Ana səhifə
16 Oktyabr 2018

“Məni “Qarabağ”dan qovmasalar, heç yerə getmərəm”

“Qarabağ”ın vitse-kapitanı Namiq Yusifovun Qol.Az saytına müsahibəsi

 

 

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

- Ardıcıl ikinci dəfə ölkə çempionu olmaq sizin üçün nə deməkdir?

- Çempion olmaq hamının arzusudur. Çempionluq titulunu qoruyub saxlamaq daha çətindir. İl boyu çəkdiyimiz zəhmətin bəhrəsini gördük. Bunu sözlə ifadə etmək çətindir. “Qarabağ”ın çempion olması tək bizim üçün yox, bütün Azərbaycan üçün əhəmiyyətlidir. Biz Qarabağ adını Avropada layiqli təmsil edə bilirik.

 

- Çempionatın sonlarına doğru rəqabətin azalması avrokuboklardakı çıxışınıza mənfi təsir edə bilər?

- Əslində bizə elə mövsümün axırı çətin oldu. Rəqiblərimizin güclü müqavimət göstərdiyi vaxtlarda heç xal itirmirdik. Deməzdim ki, rəqabət azalmışdı. Çempionatın hansı səviyyədə olmasından asılı olmayaraq Çempionlar Liqasına necə hazırlaşmalı olduğumuzu yaxşı dərk edirik. İndi bizdən daha böyük gözləntilər var.

 

- Növbəti tur 18 oyundur ki, sizə qalib gələ bilməyən “İnter”lə qarşılaşacaqsınız. Artıq çempionluğunu təmin edən “Qarabağ” bu uğurlu seriyanı davam etdirmək istəyəcək, yoxsa qüvvənizi “Neftçi” ilə kubokun final oyununa saxlamağı düşünürsünüz?

- Kubokun finalına hazırlaşmaq üçün vaxtımız çoxdur. Çempion olsaq da, bizim üçün qarşıdakı iki oyunda da qələbə qazanmaq vacibdir. Qətiyyən arxayınlıq yoxdur. Bu oyuna da digərləri kimi yanaşırıq. Çempionat davam edir.

 

- Avroliqada “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr”in bu yarışda finala yüksəlməsi sənin üçün gözlənilməz olmadı ki?

 

- Fikirləşirdim ki, yəqin “Napoli” “Dnepr”i dayandıracaq. Yəni finala çıxacaqlarını gözləmirdim. Ancaq yaxşı ki, finala “Dnepr” çıxdı. Bu, bir tərəfdən bizim üçün fəxrdir. Hər halda bizim qrupdan çıxan komandanın finala vəsiqə qazanması yaxşı haldır. Bəlkə də daha əvvəl kimlərsə fikirləşirdi ki, “Qarabağ” qalib gəlibsə, deməli, “Dnepr” elə də güclü deyil. Ancaq indi bu komanda Avroliqanın finalındadır.

 

- “Dnepr” “Qarabağ”a qarşı hakim haqsızlığı sayəsində qrupdan çıxdı. Sonrakı oyunlarda da hakimlər Ukrayna klubuna bəzi güzəştlər etdi. Bu barədə sən nə düşünürsən? 

- Bəli, insanda şübhə yaranır. Bizimlə oyundan əlavə digər iki görüşdə də “Dnepr”ə hakim səhvi kömək oldu. Bunun qəsdən edildiyini deyə bilmərəm. Hər halda “Dnepr”in finala çıxması bizi sevindirir.

 

- Finalda hansı komandaya azarkeşlik edəcəksən?

- Əlbəttə ki, “Dnepr”ə. Həm Ukrayna bizə yaxın ölkədir, həm də “Dnepr” bizə tanış komandadır. Kuboku “Dnepr”in qazanması yaxşı olar.

 

- “Qarabağ” qrupun hər iki görüşündə “Dnepr”ə qarşı yaxşı oynadı. Səfərdə bu komandaya qalib gəlməyi də bacardınız. Qrupdan “Dnepr” yox, “Qarabağ” çıxsaydı, hansı mərhələyə qədər gedərdiniz?

- Biz deyə bilmərik ki, “Dnepr” finaldadırsa, deməli, biz də bunu bacarardq. Ancaq finala çıxa bilməzdik demək də düzgün deyil. Hakim haqsızlığı ilə üzləşməsəydik, Avropanın 16 güclü komandasından biri kimi mübarizə aparacaqdıq. Bunun özü də bir tarix olacaqdı.

 

- “Neftçi”nin səninlə maraqlandığı deyilir. Bu klubdan təklif almısan?

- Ola bilər ki, əvvəllər “Neftçi” mənimlə maraqlanıb. Ancaq bu söhbət gündəmdə deyil.  Mən 10 ildir ki, “Qarabağ”ın şərəfini qoruyuram. Həmişə qeyd etmşiəm ki, məni “Qarabağ”dan qovmasalar, heç yerə getmərəm. Karyeramı “Qarabağ”da başa vurmaq istəyirəm. Ancaq deyə bilmərəm ki, filan komandaya getmərəm. Hər halda “Qarabağ” məni istəməsə, karyeramı başa vurmalı deyiləm. On il bir komandada oynamaq hər futbolçuya nəsib olmur. Ona görə də karyeramı “Qarabağ”da başa vurmağı düşünürəm.  

Tarix
20 May 2015 [18:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin