Ana səhifə
17 Noyabr 2018

Müsavatla AXCP-nin çözülən çarəsiz “xəstəliyi”

Tofiq Avbbasov: “Siyasi mübarizədə özünü “qurban vermək” kimi xüsusiyyət nə müsavatçılara, nə də cəbhəçilərə xas olmadı”

 

 

Taliyət Əliyev: Bu iki partiya arasındakı münasibətlərin kökü hakimiyyətdə olduqları dönəmdən başlayır”

 

 

 Müsavat-AXCP “davası”  bitmək bilmir. Müsavatın qurultayından sonra partiya üzvlərinin AXCP-ni, cəbhəçilərin isə Müsavatı “qınamaları”  onların səngiməyən “qladiator döyüşünə” xüsusi “rəy” qatdı. Gah müsavatçılar iddia elədilər ki¸Əli Kərimli Milli Şuranın son mitinqində keçmiş başqanlarına hörmətsizlik edib adının çəkilməsinə imkan verməyib, gah da cəbhəçilər İsa Qəmbəri ittihamladılar ki, o  “satılıb”, “filankəsin” toyunda Əli Kərimli ilə deyil, başqa adamların yanında oturub. Üstəlik, İsa Qəmbərin bu davranışına “Su axar, çuxurun tapat” misalı ilə  “bəzək də qatdılar”. Müsavatla AXCP arasında gedən bu “savaşın” üzdə görünən səbəblərinə nəzər saldıqda, bu mənzərənin qeybətçil, mənasız, çılız olduğu ortaya çıxır. İlkin olaraq belə bir nəticəyə gəlinir ki, hər iki partiyada baş verənlər onların ciddi bir işi ortaya qoya bilmədikləri üzündən baş verir. Amma, necə deyərlər “Dəyirman öz işində, çax-çax baş ağrıdır”.

 

 

Müsavat və AXCP-nin “Şap elə bilir şupdadır” oyunu

 

 

Bu gün elə təsəvvür yaranır ki, Müsavat Partiyası ona qarşı ünvanlanan qınaqlara cavab vermək halında deyil. İsa Qəmbərin başqanlıqdan getməsi gözlənildiyi kimi uzun müddət partiyada qalaqlanıb qalmış problemləri “qat-qat açır”. Daxildəki gərginliyi gizlətmək istəyən partiya finksionerləri bu prosesi fikir pülüralizmi kimi təqdim etməyə çalışsalar da, artıq bunun “o xına” olmadığı görünür. O da görünür ki, vaxtilə Müsavatı parlamentə qatıldığına görə digər partiyalar qınayırdılarsa, bu gün partiyanın öz daxilindəkilər bir-birini ittiham edərək, kiminsə “xeyrinə» işləmədiklərini isbat etməyə cəhdlər edirlər. Müsavat Partiyasının daxilindəki bu narazılıqlar partiyanın bölünməsi, dağılması kimi qeyd olunur. Hətta Məclis üzvü Osman Kazımov  özünün facebook səhifəsində  “gedən prosesləri nəzərə alıb heç nədən çəkinmədən partiyada təmizləmə aparmaq lazımdır” deyir. Müsavatda əsas narazılardan sayılan Səxavət Əlisoy isə partiyanın başqanı Arif Hacılının barışıq çağırışına cavab olaraq bildirib ki, problemlərin obyektiv çözülməsi üçün lazımlı addımlar atılmalı, partiyanın monolitliyi naminə etiraf etməyi bacarmalıdır. Göründüyü kimi Müsavat Partiyası “çalxalanır”, amma heç də AXCP bu vəziyyətdən istifadə edib, ondan önə çıxmaq gücündə deyil. Çünki bu partiyanı da istefalar öz ağuşuna alıb. Sədrin sabiq müşaviri Şakir Abbasov istefadan sonra barəsində deyilən fikirlərə sərt reaksiya verməklə, “açıb sandığının ağzını”.  O neçə ildir düz yolda olmadıqlarını deyib. Ş.Abbasov hələ AXCP sıralarında olanda onu müsavatçı olmaqda ittiham etdiklərini söylətib. O,  “Biri xaricə adam keçirməklə, biri pul qoparmaqla məşğuldur. Məni İsa Qəmbərin adamı adlandırırdılar. Müsavat kimdir, siz kimsiniz? Əgər hər ikiniz müxalifət partiyası adını daşıyırsınızsa, millətin halına yanmaqdansa, bir-birinizin üstünə düşmüsünüz. Özlərinə də demişəm açacağam sandığı, tökəcəyəm pambığı. Bir qrup maaş alan var, adlarını müxalifətçi qoyublar. Düşüblər maaş almayan müxalifətçilərin üstünə ki, biz deyən olmalıdır. Keçmiş müşavir iddia edib ki, AXCP sədri Əli Kərimli yan-yörəsindən açıq şəkildə qorxduğundan səsini çıxara bilmir. Biri gedir Fransada oturub qurbağa yeyir, oradan mənə əmr verir, burdakı qəzeti idarə edir. Ayıbdır, olmaz axı belə”. Ş.Abbasovun sözlərinə görə, qurultaya kimi AXCP-nin daxilində çox böyük narazılıq olacaq: “Müşavirlər, İdarə Heyətindəkilər narazıdır. Vaxtilə Milli Şuraya dürtdükləri adamlar arasında əməlli başlı oyun gedir. Mən də bu oyunu açıram”.

Göründüyü kimi, AXCP-Müsavat Partiyalarının bir-birinə nifrət hissinin nədəni, onların bir-birini "həzm" edə bilməməyi az qala bu partiyalar arasında "xroniki xəstəliyə" çevrilib. Bunun əlacı isə hələ ki, tapılmmır.

 

 

 “Eyni "ana-müxalifətin şinelindən çıxıblar və onları fərqləndirən cəhətlər yox səviyyəsindədir"

                                     Tofiq Abbasov

 

 

Politoloq Tofiq Abbasov bildirdi ki, bu iki qurum 20 ildən artıqdır ki, müxalifət sıralarında birincilik uğrunda “amansız müharibə” aparırlar. Ekspertin fikrincə, həmin qarşıdurma “dalğasının” müəyyən edilmiş “tezliyi” də mövcuddur. “Bu ondan xəbər verir ki, iki partiya lideri arasında formalaşmış birincilik mücadiləsi təşkilatların digər qurumlarına da siraət edir. Əlbəttə ki, bütün formatlarda qeydə alınmış qopmalar, sonra isə qrup şəklində bir partiyadan ayrılıb kollektiv sürətdə o birisinə keçmək kimi hallar birinci şəxslərin təlimatı və razılığı əsasında baş veririr. Üzdə iki siyasi təşkilatın rəhbərləri ideoloji qohumluq amilinin vurğulayıb daim bildirirdilər ki, onlar eyni "ana-müxalifətin şinelindən çıxıblar və onları fərqləndirən cəhətlər yox səviyyəsindədir". Prezidliyə vahid namizəd məsələsinə gəldikdə, bu yaxınlıq yoxa çıxır və onlar ortaq məxrəcə gələ bilmirlər. Vahid namizəd həmişə əsl problemə çevrilib. Məhz bu zəmində iki təşkilata rəhbərlik edən funksionerlər heç vaxt orta məxrəc tapa bilməyiblər və sona qədər də tapmadılar. İdeologiyaları milli həmrəylik prinsipi üzərində köklənsə də, buna şübhə etməyinə dəymir, bəs onda bu ideologiyanı özləri üçün rəhbər tutmuş müsavatçı və cəbhəçilər niyə öz aralarında həmrəy olub vahid mövqedən çıxış edə bilmirlər?”

 

Politoloq bu “düşmənçilik” hissinin sıravi üzvlərə də keçdiyini qeyd edir. Onun sölərinə görə, siyasi cəhətdən naşılıq, ideya xatirinə nəyi isə qurban vermək, əsl mübarizlik nümunəsi göstərmək siyasi işdə son dərəcə vacibdir:  “Bu baxımdan sözügedən iki təşkilatın liderləri, üzdə olan simaları bu kimi yüksək keyfiyyətləri göstərməkdə ona görə aciz oldular ki, onlar üçün müxalifət cərgəsində birinci olmaq, əslində ideya yetkinliyindən vacibdir. Bunun arxasında isə bəzi preferensiyalar durur. Yəni, müxalifət kolonuna başçılıq edən şəxslərə xarici dairələrdən olan diqqət xüsusi mahiyyət daşıyır, daxildə müxalifətə ağsaqqallıq edən personaya münasibət əlahiddə olur və s. Odur, siyasi mübarizədə özünü qurban vermək kimi xüsusiyyət nə müsavatçılara, nə də cəbhəçilərə xas deyil. Ona görə də təəccüblü deyil ki, bu iki təşkilat (əslində onlar bir təşkilatın iki qanadıdır və ideoloji qayələrində bir o qədər də fərqlilik sezilmir) indiyə qədər bir-birinə kəskin qısqanclıqla yanaşır. Əsas bəla da ondadır ki, onların sərt rəqabəti elektorat itkisi ilə nəticələnir. Politoloq hesab edir ki, AXCP-nin bu gün Müsavata etdiyi "hücumlar", Müsavatda baş verən istefalardan istifadə edərək öz "dəstələrini" artırmaq üçün də hesablana bilər. “Belə bir gözləntilər var. İki partiya arasında gedən çəkişmələrdə ən real qazanc qarşı tərəfin üzvlərini öz tərəfinə çəkməkdən ibarətdir ki, bu tendensiya bu gün də özünü biruzə verir”.

 

“Bu partiyaların rəhbərləri illərdir ki, bir-birilərini həzm edə bilmirlər”

                       Azər Həsrət

 

 

CASCFEN sədri Azər Həsrət bildirdi ki, Müsavatla AXCP-nin apardığı “oyunda” ciddi siyasi-ideoloji məsələ yoxdur. Onun sözlərinə görə, bu partiyaların rəhbərləri illərdir ki, bir-birilərini həzm edə bilmirlər.

“Ona görə də şəxsiqərəzlik üzündən ətraflarında olanları da mənasız bir çəkişməyə alət ediblər. Bu isə o deməkdir ki, hər iki partiya bu gedişlə olan-qalan nüfuzlarını da itirib, siyasət səhnəsindən çəkilməli olacaqlar. Çünki insanlar düşünür ki, bunlar öz aralarındakı ən xırda anlaşılmazlıqları həll edə bilmirsə, hakimiyyətə gələcəkləri təqdirdə ölkəni necə idarə biləcəklər? Yəni bu partiyaların rəhbərliyindəki şəxslər şəxsi iddialarına təslim olduqları üçün heç bir siyasi uğura imza ata bilmirlər və bilməyəcəklər də. Müsavat bu gedişlə artıq çöküş yolundadır. Yəqin ki, yaxın zamanda siyasi səhnədə keçmiş müsavatçıların quracağı bir partiyanı görə biləcəyik”.

 

“Bu, təkcə AXCP-Musavat məsələsi deyil”

                        Taliyət Əliyev

 

 

ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, bu iki partiya arasındakı münasibətlərin kökü hakimiyyətdə olduqları dönəmdən başlayır və bu günə kimi də davam edir. “Hesab edirəm ki, bu münasibətlərin motivində qrup maraqları dayanır. Bu, təkcə iki partiya arasındakı münasibətlərə deyil, ümumilikdə müxalifətdaxili münasibətlərə də mənfi təsir göstərir. Nəticə etibarı ilə cəmiyyətin müxalifət partiyalarının ətrafında birləşməsinin qarşısını alır. Hesab edirəm ki, bu məsələ təkcə AXCP-Musavat məsələsi deyil, ümumilikdə siyasi institutlarda siyasi mədəniyyətin hələ də formalaşmamasından irəli gəlir. Əks fikirə dözümsüzlük, məqam olan kimi öz müttəfiqini qaralamaq, siyasi etikaya və əxlaq normalarına riayət etmədən onu təhqir etmək və s. hallar günümüzün reallığıdır. Bütün bu neqativlərin aradan qaldırılması üçün görünür hələ zamana ehtiyac var”.

 

Tahirə Qafarlı

Tarix
21 Oktyabr 2014 [18:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin