Ana səhifə
22 Fevral 2018

“Teatr enişə doğru gedir” - FOTOLAR

Nurəddin Mehdixanlı: Teatrımızın dolu olan zalı və tamaşaları dəvətnaməyə möhtac qalıb”

 

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı “Şənbə qonağı”mızdır. Oynadığı bütün rolları məharətlə ifa edən, sevilən aktyorun səmimi müsahibəsini sizlərə təqdim edirik.

 

- Reklama çəkilmisiniz...

 - Normal, ciddi təklif olanda çəkilirəm. Əgər 1 ildə aldığım maaşı 1 dəfəyə verirlərsə, nədən razılaşmayım?

 

 - Sizinlə çəkilənlər ailə üzvlərinizdir?

 -Yox, aktyorlardı.

 

 - Nurəddin müəllim övladlarınızdan sözdüşmüşkən onların da aktyorluq sənətinə gəlməklərini istəyərsiniz?

- Artıq sənətlərini seçiblər.

 

 - Bu gün Azərbaycanda teatr, aktyor sənəti və tamaşaçı, üçü bir arada hansı mərhələni yaşayır?

 - Bütövlükdə Azərbaycan kinosu çətinliklər girdabındadır. Özünü tapmağa çalışır. Artıq Azərbaycan kinosunda yeni addımlar başlayır. Bu sahəyə dövlət tərəfindən maliyyə ayrılıb. Filmlərimiz xarici festivallarda iştirak edir, mükafat alırlar. Bu yaxşı başlanğıcdı, amma böyük uğur kimi demək də olmaz. Amma təəssüf ki, bunu teatrımız haqqında demək olmaz. Teatr bu gün enişə doğru gedir.

 

- Səbəb nədir?

- Çünki, hər kəs öz işi ilə məşğul deyil. Teatr dramaturgiya, rejissor və aktyordan ibarətdir. Bu üç amildən biri yerində deyilsə, yaxşı işdən danışmağa dəyməz. Azərbaycanın öncül teatrı hesab olunan Akademik Milli Dram Teatrı bu gün inkişafdadırmı? Repertuarı və tamaşaları ilə bunu deməzdim. Teatra son illər dövlət tərəfindən çox diqqət yetirilib. Dövlət sifarişi ilə filmlər çəkilir, tamaşalar hazırlanır. Bəs bizim gördüyümüz işlər buna cavab verir? Yox. Bu gün Akademik Milli Dram Teatrının repertuarı yumşaq şəkildə desək yerində deyil. 5-6 il əvvəl teatrın repertuarında müasir Azərbaycan dramaturqlarının pyesləri klassik və dünya dramaturgiyasının əsərləri vardı. “Dəlilər ağıllılar”, “Ağqoyunlu, qaraqoyunlu”, “Köhnə ev”, “Mesenat”, “Varlı qadın”, “Hələ sevirəm deməmişdilər”, “Dirilən adam”, “Xəcalət”, “Ölülər”, “Hamlet”, “Fedra” və. s qoyulmuşdu. Onları hazırlayanlar da peşəkar rejissorlar, Bəhram Osmanov, Oruc Qurbanov, Mehriban Ələkbərzadə, Rövşən Almuradlı, Azər Paşa Nemətov idilər. "Mesenat”, "Xəcalət", "Hələ sevirəm deməmişlər" tamaşalarında zal dolu olurdu. Amma bu tamaşaçılar repertuardan çıxarıldı. AZDRAMA-nın direktoru İsrafil müəllim hesab etdi ki, o tamaşalar repertuardan çıxarılmalıdır. Öz fikiridi və yəqin repertuar qurmaq istəyir. Hesab edirdik ki, yeni gəlib, bu sahəni bilən adamdı, elmlər doktorudur, teatrın repertuar problemini həll edəcək. Daha çox peşəkar rejissorlar cəlb olunacaq. Bu vaxt ərzində bir neçə tamaşa var ki, uğurlu alınıb. Orada da peşəkar aktyorlar və peşəkar rejissorlar iştirak edib. "Yaşlı xanımın gəlişi", “Xanuma" indiyə qədər də çox uğurlu alınıb və tamaşaçı da gəlirdi. Rejissor Mikayıl Mikayılov gürcü dramaturqunun əsərini hazırladı və uğurlu alındı. "Oliqarxiya","Gəncə qapıları","Qacar" və.s kimi yuxarıda adlarını çəkdiyim tamaşalar tamaşaçı gətirib və onlara billet satılırdı. Amma digər tamaşalarımız var ki, tamaşaçı gətirmir. Son illərdə teatrımızın dolu olan zalı və tamaşaları dəvətnaməyə möhtac qalıb. Bu o deməkdir ki, nəsə düz deyil. Belə ki, teatrda peşəkar rejissorların yanında gənc rejissorlar yetişməlidir. Rejissor təhsilini almış insanlardan söhbət gedir. Bu gün peşəkar rejissorlarımız teatrın ştatından çıxarıldı. Gürcüstandan, Moldovadan və özümüzünkülərdən dəvət etdilər. Təəssüf ki, o işlər uğurlu alınmadı, Mikayıl Mikayılovun işindən başqa. Pyeslər zəif deyil. Onları peşəkar rejissorlar hazırlamayıb. Əksəriyyəti aktyorluğu qurtarıb, aktyor sahəsində də bir iş görməyib, rejissorluq arzusundadır. Peşəkar rejissorlar işə cəlb olunmalıdır. Gənc nəslin yetişməsi üçün real şərait yaradılmalıdır. Bu gün seriallarımıza dövlət tərəfindən vəsait ayrılır, amma seriallar alınmır.

 

- Niyə?

 - Çünki onu peşəkarlar deyil, həvəskarlar çəkirlər. Toyxanada toy çəkən həvəskarlar seriallar çəkirlər. Bir- iki peşəkar aktyor dəvət edirlər və digərlərini ordan-burdan tapırlar. Dövlətin pulu gedir, amma ortada bir şey yoxdu. İş peşəkarlara tapşırılmalıdır. Əsas problemimiz budur. Bəziləri deyəcəklər ki, Nurəddin Mehdixanlı yenə başladı. Yaxşı çox şey var. Yaxşı tamaşalarımızı saydım. "Xəcalət" tamaşası 3 beynəlxalq teatr festivalında iştirak edib və mükafatla qayıdıb. Peşəkar aktyorlarımız üçün meydan, şərait yoxdu. Qeyri-peşəkarların əlinə düşüblər. Avropada işi iş bilənə tapşırırlar. Mən nədən istəməyim ki, bizim teatrın yaxşı tamaşaları olsun? Həmişə olduğu kimi teatrımızın foyesində ziyalılarımızı, insanlarımızı görüm? Fərqi yoxdur ki, tamaşada mən, ya da o var. Teatrımın tamaşasıdır. Mən və mənim kimi aktyorlar ömürlərini, həyatlarını bu sənətə veriblər. Hamımız yaxşı tamaşa və tamaşaçımızın olmasını istəyirik. Tamaşanı yarımçıq tərk etməsinlər. Bu şeylər tez-tez baş verir. Əxlaqlı, sənətini sevən, işinə hörmət edən adam ağa-ağ deməlidir. Zay tamaşalara xüsusi yazılar təşkil edib, tərifləməklə iş bitmir. Tamaşa başlayanda nə qədər, bitəndə nə qədər tamaşaçı olduğuna bax. Göstərici odur. Yuxarıda qeyd etdiyim tamaşalarda tamaşaçılar 10-15 dəqiqə bizi ayaqüstə alqışlayırdılar. Mən bunu istəyirəm. Başqa heç bir iddiam yoxdur. Dərdimiz, problemimiz çoxdur və bu problemi özümüz həll edə bilərik. Sadəcə çalışdığın yerə hörmət etmək, kollektivi sevmək lazımdı.

 

 - Belə çıxır ki, hazırda teatrdakı vəziyyət sizi qane etmir...

 - Bu gün çalışdığım teatrda yaradıcılıq atmosferindən razı deyiləm. Tək mən yox, bir çoxları razı deyil. Amma susuruq, çox şeyləri açmırıq. Çünki bizim evimizdir. Amma bunların da sərhəddi var. Bir gün gəlib adamın yaxasından tutub deyərlər ki, nə oldu? Siz burada nə iş görürsünüz? Deyirlər ki, teatra tamaşaçı gəlmir, yalandır. Zay məhsullara bəraət qazandımaq üçün deyilən fikirlərdir. Teatrı, sənəti sevən kifayət qədər insanlarımız var. Amma tamaşaçı yaxşı tamaşaya, əsl aktyorlara, peşəkar rejissorların işinə baxmaq istəyirlər. Biz özümüz əskiyimizi bilirik. Bunları düzəltməyə çalışmalıyıq. Əvvəllər gözəl ənənələrimiz var idi. Teatr mövsümü bağlayanda kollektiv iclas salonunda toplaşardı. Neçə tamaşa oynadıq? Neçə qatrola getdik? Nə qədər qazandıq? Nə qədər itirdik? Kimlər uğur qazandı? Mükafatlar verilərdi. Məzuniyyət pulumuzu alıb gedərdik. Teatr mövsümü başlayanda hamı bir-biri ilə görüşərdi, təbrik edərdi. Amma bu gün hamı bir-birindən uzaqlaşıb. Aktyorlar bu günləri çox az maaşa qane olub, teatra bağlanıb qalıblar. Aktyoru teatrdan çıxartmaq onu öldürmək deməkdir. Teatrdan çıxarılan aktyorlar uzun müddət yaşaya bilmirlər. Bu gün Azərbaycan dövlətinin gücü, iqtisadi potensialı ona çatır ki, bizim sahədə çalışan insanların maaş məsələsinə baxılsın. Cavan aktyorlarımız var ki, evlənə bilmirlər. 250-300 manatla necə dolansınlar? Buna görə bəzən teatrdan uzaqlaşırlar. Seriallara, ora-bura qaçırlar. İnanıram ki, yaxın zamanlarda teatr adamlarının maddi problemləri həll olunacaq. Əgər cənab prezidentimiz İlham Əliyevin təyin etdiyi 500 manat mükafat olmasaydı, aktyorların əksəriyyəti teatrda çalışa bilməzdilər. Amma arzu edərdim ki, daha ciddi şəkildə yanaşılsın. Sənət adamlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Onda aktyordan tələb ediləcək ki, məndən bunu alırsan, daha çox burada məşğul olacaqsan. Mən icazə versəm filmə, seriala çəkiləcəksən. Dünyanın hər yerində belədir.

 

 - Müqavilə bağlanır...

- Bəli, müqavilənin şərtləri var. Amma bizdə heç bir aktyor və aktrisaya bunu deyə bilməzlər. Çünki o reklama, dublyaja, seriala, filmə getməyə məcburdur. Nəticədə hər yerə getmək sənəti və sənət adamını hörmətdən salır. Azərbaycanın aktyor və aktrisalarının potensialları heç də dünyanın aktyor və aktrisalarından geridə deyil. Teatrmızda bir çox peşəkar aktyorlarımız var. İlyas kimi istedadlı aktyorumuz iqtisadi problemlər üzündən teatrdan getdi. Demək istədiyim ondan ibarətdir ki, KİV-də bu problemlər ortalığa atılsın.

 

 - Qeyd etmisiniz ki, son illər ildə iki tamaşa oynayırsınız. Buna səbəb nədir?

- Teatrın bütün məsələlərini direktor həll edir. Bizim teatrımızda baş rejissor yoxdur. Bütün yaradıcı və təşkilati məsələləri direktor həll edir. Direktorun qərarından asılıdır. Teatr yaradıcılıq yeridir və yaradıcılıq işlərinə baş rejissor cavabdeh olmalıdır. Hətta mən “Əmir Teymur”da yox idim. Birbaşa rejissorun istəyi ilə iştirak etdim. Hər gün tamaşalara əmrlər verilir, rollar paylanır. mən orada yoxam. Teatrın rəhbərliyi 3 ildən artıqdır ki, Şekspirin “Karelan” tamaşasının səhnəyə qoyulacağını bəyan etsə də, amma səhnəyə qoyulması ilə bağlı qərar verilmir. Başqa bir tamaşa olmalı idi, amma olmadı. 4 ildir köhnə tamaşalarımı oynayıram. 7 il “Xəcalət”, 4 il “Lənkəran xanın vəziri”, yeni rəhbərliyin zamanında “Yaşlı xanımın gəlişi”, “Oliqarx”, monotamaşa “Kreplisonun lent yazı”sı. “Əmir Teymur” isə Mehriban Ələkbərzadənin dəvəti ilə oynamışam. Düşünürəm ki, hörmətli İsrafil İsrafilov bütün bu hallarıi bilərəkdən etmir. Yəqin teatrda səhnəyə qoyulacaq daha vacib əsərlər, tamaşalar və vacib rejissor işləri var. Yəqin ki, vaxt tapıb bir gün mənim də hansısa tamaşada, artıq “Karelan” tamaşasının səhnəyə qoyulması ilə bağlı qərar verilər. Belədir. Bü günləri Akademik Milli Dram teatrının repertuarında əvvəlki tamaşaların hamısı demək olar ki, repertuardan çıxarılıb. “Xəcalət” tamaşası da işğal günüdən işğal gününə salınır. Bizə yeni aktyorlar dəvət edirlər. Rejissor arvadını, xanım rejisordur ərini dəvət edir. Tamaşa qoyulur. Mən bu dəvətlərə yaxşı yanaşmıram. Dəvət o zaman olur ki, o aktyordan, aktrisadan yoxdur. Kənardan dəvət olunanlar teatrda uğurlu iş ortaya qoya bilməyiblər. Açıq qapılarla, dəvətnamələrlə gözə kül üfürməklə olmur. Teatr dövlət müəssisədir. Dövlətin pulu xərclənirsə onun pulu qayıtmalıdır. Teatrımızın tamaşaçı problemini həll eləmək, yaradıcılıq prosesini yaxşı səviyyəyə qaldırmağın yeganə yolu peşəkar rejissorları teatr yenidən qaytarmaq, peşəkar aktyorlarla işləmək, dünya dramaturgiyasını, Azərbaycanın klassik əsərlərinin ən gözəl nümunələrini tamaşaya qoymaq lazımdı. Rolu bu əzizimdi, canımdı. gözümdü, qardaşımdı deyərək yox. Tamaşanın müvəffəqiyyətinin 50 faizi oyunun düzgün bölünməsindən asılıdı.

 

Tarix
3 Oktyabr 2014 [20:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ