Ana səhifə
24 Sentyabr 2018

«Paytaxtda yerləşən mehmanxanaların 95 faizi lisenziyalaşdırılıb»

Әbülfəs Qarayev: «I Avropa Oyunlarına gələn qonaqları zəngin mədəniyyət proqramı gözləyir»

 

 

 

 

Bu günədək paytaxtda yerləşən bütün mehmanxanaların 95 faizi lisenziyalaşdırılıb. Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev I Avropa Oyunlarına hazırlıq məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verərkən deyib. Nazirin sözlərinə görə, lisenziyalaşdırılmayan hotellər Bakının bir qədər ucqar ərazilərində yerləşən və kiçik yerləşdirmə obyektləridir: "Hazırda onların lisenziyalaşdırılması istiqamətində işlər aparılır. Amma mərkəzi hissədə turistləri qəbul etməyə hazır olan bütün hotellər lisenziyalaşdırılıb. Müəyyən çətinliklərin aradan qaldırılması üçün hotellərə tövsiyələr də verilib. Bələdçi xidmətlərinin, servis xidmətlərinin daha keyfiyyətli təşkili üçün xüsusi kurslar keçirilib. Şəbəkə hotelləri özləri də bunu edərək bizimlə əməkdaşlıq edirlər. Düşünürəm ki, bütün hotellər təhlükəsizlik baxımından öz nəzarətlərini gücləndiriblər".

Ә.Qarayev deyib ki, I Avropa Oyunlarına gələn qonaqları zəngin mədəniyyət proqramı gözləyir: "Bakının bütün teatrlarında, muzeylərdə, konsert mərkəzlərində xüsusi tədbirlər həyata keçirilib. Oyunların keçiriləcəyi müddət üçün həmin obyektlərdə uzadılmış iş rejimi tətbiq olunacaq. Biz çalışırıq ki, Azərbaycana gələn həm idmancılar, həm qonaqlar ölkənin çeşidli mədəniyyətinin zənginliyi ilə tanış olsunlar. Bundan əlavə, beynəlxalq miqyasda tanınan bir necə musiqiçi Azərbaycana təşrif buyuracaq, burada onların konsertləri təşkil olunacaq".

Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev jurnalistlərə bildirib ki, türkdilli dövlətlər üçün vahid naviqasiya sisteminin yaradılmasını təklif edib. Bu xəritə Azərbaycan tərəfindən artıq mövcud olan gomap naviqasiya sistemi əsasında yaradıla bilər: "Biz Azərbaycan, Türkiyə və Gürcüstanın naviqasiya xəritələrini hazırlamışıq. Amma düşünürük ki, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələr də buraya əlavə olunsa, türk dövlətlərinin vahid naviqasiya sistemi formalaşdırıla bilər. Bu da bizim üçün çox əlverişli imkan yaradacaq. Gomap sistemi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yerinə yetirildi. Bu sistem bu gün artıq dövlət tərəfindən qəbul olunan və istifadə olunan yeganə naviqasiya və idarəolunma sistemidir".

Ә.Qarayev bildirib ki, yeni sistemdə Azərbaycanın işğal altında olan ərazilərindəki tarixi abidələrin adları, eyni zamanda, türk mədəniyyətinə aid olan tarixi adlar öz əksini tapıb. Nazirin sözlərinə görə, türk dövlətlərinin vahid naviqasiya şəbəkəsi yaradıldıqdan sonra "google"un xəritəsində tarixi adların düzgün yazılması üçün artıq "google"un özünə də təsir gücü artacaq: "Google açıq sistemdir. Orada işləyən adamlar hər bir dövlətin təklifinə maraqla yanaşmırlar. Orada müxtəlif yollarla bu adları dəyişdirərək naməlum, lazımsız adlar, bizim tariximizə aid olmayan adlar yazırlar. Bununla da mədəniyyətimizi, torpağımızı mənimsəmək isəyirlər. Buna görə də öz naviqasiya sistemimiz çərçivəsində bunu düzgün əks etdirərək google və digər şəbəkələrə bunu hazır məhsul kimi təqdim edəcəyik və çalışacağıq ki, reallığı əks etdirək".

 

Tarix
20 May 2015 [21:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin