Ana səhifə
19 Sentyabr 2018

Avropa Oyunlarına görə muzeylərdə iş saatı uzadılıb

Aytən Heydərova: “Oyunlar ərəfəsində iş qrafiki üçün cədvəl təşkil ediləcək”

 

 

Nərgiz Əliyeva: “Bələdçilər, nəzarətçilər növbə ilə çalışacaqlar”

 

Ölkəmizdə İlk Avropa Oyunların başlanmasına 16 gün qaldı. Avropa Oyunları müddətində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda fəaliyyət göstərən tarix və mədəniyyət qoruqları, muzeylərdə iyunun 1-dən 30-dək iş saatı uzadılıb. Üzeyir Hacıbəylinin Ev Muzeyinin fond müdiri Aytən Heydərova “Üç nöqtə”yə bildirdi ki, Avropa Oyunları ilə əlaqədar muzeydə iş saatı uzadılıb: “Oyunlar ərəfəsində iş saatımız saat 9-dan 22-dək davam edəcək və iş qrafiki üçün cədvəl təşkil ediləcək. Avropa Oyunlarına görə ölkəmizə gələn qonaqlara müxtəlif stendlər təqdim ediləcək və onlara Üzeyir bəyin yaradıcılığını geniş şəkildə təqdim etməyə çalışacağıq. Düzdür, Üzeyir Hacıbəylini bütün dünyada tanıyırlar. Amma bir daha turistlərə onun yaradıcılığını xatırlatmalıyıq. Beləliklə, əcnəbilərə muzey və Üzeyir bəyin yaradıcılığı haqqında Azərbaycan, ingilis dilində bukletlər təqdim ediləcək, ingilis dilində ekskursiyalar təşkil olunacaq. Eləcə də turistlərə Üzeyir Hacıbəylinin yaradlıcılığı ilə bağlı kitablar da hədiyyə edilə bilər. Muzeyə giriş tursitlər və eləcə də, yerli vətəndaşlar üçün sərbəst olacaq. Nəinki Avropa Oyunlarında, ümumiyyətlə, başqa günlərdə də muzeyimizə turistlər gəlirlər. Üzeyir Hacıbəylinin yaradıclığı ilə xarici tursitlərdən daha çox iranlılar məlumatlıdırlar. Əlbəttə ki, başqa ölkələrin vətəndaşları da Üzeyir Hacıbəylini tanıyırlar. Onun “Arşın mal alan” əsəri 2013-cü ildə Los- Angelesdə tamşaya qoyulub. Əcnəbi vətəndaşlar daha çox Üzeyir Hacıbəylinin yaradıcılığı və evdəki əşyalarla bağlı suallar verirlər”.

Fond müdiri onu da qeyd etdi ki, yerli və xarici vətəndaşlara ev muzeyinin qapıları hər zaman açıqdır: “Üzeyir Hacıbəyli kimi şəxsiyyətləri tanıtmaq, yaşatmaq hər birimizin borcudur. Belə dahilərimizin evi artıq ziyarətgaha çevrilib və onun yaradıcılığını hər bir Azərbaycan vətəndaşı yaxşı bilməlidir”.

Milli Azərbaycan Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyevanın sözlərinə görə, Avropa Oyunları ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaqlar: “Muzey şəhərimizə gələn qonaqları qəbul etmək üçün saat 9-dan 20-dək fəaliyyət göstərəcək və bələdçilər, nəzarətçilər növbə ilə çalışacaqlar, xarici dillərdə ekskrusiyalar təşkil ediləcək. Tarix Muzeyində idmanla bağlı stendlərimiz var və idmana aid eksponatlar qoyulub. Bələdçilərimiz əcnəbi vətəndaşlara Azərbaycan idmanın tarixindən və bu günündən geniş məlumat verəcəklər”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat xidmətindən verilən məlumata görə, burada “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq gedir: “Ölkəmizdə keçiriləcək Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı məkanlardan biri də qədim İçərişəhər olacaq. Tursitləri məlumatlandırmaq, İçərişəhərin tarixi ilə tanış olmaq üçün 4 məlumat məntəqəsi mövcuddur. Bu məntəqələrdə turistlərə bir çox xidmətlər təklif olunur və bunlardan biri də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin audiobələdçi xidmətidir. Audiobələdçilər vasitəsilə İçərişəhər haqqında  Azərbaycan, rus, ingilis, fransız və alman dillərində məlumat əldə etmək mümkündür. İçərişəhərdə həyata keçirilən layihələrdən biri də elektromobillər vasitəsilə turların təşkilidir. Elektromobillərdən istifadə etməklə qədim şəhəri çox asanlıqla gəzə və məlumat əldə edə bilərlər”.

Mətbuat xidmətinin məlumatına görə, xarici qonaqlara yardımçı olmaq üçün İçərişəhərdə könüllülər də fəaliyyət göstərəcək: “Xüsusi geyimlərdə olan könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanır, turistlərə, eləcə də yerli sakinlərə lazımi yardım göstərir, istiqamətləndirir, İçərişəhər və burada təşkil olunan müxtəlif festival və tədbirlərlə bağlı sualları cavablandırırlar. Bundan başqa, qoruq ərazisində müxtəlif tədbirlər keçiriləcək. Bunlardan biri də ənənəvi Qız qalası Beynəlxalq incəsənət Festivalıdır və 6-cı dəfə təşkil olunacaq. Festivalda 60-dan çox ölkədən yüzdən artıq rəssam iştirak edib. Bu il isə festivalın tarixi Avropa Oyunlarının keçiriləcəyi tarixə uyğunlaşdırılaraq iyunun 11-dən 14-dək təşkil ediləcək. Bunlarla yanaşı, qoruq ərazisində turistlər üçün müxtəlif turlar da təklif olunacaq. Şəhərimizin qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin muzey ekspozisiyaları ilə tanış ola biləcəklər. Qız qalası, Şirvanşahlar Sarayı Kompleksləri, Sıratağlı dini-memarlıq kompleksi, Tahir Salahovun ev muzeyi və Numizmatika ekspozisiyalarının fəaliyyət saatları artırılacaq. Sözügedən ekspozisiyalarda iş saatları iyunun 1-dən 30-dək saat 10-dan 21-dək davam edəcək”.

Cəlil Məmədquluzadənin Ev Muzeyinin direktoru Pəri Mahmudova isə vurğuladı ki, Mədəniyyət və Turizm Nazirliyininin göstərişi ilə iş qrafiki müəyyənləşdirilib: “Avropa Oyunları ərəfəsində - iyunun 1-dən 30-dək saat 9-dan 22:00-dək işləyəcəyik və bu iş rejiminə uyğun qrafik müəyyənləşdirilib. İşçilər növbə ilə, hər biri 6 saat işləməklə fəaliyyət göstərəcəklər. Ümumiyyətlə, muzeylərin qrafiki belədir, lazım olan vaxtda iş qarfikimiz dəyişə bilər. Avropa Oyunları müddətində muzeyimizdə stendlər, sərgilər təşkil edəcəyik. İdmançılarımız haqqında mətbuatda dərc edilən məlumatlardan guşə düzəltmişik. Avropa Oyunları ilə bağlı stendimiz də hazırdır”.

 

Rəqsanə

Tarix
26 May 2015 [22:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin