Ana səhifə
16 Noyabr 2018

Biləsuvarda adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 376 manat olub

Rayonda 2015-ci ilin birinci rübüyndə 36,7 milyon manatlıq məhsul buraxılıb

 

 

Azərbaycanın bütün regionlarında olduğu kimi Biləsuvar rayonumuzda da son illər, eləcə də 2015-ci ilin birinci rübündə əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir. Bu ilin birinci rübündə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 36.7 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz çoxdur. Birinci rübdə ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 8.6 milyon, ticarətdə 17.3 milyon,  tikinti sahəsində 6 milyon, sənayedə 4 milyon, nəqliyyatda 0.7 milyon manat təşkil edib. Bu dövrdə əsas  kapitala yönələn  investisiyalar 6.2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 45.4 milyon manat təşkil edib. Rüb ərzində rayonun yerli gəlirlər 3.6 milyon manata qarşı 3.8 milyon manat və ya 105 faiz yerinə yetirilib.

Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 376 manat, orta aylıq əməkhaqqı isə 278 manat olub. Sahibkarlara maliyyə dəstəyi davam edib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  birinci rübdə rayonda fəaliyyət göstərən 34 sahibkara 368 min manat kredit verilib. Görülmüş işlər nəticəsində 331yeni iş yeri açılıb. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsində  birinci rübdə rayonda 32  fərdi ev tikilib. Hesabat dövründə ailə üzvlərinin sayı 6280 nəfər olmaqla 1245 ailə ünvanlı dövlət sosial yardımı alıb.

2015-ci ilin birinci rübündə rayonda tikinti, abadlıq və quruculuq  sahəsində  xeyli işlər görülmüş, təmir-tikinti və abadlıq işləri aparılıb.

Ötən il rayonda ümumi şagird tutumu 1310 nəfər olan 3 məktəb üçün yeni binalar inşa olunub, 1176 şagird yerlik 1 məktəb isə əsaslı təmir olunub.

Biləsuvar  şəhərində müasir tələblərə cavab verən hər biri 100 və 200 yerlik uşaq bağçalarının tikintiləri başa çatdırılıb.

Hazırda uzunluğu 16,0 km olan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və uzunluğu 6,0 km olan Əsgərabad-Muğan avtomobil yollarının, Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar rayon şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar  rayon şöbəsinin, rayon Toxumçuluq idarəsinin inzibati binasının, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, Mərkəzi rayon Xəstəxanasının əsaslı təmiri işləri davam etdirilir.

Ötən dövr  ərzində rayonda əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülüb, Biləsuvar şəhər və 18 kənd yaşayış məntəqəsi tam qazlaşdırılmış, sayğaclaşma işləri başa çatdırılıb. Hazırda Ağayrı, Günəşli Nərimankənd, Səmədabad, Muğankənd və Yuxarı Ağalı kəndlərinin qazlaşdırılması işləri aparılır. Birinci rüb ərzində bu kəndlərdə ümumi uzunluğu 86.7 kilometr olan küçə qaz xətləri çəkilib. Bu ilin sonunadək rayonun bütün yaşayış məntəqələrində qazlaşdırma işləri başa çatdırılacaq və əhali  təbii qazla təmin olunacaqdır.

Biləsuvar şəhərinin içməli su  sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılıb. Hazırda kanalizasiya sisteminin tikintisi işləri aparılır. Cari ilin birinci rübü ərzində “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində  rayonumuzda da ağacəkmə aksiyaları keçirilib. Yüksək səviyyətə təşkil olunan ağacəkmə kompaniyalarında Biləsuvar rayon İcra Hakimiyyəti başda olmaqla, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri iştirak edib. Bu günədək 3500 ədəd çinar və digər ağaclar əkilib, əraziyə gübrələr verilərək, suvarma işləri aparılıb. Bundan əlavə aksiyada rayonun kəndləri də yaxından iştirak edərək çoxlu sayda ağaclar əkilib.

Bildiyiniz  kimi birinci  Avropa oyunları bu ilin iyun ayında Bakı şəhərində keçirilən ölkə miqyaslı əhəmiyyətli hadisələrdən biri  olacaq. Bu böyük tarixi hadisədir. Bu ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi və hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil Azərbaycanın inkişaf strategiyasının bəhrəsidir. Şübhəsiz birinci Avropa oyunlarının respublikamızın paytaxtında keçirilməsi hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin 03 may 2015-ci il tarixdə Biləsuvar rayonunda  “Məşəl yürüşü” ilə bağlı keçirəcəyi tədbirin yüksək səviyyədə təşkil olunmasından ötrü görülən işlər daim diqqətdə saxlanılır. Hazırlıq məqsədilə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 8 aprel 2015-ci il tarixli sərəncam imzalanmış və geniş tərkibdə işçi qrupu yaradılıb. Sərəncama əsasən idmançıların hərəkət marşrutları dəqiqləşdirilmiş, görüləçək işlər müəyyənləşdirilib. Şəhərin və ətraf ərazilərin təmiz, səliqəli saxlanmasından ötrü vaxtaşırı iməciliklər keçirilir, abadlıq və yenidənqurma işləri aparılır.

Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, fermer təsərrüfatlarına ayrılan maliyyə yardımları ərzaq təhlükəsizliyinin təminatında əsaslı rol oynayır. Bu sahədə qəbul olunmuş Dövlət Proqramlarından irəli gələn  tədbirlərin  yerinə yetirilməsi  nəticəsində  aqrar  bölmədə ümumi məhsul istehsalının həcmi artmış, məhsuldarlıq yüksəlmiş və kənd təsərrüfatında çalışan  insanların həyat səviyyəsi xeyli yaxşılaşıb. Rayonumuz aqrar rayon olmaqla iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalından  gələn gəlirlər təşkil edir və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında 21.7 min hektar sahədə dənli bitkilər əkilmişdir ki, bundan 8.4 min hektarını buğda, 13.3 min hektarını isə arpa bitkisi təşkil edib. Yazlıq əkinlər üçün 1622  hektar əkin aparılıb.

Torpaq mülkiyyətçilərinin əkin sahələrinin fasiləsiz suvarılmasını təmin etmək məqsədilə rüb ərzində 38.5 km suvarma kanalları, 12.4 km  isə kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bu dövrdə 5173 hektardan çox əkilən sahə suvarılıb. 2015-ci ilin birinci rübündə rayonda heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunub.

Bakı şəhər əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda  Biləsuvar rayonunun  fermerləri də yaxından iştirak edib. Hesabat dövrü ərzində yarmarkalara  130 tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları göndərilib.

Ölkə Prezidentinin 2015-c ili  “Kənd təsərrüfatı ili” elan etməsi ilə bu sahədə qarşıya qoyduğu təxirəsalınmaz tapşırıq və göstərişlərin yerinə yetirilməsi məqsədilə rayonda kənd təsərüfatının bütün sahələrini əhatə edən kompleks tədbirlə planı hazırlanıb və bu istiqamətdə müvafiq tədbirlərin görülməsinə artıq başlanıb.

2015-cü ilin arxada qalmış birinci rübündə rayonumuzda təhsil, səhiyyə və mədəniyyət sahəsində də xeyli iş görülüb, gənclərlə işin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Son illər rayonda 13 yeni məktəb tikilib, 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilib. Ötən dərs ilində rayonumuzun ümumtəhsil məktəblərini  928 şagird bitirib,  onlardan 178 nəfəri ali məktəblərə, 89 nəfəri isə respublikamızın orta ixtisas məktəblərinə qəbul olub. Məzunlardan 6 nəfəri 600-dən, 32 nəfəri isə 500-dən çox bal toplayıb.

Dövlət siyasətinin əsas  istiqamətlərindən olan əhalinin sağlamlığının təmin olunması, onlara yüksək tibbi xidmət göstərilməsi istiqamətində görülən işlər Biləsuvar rayonundan da yan keçməyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda da 2015-cü ilin fevral ayından etibarən əhalinin yenidən tibbi müayinədən keçirilməsi aksiyasına başlanılıb. Hazırda əhalinin müəyyən olunmuş müddətədək tibbi müayinədən keçirilməsi davam etdirilir.

 2015-ci ilin birinci rübündə biləsuvarlı gənclər  rayonda bir sıra respublika və rayon əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bir daha təsdiq etdilər ki, bu gün savadlı, intellektual səviyyəli, vətənpərvər gənclər yetişir. Bir çox gənclərimiz ayrı-ayrı sahələrə bacarıqla rəhbərlik edirlər. Hesabat dövründə rayonumuzun gənc idmançıları müxtəlif respublika və zona  turnirlərində uğurlu çıxışlar ediblər. Müasir Olimpiya İdman Kompleksindən, 3000 yerlik stadiondan, 150 sadə idman qurğusundan səmərəli istifadə edən idmançılar öz nailiyyətlərini ilbəil möhkəmləndirirlər. Hazırda rayonumuzda 5500 nəfərdən çox gənc idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olur.

 

Tarix
26 May 2015 [22:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin