Ana səhifə
15 Dekabr 2018

«Sağlam olub səhnəyə çıxmırsansa, bu cinayətdi» - FOTOLAR

İlham Namiq Kamal: «Tamaşaçı səhnədə bu günlə səsləşən kamil insanları görmək istəyir»

 

«Gənc aktyorların sabahını düşünmək lazımdır ki, lazım olmayan işlərə qaçmasınlar»


Azərbaycan mədəniyyətində yaratdığı obrazları ilə tanınan və sevilən böyük sənətkar, “İlham” Miniatür Teatrının direktoru, xalq artisti İlham Namiq Kamal “Şənbə qonağı”mızdır. Xalq artisti öz obrazlarını sevə-sevə tamaşaçılara təqdim etməklə yanaşı, pedaqoji fəalliyyətlə də məşğul olur. Sənətin sirrlərini tələbələrinə öyrədir. İlham Namiq Kamal deyir ki, «mənim müəllimlərim Adil İskəndərov, Rza Təhmasib və Tofiq Kazımov da pedaqoji fəaliyyətlə məşğul olublar».
Xalq artistinin səmimi müsahibəsini sizlərə təqdim edirik.

 

- Artıq payız fəslini yaşayırıq. Tətilinizi Türkiyədə və Şamaxıda keçirdiniz...
 - İstanbul mənim üçün doğma məkandı. Çünki qızlarım, nəvələrim orada yaşayırlar. 10-15 gün orada istirahət etdikdən sonra bağa qayıtdım. Balaca bağım var. Özünüz də bilirsiniz ki, Şamaxının Sarıtorpaq qəsəbəsindənəm. Şamaxılı balasıyam, amma Azərbaycan oğluyam. Uşaqlar da istirahət etmək istəyirdilər. Təkcə Şamaxıda olmadıq. Azərbaycanın dilbər guşələrinə getdik. Bir turist kimi gəzintiyə çıxdıq. Zaqatalada, Qəbələdə olduq. Tətili normal keçirdik.

 

- Başqa hansı ölkələrə getmək istəyərsiniz?

- Hələ ki, bilmirəm. Bu yaxınlarda yaxın dostlarım Almaniyanın Nürnberq şəhərindən gəlmişdilər. Bir məktəbdə oxumuşuq, ailəlikcə orada yaşayırlar. Onlar Nürnberqə dəvət edirlər. Qismət olsa, ora da gedərik. Əsas odur ki, orada dostlar, qardaşlar var. İnsan tanışları olan yerlərə getmək istəyir.

 

- Bəs, hansı səhnə əsərləri ilə tamaşaçılarınızın görüşünə gələcəksiniz? 
- Musiqili Teatr  təmirdən sonra “Biz gəlirik” tamaşası ilə tamaşaçılara öz qapılarını açdı. Teatrın təmiri yüksək səviyyədədir. Mövsümü Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası ilə bağladıq. Bu il teatr mövsümü festival kimi Şəkidə qeyd olundu. Sentyabrın 21-də Emin Sabitoğlu, Cahangir Məmmədovun “www. fərzəli.com” musiqili komediyası ilə səhnəyə çıxdıq. Tamaşa müasir həyatla səsləşir. Tamaşaçılar çox yaxşı qarşıladılar. Səhnə əsərində tamah, var-pul kimi həyatın eybəcərlikləri əks etdirilir. Ondan əlavə, teatrın təmiri dövründə elə əsərlər var ki, onlar Dənizçilərin Mədəniyyət Sarayında nümayiş etdirməyə uyğun deyildi.  Yaxın aylarda o əsərləri də Musiqili Teatrda təqdim edəcəyik. “Mən dəyərəm min cavana” tamaşası uzun müddətdir ki, teatrda getmir. Orada İbad İbadoviç obrazını canlandırıram. Bundan başqa, quruluş verdiyim, həm də Orxan obrazını canlandırdığım “Amerikalı kürəkən” tamaşasında və ikinci quruluş verdiyim əsər Aqşin Babayev, Oqtay Rəcəbovun “Şeytanın yubileyi” əsərində Meydan obrazında çıxış edəcəm. Bu iki əsərdə həm quruluşçu rejissor, həm də aktyor kimi iştirak edirəm. “Qısqanc ürəklər”də  palkovnik Mikayıl obrazında çıxış edirəm. Amma bunlarla yanaşı, maraqlı bir tamaşa da hazırlayacağıq. Sabit Rəhmanın “Əliqulu evlənir” əsərinin liberretası əsasında tamaşa təhvil vermək üzrəyik. Mahnıların müəllifi Baba Vəziroğlu, musiqisi isə aşıq Aqşin Əzimova aiddir. Tamaşa musiqili komediya kimi təqdim olunacaq. İnşallah, bu il tamaşanın məşqlərinə başlayacağıq. Musiqidə bir az gecikmələr var. O əsər uzun illər Akademik Milli Dram Teatrında rəğbətə səbəb olan tamaşalardan biri olub. Biz tamaşanı bu günlə, müasir həyatla uzlaşdırıb səsləndirəcəyik.

 

- İlham müəllim, özünüzü rejissor kimi də sınayırsınız. Bu nə ilə bağlıdır? Rejissorların fəaliyyəti sizi qane etmir?

- Uzun müddət gənclərin inkişafı ilə əlaqədar “İlham” Miniatür Teatrının bəddi rəhbəri olmuşam. Rejissorluq da qismətdir. Ola bilər ki, rejissorluq edəsən, amma tamaşalar alınmasın. Azərbaycan televiziyasında 10-a yaxın əsərə quruluş vermişəm. Onlar indi də saxlanılır.    

 

- Sizin üçün rejissorluq, yoxsa aktyorluq çətindir?

- Əlbəttə ki, rejissorluq çətindir. Aktyorluqda yalnız özünə, öz obrazına cavabdeh olursan. Rejissor isə bütün tamaşada iştirak edən heyətə baxır. O  əsərin hansı notlarla açılmağını, tamaşaçılara nə cür təqdim etməyi düşünür. Rejissor sanki bir rəssamdı. Fırçası ilə aktyorların şəklini çəkir.  Tablonu elə yaratmalıdır ki, hər çiçəyin öz yeri olsun.

 

- Bu gün teatr hansı dövrünü yaşayır?

- Teatrın atəşfəşan və sakit dövrü də olur. Bu gün rejissorluq baxımından bir az axsayır. Düşünürəm ki, gənclər yetişir, bəlkə iki ildən sonra başqa cür olacaq. Zamanla nəsə aşağı düşə və inkişaf edə bilər. Azərbaycanda istedadlı aktyorlar çoxdur. Aktyorlara  dövlət tərəfindən qayğı göstərilir. Amma bir az da gənc aktyorları maddi baxımdan düşünmək lazımdır. Yaradıcı adam maddi tərəfdən rahat olmalıdır. Teatrda işləmək çox çətindi. Təsəvvür edin ki, səhər saat 11-dən 2-ə qədər tamaşada, 2-dən 4-ə qədər rəqsdə, 4-dən 6-ya qədər canlı orkestrlə məşq edirlər. Axşam da tamaşası olur. Bu insana nə qədər enerji lazımdır. Yeni gələn aktyorun məvacibi də 150 manatdır. Gənc aktyorların sabahını düşünmək lazımdır ki, lazım olmayan işlərə qaçmasınlar. Kim hara çağırdı, ora getməsinlər. Çünki teatr müqəddəs bir yerdir. Orada insan rahat işləməlidir. Teatra bu gün diqqət var, texniki baxımdan qüvvətlənir. 

 

- Siz də gənclik illərinizdə maddi problemlər yaşamısınız?
- O qədər də olmayıb. Azərbaycan televiziyasında, hətta radioya da gedəndə əvəzi ödənilirdi. Bu gün də televiziyada aktyorun pulunu verirlər. Akyorun da sənəti budur. Gedib bazarda alma satası deyil axı. Aktyor sənətini göstərir. İndi «Mədəniyyət» kanalından və Azərbaycan Dövlət Televiziyasından başqa heç bir kanal aktyorlara işinə görə pul ödəmir. Hamısı havayıdır. O vaxtlar “Azərbaycanfilm” daim filmlər çəkirdi. Ondan əlavə, «Mozalan» satirik kino jurnalı çəkilirdi. Hamısının haqqı ödənilirdi. Məktəblərdə dram dərnəyi vardı. Hər bir cavan aktyor həftədə iki dəfə gedirdi. Ona maaş yazılırdı. İndi məktəblərdə dram dərnəyi yoxdur.

 

- Siz bir çox filmlərə çəkildiniz. Daha çox “Qaynana” filmindəki obrazınızla tanındınız. Tərəf müqabiliniz böyük sənətkarlar idilər. Onlarla bir səhnəni bölüşmək nə dərcədə asan və çətin idi?
- Mənim üç müəllimim olub - Adil İskəndərov məni iniversitetə qəbul edib, Rza Təhmasib dərs deyib, Tofiq Kazımov isə teatrda yetişməyimdə çox böyük rol oynayıb. Onların şəkilləri mənim kabinetimdə var. Rejissorlardan Zəfər Nemətov universitet illərində tamaşalara quruluş verib. Böyük sənətkarlardan öyrənmişəm. Təbii ki, o cür sənətkarlarla tərəf müqabili olanda daha məsuliyyətli olmağa çalışmışam və öyrənmişəm. İndi də bildiklərimi tələbələrimə aşılamağa çalışıram. Bu gün teatrlarda çoxlu tələbələrim var. İşlədiyim Musiqili Teatrda 10-a yaxın tələbəm var və onlarla səhnədə çıxış edirəm. Bu, mənim üçün maraqlıdır. Ancaq onlar üçün daha maraqlıdır ki, müəllimləri ilə bir yerdə çıxış edirlər.

 

-Siz teatrda çalışmaqla bərabər pedaqoji fəaliyyətlə də məşğul olursunuz.  Universiteti, yoxsa teatrı özünüzə daha doğma hesab edirsiniz?

- Mənim müəllimlərim də pedaqoji fəaliyyət göstəriblər. Əlbəttə ki, mənim sənətim aktyorluqdur. Rejisssorluq da etsəm, müəllim də işləsəm, sırf aktyoram. Böyük ustadlardan biri deyir ki, sən əsl aktyorsansa plastikan, səsin yerindədirsə, sağlamsansa, səhnədə olmalısan. Əgər sağlam olub səhnəyə çıxmırsansa, bu cinayətdir. Çünki yaşından asılı olmayaraq tamaşaçı səhnədə bu günlə səsləşən kamil insanları görmək istəyir. Hansı xarakterdə oynayırsan oyna fərqi yoxdur. Sənət aləmində hamı bir-birini yaxşı tanıyır. Hətta tamaşaçı bizi bizdən yaxşı tanıyır. Dünyagörüşümüzü, tərbiyəmizi, dostcanlığımızı da çox gözəl bilirlər. Populyarlıq, şöhrət qazana bilərsən. Amma bir dəqiqənin içində onu itirə bilərsən. Cəmiyyətdə özünü düzgün aparmalısan.

 

- Bəs Siz tanınmağınızı necə qorumağa çalışırdınız?
- Mən həmişə sadə bir insan olduğumu düşünmüşəm. Fikirləşmişəm ki, azərbaycanlı balasısan, savadın, düşüncən var. İnsanı idarə edən onun ağlıdır. Həyatda səni beynin idarə edirsə, o yolu düz gedəcəksən. Əgər beynin idarə etmirsə, o yolda külək dəyməmiş yıxılacaqsan. 

 

- Gənclik illərinizdə tanınmağa başlayanda bir az da olsa şöhrətpərəstlik olmadımı?
- O hisslər mənim xasiyyətimdə olmayıb. Hətta deyim ki, tanınanda müəyyən vaxt utanmışam. 

 

- Bu gün bəzi insanlar hansısa bir ekran əsərində qısa bir epizotda belə çəkildikdən sonra “ulduz” xəstəliyinə düşürlər...

 

- Bilirsiniz, insan hər gün yenidən doğulmalıdır. Əgər insan hər gün səhər qalxanda yeni düşüncələrlə doğulursa, əsl insandır. O yaradıcılqda da, dünyagörüşündə də özünü göstərəcək. Sən dünən neynəmisən, o qurtardı. Bu gün hansı işlər görəcəyini düşünməlisəm. - İlham müəllim, hər zaman gülərüz və mehriban olmağı necə bacarırsınız?
- Vəzifəsindən, titulundan asılı olmayaraq hər bir insanın problemləri var. Mən bir şeyi özümdə tərk eləmişəm ki, heç vaxt öz probleminlə başqasının başını qara eləmə. Çünki sənin qarşısındakı insanın da öz problemləri ola bilər. Yaxşı olar, xoş enerjindən ona da bir enerji verəsən ki, əhval-ruhiyyəsi yaxşı olsun. Bunu heç vaxt yaddan çıxarmaq lazım deyil.

 

- Əsas həyat deviziniz odur?
- Kamil insandan söhbət gedirsə, o gərək heç vaxt ah-zar etməsin. Ahın nə mənası var? Öz məsələni özün həll etməlisən. Həll edə bilmirsənsə, daxilində saxlamaq lazımdır. Gərək başqasının başını ağrıdasan, əhval-ruhiyyəsini pozasan? Elə etmək düzgün deyil axı.

Rəqsanə

Tarix
4 Oktyabr 2014 [18:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin