Ana səhifə
21 Noyabr 2018

Komedik, yoxsa dramtik obraz?

Yasin Qarayev: «Hər janrın öz aktyoru var»

 

 

Əzizağa Əzizov: “Komediya janrında oynamaq daha çətindir”

 

 

Aktyor bütün obrazları oynamağı bacarmalı və onun üçün müəyyən bir çərçivə olmamalıdır. Kino tariximizə nəzər saldıqda bəzi aktyorların həm dramatik, həm də komedik obrazların öhdəsindən çox böyük peşəkarlıqla gəldiyini görürük.

 

                             Yasin Qarayev

Ümumiyyətlə, aktyor üçün komedik, yoxsa dramtik obrazı canlandırmaq asandır sualına cavabında xalq artisti Yasin Qarayev bildirdi ki, janrından asılı olmayaraq aktyor yüksək peşəkarlıq göstərməli və yaradıcılıq potensialını yüksək səviyyədə sərgiləməyi bacarmalıdır: “Hər janrın öz peşəkar aktyoru var. Məsələn, aktyor “Hamlet”, “Otello” kimi tamaşalarda oynayırsa, deməli, faciə aktyorudur. Bununla yanaşı, teatr tarixində silinməz iz qoyan Nəsibə Zeynalova komediya janrının əvəzolunmaz sənətkarıdır. Təbii ki, o, komediya üslubunda oynayarkən çətinlik çəkməyəcəkdi və heç bir aktrisa da onun kimi komedik obrazlar oynaya bilməzdi. Eləcə də dramatik janrda oynayan aktyor və aktrisa. Düşünürəm ki, Nəsibə xanım heç vaxt faciə oynamazdı. Beləliklə, hər janrın öz aktyoru var və obrazın çətin yaxud da asan olması aktyorun fərdi potensialından asılıdır. Aktyor dramatik, yaxud da, komediya janrında hazırlanan tamaşada, filmdə oynayır və o istiqamətdə də fəaliyyətini davam etdirirərək peşəkarlığını göstərir. Hazırda janrından asılı olmayaraq tamaşaçıları güldürmək də, ağlatmaq da çətindir”.

Xalq artisti onu da vurğuladı ki, aktyoru çərçivəyə salmaq düzgün deyil: “Rejissor həvalə etdiyi obrazlarla aktyorun istedadını ortaya çıxrarır. Bir çox rejissorlarla işləmişəm, tamaşa hazırlamışam. Gənc rejissorlarla yanaşı, Azərbaycan teatr tarixinə adını qızıl həriflərlə yazan peşəkar rejisorlarla fəaliyyət göstərmişəm. Ümumiyyətlə, aktyoru çərçivəyə salmaq yaxşı üslub deyil və rejissor aktyora meydan açmalı, onun potensialının ortaya çıxmasına sədd çəkməməlidir. Bəzən görürük ki, rejissor dramatik aktyorun daxilində olan yumoristik çalarları da geniş şəkildə açmağı bacarır. Gənc Tamaşaçılar Teatrında dramatik obrazların mahir ifaçısı, aktyor Yusif Vəliyev “Komsomol”da Gəray bəy, “Nəsimi”də Teymurləng, “Arxadan vurulan zərbə”də Fəttah kimi parlaq dramatik obrazlar yaradıb. Bu obrazlarla yanaşı, teatrda komediya janrında olan “Hacı Qəmbər” tamaşasında da oynayıb. Bu sahədə rejissor Ağakişi Kazımov ekspront etdi. Vaxtilə Gənc Tamaşaçılar Teatrında “Hacı Qəmbər” obrazını Əliağa Ağayev oynayıb və sonra Akademik Milli Dram Teatrında işləməyə getdiyinə görə o obrazı Süleyman Ələsgərov canlandırıb. Mən də “Hacı Qəmbər”də oynamışam.

Hər zaman dramatik obrazda oynayan Yusif Vəliyevə komedik obraz verildi və onun da öhdəsindən yüksək peşəkarlıqla gəldi. Sözümü ona gətirirəm ki, aktyoru çərçivəyə salmaq olmaz və onun potensialını geniş açmaq lazımdır”.

                                                   Əzizağa Əzizov

Aktyor Əzizağa Əzizov qeyd etdi ki, komedik obraz canlandırmaq və insanları güldürmək çox çətindir: “Komediya aktyoruyam və 30 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Düzdür, hazırda çəkildiyim serialda dramatik obraz canlandırıram və deyərdim ki, komediya janrımda oynamaq daha çətindir. Əvvəl Musiqili Teatrın səhnəsində bir saat “Harun ər-Rəşid” tamaşasında Xəlifə obrazını canlandırmışam. Çox böyük dramatik obraz idi. İnsanların problemləri olduğuna görə onları ağlatmağa nə var? Ancaq  komedik obraz canlandırmaq, insanları güldürmək çətindir, bir qədər də qəlizləşib. Əvvəllər yaxşı əsərlər çox idi, insanlar tamaşaları sevə-sevə izləməyə gələrdilər və gülərdilər. Hazırda yaxşı əsərlərin az olması da bu sahədə bir az çətinlik yaradır. İndi insanlar internetdə xoşlarına gələn komedik filmləri izləyə və aktyorlarımızı xarici ölkələrin aktyorları ilə müqayisə edə bilirlər. Bunun üçün də güldürmək çətinləşib və komediya aktyorundan yüksək  peşəkarlıq tələb olunur”.

Ə.Əzizov komediya aktyorunun uğurunu səmimilikdə görür: “Komediya aktyorunun uğuru peşəkar və səmimi oyun gösətərə bilməsindədir. Bununla yanaşı, müəllif əsərdə nə yazıbsa, aktyor onu oynamalı və orada insanları güldürmək xatirinə ağzını əymək, şitlik etmək kimi yersiz hərəkətlərə yol verməməlidir. «Əlavə hərəkətlər edim, gülənlər olacaq» deyə düşünmək düzgün deyil, çünki 5 nəfər güləcəksə, 10 nəfər isə təlxəklik etdiyini düşünəcək. Obrazını səmimi və peşəkar canlandıran zaman 30 nəfərdən 25-i gülə, 5 nəfər isə gülməyə bilər. Onun gülməsi üçün isə ağzını əymək, gözünü çevirmək, axsamaq və s. kimi hərəkətlər lazım idi. Onu da deyim ki, komedik üslubda çəkilən iki filmə dəvət etdilər, amma müəyyən səbəblərdən qəbul etmədim. Film çəksinlər, çünki uşaq yıxıla-yıxıla böyüyür. 10 filmdən 9-u pis, 1-i isə yaxşı olacaq və belə-belə, bu sahədə də inkişaf olacaq”.

 

 

Rəqsanə

Tarix
26 May 2015 [13:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin