Ana səhifə
22 May 2018

«Siyasətlə birdəfəlik vidalaşmışam»

Tərlan Musayeva: «Siyasətlə məşğul olmağa həvəsim də yoxdu»

 

 

 

«Bu gün də mən öz əqidəmlə, öz sədaqətimlə ulu öndərə xidmət edirəm»

 

 

Öz əməyi, bacarığı ilə böyük nüfuz qazanan həmvətənlərimizin sayı çox olub. Bu dəfəki müsahibimiz də Azərbaycanda bir zamanlar çox məşhur olan belə şəxslərdən biri - Tərlan xanım Musayevadır. Tərlan xanım 2 yaşı olanda valideynləri ayrılıblar və o, nənəsinin himayəsində böyüyüb. 1972-ci ildə Tərtər 1 saylı şəhər orta məktəbini bitirən Tərlan xanım həmin ildə Bərdə şəhər 105 saylı kənd texniki peşə məktəbinin sürücü-mexanizator şöbəsinə daxil olub. 1973-cü ildə həmin kursu bitirib və Bərdə rayonu “Kommunizm” kolxozunda sürücü-mexanik kimi əmək fəaliyyətinə başlayıb. İşlədiyi müddətdə bir çox uğurlar əldə edərək dövlət və hökumət tərəfindən mükafatlara, yüksək fəxri adlara və fəxri fərmanlara layiq görülüb. “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenləri ilə təltif edilib. SSRİ xalq nailiyyətləri sərgisinin qızıl, gümüş, bürünc medallarını alıb. SSRİ-yə daxil olan respublikalar arasında təsis edilən Paşa Angelina, Tursnoy Axunova və 10 il Sevil Qazıyeva adına prizlərin qalibidir. X və XI çağırış SSRİ Ali Sovetinin deputatı olan Tərlan Musayeva 22 yaşında SSRİ Ali Sovetinin ən gənc deputatı, 25 yaşında isə əmək qəhrəmanı olub. İşləyə-işləyə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını və Azərbaycan respublikası prezidenti yaninda Dövlət İdarəçilik Akademiyasını qırmızı diplomla bitirib. 1992-1995-ci illərdə Bərdə rayon Xalq Deputatları Sovetinin sədri vəzifəsində çalışıb. Mexanizator kimi məşhur Sevil Qazıyevanın respublikamızda ən layiqli davamçılarından sayılan T.Musayeva sadə əməyi ilə ictimaiyyətin dərin rəğbətini qazanıb. Sosialist Əməyi Qəhrəmanı, I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan bu qəhrəman Azərbaycan qadını ilə bağlı 1980-ci ildə «Tərlan Musayeva»  adlı film çəkilib. Onun haqqında "Qarabağın Tərlanı" adlı oçerk, "Zirvə fəth olunur, tərk edilmir", "Tərlan" adlı bədii əsərlər yazılıb.

 

- Tərlan xanım, son illər Sizin adınızı daha az eşidirik. Elə bil bir zamanların məşhur əmək qəhrəmanı, dövlət adımı yavaş-yavaş unudulur. Hazırda nə il məşğulsunuz?

 

- Artıq nəsillər dəyişir. Biz nəslin insanları,  bizi tanıyanların sırası yavaş-yavaş seyrəlir. Buna görə insanları, cəmiyyəti qınamıram. Hazırda cəmiyyətdə mənim kimi insanların sayı çoxdur. Bu gün də gəncləri daha çox qabağa verirlər. Onlar öz istedadlarını göstərirlər. Mən də 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hazırda partiyanın Səbail rayonu üzrə Qadınlar şurasının üzvüyəm. Ancaq partiyadaxili tədbirlərdə iştirak edirəm. Başqa bir ciddi fəaliyyətim yoxdur. Bakıda yaşasam da Bərdə rayonu ilə mütəmadi əlaqələrim qalır. Rayon sakinləri ilə görüşlərim də olur. Sovetlər dönəmində kadrların əsas yetişmiş dövrü 40 yaşdan sonra hesab olunurdu. Həmin yaşdan sonra kadrlar daha irəli çəkilirdilər. Amma taleh elə gətirib ki, mən 40 yaşdan sonra işsiz qalmışam. Təxminən 20 ilə yaxındır işsizəm.

 

- Respublikada kifayət qədər tanınan, potensiala malik Tərlan Musayevanın 40 yaşdan sonra işsiz qalmasının səbəbləri nə oldu?

 

- Mən nə deyə bilərəm ki? Bundan daha artıq mənə nə diqqət göstərə bilərlər? Dövlət qulluğunda xidmətlərimə görə 2005-ci ildən Azərbaycan prezidentinin fərmanına əsasən mənə prezident təqaüdü verilir. Yüksək təqaüd alıram. Artıq ailəmin qayğısı ilə daha çox məşğul olmaq istəyirəm. Dövlətimizdən də incimirəm.

 

- Bəzən belə fikirlər səsləndirirlər ki, indiki gənclik əvvəlkilərlə müqayisədə tənbəlləşib. Sizin dövrünüzdəki gəncliklə müqayisə etdikdə, o dövrdə uğur qazanmaq daha asan idi ya indi?

 

- O dövrdə indiki kimi dünyagörüşlü, hərtərəfli biliyə malik gənclərimizin sayı az idi. İndi onların sayı daha çoxdur. Amma o zaman gənclərin inkişafı, irəli çəkilməsi üçün şərait yaradılır, onlara qiymət verilirdi. İndi isə tələblər başqadır. Gənclərimiz də fərqli mühitdə böyüyür. İndiki gənclik bizdən daha gözüaçıq böyüyür. Onların bildiklərini biz bilmirik. Gəncliyin bütün dünyada xəbərləri var. İndiki gəncləri əldə etdikləri nəaliyyətlərə görə alqışlayıram.

 

- Siz həm də Milli Məclisin deputatı olmusunuz. Keçmiş həmkarlarla münasibətlər qalır?

 

- Bəli onların bəziləri ilə münasibətlərimiz qalır. Eldar İbrahimov, Hadı Rəcəbli, Fəttah Heydərov, Hacı Madər Musayev artıq 4-cü dəfədir deputatdırlar. Mən Eldar İbrahimovun sədr olduğu Aqrar siyasət komissiyanın üzvü idim. Hadı müəllimlə, Eldar müəllimlə bu gün də xeyir işlərdə bir yerdə oluruq. Qadın millət vəkilləri ilə  əlaqələrimiz daha yaxşıdır. Bir-birimizin xeyrinə-şərinə gedib gəlirik. Həm də həmin vaxt Ulu öndər Heydər Əliyev bizə ev verib. Hazırda yaşadığımız bina da Prezident Adminstrasiyasının binasıdır. Burada yaşayanlarla qonşu kimi də münasibətlərimiz normaldır.

 

- Bu il respublikamızda parlament seçkiləri keçiriləcək. Yenidən millət vəkilliyinə namizədliyinizi irəli sürrmək istəmirsiniz?

 

- Xeyir o barədə düşünmürəm. Hazırda siyasətlə məşğul olmağa həvəsim də yoxdur. Bərdədə tərəfdarlarım çox olsa da,  əhali də hörmətimi saxlayır. Rayon camaatına minnətdaram. Siravi insan kimi də bu gün insanlara bacardığım köməyi edirəm. Artıq əvvəlki kimi səlahiyyətim yoxdur. Amma indiki müraciətlər o qədər çox deyil. Rayonun özünün də millət vəkili, bacarıqlı icra başçısı var. Orada güclü işlər gedir. Rayon rəhbərləri ilə görüşlərim olmasa da,  böyük quruculuq, abadlıq işləri görülür. Əhali də görülən işlərdən razıdır. Bu inkişaf hər kəsi qane edir.

 

- Bərdə rayonunda görülən işlərlə bağlı rayon ziyalıları, o cümlədən Sizinlə də müzakirə aparılırmı?

 

- Düzünü desəm, rayon rəhbərliyi ilə mənim o qədər də sıx əlaqəm yoxdur. Mənimlə müzakirə aparılıb-aparılmamağından asılı olmayaraq qeyd etdiyim kimi icra başçısı Vidadi İsayev çox bacarıqlı insandır. Müstəqillik illərindən sonra Bərdəyə onun qədər bacarıqlı icra başçısı gəlməyib. O bərdəli olmasa da, Bərdəyə öz torpağı kimi can yandırır. Bərdə son 2-3 ildə çox inkişaf edib.

 

- Sizin Heydər Əliyevlə bağlı da xeyli xatirələriniz var. Ulu öndərlə ilk görüşü necə xatırlayırsınız?

 

- Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Ulu öndərin yaxşılıqlarını unuda bilmərəm. Bir neçə gün öncə də Bərdədə Ulu öndərin xatirəsinə həsr olunan tədbir keçirilirdi. Orada da həmyerilərim mənə yaxınlaşırdılar ki, Siz canlı arxivsiniz. Heydər Əliyevlə bağlı xeyli xatirələriniz var. Mən də bunu səmimi qəbul edirəm. Həqiqətən də, Heydər Əliyevi həmişə özümə doğma insan saymışam. Bu gün də düşünürəm ki, yediyim çörək də o insanın sayəsindədir. Mənim kimi  insanlar həmin dövrdə də çox idi. Amma Ulu öndər mənim əməyimi unutmamışdı. Onunla hələ gənc yaşlarımda görüşmüşdüm. O mənim yadımdan çıxmaz. Amma 40 yaşımda da görüşəndə uşaq müəllim qarşısında əsən kimi əsirdim. Həm sovetdlər dövründə, həm də müstəqillik illərində mənə «qızım» deyirdi. Bu diqqət də hamı  üçün deyildi. Ulu öndər mənim əməyimə həmişə yüksək qiymət verdi. 1989-cu ildən Əliyevlə əlaqəm olmadı. 1990-ci ildən sonra Naxçıvana getdi. O 1987-ci ildə vəzifədən çıxarılsa da, deputatlıqdan geri çağrılmamışdı. Qorbaçov hakimiyyəti dövründə onu  Nazirlər Sovetinin müavinliyindən  və Siyasi Büronun üzvlüyündən azad etdi. Bundan sonra Heydər Əliyev Rəyasət Heyətində yox, Azərbaycan nümayəndələrinin yanında otururdu. Azərbaycandan olan 60 nəfərin 15-i İttifaq Sovetinin, 45-i isə Millətlər Sovetinin deputatı idi. O da bizimlə İttifaq Sovetinin tərkibində otururdu. Heydər Əliyev sessiya zamanı mənim yanımda əyləşirdi. 1989-cu ildə 3-cü dəfə namizədliyimi irəli sürsəm də, geri götürdüm. Doğrudan da, 90-cı illərin əvvəllərində Heydər Əliyev Naxçıvana gedəndə onun kadrlarına da təzyiq edirdilər. Müstəqillik dövründə Heydər Əliyev məni yenidən qiymətləndirdi. O vaxtlar məni yanına çağırıb Bərdə rayonuna rəhbər təyin etmək istədiyini bildirdi. Dedim ki, uşaqlar körpədir, bunu edə bilmərəm, mənim üçün çətin olacaq. Amma əlimdən nə gəlirsə, həmin icra başçısına kömək etməyə hazıram. Birbaşa rayonun məsuliyyətini üzərimə qoymamağı xahiş etdim. 10 gündən sonra Bakıya çağırtdırdı. Köməkçisi onun istəyini çatdırdı, Heydər Əliyev məndən icra başçısı postuna namizəd verməyimi istəyirdi. 5 nəfərin namizədliyini verdim. Bircə Azay Abiyev uyğun gəldi. Razılaşdılar və onun sənədi təsdiqləndi. Mən də Bərdə rayondan millət vəkili seçildim. Bu gün də mən öz əqidəmlə, öz sədaqətimlə Ulu öndərə xidmət edirəm.

 

- Qarşıdakı planlar nədir?

 

- Qeyd etdiyim kimi, daha siyasətlə məşğul olmaq istəmirəm. Siyasətlə birdəfəlik vidalaşmışam. Qarşıda ancaq ailə qayğıları və ailə ilə bağlı planlar var. Üç övladım var və hazırda ailə qayğıları ilə məşğulam. Böyük qızım həkimdir və bir ay öncə ailə qurub. İkinci övladım jurnalistdir. Kiçik qızım da həm təhsil alır, həm də işləyir.

 

 

 

Xalid

Tarix
15 May 2015 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin