Ana səhifə
23 May 2018

“İnstituta qəbul olmadığıma görə kəndə qayıtmağa utanırdım”

Cahangir Məmmədli: Direktor mənə dedi ki, yazının üslubu çox xoşuna gəlib, gedib jurnalist olum”

 

 

 

Onu Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, ali jurnalistika təhsilinin təşkilatçısı hesab edirlər. Yaşadığı ömrün böyük bir hissəsini Azərbaycan müasir jurnalistika məktəbinin yaradılmasına sərf edən Cahangir Məmmədli səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti ilə kifayət qədər tanınıb. Sözün əsl mənasında 45 ildən artıq mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olmuş, jurnalistika məsələlərinə dair sanballı tədqiqat əsərlərinin, çoxsaylı məqalələrin müəllifi kimi tanınmış Cahangir müəllim müasir Azərbaycan jurnalistikası konsepsiyasının əsaslarının formalaşdırılmasında, bununla da bu elmin inkişafında və böyük bir jurnalistlər nəslinin yetişməsində müstəsna xidmətlər göstərib.

Tərcümeyi halına qısa nəzər yetirsək görərik ki, o, 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.

Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Filologiya elmləri doktoru, professorudur.

İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. “Tanınmışların yadda qalan tələbəlik illəri rubrikasının bu sayında onun keçdiyi yolu qələmə aldıq

 

- Çox kasıb, imkansız bir ailədə böyümüşəm. Atam və 2 əmim Cənubi Azərbaycandan indiki Fizuli rayonuna, oradan da Ağdamın Novruzlu kəndinə gəliblər. Yerləri-yurdları olmadığına görə Novruzlu kəndinin camaatı 3 qardaşa ev tikmək üçün balaca bir həyət verib, həmçinin özlərini yad kimi hiss etməmələri üçün əllərindən gələn köməkliyi göstəriblər. Demək olar ki, uşaqlığım tamamən bu həyətdə keçib.

Ailədə 4 bacı, 4 qardaş olmuşuq. Mənim üçün ən kədərli odur ki, atamı görməmişəm. Çünki atam 1942-ci ildə doğulandan 10 gün qabaq almanlarla döyüşmək üçün Böyük Vətən Müharibəsinə gedib və bir daha cəbhədən qayıtmayıb. Atamın məzarını çox sonralar Berlində tapıblar. Qardaşlarımdan biri müharibədən sonra, digəri isə 1949-cu ildə xəstəlikdən vəfat edib. Ailənin sonbeşiyi olduğuma görə qardaş-bacılarım məni öz qayğıları ilə əhatə ediblər. Atasız ailəyə başçılığı və maddi dəstəyi isə əmim oğlu edib. Mənim 1-ci sinifə getməyində də onun birbaşa rolu olub. Belə ki, Ağdam rayonunda yaşayan əmim oğlu bir gün bizə gəldi və gördü ki, 8 yaşım tamam olur, ancasq hələ məktəbə getmirəm. Beləliklə, onun köməyi ilə 1 həftə sonra Novruzlu kənd orta məktəbinə getməyə başladım. Gec getməyimə baxmayaraq orta məktəbi əla qiymətlərlə oxudum. Təsəvvür edin, hələ 4-cü sinifdə oxuyarkən artıq 40-dan çox roman oxuyumuşdum.

 

“HEÇ OLMASA, SƏN ADAM KİMİ DANIŞA BİLİRSƏN”

 

İxtisas seçiminə gəldikdə onu da maraqlı tarixçəsi var. Məktəbimizdə yaşlı bir kişi işləyirdi. Qış aylarında sinif otaqlarını istitmək üçün daim odun doğrayır, ağır fiziki işlər görürdü. Sözün düzü onu hər görən də çox narahat olurdum. Öz aləmində haqsızlıq saydığım bu hadisəyə dözə bilmədim və Ağdamda “Lenin yolu” qəzetinə bu barədə bir məqalə yazdım. Yazı dərc olunandan sonra direktor məni yanına çağırdı və gülümsəyə-gülümsəyə dedi ki, “yazının üslubu çox xoşuma gəldi, sən get jurnalist ol. Amma bilki o yaşlı kişinin məktəbdə işi bundan ibarətdir. Direktorun bu iradından xəcalət çəkməklə həm öyrəndim ki, yaşlı kişiyə heç kəs kənar iş gördürmür, həm də jurnalist olacağıma öz-özlüyümdə qərar verdim. Beləliklə, orta məktəbi müvəffəqiyyətlə başa vurub, sənədlərimi Bakı ali məktəbə təqdim etdim. İlk dəfə Bakıya gəlişimi də yaxşı xatırlayıram. Əmim oğlu məni gecələmək üçün məşhur “Cənub” mehmanxanasına apardı. Mən mehmanxanada divarlara baxırdım və məəttəl qalırdım ki, İlahi, divarı necə belə düz suvamaq olar. Çünki kənddə elə düz divar görməmişdim. Bu hadisə həmişə yadıma düşür və o vaxtkı bəsit düşüncəmə gülümsəyirəm.

Jurnalistikaya ilk dəfə imtahan verəndə sevdiyim rus dili fənnindən “3” qiymət alaraq müsabiqədən keçmədim. Ona görə, birbaşa Ağdamda hərbi komissarlığa gedib yalvardım ki, məni əsgər aparsınlar. İnstituta girmədiyimə görə kəndə qayıtmağa utanırdım. Mənə hər zaman dəstək göstərən əmim oğlu o vaxt Rayon İcraiyyə Komitəsinin sədr müavini olduğundan məni əsgərliyə aparmaq istəmirdilər. Amma onun razılığı ilə hərbi xidmətə getdim. Əvvəlcə Ukraynanın Lvov şəhərində, sonra Kamçatkada oldum. Xəttim yaxşı olduğundan hərbi xidmətdə çox əziyyət çəkmədim. 3 il ərzində daim komandirlər üçün yazı yazırdım. Həm də ali məktəbə hazırlaşır, rus dilini öyrənirdim.

Hərbi xidməti başa vurub yenidən sənədlərimi jurnalistikaya verdim. Bu dəfə istədiyim fakültənin tələbəsi ola bildim. İnstitutu bitirəndən sonra isə qocaman, görkəmli alimimiz Şirməmməd Hüseynovun köməkliyi ilə universitetin jurnalistika fakültəsində qalıb dərs deməyə başladım. Əvvəl laborant işlədim, sonra Şirməmməd müəllimin sayəsində birbaşa baş müəllim keçdim. Elə vaxt olub ki, Şirməmməd müəllim mənim paltomun olmadığını görüb öz paltosunu mənə verib. Onun evində çox çörək kəsmişəm. Şirməmməd müəllim mənə atamı əvəz edən bir insan olub. Onun üzərimdəki xidmətlərini heç vaxt unutmuram.

Auditoriyada ilk seminarı da Şirməmməd Hüseynov keçdi. Müəllimimiz seminara kimin hazır olduğunu soruşduqda hamı əlini qaldırdı. Bir anda hamının dərsə hazırlıqlı olmasından narahatçılıq keçirdim və fikirləşdim ki, orta məktəbdəki kimi burada da birinci ola bilməyəcəyəm. İlk tələbə lövhənin qarşısına çıxıb orta məktəb şagirdi kimi danışdığından Şirməmməd müəllim onu yarımçıq saxlayıb yerinə otuzdurdu. O,digər 3 tələbənin danışığını da bəyənmədi. Növbə mənə çatdı, yazı lövhəsinin qarşısına çıxdım. İndiki kimi yadımdadır, Şirməmməd müəllim mənə əyri-əyri baxıb dedi ki, “heç olmasa, sən adam kimi danışa bilirsən”. Beləliklə, sonadək qrupda ən yaxşı oxuyan tələbə mən oldum.

Dördüncü kursa qədər yataqxanada qalmışam, otaqda 4 nəfər idik. Yeməyi də özümüz bişirirdik. Ən sevimli yeməyimiz isə kartof qızartması idi. Tələbəliyin nəticəsidir ki, indi də evdə ən yaxşı kartof qızardan mənəm.

 

İLK SEVDİYİM QIZ SONRA MƏNİM BEŞ UŞAĞIMIN ANASI OLDU

 

Tələbəlikdən yadda qalan ən maraqlı hadisələr təbii ki, sevgi il bağlı olur. Məndə başqalarından fərqli olaraq ilk məhəbbətin oxu daşa dəyməyib. İkinci kursun sonunda, yay tətilində həm Şuşa pioner düşərgəsində ştatda işləyirdim, həm də institutdan təcrübəmi “Şuşa” qəzetinə almışdım. Şuşanın isti yay günündə məktəbin həyətində yerləşən pioner düşərgəsində avtobusdan bir dəstə qız düşdü. Onların içində güllü paltarlı bir qız var idi. O, sonra mənim beş uşağımın anası oldu.

Belə demək mümkünsə, ikinci kursun sonunda tanış olduğum onuncu sinif şagirdinə söz verdim ki, onu universitetə filologiya fakültəsinə aparacağam. Dediyimin üstündə durdum gələcək həyat yoldaşımı anamla birlikdə Ağdamdan Bakıya qəbul imtahanına gətirdim. Onu deyim ki, təkcə onun zahiri görkəminə yox, həm də savadına vurulmuşdum. O, üç “dörd”, bir “beş” alaraq müsabiqədən keçə bilmədi və Ağdama qayıtmalı oldu. Ondan ötrü çox darıxırdım, həm də atasız qız olduğuna görə pis olmuşdum. Bunu görən dostlarım təklif etdilər ki, rektora sevdiyim qızın adından məktub yazım. O vaxtkı rektor Mehdi Əliyevə məktub yazdım. Məktubun sonunu belə bitirdim: “Sizin hər cür cavabınızın məni təmin edəcəyinə əmin ola bilərsiniz”. Bu söz rektora təsir edib və müəllim yoldaşlarına deyib ki, “siz qızın sonuncu cümləsindəki mədəniyyətə bir baxın. Mən onu qəbul etməyə bilmərəm”. Düz bir ay iyirmi yeddi gündən sonra qıza teleqram vururlar ki, universitetin birinci kursuna qəbul olmusan.

Mehdi müəllimin bu yaxşılığını heç vaxt unutmadıq. O, rəhmətə gedəndən sonra hər il onun ildönümündə qəbrinin üstünə gül aparırıq. Bilmirəm nəyə görəsə həyat yoldaşım həmişə mənə çəhrayı qərənfillər aldırardı. Tale elə gətirdi ki, yoldaşımıda itirdim və indi bu qərənfilləri onun öz qəbri üstünə qoymalı oluram.

Bizim dövrümüzlə indiki tələbəlik illəri arasında çox fərqlər görmək olar. Hər dövrün, zamanın öz xüsusiyyətləri var. Ümumiyyətlə, atalar demək olkar ki, həmişə oğullardan narazı qalıblar, oğullar da atalardan. Atalara elə gəlir ki, oğullar hələ çox balacadı, oğllara elə gəlir ki, ataları qocalıb, artıq onların vaxtı keçib. Amma bizim fakültədə həmişə sinxron vəziyyət yaranıb. Neynirsən et, dünya durduqca o problem də var. Əgər 30-40 il bundan əvvəlki tələbələrlə bu günkü tələbələri müqayisə etsək, bü günkü tələbə daha çox udmuş olur. O vaxt sovet tələbəsi deyilən bir anlayış var idi. Sovet sistemi tələbələri fəal olmağa, öz fikrini deməyə, müstəqil olmağa imkan vermirdi. Bu günkü tələbə isə müstəqildir, öz fikrini açıq ifadə etmək imkanı var və mübarizdir. Onlar bu xüsusiyyətlərlə də keçmişin tələbələrini üstələyirlər. Lakin müasir tələbənin çatışmayan bircə cəhəti onun elmə meylinin zəifliyidir. Əgər bu cəhət də düzəlsə, o dünənki tələbədən qat-qat yuxarı səviyyədə olar. Mən həmişə cavan kadrların tərəfindəyəm. Yəqin ki, Allah ömür versə, hələ də onların tərəfində olacam. Çünki, onlarsız inkişaf yoxdur. İnkişaf cavanlardadır.

 

 

 

Əfsun

Tarix
22 May 2015 [22:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin