Ana səhifə
19 Avqust 2018

«Təsadüfən aktyorluq sənətinə gəlmişəm»

Həmidə Ömərova: «Məktəbdən qaçıb hind filmlərini izləməyə gedirdik»

 

 

 

Kino sahəsində unudulmaz obrazları ilə tanınan aktrisalardan bir də xalq artisti Həmidə Ömərovadır. Həmidə xanım “Şənbə qonağı”mız olaraq serialların, filmlərin vəziyyətindən və hindistanlı rejissor Priyadarşanın Azərbaycanda çəkəcəyi filmdə rol almasından danışdı. O qeyd etdi ki, heç vaxt hindistanlı rejissor tərəfindən ekranlaşadırılan filmdə çəkiləcəyini düşünməyib. 

 

- Həmidə xanım, Bollivud rejissorunun çəkdiyi filmdə rol alacaqsınız. Bir aktrisa olaraq nə vaxtsa hind filmlərinə çəkilmək kimi arzunuz var idimi?

- Yox. Yatsam yuxuma da gəlməzdi ki, ölkəmizdə Hindistan və Azərbaycanın birgə layihəsi olacaq və orada iştirak edəcəm. Bu mənim üçün və filmdə çəkilən həmkarlarımız üçün həqiqətən də bir möcüzədir. Bizim uşaqlığımız hind filmləri ilə keçib. O illərdə məktəbdən qaçaraq “Zita və Gita”, “Daş və çiçək” və başqa hind filmlərini izləməyə gedirdik. Hətta 50-60-cı illərdə filmlərə çəkilən hind aktyorlarını çox yaxşı tanıyırdıq. Bəzən eyni filmi 7-8 dəfə təkrar izləyirdik. Heç vaxt düşünə bilməzdim ki, nə vaxtsa hindistanlı rejissorun çəkdiyi filmdə obraz canlandıracam.

Uşaqlıqdan aktrisa olmaq istəmirdim və təsadüfən aktyorluq sənətinə gəlmişəm. Ona görə, özümü aktrisa kimi hind filminlərində görmürdüm. Bir dəfə sosial şəbəkədə gördüm ki, şəklimi məşhur hind aktrisası Hema Malinaya bənzədirlər. Təbii ki, dünyada oxşar aktyor və aktrisalar çoxdur. Hindistanda müasir kino sahəsi durmadan inkişaf edir, texniki cəhətdən daha da gözəlləşir. Çox təqdirəlayiq haldır ki, məşhur Bollivud rejissoru, ölkəsinin prezidenti tərəfindən dəfələrlə mükafatlandırılmış Priyadarşan Azərbaycanda film çəkəcək. Bu gün bildim ki, bu layihə üzərində 8 aydır işləyirlər. Layihədə yer alacağıma gəlincə, mənə zəng edib bildirdilər ki, Hindistandan rejissor gəlib və kastinq keçirilir. Kastinqə gedən zaman bir çox aktyorlarımızı, gənclərimizi də orada gördüm. Kastinqi keçdikdən sonra səhəri gün zəng edib bu layihədə iştirak edəcəyimi bildirdilər. İnşallah, hind sənətçiləri ilə bir araya gələcəyik.Bizi hind xalqı ilə birləşdirən cəhətlər çoxdur, istiqanlığımız, qonaqpərvərliyimiz və sair. Hətta rejissorun köhnə filmlərindən fraqmenti gedən zaman orada «tez» sözü yazılmışdı. Mən layihənin direktoru Dia xanımdan soruşdum ki, «tez» nədir? Bildirdi ki, sürət, cəld deməkdir. Mən onlarla ünsiyyətdə olanda çox sözlərin oxşar olduğunu görürəm. Bu nöqteyi nəzərdən düşünürəm ki, film çəkilişləri zamanı dil baryeri cəhətdən heç bir çətinlik olmayacaq. Çünki kompyuter və müasir texnologiyanın köməyi ilə hər birimiz dil tapa biləcəyik. Film triller janrında olsa da, dramatik süjet əsasında çəkiləcək. Mənə elə gəlir ki, tamaşçıları maraqlandıracaq bir film ərsəyə gələcək.

 

- Bu filmdən sonra hind filmlərində çəkilmək üçün təklif gəlsə, qəbul edərsinizmi? Hindistanda aktrisa kimi tanınmaq istərdinizmi?

- Böyük məmuniyyətlə hind filmlərinə çəkilmək və orada tanınmaq istərdim. Hansı aktyor xarici ölkələrdə çəkilmısini istəməz? Düzdür, mən xarici ölkələrdə - Rusiyada, Özbəkistanda, Tacikistanda, İranda çəkilmişəm. Amma Hindistanda da çəkilməyi çox istərdim.

 

- Hansı aktyorlarla filmə çəkilmək Sizə xoş olar?

- Öz rejissorumun çəkdiyi filmlərə çəkilmək istərdim. Aktyorlara gəlincə, onlar qəlbən uşaq kimi kövrək olur və ad çəkərək onların xətrinə dəymək istəmirəm. Bir aktyorun adını çəksəm digər aktyor inciyəcək.

 

- Bəs, hind aktyorlarından?

- Çox sevdiyim hind aktyorları var, Hema Malina, Zinət Aman, Ayşvariya Ray, Rekxa. O aktrisalarla bir layihədə yer almaq və çəkilmək istərdim. Eləcə də, çox gözəl müasir aktyorlar da var və onlardan Sahrux Xan və Salman Xanın adını çəkə bilərəm.

 

- Hazırda “Bir ailəm var” serialına çəkilirsiniz. Bu layihədə də yer alacaqsınız. Bu müddət ərzində digər işləriniz necə olacaq?

- Bəli, hazırda seriala çəkilirəm. Bu filmdən başqa Azərbaycan filminə də çəkiləcəm. Yəqin ki, Azərbaycan filminə bu filmdən əvvəl çəkiləcəm və sabah filmin yarardıcı heyəti ilə görüşəcəyik. Bunlarla yanaşı, ssenari də yazırdım. Demək olar ki, tamamilə hazırdır. Kompyuterdə köçürməliydim. Son 20 səhifə qalmış serial başladı.

Teatr layihəmiz də var. İncəsənət Universitetində dərs deyirəm. Bütün bu işlərə görə vaxtım az olur və maşallah, işim çoxdur. Təki iş olsun, çünki iş insanın cövhərdir.

 

- Xarici ölkələrdə də filmə çəkilmisiniz. Necə düşünürsünüz, səhnə fərq, sərhəd tanıyırmı?

- Hind və hər hansı Avropa filmlərinə baxanda aktyorların peşəkarlığına üstünlük verir və qəhrəmanlarına pərəstiş edirik. Mən inanıram ki, xaricilər də “Arşın mal alan” filminə baxsalar o hissləri yaşayacaqlar. Necə ki, biz “Avatar”, “Daş və çiçək” filmlərinə baxanda o hissi yaşayırıq. Çünki xalqlar, insanlar, aralarındakı münasibətlər, ailə, ata-ana münasibətləri demək olar ki, eynidir. Yəni, səhnədə fərq yoxdur və harada çəkilirsənsə çəkil, peşəkar sənət göstərməlisən. Bu layihə yaxşıdır ki, millətlər arasında dostluğu möhkəmləndirəcək və bununla yanaşı, mədəniyyətimizin Yaxın Şərq ölkələrində təbliğ olunmasında mühüm rol oynayacaq.

 

- Azərbaycanda hind filmləri daha çox məşhur olub və indi də izlənilir. Necə düşünürsünüz, bu film Hindsitanda da məşhurlaşa biləcəkmi?

- Hindsitanda filmi çəkən şirkət çox məşhurdur və il ərzində 100-dən çox film istehsal edir. Mənə elə gəlir ki, bu film də uğur qazana biləcək. Eləcə də, burada çəkilən və bəyənilən aktyorları digər layihələrə də dəvət edə bilərlər. Filmin əməkdaşlığımızı möhkəmləndirəcəyinə inanıram. Təki, birinci layihəmiz uğurlu olsun.

 

- Həmidə xanım, seriala çəklilirsiniz. Hazırda bir çox insanlar seriallarda peşəkarlığın aşağı səviyyədə olduğunu deyir. Bu haqda Sizin fikirlərinizi öyrənmək istərdik…

- Vaxtilə dublyaj sahəsinə başlayanda da eyni sözləri deyirdilər. Biz 70 il sovet hökümətinin tərkibində olan bir ölkə olmuşuq. Rus dilində burnunda danışan aktyor dublyajını qəbul edirdik, amma öz dilimizdə xarici qəhrəmanların danışığını qəbul etmirdik. Təbii ki, 10 il ərzində dublyaj püxtələşdi və inkişaf var. Yəni, hər şeyə başlamaq və yavaş-yavaş inkişaf etmək lazımdır. Türkiyə serialında çalışan bir sənətçi dedi ki, Azərbaycan serialları çox sürətlə inkişaf edir və belə getsə, 5 ildən sonra onlar türk seriallarını keçəcək. Biz artıq seriallarımızın auditoriyasını toplamışıq. Düzdür, serial sahəsində nöqsanlar var, amma inkişaf gedir. Reytinq qazanmağa başlamışıq və serial izlənilməsəydi bu qədər tamaşaçı marağına səbəb olmazdı. Hər zaman insanlar seriallardakı hadisələri soruşurlar. Mənə deyirlər ki, “Siz  niyə “Bir ailəm var” serialında gəlininizlə yola getmirsiniz? Nə olar, yoldaşınızla barışın”.

Hacı İsmayılov serialımızda Uğur obrazını canlandırır və keçən dəfə deyir ki, bu qədər filmə çəkilmişəm, teatrda işləyirəm. Amma harasa gedəndə Uğur müəllim deyə çağırırlar. Bunu da nəzərə almaq lazımdır ki, gənc nəsil, balaca uşaqlar bizi tanımırlar. Amma hazırda məktəbdən çıxanda məni Əsmər xanım deyə çağrırırlar. İnanıram ki, seriallarımız daha da inkişaf edəcək və ildən-ilə püxtələşəcək.

 

- Təcrübəli aktyorların dəstəyi də lazımdır...

- Bəli, bizim seriala peşəkar aktyorlar cəlb olunur. Bu hal seriallarımız üçün müsbət haldır. Çünki gənclərlə bərabər işləyirik və bu, böyük bir məktəbdir.

 

- İş prosesində Sizdən öyrənənlər çox olur?

- Mən onlardan, onlar da məndən öyrənirlər. Gənclərimiz istedadlıdırlar. Müasir Azərbaycan filmlərinə baxanda görərsiniz ki, gənclərə daha geniş yer verilir. Hindistanlı rejissorun çəkdiyi filmdə gənc aktyorlarımız da iştirak edəcək. Filmdə çəkilən aktyorların  85 faizi azərbaycanlılar olacaq və onların da əksəriyyəti gənclərdir. Onu da bildirim ki, son vaxtlar Azərbaycanda filmlər çəkilir və mən onları alqışlayıram. Çünki bu sahədə rəqabət az idi. Bir çox aktyorlarımız sənətlərini göstərə bilmirdilər. Amma indi filmlər çoxdur və bu ekran əsərlərini izləyəndə pis və yaxşını ayıra bilirik, rəqabət güclənib və tələbat da artıb. Nə qədər çox film, serial çəkilsə o qədər də yaxşı sənətkarlar, istedadlı gənclər üzə çıxacaq, kinomuz inkişaf edəcək və beynəlxalq səviyyədə tanınacaq. İnsan yaşa dolduqca öz keçmişini həsrətlə xatırlayır, nostalji hisslərə qapılır. Bizim köhnə filmlərimiz də bizə o cür təsir edir. Hazırda çəkilən filmlər də gələcək nəsillərdə nostalji hisslər yaşadacaq. Siz elə bilirsiniz ki, bizim dövrümüzdə çəkilən filmləri hamı bəyənirdi? Yox. O, filmləri də tənqid edirdilər. Deyirdilər ki, bu nə filmdir? Amma illər keçdikcə, hətta səhflərimizi də görəndə deyirik ki, necə gözəl anlar və günlər yaşamışıq. Dövr inkişaf edir və sabah çəkilən film köhnə filmlərin təkrarı ola bilməz, ondan daha da yaxşı çəkilməlidir. Köhnə filmlərimizdə nostalji hisslər çoxdur. Düzdür, hazırda bəzi müasir filmlərimiz var ki, orada sünnilik hiss edilir.

 

 

 

Rəqsanə

Tarix
25 May 2015 [22:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin