Ana səhifə
24 Fevral 2018

“Kitaba hədsiz marağım məni müəllim olmağa sövq etdi”- Müsahibə

Səyyad Aran: “Yuxarı kursda oxuyanlar bizə deyirdilər ki, çalışın saçınızı və mədənizi qoruyun”

 

 

 

Bəzi insanlar var ki, dövlət, özəl sektorda yüksək vəzifədə olmasından aslı olmayaraq öz səmiyyətləri ilə seçilir, sözləri ilə əməlləri üst-üstə düşür. Onlar jurnalistlərlə ünsiyyətdə olmaqdan çəkinmirlər. Belə vəzifə sahiblərindən söhbət düşəndə Səyyad müəllim yada düşür. Söhbət hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini olan Səyyad Arandan gedir. Müşahidələrimə və onu tanıyanların məlumatlarına görə, Səyyad müəllim sıravi müəllimlikdən tutmuş, jurnalist, redaktor müavini, millət vəkili, Azərbaycanın İstambuldakı konsullu və nəhayyət indiki vəzifəyə qədər böyük karyera yolu keçib. Görkəm baxımından dəyişsə də, əqidəsini, şəxsiyyətini və birdə səmimiyyətini dəyişməyib. “Tanınmışların yadda qalan gənclik illəri” rubrikasının bu dəfəki qonağı Səyyad müəlimdir.

 

“Uşaqlıqda novruz bayramına il boyu hazırlaşırdıq”

 

 - 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişəm.  10 uşaqlı ailənin ilk övladı mən idim. Uşaqlım illərim İmişli şəhəri, Cəfər Cabbarlı küçəsi 3-də keçib. O vaxtı adətən küçədə futbol oynayardım. Maşınlar az idi və onların küçədən gəlib-keçməsini bir möcüzə kimi qarşılayardıq. Köhnə “QAZ-51”-lərə heyranlıqla baxardıq. Təbii ki rayonumuzda “raykomun bağı” deyilən park vardı və günümüzün əksər hissəsi orda keçərdi. Bundan başqa, velosiped sürməyi də sevirdim. Araza çimməyə gedərdik. Uşaqlıqda həsrətlə gözlədiyimiz və böyük sevinclə keçirdiyimiz ənənəvi milli tədbirlər var idi. Məsələn, Novruz bayramına il boyu hazırlaşırdıq. Qonşulara qurşaq, papaq atardıq. Lakin küçəmizdə elə evlər vardı ki, onlara getmək mümkün olmurdu. Həmin evlər rayon rəhbərlərinə məxsus idi.

Mən 1958-1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə oxumuşam. Hərdən ürəyimdən həmin doğma məktəb keçir. Qəlbimdə sanki məni olduqca üzəcək, titrədəcək bir nostalji var.

Tələbəlik illərim də gənclik həyatımda maraqlı izlər buraxıb.

1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub və 1972-ci ildə həmin fakültəni bitirmişəm. İkinci ali təhsilimi isə Bakı Dövlət Universitetində almışam. 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirdim.

 

“Ürəyimdən hüquqşünas, ya da jurnalist olmaq keçirdi”

 

İxtisas seçimimdə təbii ki ailəmizdəki mühit həlledici rol oynayıb. Əvvəla gözümü açandan atamı kitab, qəzet oxuyan gördüm. Atam ədəbiyyat müəllimi idi. Bundan başqa, evimizdə Azərbaycan və rus klassiklərinin, dünya ədiblərinin kitabları vardı. Atam bu kitabları böyük maraqla oxuyardı. Mən də atamı yamsılamaq üçün kitabları oxumağa başladım və o gündən kitabdan ayrıla bilmirəm. Orta məktəb illərində məndə dəhşətli mütaliə yanğısı vardı. Ən çox getdiyimiz yer də Rayon Mərkəzi Uşaq Kitabxanası idi. Həmin kitabxananın müdirinin qardaşı mənim sinif yoldaşım idi. Biz 2-ci sinifdən kitabxananın üzvü idik. Kitabxanaya gələn ən təzə kitabları hamıdan əvvəl biz oxuyardıq. Oxuduğum kitabı axıra çatırmadan stol arxasından qalxmaq istəmirdim. Bir dəfə kitabı oxuyub qurtarmaq üçün kitabxananın müdiri Şahsuvar Miriyevdən xahiş etdim ki, qapını bağlayıb nahar fasiləsinə getsin və məndə bağlı qapı arxasında qalıb kitabı oxuyub qurtarım. Tək mən belə deyildim.

Uzağı 2 gündən bir kitabxanaya gedirdim. Aldığım 2-3 kitabı sürətlə oxuyub, qaytarıb yenilərini götürürdüm. Yeri gəlmişkən elə indi də kitab oxumaq ən böyük  hobbimdir. Bu gün də darıxanda, özümü yaxşı hiss etməyəndə, ən gərgin anlarımda kitaba müraciət edirəm. O zaman mənim kitabxanaya üzvlük biletimi kitabxanaçı baxmadan, əlini ataraq götürürdü, çünki qalınlığına görə seçilirdi. Sonralar orta məktəbin 10-cu sinfində oxuyanda kitabxana rəhbərliyi belə qərar gəldilər ki, 1 saylı üzvlük biletini həmişə mənim adıma yazsınlar. Bakıya gələnə qədər 1 saylı oxucu mən oldum.  Bütün bunlar məni müəllim olmağa sövq etdi. Amma ürəyimdən hüquqşünas, ya da jurnalist olmaq keçirdi. Həyatımın sonrakı dönəmlərində hər ikisinə nail oldum. Həm hüquq təhsili aldım (ikinci ali təhsil), həm də siyasətə jurnalistikadan gəldim.   

Onu da deyim ki, çox gözəl tələbəlik illərim olub. Ailənin böyük övladı olduğuma görə, pul-para, geyim  sarıdan korluq çəkməmişəm. Mən tətilə gedəndə, və yaxud qohum-əqrəba Bakıya gələndə, həmişə cibimə pul qoyublar. İnstitutda oxuyarkən atam, əmim, dayılarım, digər qohumlarım mənə daha çox maddi dəstək olublar. Tələbəliyimdə, yaxşı dostlarım olub. Yaxşı yaşamışam, dəbdə olan paltarlar geyinmişəm. Tez-tez qonaqlıqlar edərdik, yeyib-içərdik. Səhv etmirəmsə, universitetin beş müəlliminin övladı bizimlə bir qrupda oxuyurdu. Bizim qrupda, eləcə də  digər qruplarda oxuyan tələbələr sonralar müxtəlif vəzifələrdə, qəzetlərdə çalışıblar.

 

Mədəmi qoruya bildim, amma saçımı qoruya bilmədim

 

Tanınmış qrup idik: Qrupumun adı indiki kimi yadımdadır. 32 saylı! Gözəl tədbirlər keçirirdik. Mən o zaman “Gənc müəllim” qəzetində Səyyad Sadiq imzası ilə çox tez-tez yazılar yazırdım. 1968-72-ci illərin tələbələri yəqin ki, mənim imzamı unutmayıblar. Qəzetin o vaxtkı baş redaktoru Sərhəd müəllimin sifarişi ilə tez-tez böyük yazılar yazırdım. Günlərin birində növbəti yazı gətirəndə gülümsünərək dedi ki, sənin yerin səhv düşüb, gərək jurnalistikaya gedəydin.

Bizim dövrümüzdə “Bitls” qrupu çox məşhur idi. Con Lennonu və qrupun digər üzvlərini yaxşı tanıyırdım. Onları təqlid edərək bir çox yaşıdım kimi uzun saç saxlayırdım. Bu vərdişim sonradan saçımın tökülməsinə səbəb oldu. Kirayədə qaldığım Aşağı Dağlıq küçəsindən Pedaqoji İnstituta piyada gedirdim. Bir dəfə başıma o qədər qar yağmışdı ki, ondan başımda “papaq” yaranmışdı. İnstitutun qapısından içəri girəndə bunu gördüm. Amma gənclikdənmi, özümü göstərmək hissindənmi başımın qarını təmizləmədim, elə həmin qaydada da içəri girdim. Qrupumuzun qızları qışqırdı ki, ay Allah, Səyyadın başında qardan papaq var. Cumdular üstümə ki, o papağı götürsünlər. Yuxarı kursda oxuyanlar deyirdilər ki, çalışın saçınızı və mədənizi qoruyun. Mədəmi qoruya bildim. Amma saçımı qoruya bilmədim. Bu cür məsuliyyətsiz yanaşmağım ucbatından saçlarım töküldü. İndi şəkillərə baxanda heç kəs inanmaz ki, onlar mənim saçlarımdır.

Ancaq ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyim İmişli rayonu Əzizbəyov (indiki Aşağı Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işlədim. Sentyabrın 1-də birinci tədris günü ağladım. Düşünürdüm ki, yəni mən Bakıdan ayrıldım?! Bakısız, tələbə yoldaşlarım olmadan yaşayacağımı təsəvvür edə bilmirdim. Evdən kənd məktəbinə qədər 7 kilometr məsafə vardı, piyada gedirdim. Məktəbə gedənə qədər o yolu ağladım. Bir də  bir il işlədikdən sonra əsgərliyə, Naxçıvanın Qıvraq kəndində xidmət etdiyim hərbi hissənin yanından şagirdlər keçəndə məni ağlamaq tutdu. Beləliklə 1973-1974-cü illərdə  hərbi qulluqda oldum. Hərbi xidmətdən qayıdandan sonra, 1974-cü ildən 1989-cu il dekabrın sonuna qədər 1 saylı İmişli şəhər orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi, ibtidai hissə üzrə müavin, sonra partiya təşkilat katibi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri direktor müavini vəzifələrində çalışdım. 1990-cı ildə Rayon Təhsil Şöbəsinin müdiri oldum. Məni, bu gün də minnətdarlıqla xatırladığım İmişli RPK-nin katibi Zəridə xanım Rüstəmova irəli çəkdi. Olduqca pak və namuslu bir insan idi. Ondan sonra gələn yeni İcra Hakimiyyətinin başçısı çox keçmədən məni təhsil müdirliyindən azad etdi, nəyə görəsə məndən xoşu gəlmədi. Heç 1 il işləməyə imkan vermədi.

 

Bizim vaxtımızda insanlar sənət öyrənməyə meyl edirdilər

 

Tələbəlik illərində olduğu kimi müəllimliyimin ilk illərində də kifayət qədər tanınmış olmuşam. Çox gözəl şagirdlərim olub. İndi onlar həm Bakıda, həm İmişlidə, həm də ölkədən kənarda yüksək vəzifələrdə işləyirlər. 

Tələbəlikdə və müəllim fəaliyyətimdə qazandığım dostlarım yerində qalırlar. Onlarla mütəmadi əlaqə saxlayıram. Bu gün də dəyişməz dostlarım olaraq qalırlar. Onlar unudulmur və dostluğumuz daim davam edir. Əlbəttə, yeni dostlarım da var. Üstəlik siyasi fəaliyyətim mənə Azərbaycanın ən müxtəlif bölgələrindən olan dostlar qazandırıb..

Bizim dövrdəki tələbəliklə indiki arasında əlbəttə müəyyən fərqlər var. Ən əsas fərqi onda görürəm ki, bizim vaxtımızda insanlar sənət öyrənməyə meyl edirdilər. Axı, elmi insanın əlindən almaq mümkün olmadığı kimi, sənəti də insanın əlindən almaq mümkün deyil. O vaxtlar populyar ixtisaslar kimi müəllimlik, həkimlik və mühəndisliyə meyl güclü idi. İndi biznes sahəsinə maraq güclüdür. Hesab edirəm ki, bu da bir dəbə bənzəyir.

 

 

 

Əfsun

Tarix
16 May 2015 [10:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ