Ana səhifə
24 May 2018

“Avropa Oyunlarına övladlarımı da aparacam”- Müsahibə

Bəhram Bağırzadə: “Azərbaycan vətəndaşlarını, idman sevərlərini yarışlarda iştirak etməyə və Azərbaycan yığmasını dəstəkləməyə dəvət edirəm”

 

 

 

 

Bu günki müsahibimiz tanınmış aktyor, “Bakı 2015” İlk Avropa Oyunlarına çimərlik futbolu üzrə ulduz səfir seçilmiş Bəhram Bağırzadədir. O, İlk Avropa Oyunları ilə bağlı gördüyü təbliğat işlərindən və yarışmanın ölkəmiz üçün əhəmiyyətindən danışdı. 

 

- “Bakı 2015” İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünyadakı nüfuzuna və idmanına necə təsir edəcək?

- İlk Avropa Oyunlarının xoşməramlı ulduz səfiri kimi bildirim ki, idman sahəsində böyük inkişafımız var, dünayada tanınırıq və Avropa Oyunları ilə daha da tanınacağıq. Azərbaycanda çox sayda stadionlar tikilir və bu da idman sahəsinə gəlir gətirəcək. Eləcə də, turizmdən də vəsait əldə edəcəyik. İnşallah, Azərbaycanın nüfuzu daha da qalxacaq, informasiya blokadası yaradacağıq, Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasına kömək olacaq. Birinci növbədə insan, vətəndaş kimi deyirəm ki, İlk Avropa Oyunlarından sonra bizim xalqımız sağlam millət olacaq. Bu qədər stadionlar və olimpiya kompleksləri açılıb. Bu yarışmalar efirdə yayımlanan zaman inanıram ki, minllərlə Azərbaycan övladı öz valideynlərindən idmana yazılmalarını xahiş edəcəklər və idmanla məşğul olacaqlar.

1986-cı ildə Moskvada yarışma keçirilmişdi və o yarışmanı izləyən zaman 14 yaşım vardı. Ondan sonra valideynlərimdən xahiş etdim ki, məni üzgüçülük idman növünə yazdırsınlar. Hətta o idman növündən sonra həndibol və basketbol oynadım və nəticələrim də oldu. Bakı şəhər çempionatında üzgüçülük üzrə üçüncü yer tutmuşam. Bu gün də mənim səhərim hovuzdan başlayır və gün ərzində yarım saat üzməsəm işə çıxmıram. Eləcə də, Azərbaycan yığmasında həndibol yarışmasına qatılmışam və oynamışam. Hazırda hərdən basketbool da oynayıram.

 

- Çimərlik futbolu üzrə ulduz səfir kimi hansı işləri görürsünüz və Avropa Oyunlarına necə hazırlaşırsınız?

- Təqribən 4 ay ərzində saysız -hesabsız reklamlara, roliklərə çəkilmişəm, aksiyalarda iştirak etmişəm, biletlərin realizəsi ilə məşğul olmuşam və gənclərlə görüşmüşəm. Bunlarla yanaşı, verilişlərə çəkilmişəm. Hətta bu yaxınlarda Sloveniyada və Avstriyada promo-aksiyalar aparmışam. Orada Azərbaycana aid suallar verdim və suallara düzgün cavab verən insanlara İlk Avropa Oyunlarının atributikasını təqdim etdim. Bunlarla yanaşı, Çingiz Abdullayev və Rasim Babayevin kitablarını, eləcə də Bakı şəhərinə, milli mətbəximizə aid kitablar və disklər hədiyyə etdim. Belə aksiyalarımız davam edir. Səfiri olduğum idman növündə Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzila də görüşdüm, püşkatma mərasimində də iştirak etdim. Qeyd edim ki, yaxın günlərdə fan-klubumla görüşəcəm. Facebook səhifəmdə və digər vasitələrlə də Azərbaycan vətəndaşlarını, idmansevərləri yarışlarda iştirak etməyə və Azərbaycan yığmasını dəstəkləməyə dəvət edirəm.

 

- Püşkatama zamanı ulduz səfiri seçildiyiniz idman növündən razı qaldınızmı və  başqa hansı idman növü üzrə ulduz səfir seçilmək istərdiniz?

 - İdmanı sevən adam kimi hansı idman növü üzrə ulduz səfir seçilməyimin fərqi yox idi, istər basketbol, istər atçılıq, istərsə də tennis olsun. Bütün idman növündə bu aksiyaları aparacaqdım. Bəxtim püşkatma mərasimində gətirdi ki, mənə yaxın olan idman növü - çimərlik futbolu düşdü. Mən Abşeron yarımadasında böyümüşəm və uşaq vaxtı hər yay qumun üstündə futbol oynayırdım. Amma inanın mənə, başqa idman növü üzrə səfir seçilsəydim də peşəkar və azarkeş kimi orada da millətimə, xalqıma, dövlətimə qulluq etməyə çalışacaqdım və hazırda da çalışıram.

 

- İdmançılarımızı dəstəkləmək üçün hansı yarışlara gedəcəksiniz?

- İmkan olsa, bütün idman yarışlarına gedəcəm. Avropa Oyunlarına nəinki tək gedəcəm, hətta övladlarımı da aparacam. Çünki oğlum cüdo ilə məşğul olur, qızım isə dama üzrə Azərbaycan çempionudur. Heç vaxt yadımdan çıxmır, uşaq idim. 1975-ci ildə Azərbaycanda əfsuslar olsun ki, böyük arenalar yox idi və Azərbaycan yığması ilə Amerika yığması arasında güləş keçirilirdi. Bakıda cudo üzrə arena olmadığına görə Dövlət Sirkində güləşirdilər. İndiyə qədər də Avropa çempionu Rafiq Hacıyevin güləşi yadımdadır və məni o yarışa rəhmətlik atam aparmışdı. Bu adət-ənənini davam etdirməyə çalışıram. Artıq müstəqil Azərbaycan dövlətində mötəbər yarışa övladlarımı aparacam ki, gələcəkdə onlar bu günləri gözəl və rəvan xatırlasınlar. Digər millətlərdən fərqli olaraq, biz inşallah, bir neçə yüzillikdən sonra İlk Avropa Oyunlarının yüzilliklərini qeyd edəcəyik. Hansı ki, digər millətlər öz  bədbəxt yüzilliyini qeyd edirlər. Hansı ki, mən bu barədə danışmaq istəmirəm.

 

- Necə düşünürsünüz, Azərbaycanda daha çox hansı idman növləri inkişaf edib və hansı sahədən daha çox medallar və qələbələr gözləyirsiniz?

 - Güləş idman növü bizim qanımızdadır və sevindirici haldır ki, Azərbaycan güləşçiləri birinci yerlərdə gedir, istər sərbəst güləş, istər də digər növləri olsun. Amma istərdim ki, güləş idman növündə daha çox Azərbaycan uşaqları güləşsinlər. Digər Qafqaz millətlərindən güləşçilərin gətirilməsini istəməzdim. O ki qaldı kollektiv idman növlərinə, o artıq ailədən, məktəbdən gəlir. Biz çalışmalıyıq ki, övladlarımız  kollektiv idman növlərində yüksək nəticələr əldə etsinlər, buna çalışsınlar. Düzdür, buna vaxt, zaman lazımdır. Təbii ki, medallarımız digər idman növlərindən də olacaq.

 

- Qeyd etdiniz ki, xarici ölkələrdə təbliğat işləri aparırsınız. Bu zaman xaricilər hansı fikirləri bildirirlər və Azərbaycan haqqında kifayət qədər məlumatlıdırlarmı?

- Gənclər “Eurovision” yarışması haqqında danışırdılar və deyirdilər ki, yarışma çox möhtəşəm, gözəl idi. Futbolsevənlər “Qarabağ” futbol klubunun irəliləyişini və qələbə qazanması haqqında fikir bildirirdilər. Mənə elə gəlir ki, “Qarabağ” futbol klubu daha da öz üzərində çalışmalıdır. “Neftçi” və digər komandalar da Azərbaycanı daha irəli aparmalıdır. Bir az yaşlı nəsil futbol hakimiz Tofiq Bəhrəmovu xatırladırdılar. Eləcə də neftimiz haqqında məlumatlıdırlar. Ən maraqlısı budur ki, MDB ölkələrinin vətəndaşlarının Azərbaycan haqqında geniş məlumatları var və cənab Prezidentimizi və birinci xanımımızı çox tərifləyirlər. Çoxları da bilir ki, əgər onlarda da belə Prezident və birinci xanım olsaydı ölkələri irəli gedərdi. Necə ki, Azərbaycan böyük addımlarla irəli gedir və bu, məni bir vətəndaş kimi çox sevindirir. İnanın ki, xaricilər turist kimi Avropa Oyunlarına, yaxud da vaxtlarını asüdə keçirmək üçün Azərbaycana gəlmək istəyirlər. Hətta, mənim tanışlarımın arasında Rusiya, Ukrayna, Qazaxıstandan gəlib 9 may qələbə gününü Bakıda keçirənlər oldu. Onlar facebook və digər sosial şəbəkələrdə də öz şəkillərini qoymaqla yanaşı, memarlıq abidələrimizin və yeni tikilən binalarımızın da şəkillərini qoymuşdular. Bu, məni çox sevindirir. Onu da deyim ki, xarici vətəndaşlardan Azərbaycana viza almaq çox çətindir deyərək iradlarını bildirənlər də oldu. Ölkəmizdə üç ulduzlu otellərin olmamaması turistlər üçün çətinlik yaradır. Onlar dörd, yaxud da, beş ulduzlu otellərdə qalmağa məcbur olurlar. Mən yaxşıları deyəndə pisləri də deməliyəm ki, həmin konsepsiyanı görə bilək.

 

- Bir sıra ölkələrdə İlk Avropa Oyunlarının Bakıda keçirilməsini yaxşı qarışılamırlar və antitəbliğat işi aparırlar. Buna münasibətinizi bilmək istərdik...

- O Avropa ölkələrinin öz problemləridir və onların özlərinin həll ediləsi çox problemləri var. Biz onlara fikir verməmliyik, öz işimizlə məşğul olmalıyıq. İnşallah, ölkəmizdə Avropa oyunları yüksək səviyyədə keçəcək.

 

- Xoşməramlı səfir kimi Avropa oyunları ilə bağlı insalarımıza tövsiyyəniz nədir?

- İnsanlara tövsiyyə edərdim ki, sağlam olmaq üçün idmanla məşğul olsunlar. Sağlam millət olan ölkədə bütün sahələr daha da yüksək inkişaf edir və rəvan dünya görmək olur. Sağlam bədəndə sağlam ruh olur. Ona görə də mən istərdim ki, canımız sağlam, ruhumuz yüksək olsun və hər zaman irəli gedək. İdmançılarımıza da uğurlar arzu edirəm və qələbələr gözləyirəm.

 

 

 

Rəqsanə

Tarix
19 May 2015 [22:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin