Ana səhifə
28 May 2018

“Atamın adı üstümüzdə olub” – Müsahibə

“Heç vaxt atamı dünyasını dəyişmiş bir adam kimi qəbul etmirəm”

 

 

Rübabə Rzayeva: “Anam öz vəzifəsinin öhdəsindən gələrək bizim üçün həm ana, həm də ata oldu”

 

Ömrünü, yaradıcılığını teatr, kino sahəsinin inkişafına sərf edən, adını incəsənət sahəsinə qızıl hərflərlə yazdıran aktyorlarımızdan biri də Səməndər Rzayevdir. Dəfələrlə sevə-sevə izlədiyimiz “Bəyin oğurlanması”da Hidayat, “Evləri köndələn yar” Şakir Şirinov, “Evlənmək istəyirəm” Həsən Ağa və bir çox obrazlar canlandıran aktyor sənəti ilə hər zaman insanlar tərəfindən yaşayacaq və yadd ediləcək. Tanınmış aktyorun qızı Rübabə Rzayeva atası haqqında xatirlərini dilə gətirərək qeyd etdi ki, atasının obrazlarına baxarkən həm kövrəlir, həm də sevinir.  

 

- Rübabə xanım, atanızın həyatına film çəkildiyini qeyd etdiniz. Bu haqda məlumat verməyinizi istərdik...

- Bəli, Azərbaycan televiziyasının kino redaksiyasında “Ömrün payı” adlı film çəkilib. Filmdə atamın yaradıcılığı və həyatı əks edilib və mənə elə gəlir ki, ekran əsəri yaxşı alınıb. Film Mədəniyyət kanalında iyunun 2-də yayımlanacaq. Filmin rejissoru Tahirə xanımdır və işinin peşəkarıdır.  Çox böyük ürəklə film üzərində çalışıb. İnsanlar tərəfindən necə qəbul ediləcəyini bilmirəm. Amma peşəkarlar tərəfindən yaxşı qəbul edilib.

 

- «Ömrün payı” Səməndər Rzayevin filmlərdəki lent yazılarından ibarətdir, yoxsa aktyor heyəti çıxış edir?

- Bədii-sənədli filmdir və Bələdiyyə Teatrının aktyoru Elxan Rza atamın obrazını, oğlum Murad isə uşaqlığını canlandırır. Onlar müəyyən epizod oynayırlar və Elxan Rza şeirlər də səsləndirir. Mən də filmdə oynayıram və nənəmin cavanlığını canlandırıram. Kiçik bir səhnədir və Novruz bayramı səhnəsində oğlum ilə çəkilmişəm.

 

- Səməndər müəllimi 12 yaşınıza qədər görmüsünüz. Ata kimi necə xatırlayırsınız  və sizin üçün necə ata olub?

- Çox gözəl insan idi. Bununla yanaşı yaxşı ata olub və bizi çox sevirdi. Bunlar sözgəlişi deyilən sözlər deyil, doğrudan da çox gözəl insan olub. Uşaqla uşaq, böyüklə böyük idi. Dostlarını, həmkarlarını və insanları çox sevirdi. Mən atamdan heç bir zaman hansısa insan haqqında pis söz deməsini eşitməmişəm. Çox sadə, saf niyyətli insan idi. Hətta deyərdim ki, sadəlövh insan idi, sanki bu dünyanın adamı deyildi. Hiylədən, məkrdən uzaq, sözün düzünü, düşündüyünü deyən adam idi. Heç nədən çəkinmirdi. Sənətinin sənətkarıdır, amma onu da deyim ki, müəyyən məişət məsələlərində köməksiz adam idi, sanki onlara hazır deyildi.

 

 - Atanız 41 yaşında dünyasını dəyişdi. Bundan sonrakı həyatınız necə keçdi?

- Təbii ki, çətinlik oldu. Anam atam dünyasını dəyişənə qədər evdar qadın idi. Baxmayaraq ki, universitetin kimya fakültəsini bitirmişdi. Atam dünyasını dəyişdikdən sonra işləməyə məcbur oldu. Hər halda uzun illər işləməyən adam üçün iş tapmaq asan olmadı. İxtisası üzrə çox yerlərə müraciət elədi, əziyyət çəkdi. Təbii ki, atam daha çox qazanırdı, bizi hər tərəfli təmin edirdi. Amma anam da öz vəzifəsinin öhdəsindən gələrək bizim üçün həm ana, həm də ata oldu. Həyatda nail olduqlarıma və cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmağıma görə anama minnətdaram. Atamı çox az, cəmi 12 yaşıma qədər gördüm. Amma hər zaman atamın adı üstümüzdə olub, ruhu bizə kömək edib. Atam neçə ildir ki, dünyasını dəyişib. Çox sevinirəm ki, insanlar atamı çox sevirlər, yaddan çıxarmıralar. Yaxın günlərdə yubileyi qeyd edildi, film çəkildi bu mənim üçün böyük bir qürurdur. Hər bir övlad istəyər ki, atasına qarşı bu cür münasibət olsun.  Bu diqqətə, sevgiyə görə hər kəsə təşəkkürümü bildirirəm.

 

- Səməndər Rzayev böyük sənətkardır və onun adı həyatınızda, nə cəmiyyətdə mövqeyinizin artmasına nə dərəcədə kömək etdi?

- O mənada elə bir kömək olmayıb. Mənim üçün Səməndər Rzayevin qızı olmaq qürurvericidir. Mənəvi tərəfi daha vacibdir və həqiqətən də atamı səmimi sevirlər. Bu sevgi əsl sevgidir, nəyinsə xatirinə deyil və bu mənə bəs edir.

 

- Səməndər müəllim, çox gərgin yaradıcılıq yolu keçib. Filmlərə çəkilir, teatrda işləyir və veriliş aparırdı. Bu işlərdə atanızın ən böyük dəstəkçisi kim olurdu?

- Anam dəstək olurdu. Ailədə bütün ağırlıq anamın üzərinə düşürdü. Qeyd etdiyim kimi atam məişətlə bağlı insan deyildi. Adi bir mismarı divara vurmağı bilmirdi. Bir dəfə mismar vurdu və barmağını yaraladı. Anam həmişə deyirdi ki, üç uşağım var, ən balacası da Səməndərdir. Amma atam gecə-gündüz işləyirdi, çox gərgin iş qrafiki vardı. Səhərdən gecəyədək işləyərək ailəsinə pul gətirirdi. Anam isə ailənin yükünü, qayğısını öz üzərinə götürmüşdü ki, atam üçün o yükü də çəkmək ağır olmasın. Hətta atamın paltarlarını da anam alırdı. Çünki atam anamın zövqünə inanırdı, anamın aldığı paltarı, adikalonu çox bəyənirdi. Beləliklə, atam ancaq öz sənəti ilə məşğul olurdu.

 

- Atanızın vəfatından sonra ailəni dolandırmaq üçün nə isə qalmışdı?

- Atam aktyor adam idi, Biznesmen deyildi ki, nə isə qalsın. Atam rəhmət getmişdi, yeni evə köçmüşdük. Təbii ki, pul qalsa da tez xərclənir. Anam çox əziyyət çəkdi.

 

- Səməndər Rzayevin canlandırdığı hansı obraz daha çox xoşunuza gəlir?

- Atam bizi bütün tamaşalarına aparardı. Amma o zaman kiçik yaşlı idim. Ancaq bu yaşımda tamaşalarına baxsaydım, tamamilə başqa istiqamətdən yanaşardım. Onun oynadığı obrazlar arsında çox möhtəşəm və maraqlı obrazlar var.  Yadımda qalanlardan “Sizi deyib gəlmişəm”də Xudayar bəy ən çox sevdiyim obrazdır.  “Məhəbbət yaşadır” qısametrajlı tamaşada da atamın canlandırdığı obrazı sevirdim. Orada atamla yanaşı Yaşar Nuri, Firəngiz Mütəllimova, Hacı İsmayılov da oynayırdı. Gözəl bir aktyor qrupu iştirak edirdi və mövzu da çox təsirli idi. Səhv etmirəmsə tamaşanın rejissoru Yusif Məmmədbəyli olub. Nahid Hacızadənin əsəri idi. Atam məni o tamaşanın da məşqinə aparmışdı. Mənə aktyorların necə oynamaqları, məşq etməkləri maraqlı idi. Bir neçə dəfə o tamaşaya müxtəlif aktyorların canlandırdığı versiyalarda baxmışam. Eləcə də “Dəli Yığıncağı”da Fazil Məhəmməd İbn Yəqub Küleyni obrazı mənim  üçün çox maraqlıdır. Təəssüf ki, Maksim Qorkinin “Həyatın dibində” əsəri əsasında hazırlanmış tamaşa  atamın son işi oldu. Hüseynağa Atakişiyev səhnələşdirmişdi və onunla ilk işi olmasına baxmayaraq, həyatında və Akademik Milli Dram Teatrının səhnəsində son rolu idi. Təəssüf ki, o tamaşaya baxa bilmədim.  İnanıram ki, çox gözəl obraz olacaqdı. Çünki atam o obrazı yaratmağı çox istəyirdi və onun üçün qoyulmuş bir tamaşa idi. Yalnız monoloqunu eşitmişəm, verilişdə monoloqu demişdi.

 

- Atanız tanınmış bir insan idi və dostları da çox idi. Onlardan Telman Adgözəlov, Hacı İsmayılov, Rasim Balayev və s. göstərmək olar...

- Telman müəllim ailəmiz üçün başqa bir adam idi. O, sadəcə  dost deyildi, ailəmizin bir üzvü idi. Sözün əsl mənasında əmimiz idi, doğma əmimilərimizdən artıq idi ki, əskik deyildi. Atam Hacı müəllimlə də dostluq edirdi, ailəsi ilə bizdə qonaq olublar. Amma Telman əmigil qədər yaxın münasibətimiz yox idi. Hazırda Telman əmigilin ailəsi ilə münasibətimiz davam edir. Yoldaşı mənim oğlumun getdiyi bağçada işləyir və onun vasitəçiliyi ilə oğlumu həmin bağçaya qoymuşuq. Yoldaşı nəvələrini bağçaya aparıb gətirir, görüşürük, nəvələrini də görürəm. Hacı müəllimin yoldaşı ilə anamın ünsiyyəti var və hərdən telefon vasitəsilə əlaqə saxlayırlar. Eləcə də hər zaman bayramlarda Fuad Poladov anama zəng edir, bayramımızı təbrik edir. Rasim Balayev ilə də ünsiyyətimiz var. Atam  dünyasını dəyişdikdən sonra heç biri ünsiyyətini kəsməyiblər, sağ olsunlar. Onları lazım olanda yanımızda görmüşük. Hər birinin yaxşılığını unutmaq haqsızlıq olardı. Onu da bildirim ki, Telman  əmi ailəmiz üçün başqa bir adam olub, dostdan də yaxın idi. Ailəmizin üzvü kimi qəbul etdiyim insanlardan birincisi Telman Adgözəlov olub. Onun itkisi hər birimiz üçün çox böyük zərbə və sarsıntı  oldu. Yaşar Nurini də çox sevirdik və həmişə Yaşar əmi demişəm. Diktor Hicran Hüseynova Hicran əmi kimi müraciət eləmişəm. Çünki onlar dostdan doğma, əziz insanlar idi.

 

- Televiziyada atanızın canlandırdığı obrazları izləyərkən bir övlad kimi hansı hissləri keçirisiniz?

- O haqda danışmaq çətindir. Müxtəlif vaxtlarda müxtəlif hisslər keçirirsən. İnsanın daxili vəziyyətindən, həmin andakı vəziyyətindən asılıdır. Amma heç vaxt atamı dünyasını dəyişmiş bir adam kimi qəbul etmirəm. Filmlərə, tamaşalara baxanada  mənə elə gəlir ki, sağdır. Sanki, həmin tamaşaya və filmə indi çəkilib və mən də oturub baxıram. Təbii  ki, elə anlar da olur ki, kövrəlir və pis oluram. İnsan elə bir varlıqdır ki,  hər situasiyada müxtəlif cür olur. Deyə bilmərəm ki, hər dəfə eyni hissləri keçirirəm. Elə olur ki, canlı insan kimi baxırsan, komedik obrazlarına gülürsən.  Bəzən isə izləyə-izləyə başqa xatirələr yada düşür, xəstəxanadakı vəziyyətini xatırlayıram, kövrəlirəm, pis oluram.

 

- Atanızı sonuncu dəfə necə gördünüz?

- Sonuncu dəfə xəsətəxanada gördüm.  Bizə dedilər ki, artıq yaxşıdır. Amma təəssüf ki, vəziyyəti qəfldən dəyişdi və qısa müddətdə dünyasını dəyişdi.

 

Tarix
29 May 2015 [18:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin