Ana səhifə
16 Oktyabr 2018

«Keyfiyyət olmadan, xarici bazarlara çıxmaq olmaz» - Müsahibə

Vahid Məhərrəmov: “BMT nümayəndəsi bizi başa salmağa çalışır ki, xəstəlik mənbəyi olan məhsulla qidalanırıq”

 

 

 

Azərbaycan hökuməti kənd təsərrüfatı məhsulları üçün yeni ixrac bazarlarının axtarılması, bu sahədəki çətinliklərin aradan qaldırılmasına yardım edilməsi məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) müraciət edib. Qurumun baş direktoru Jose Qratsiano Da Silva hesab edir ki, bunun üçün ilk növbədə kənd təsərrüfatı məhsullarının keyfiyyət səviyyəsi artırılmalıdır. Habelə sərhədyanı ərazilərdə yayılan xəstəliklərlə mübarizə aparılmalı, bunlar aradan qaldırılmalıdır. Bu və digər məsələləri şərh edən aqronom-alim Vahid Məhərrəmov “Üç nöqtə”yə müsahibəsində bildirdi ki, FAO direktoru Jose Qratsiano Da Silva əsl BMT məmuru, diplomat kimi bizi başa salır ki, Siz hələ ki, ixrac üçün hazır deyilsini və keyfiyyətsiz və xəstəlik mənbəyi olan məhsulla qidalanırsınız.

 

- Vahid müəllim, FAO-nu Azərbaycanla bağlı narahat edən məsələlər hansılardır?

- Ümumiyyətlə BMT-nin FAO təşkilatını narahat edən bir sıra məsələlər var. Onlardan ən başlıcası Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə bəzi xəstəliklərin və bu xəstəliklərə səbəb olan gəmiricilərin geniş yayılmasıdır.  Heyvandarlıqda xəstəliklərin geniş yayılması, xüsusən, yeni olan xəstəliklərin Azərbaycanda yayılması da narahatlıq yaradır. Bunların qarşısı alınmadığı üçün qonşu ölkələr üçün də təhlükə yaranır. Qeyd edim ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə əkin sahələrində çəyirtkələr geniş yayılıb. Bunlar da kənd təsərrüfatına ciddi ziyan vurur, həmçinin, bu da qonşu ölkələrin baş ağrısına çevrilir. Bu məsələlər FAO üçün önəmli məsələlərdir. Azərbaycan və digər ölkələrlə əməkdaşlıq memorandumu imzalayanda başlıca məsələ kimi qarşıya buları qoyurlar. Digər tərəfdən onlar kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə bağlı da iradlarını bildirirlər. FAO-nun direktoru bir daha bildirib ki, Azərbaycan keyfiyyətə önəm verməlidir. Onun əlində istehsalla bağlı hər hansı konkret rəqəm ola bilsin olmayıb, (onlar həm də axı diplomatdır, əlində olsa belə rəqəmləri açılamağı məqbul hesab etməyib) amma istehsalla bağlı problemlərimizin olduğunu dolayısı yolla qeyd edib. Deməli, Azərbaycan istehsal etdiyi məhsulların keyfiyyətinə önəm verməlidir.

 

 

- Rəqəmlərlə bağlı real vəziyyət necədir?

- Apardığımız araşdırmalar göstərir ki, Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarında ən geridə qalmış ölkələr sırasındadır. Həmin hesabatların bizim ölkəyə aid olan hissələrindən bəzi fraqmentləri sizə təqdim edirik:  Azərbaycanda balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir. Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir. Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da, il ərzində 248 kiloqram istehlak edilir. FAO-nun hesablamalarında həm də Azərbaycanda gün ərzində ərzaq istehlakı səviyyəsinin aşağı olduğu göstərilir: Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür. Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda isə 3095 kilokaloridir.

 

- Keyfiyyət məsələsini həll etsə, Azərbaycan FAO üçün donor ola bilər?

- Azərbaycan özü belə təşəbbüsdə bulunur. FAO-nun təkcə Azərbaycan deyil, bir sıra ölkələrlə sazişlər imzalayıb. Bəzi ölkələrdə nümayəndəlikləri var. Burda da məsələ ondan ibarətdir ki, bu gün kənd təsərrüfatın sahəsində (bütün dünya üzrə) ən geniş araşdırmalar aparan FAO-dur. Ölkələrdə istehsal olunan məhsul və onun keyfiyyəti, əhalinin qidalanmasının səviyyəs, onun normaya uyğun olub-olmaması ilə əlaqədar, məhz bu təşkilat araşdırma aparır.  Təşkilat rəhbəri açıq bildirir ki, sizin istehsal etdiyiniz məhsulun keyfiyyəti ilə bağlı ciddi problemlər var. Onların hesabatında real vəziyyət tam əksini tapıb. Problemin həlli Azərbaycan aslıdır. Bu nə FAO, nə beynəlxalq qurumlarla bağlı deyil. Yaxşı xatırlayıram, FAO-nun əvvəlki rəhbəri keçmiş nazirin dövründə gəlib, heyvandarlığın inkişafı ilə bağlı konsepsiya hazırlamışdı. Amma bu konsepsiya reallığı əks etdirmirdi. Təşkilatın Bruseldəki nümayəndələrinə irad bildirdim ki, sizin Azərbaycana göndərdiyiniz mütəxəssislər reallığı qiymətləndirə bilmirlər. Heyvandarlığı inkişaf etdirmək üçün konsepsiya hazırlamamışdan öncə bitkiçiliyi inkişaf etdirmək lazımdır. Yemçilik inkişaf etdirilmədən, heyvandarlığı necə inkişaf etdirmək olar? Heyvanın fuunksiyası yemi məhsula çevirməkdir. Əgər yem, yem bazası yoxdursa, bu istiqamətdə ciddi problemlər varsa, heyvandarlığı inkişaf etdirmək adı ilə sənəd hazırlamaq qeyri-ciddi addımdır. Bu misalı ona görə çəkirəm ki, hətta FAO-nun mütəxəssisləri belə fərqinə varmadan bəzi hallarda bizim məmurların istəyinə uyğun hərəkət edirlər. Başa düşmürlər ki, problemin doğuran səbəbi aradan qalıdrmaqla onları həll etmək lazımdır, daha problemi üzləməklə yox. Belə olan halda kiməsə müraciət edib, vəziyyəti başqa formada təqdim etməyə ehtiyac qalmır.

Bizim iraddan sonra hökumat də o sənədi qəbul etmədi. Təəssüf ki, Kənd təsərrüfatı Nazirliyi bu gün görüntü yaratmaqla məşğuldurlar. Problem heç də istehsalla bağlı azalmayıb, əksinə artıb. Neçə ildir deyirik ki, bizdən iqtisadi cəhətdən zəif olan ölkələrdə dolu düşmənin qarşısını almaq üçün xüsusi topları gətirib ondan istifadə edirlər. 10 ildən artıqdır deyirik. Amma bizim dediyimizə əhəmiyyət verən yoxdur. Nəticə də həmin buz parçalarının düşməsi nəticəsində bizim rayonlarda təsərrüfatlara  çox ciddi ziyan dəyir. Deməli, aidiyyəti nazirlik problemi anlamır. Mütəxəssislər təklif verəndə də, qıcıqlanırlar, öz mənliyinə sıxışdırmırlar, müəyyən addımlar atmalıdırlar, onu atmırlar. Belarusda hər il 6 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edirlər. Ona görə ki, bu sahəyə cavabdeh qurumda ixtisaslı mütəxəssislərdir. Bizdəkilərin isə kəndə təsərrüfata aidiyəti olmayanlardır. Bu sahədə bir dağınıqlıq var. Yalnız mütəxəssis bu pərakəndəliyi aradan qaldıra bilər.  Problemlər həll olunarsa, donor da ola bilərik.

 

- Belə bir fikirləriniz olub ki, ölkədə həm kredit verən, həm də kredit alan tərəflər üçün  kritik vəziyyət yaranıb. Bunu necə əsaslandıra bilərsiniz?

- Fermerlər lazımı qədər maliyyə vəasaiti, istehsal vasitələri əldə etmədən əkin, səpin işlərinə başlamaqla öz təsərrüfatlarını böyük risk altında qoyurlar. Son zamanlar 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsindən sonra kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarda bu sahəyə kredit resurslarının ayrılacağı ilə bağlı ümidlər yaranıb. Əslində isə bu sahədə əvvəlki illərdən fərqli olaraq vəziyyət pisləşib. Bu ilin əvvəlindən başlamış manatın devalvasiyası banklara pul-kredit siyasətinə yenidən baxmaq zərurəti yaradıb. Bu səbəbdən də indiki halda bankların müştərilərlə ciddi problemləri yaranıb.

Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı sektorunda sərmayə qoyuluşlarının az olması və kredit vəsaitlərinə çıxış imkanlarının məhdudluğu nəticəsində bütövlükdə sahə rentabelliliyi aşağı olan fəaliyyət sahələrindən birinə çevrilib. Risklərin ildən-ilə çoxaldığı şəraitdə fermerlərə ayrılan kreditlərin geri qaytarılması riski artdığına görə banklar aqrar sektora kredit ayrılması barədə qərar qəbul edərkən ehtiyatlı yanaşır. Hal -hazırda yaranmış vəziyyət kredit verənlərlə yanaşı alanlar üçün də riskli olub. Belə ki, bank sahibləri kredit verən zaman real vəziyyəti nəzərə alaraq daha çox üstünlüyü məzənnəsi artmaqda olan valyutaya, xüsusən son zamanlar Amerika Birləşmiş Ştatları dollarına verir ki, bu da öz növbəsində kredit alan fermerlərin əldə etdikləri qazanclarının çox hissəsini bank faizlərinin ödənilməsinə sərf etmək məcburiyyətində qoyur. Bu hal davam etdikcə istehsalla məşğul olan borcalan kəndlilərin maddi durumu pisləşəcək. Maliyyə ehtiyaclarını ödəmək ümidilə banklara üz tutan, ABŞ dolları ilə kredit əldə edən fermerlər gələcəkdə daha ciddi maliyyə problemləri ilə qarşılaşacaqlar. Ölkədə həm kredit verən, həm də kredit alan tərəflər üçün  kritik vəziyyət yaranıb.

Əlbəttə vəziyyətin belə olması fermerlərə kredit resurslarına çıxmaqda ciddi çətinliklər yaradır. Bu məsələ ancaq hökumət səviyyəsində öz həllini tapmalıdır.

 

 

 

Əfsun

Tarix
28 May 2015 [10:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin