Ana səhifə
18 Noyabr 2018

Tanınmışlar binadakı yanğından danışdılar

Kübra Əliyeva: “Dünyasını dəyişən insanlarımıza görə səhərə qədər ağlamışam”

 

 

Nurəddin Mehdixanlı: “Səbəbkarlar elə cəzalandırılmaldır ki, kimsə bu cür məsuliyyətsiz hərəkətə yol verməsin”

 

 

Mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasındakı yanğın nəticəsində 50-dən çox yaralı olmaqla yanaşı, 15 nəfər ölüb. Onların arasında az yaşlı uşaqlar da var. Bu hadisə hər kəs kimi, mədəniyyət xadimlərini də kədərləndirib.

Faciə ilə bağlı “Üç nöqtə”yə danışan əməkdar artisti Kübra Əliyeva göz yaşlarını saxlaya bilmədi. O qeyd etdi ki, dünyasını dəyişən insanlar və uşaqlara görə səhərə qədər ağlayıb: “Bu faciə mənə çox pis təsir edib, özümə gələ bilmirəm. Mən yüz faiz əminəm ki, burada pis insanların əli var. Bütün dünyada binalar belədir. Niyə heç birinin binası yanmır, amma Avropa Oyunalarının yaxınlaşadığı bir vaxtda bizim binamız yandı? Buna görə şübhə içindəyəm və bu faciə məni gecədən səhərə qədər yatmağa qoymayıb. Allah xalqımıza səbir versin. Azərbaycanın bu günündə biri-birimizə dayaq olmalıyıq. Çünki düşmənimiz göz qabağındadır”.

Xalq artisti Rasim Balayev qeyd etdi ki, binada baş verən yanğın böyük bir faciədir: “Yanğın zamanı insanlar, uşaqlar vəfat etdilər. Çox təəssüf ki, bəzi dırnaqarası iş adamları pul qazanmaq üçün binaların üzərinə o cür şeylər vururlar. Hansı ki, onlar müəyyən ekspertizadan keçməli, suya, oda davamlılığı müəyyənləşdirilməlidir. Müəyyən tikinti materialları var ki, bizim şəraitə uyğun gəlib-gəlməməsi müəyyən olunmalı və bu kimi hallarda çox diqqətli olmaq lazımdır. Dünyasını dəyişən insanlarımıza, uşaqlarımıza Allah rəhmət eləsin. Bizim üçün çox böyük faciədir”.

Əməkdar artist Aybəniz Haşımova dedi ki, mayın 19-da binadakı yanğınla bağlı çox pis olub: “Bir gün bacım Şahnaz mənə zəng etdi ki, bacım Rənanın qızı evdə yanğın olduğuna görə yanıb və çox ağır vəziyyətdədir. Bir an başım duman aldı və heç nə düşünə bilmədim, yalnız bağırırdım. Ora getdim və uşağı kəfənə bükülü halda gördüm. Hələ gözlərimin önündən 7-yaşlı körpə Rəfiqə getmir. Bu faciə də məni çox ağrıtdı və özümə gələ bilmirəm. Rəfiqənin qaysaq bağlamış yaraları yenidən qopdu və sabaha qədər key kimi qaldım. O körpələrin vəziyyətini gözlərimlə görməsəm də, təsəvvür edə bilirəm ki, çox ağır dərddir. Həyatda ən qorxunc ölüm yanaraq ölməkdir. Allah bundan sonra xalqımızı qorusun və bir daha belə bir faciə göstərməsin”.

Xalq artisti Nurəddin Mehdixanlı da yanğının baş verməsindən çox kədərlənib: “Bu cür faciənin baş verməsini heç kim istəməzdi. Mətbuat orqanlarında bu işdə yanğına görə təqsirkarlarla bərabər, iştirakı olmayan insanlar da təhqir olunur. Məncə, bu düzgün yanaşma deyil. Ortada iş və işi görmüş konkret məsuliyyətsiz adamlar var və bunlar da cəzalanmalıdırlar. Mən özüm orada xilasedicilərimizin necə işlədiyinin şahidi oldum. Bunu necə görməmək olar?  Həyatlarını təhlükəyə ataraq binadakı insanların həyatını xilas etməyə çalışdıqlarına görə onlara minnətdarlığımı bildirirəm. Bu cür hadisələrin baş verməsinə qarşı diqqətli olmalı və səbəbi aradan qaldırılmalıdır. Nəticələr olandan sonra səbəblər haqqında fikirləşməməliyik. Binanın örtüyünün yanması və oradakı insanların dünyasını dəyişməsi çox ağır bir faciədir”

Xalq artisti onu da bildirdi ki, hazırda dünyanın gözü Azərbaycandadır və ölkəmiz Avropa Oyunlarına hazırlaşır: “İlk Avropa Oyunları ərəfəsində belə hadisənin baş verməsi xoş olmayan bir hadisədir və belə hadisələrin baş verməsinə imkan verməməliyik. Amma təəssüf ki, baş verdi. Bundan dərs çıxarmaq lazımdır. Bu faciəyə səbəbkar olan insanlar elə cəzalandırılmaldır ki, bundan sonra kimsə bu cür məsuliyyətsiz hərəkətə yol verməsin. Bəzi günahlar var ki, bağışlananadır, amma belə günahlar bağışlanmamalıdır. Əminəm ki, bağışlanmayacaq və ciddi şəkildə cəzalanacaqlar. Onu da deyim ki, bizə qarşı bu cür hadisələrin baş verməsini gözləyən insanlar da var və onlara fürsət verməməliyik. Adam düşünür ki, bu yanğınlar niyə dalbadal baş verir? Yəqin ki, bunlar tezliklə aydınlaşdırılacaq və səbəbi aradan qaldırılacaq. Yanğında dünyasını dəyişənlər bizim qardaşlarımız, övladlarımızdır və onlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Millətimizin başı sağ olsun. Yanğında körpə uşaqlar da vəfat edib, söz tapa bilmirəm və bu çox ağrıdıcı bir haldır. Düşmənlərimiz bəlli ikən bir-birimizə münasibətdə haqsız olmayaq və ədalətli olaq. Günahsızı müdafiə etməli və günahkarları cəzalandırmağı tələb etməyi bacarmalıyıq”.

 

 

 

Rəqsanə

Tarix
21 May 2015 [00:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin