm də maliyyə bazarı üçün problemlər yaradır. Bunlar vaxtında qaytarılmalıydı. Əvvəla kreditlər veriləndə baxmaq lazımıydı onu götürən adamın qaytarmaq imkanı var, ya yox. Bəziləri vəziyyətdən sui-istifadə edirlər, kredit götürüb sənəddə göstərilən məqsədlərə yox, başqa şeylərə istifadə edirlər, ona görə də problem yaranır. Buna nəzarət etmək lazımdır. Mən hesab edirəm ki, bu prosesə başlanıbsa, dövlət başçısının rəyi varsa, axıra qədər gedilməlidir, bütün kreditlər Azərbaycan dövlətinə qaytarılmalıdır. Bunlar vaxtında dövlət büdcəsinə qaytarılsa, bizdə problem ola bilməz. Bütün sosial emissiya layihələrimiz 100 faiz yerinə yetirilər.

 

 

- Bu təsirlər fonunda ölkə iqtisadiyyatını necə qiymətləndirirsiniz?

- Ölkə iqtisadiyyatının bugünkü durumunu qiymətləndirmək üçün bir qədər keçmişə qayıtmaq, müqayisəli təhlilini aparmaq gərəkdir. Çünki müstəqil Azərbaycanın iqtisadiyyatı bir neçə mərhələdən keçib və hər mərhələnin də özünəməxsus inkişaf yolu olub. Məsələn, 1991-ci ildən 2000-ci ilədək ölkədə iqtisadi durum çox ağır olub. Düzdür, ölkənin iqtisadi inkişafına 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi” çox böyük təkan verdi və bu müqavilə, faktik olaraq Azərbaycana öz müstəqilliyini qoruyub saxlamaqda böyük imkanlar açdı. Dünyada siyasəti idarə edən, inqilablar, çevrilişlər həyata keçirmək gücünə sahib iri transmilli şirkətlər Azərbaycana daxil oldular və ölkəyə investisiya yatırmağa başladılar. Belə şirkətlərin öz investisiyalarını qorumaq xətrinə Azərbaycanda sabitlikdə maraqlı olmaları dövlət çevrilişlərinin, təxribatların qarşısının alınmasında işimizə xeyli yaradı. Buna baxmayaraq, 1991-2000-ci il aralığı Azərbaycanın iqtisadi-siyasi sistemində xaos dövrü sayılır və o müddət ərzində baş verənlər unudulmadığından, indi bir-bir təkrar sadalamaq istəmirəm. 2000-ci ildən - “Əsrin müqaviləsi”ndən gələn vəsait ölkəyə daxil olandan sonra isə, iqtisadi-siyasi həyatda yeni bir mərhələ başladı. Əgər 90-cı illərdə ölkəmizin ÜDM-i, haradasa, 100 milyon manata yaxın idisə, sonradan bu rəqəm 1 milyarda yaxınlaşdı. Son 15 ilsə Azərbaycanda iqtisadi dirçəlişin və siyasi dayanıqlığın möhkəmləndiyi mərhələ sayılır. 2003-cü ildə cənab İlham Əliyevin prezident seçilməsiylə bu mərhələnin özündə belə, strategiya dəyişikliyi baş verdi. Yəni, dövlətin əsas diqqəti, ağırlıq daha çox iqtisadiyyata yönəldildi. Bir sıra dövlət proqramları işlənib hazırlandı. Əgər əvvəllər büdcənin cəmi 10-12 faizi proqramlar əsasında tərtib edilirdisə, hal-hazırda büdcənin 50 faizə yaxını dövlət proqramları əsasında hazırlanır. Bu, büdcə üçün çox önəmli məsələdir. Dünyada büdcədə pozuntuların, korrupsiya və rüşvətin olmaması üçün onu daha çox proqramlara uyğun olaraq tərtib edirlər. Bununla da büdcə pulunun hansı istiqamətə sərf olunduğu bilinir.Azərbaycan neft ölkəsidir, bunu unutmaq lazım deyil. Büdcəmiz, sosial vəziyyət, insanların həyat şəraitinin hamısı neftdən asılıdır. İstəsək də, istəməsək də bu belədir. Vaxt vardı, Azərbaycana investisiya cəlb etmək çox çətin idi. Hətta 2000-ci illərin əvvələrində belə, ölkəyə heç kəs investisiya yatırmaq istəmirdi. Yalnız “Əsrin müqaviləsi”nə müəyyən vəsait qoyulurdu.  O zaman ölkəyə qoyulan investisiyanın 80 faizi xarici,  20 faizi isə daxili investorların idi. Ancaq indi vəziyyət xeyli dəyişib. 2014-cü ilin hesabatına görə, ölkəyə qoyulan xarici investisiyanın həcmi 20 faiz, daxili investisiya isə 80 faizdir.  Artıq Azərbaycan özü xaricə investisiya yatıran dövlətə çevrilib.Dövlətin investisya siyasətində isə bir məqsəd olub: ölkədə infrastruktur layihələrini həyata keçirmək. Əgər Azərbaycanın ciddi bir dövlət kimi dünyada tanınmağını istəyiriksə, o zaman bir sıra vacib məsələlər həll edilməliydi: ölkəyə gələn hər bir xarici inverstor görməliydi ki, burada su, qaz, işıq, yol problemi yoxdur. Əgər bu problemlər hansı dövlətdə varsa, o zaman əcnəbi maliyyə sahibləri həmin ölkəyə heç vaxt sərmayə yatırmırlar. Ona görə də bizdə xüsusən son 10 il ərzində əsas diqqət məhz bu sahələrə yönəldildi. İndi sadaladığım məsələlərlə bağlı problem yoxdur. Demək olar, işin 80 faizi həll olunub...

 

- Milli Məclisin yaz sesiyası da başa çatdı. Gəlirlərin deklarasiyası mexanizmi haqqında qərar qəbul olunmadı?

- 2006-cı ildə sözügedən qanun qəbul edilib. Ancaq hələlik mexanizm işlənib hazırlanmayıb. Orda çətin proseslər var. Onlar da gec-tez işlənib hazırlanacaq.

 

 

 

Əfsun

Tarix
2 İyun 2015 [20:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin