Ana səhifə
15 Noyabr 2018

“İstənilən idmançı ilə döyüşə bilərəm” - FOTOLAR

İlahə Qasımova: “Karate üzrə Azərbaycandan Avropada üçüncülüyü və dünya kubokunu qazanan ilk qız mən olmuşam”

Azərbaycanı hər bir sahədə təmsil edən xanımlar var. Çoxlarının daha çox kişi sənəti hesab etdiyi idmanın ən çətin növlərində belə. Bu gün karateyə daha çox oğlanlar maraq göstərsə də, bu sahədə xanım idmançılar da var. Onlardan biri də İlahə Qasımovadır. Avropa üçüncüsü olan İlahə çətin olsa da karateni sevdiyini deyir. Müsahibim olan İlahə deyir ki, hələ bir çox nailiyyətlər əldə etmək istəyir.

 

“Məşqə getməyəndə evdən qovurlar ki, dur məşqə get”

1992-ci ilin oktyabrın 14-də Bakı şəhərində anadan olmuşam. 9 yaşım olanda məndə idmana maraq yarandı. Rəfiqəm bir il idi ki, karateyə gedirdi. Maraq üçün döyüşləri izləməyə getdim. Məşq etdikləri yer evimizlə üzbəüz idi. Döyüşçü kimi getmək fikrim yox idi. Orada Cahangir Babayev adlı müəllim var idi. Mənə dedi sən də gəl məşq elə. Əvvəl məşqlərə gəlmək istəmədim, amma sonradan maraq üstün gəldi və məşqlərə başladım. Cahangir müəllim o vaxtdan mənim şəxsi müəllimimdir. Məktəbdən çıxıb məşqə qaçırdım. Günü-gündən karateyə marağım daha da çoxaldı. Brus Linin kinolarına baxırdım. Karate mənə çox maraqlı gəlirdi. İdmana çox vaxt sərf etdim deyə məktəbdə əlaçı şagird olmadım. Yarışlar, məşqlər başımı qatırdı. Ona görə də, yaxşı səviyyədə oxuya bilmədim. Amma normal dərslərimi oxuyurdum. Ali təhsilimi idmanla bağlı almışam. Bu il Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Valideynlər bəzən oğlan uşağını məşqə getməyə qoymur ki, zədə alacaq. Amma ailəm mənə hər zaman dəstək olub, bu günə qədər idmanda qalmağımın səbəbi də budur. Mən məşqə getməyəndə evdən qovurlar ki, dur məşqə get. Müəllimim isə məni daha çox həvəsləndirir. 

 

“Karateyə qızlar çox az gəlir”

Qızlardan mənə deyən çox olur ki, karateni neynirsn? Amma mənə elə gəlir ki, karatedən ayrıla bilmərəm. Düzdür, vaxtı gələndə mən də bu sənətdən uzaqlaşacam. Amma yaxşı nailiyyətim olsun, ondan sonra uzaqlaşa bilərəm. Mənimlə o vaxtı məşq edən uşaqlardan heç biri idmanda qalmadı. Məşqə getdiyim rəfiqəm də mənimlə münasibətləri kəsdi. Yarışlarda mən udurdum, o isə uduzurdu. Qayıdanda deyirdi ki, o niyə udub, mən uduzmuşam? Biz dost idik. Dostlar arasında belə münasibət lazım deyildi. O, məşqlərdən uzaqlaşdı. Hazırda 18 yaşdan yuxarı qrupda 3 nəfər qız var. Karateyə qızlar çox az gəlir. Valideynlər zədədən qorxurlar. Karatedə elə idmançı yoxdur ki, zədəsi olmasın. Ən çox da dizdə zədələr olur. Mən qızları bu sahəyə gəlməyə çağırıram. Digər idman növlərinə baxanda burada zədə az olur. Qadınları zəif yox, zərif adlandırmaq lazımdır. Psixolojicəhətdən güclüyəm. Amma arada zəiflik də olur. Yarışda uduzanda məyus oluram. Bir müddət həvəssiz məşq etsəm də, müəllimimin sayəsində yenidən həvəslənib məşqlərimə davam edirəm.

 

Qalibiyyətə inam və qorxmazlıq

Dünya və ya Avropa çempionu ilə döyüşəcək deyə, içində qorxu olan idmançılar var. Amma məndə elə bir qorxu yoxdur. İstənilən idmançı ilə döyüşə bilərəm. 2015-ci ildə öz nailiyyətimlə Azərbaycanımıza qələbə gətirəcəyimə inanıram. İnşallah bu arzum reallaşar. Bunun üçün artıq məşqlər edirəm. Demək olar ki, boş vaxtım yoxdur. Məndə qorxu yoxdu. Bəzi karateçilər hücum etməyə çəkinirlər. Amma mən hücum etməyə qorxmuram. Güclü tərəfim hücumdur. Hücum etməyəndə yarışı uduzuram. Gözləyəndə passivləşirəm. Oktyabrın 9-u Avstriyada beynəlxalq turnirdə iştirak edəcəm. Bütün ölkələrdən ora idmançı qızlar gələcəklər. Güclü rəqiblərimin olmasına baxmayaraq inanıram ki, vətənimizə medalla qayıdacam. Çünki məndən medal gözləyənləri sevindirmək istəyirəm. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Milli Karate Federasiyanın prezidenti Yaşar Bəşirova, yığma komandanın baş məşqçisi Rəhman Hətəmov və şəxsi müəllimim Cahangir Babayevə minnətdaram. İnşallah, çalışacam bu dəfə qələbə ilə qayıdım.

 

“Hələ istədiyim qələbəni əldə edə bilməmişəm”

Orta məktəbdə voleybola marağım var idi. Həmişə mənim komandam qalib gəlirdi. Lakin sonradan voleybolun arxasınca getmədim. Bütün idman növləri çətindir. Mən də məşq edirəm, rəqibim də. Hamı əziyyət çəkir. Güclü olsam belə yarışda uduza da bilərəm. Güclü idmançı qarşıma çıxanda qalibiyyət üçün dirəşirəm. Ümumilikdə, nailiyyətlərim məni qane etmir. Bakıda keçirilən Avropa çempionatında üçüncü yerə çıxdım. İndiyə qədər Azərbaycandan qızlar arasında Avropada 3-cü olan olmamışdı. Karate üzrə Azərbaycandan Avropada üçüncülüyü və dünya kubokunu qazanan ilk qız mən olmuşam. Ondan başqa keçirilən turnirlerdə qalibiyyətlərim olub. Amma hələ istədiyim qələbəni əldə edə bilməmişəm. İnşallah o da qismət olar.

 

“Ailə qurduqdan sonra idmandan uzaqlaşacam”

Mən hər işə, həyata pozitiv yanaşmağa çalışıram. Qaşqabaqlı insanları xoşlamıram. Nədənsə onları yola gətirə bilmirəm. Deyib-gülməyi, zarafatlaşmağı xoşlayıram. Nə isə problemim olsa belə mən üzdə gülürəm. İstəmirəm problemimi kimsə bilsin. Ona görə də, çətinliyimi kiməsəyə demirəm. İdman maraqlıdır və Azərbaycanda qız idmançılar çox deyil. Bizim həyat tərzimiz adi qızlardan fərqli olur. Amma nə qədər maraqlı işimiz olsa da, ailə qurduqdan sonra idmandan uzaqlaşacam. Çünki idmanla ailə bir yerdə alınmır. Ailə qismət məsələsidir.

Aygün Asimqızı

 

Tarix
4 Oktyabr 2014 [14:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin