Ana səhifə
21 Noyabr 2018

Neftçala sürətlə inkişaf edir

Rayonda məhsul istehsalı 188,4 milyon manat təşkil edib

 

 

 

Azərbaycanın inkişafı hər bir rayonun inkişafından asılıdır. Bunun nəticəsidir ki, son illərdə Azərbaycanın regionlarının inkişafı  xeyli sürətlənib və uğurlu nəticələr əldə olunub. Görülən işlər dövılət proqramları çərçivəsində hər bir regionun inkişaf strategiyasına uyğun aparılır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Neftçala rayonunda müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində  bütün sahələrdə inkişaf templəri daha yüksək olub, əldə olunan istehsal göstəriciləri və gəlirlər əvvəlki ildəki səviyyəni xeyli ötüb keçib. 2014-cü ildə əsas makroiqtisadi göstərici olan ümumi məhsul istehsalının həcmi çoxalıb, müxtəlif xidmətlərin göstərilməsində, tikinti-quraşdırma işlərində artım müşahidə olunub. 2014-cü ildə rayonda ümumi məhsul istehsalının həcmi 7,1 faiz artaraq 188,4 milyon manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,6 milyon manat çoxdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu xeyli artaraq 65,9 milyon manat olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında fermerlərə güzəştli şərtlərlə mineral gübrələr, buğda toxumu satılmış, pul yardımı göstərilib. Heyvandarlıqda ciddi nailiyyətlər qazanılıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım qeydə alınıb. İribuynuzlu mal-qaranın sayı 41700 başa, davarların sayı 129411 başa çatmış, ət istehsalı 11626 ton, süd istehsalı 22205 ton, yumurta istehsalı 4 milyon 122 min ədəd, yun istehsalı 254,2 ton olub.

Rayon əhalisinin rabitə sistemlərindən istifadəsini yaxşılaşdırmaqdan ötrü xeyli iş görüüb, əhaliyə ötən ildəkindən 25 faiz çox xidmət göstərilib, ATS-lərin işi sahmana salınıb, peyk avadanlıqları quraşdırılıb. Nəqliyyatda yük daşınması 6,2 faiz, sənişin daşınması 7,2 faiz artıb, 119 milyon manatlıq istehlak malları satılıb və xidmətlər göstərilib. Elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. Əhaliyə və təşkilatlara 108 milyon kilovatt-saat elektrik enerjisi, 8,9 milyon kubmetr təbii qaz verilib.

 

2014-cü ildə təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən yerinə yetirilmiş işlərin həcmi 23 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövründəkinə nisbətən 58,7 faiz artıqdır. Heydər Əliyev prospekti yenidən qurulub, yeni parklar salınıb, yol kənarları abadlaşdırılıb, Heydər Əliyev Mərkəzi, RİH inzibati binası, Bayraq meydanı, Şəhidlər kompleksi, Kür sahili bulvarı istifadəyə verilib. Müasir saat qülləsinin, “Axmazgöl” ekoloji sağlamlıq zonasının, Bankə qəsəbəsində mini-futbol meydançasının tikintisi başa çatmaq üzrədir. Son zaman ərzində yeni RİH inzibati binasının ərazisinə düşən mərkəzi magistral su xəttinin yeri dəyişdirilib, 853 metr uzunluqda həmin xətt daha münasib sahədə polietilen borular vasitəsilə su kəmərinə birləşdirilib. Hüseyn Cavid adına parkda yeni idman meydançası gənclərin və yeniyetmələrin istifadəsinə verilib. Şəhərin M.Ə.Rəsulzadə, 20 Yanvar, M.Əsədov və digər küçələrində əsaslı təmir işlərinə 3,5 milyon manat, cari təmir və yolların saxlanılmasına 535 min manat vəsait xərclənib. Kürkənd, Yuxarı Qaramanlı, Aşağı Surra kəndlərində yeni məktəb binalarının tikintisi və təmirində xeyli iş görülmüşdür. Ərazilərdə çoxlu ağac və gül əkilmişdir. Şəhərdə sakinlərin ekoloji cəhətdən təmiz içməli suya tələbatını ödəmək üçün yeni su xətləri çəkilmiş, nasosxanalar və su anbarları işlək vəziyyətə salınıb, kanalizasiya xidməti göstərilib. Xeyli sanitar təmizliyi tədbirləri həyata keçirilib. Qoltuq yaşayış massivinin Ə.Piriyev küçəsində 235 metr uzunluqda yeni su xətti çəkilib. M.Əsədov küçəsində yerləşən ictimai binalarda su və kanalizasiya xətləri bərpa edilib, Heydər Əliyev prospektində 595 metr məsafədə yüksək təzyiqli kanalizasiya xətti ümumi şəbəkəyə birləşdirilib. Əhali tərəfindən 567 min manat dəyərində fərdi evlər tikilib.

Rayon ərazisində olan magistral və daxili yolların çəkilişi, bərpası və yenidən qurulması, yol kənarlarında piyada səkilərinin təzələnməsi, yol nişanlarının qurulması, bu səpkidə olan digər işlər yüksək səviyyədə icra edilib. Prezident İlham Əliyevin sərəncamına əsasən 11 yaşayış məntəqəsini birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolu istifadəyə verilib. Yeni asfalt yol Xoll zonasına gediş-gəlişi xeyli asanlaşdırıb, bu hadisə rayon əhalisi tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanıb. Bankə, Xıllı, Həsənabad qəsəbələrində, kəndlərin bir çoxunda yolların asfaltlaşdırılması tədbirləri həyata keçirilib. 37 min nəfərlik əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirəcək Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun çəkilişinə Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılıb. Gələcəkdə Salyan-Neftçala şosesi əsaslı şəkildə təmir olunacaq, şəhərin su təchizatının daha da yaxşılaşdırılacağı, kanalizasiya şəbəkəsinin yenidən qurulacağı, yaşayış məntəqələrinin bütünlüklə qazlaşdırılacağı, xüsusi sənaye zonalarının yaradılacağı artıq reallıqdır.

Özəl bölmənin inkişaf etdirilməsi rayon rəhbərliyinin diqqət mərkəzində durmuş və bunun üçün münbit şərait təmin olunub. 2003-2014-cü illərdə yüzlərlə kiçik sahibkarlıq obyektləri tikilib, istehsal sexləri, ticarət və xidmət obyektləri fəaliyyətə başlayıb. Sahibkarlığın inkişafına maliyyə yardımı göstərmək məqsədilə fiziki və hüquqi şəxslərə kreditlər verilməsi davam etdirilib. “Vahid pəncərə” sistemi uğurla tətbiq olunur, yeni sahibkarlıq subyektləri yaradılır.

Neftçalanın 84723 nəfər əhalisi vardır. Dövlətin və onun başçısının apardığı siyasətə uyğun olaraq əhalinin sosial şəraitinin yaxşılaşdırılması rayon rəhbərliyinin əsas fəaliyyət sahəsidir, əldə edilən uğurların əsas meyarı da məhz bu sahədir. Pensiyaların və müavinətlərin ödənilməsində problem qalmayıb. Hazırda ünvanlı sosial yardım alan ailələrin sayı 1056-dır, keçən il rayonda 13501 nəfər pensiyaçı və müavinət alan olmuş, şəhid ailələri, əlillər, qocalar və tənha insanlar hər cür qayğı ilə əhatə olunub. 145 kimsəsiz, ahıl və əlil şəxslərə sosial-məişət xidməti göstərilir, Böyük Vətən müharibəsi və Qarabağ əlillərinə birdəfəlik yardımlar göstərilib, 13 nəfər müharibə əlilinə pulsuz minik avtomobili verilib. Bu sahədə qarşıya qoyulan vəzifələr gələcəkdə də layiqincə yerinə yetiriləcək, əsas diqqət yenə də əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasına yönəldiləcəkdir.

Təhsil, səhiyyə və mədəni quruculuq sahələrində xeyli iş görülüb. Hazırda rayonda 51 ümumtəhsil məktəbi, 16 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir, məktəblərdə 15000 nəfər təhsil alır, onların təlim-tərbiyəsi ilə 1545 müəllim məşğul olur. Ötən il 682 nəfər orta təhsil haqqında attestat, 912 nəfər doqquzuncu sinfi bitirmək üzrə şəhadətnamə alıb. Məzunlardan 204 nəfər ali məktəblərə qəbul olunmuş, 41 nəfər 500-600, 8 nəfər 600-dən yuxarı bal toplamışdır.

Səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilib. Rayonda 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi, 4 tibb ambulatoriyası fəaliyyət göstərir. Ötən il bu müəssisələrə minlərlə insan ambulator müraciət edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilib pulsuz müayinələrə 52 yaşayış məntəqəsində yaşayan 67268 nəfər cəlb olunub. Milli Onkologiya Mərkəzinin həkim briqadası tərəfindən 1051 nəfər üzərində müayinə aparılıb. Mərkəzi xəstəxanada, poliklinikada, doğum, uşaq, terapiya korpuslarında təmir işləri görülüb.

Hazırda rayonda yeni mədəniyyət xidməti müəssisələri istifadəyə verilir, onların maddi-texniki bazası getdikcə möhkəmləndirilir. İnsanların asudə vaxtının mənalı və məzmunca dolğun təşkilində, gənclərin ata-babaların qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərin mühafizəsində, kütləvi mədəni-maarif işinin aparılmasında işlər əsasən uğurludur. Rayonda mədəniyyət və incəsənət sarayı, 14 mədəniyyət evi, 20 klub, 67 kitabxana, Heydər Əliyev Muzeyi, tarix-diyarşünaslıq muzeyi, rəsm qalereyası, uşaq-incəsənət məktəbi, mədəniyyət və istirahət parkları fəaliyyət göstərir. Bu müəssisələrdə 500-ə qədər işçi vətəndaşların asudə vaxtının təşkili, maddi-mədəni sərvətlərimizin mühafizəsi, tarixi abidələrin qorunması üçün fəallıqla çalışmaqdadır. Rayon mərkəzi kitabxana sisteminin fondunda 450 min nüsxədən artıq ədəbiyyat vardır ki, onlardan 46 minə yaxın oxucu istifadə edir. Son vaxtlar mədəniyyət müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilib. Mərkəzi Kitabxana Sistemində, Mədəniyyət və İncəsənət Sarayında, Uşaq İncəsənət Məktəbində, Tarix-Diyarşünaslıq Muzeyində təmir işləri görülüb. Rayon ərazisində 22 tarixi abidə mühafizə olunur ki, onların da turizmin inkişaf etdirilməsində əhəmiyyəti böyükdür.

 

Tarix
28 May 2015 [18:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin